Məhkəmə qərarları › İş №2-1(102)-2132/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2132/2019

28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2132/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2132/19 Bakı şəhəri 28 avqust 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaf iə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinin müdiri XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli, 2-1(103)-525/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 12 sentyabr 2018-ci il tarixli imtina məktubunun qanunsuz sayılması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 31 may 1971-ci il tarixdən əmək fəaliyyətinə başlamış və 31 il 11 ay əmək stajına malik olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə onun əmək kitabçasında 05 fevral 1994-cü il tarixdən 25 fevral 2004-cü il tarixədək “525-ci qəzet”in redaksiyasında və 17 mart 2004-cü il tarixdən 28 iyun 2008-ci il tarixədək olan iş stajının qarşılıqlı yoxlanılmasının mümkün olmadığına istinad etməklə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2-1(81)4417/2018 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə görə, əmək pensiyası hüquql arının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının müxtəlif vəzifələrdə işləməsi onun əmək kitabçası və arxiv arayışı ilə öz təsdiqini tapdığından, həmin dövrlər onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli, 2-1(103)-525/2019 saylı qərarı ilə (sədrlik edən Həmid Həmidov, Elmira Nağıyeva və Vüsalə Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamış və bildirmişdir ki, iddiaçının 31 may 1971-ci il tarixdən 2008-ci il tarixədək müxtəlif vəzifələrdə işləməsi və bununla da, 25 ildən çox əmək stajına malik olması əmək kitabçası ilə öz təsdiqini tapdığından, onun 63 yaşının tamam olduğu 12 avqust 2017-ci il tarixdə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7, 31.1, 31.2, 37.7-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətin də göstərilmiş dəlillərə hüquqi qiymət verməmiş, mübahisəyə birtərəfli yanaşmaqla, hüquq normalarını düzgün tətbiq etmədən birinci instansiya məhkəməsini qərarının qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1, 3.1.1, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 saylı qərarı nın 1.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 14.3-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 31 may 1971-ci il tarixdən 2008-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, o Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1992-ci ilin iyun ayının 06-da Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətində sədr müavini vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 1993-cü ilin avqust ayının 16-da tutduğu vəzifədən azad edilmişdir. 05 fevral 1994-cü il tarixdən 25 fevral 2004-cü il tarixədək müqavilə əsasında “525-ci qəzet”də müxbir vəzifəsində işləmişdir. İddiaçı 17 mart 2004-cü il tarixdə Azərbaycan Milli Qeyri X1 mətbuat katibi vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Milli Qeyri X3 Prezidentinin əmrinə əsasən, 28 iyun 2008-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır. Ki, iddiaçının “525-ci qəzet ”in redaksiyasında, 17 mart 2004-cü il tarixdən 28 iyun 2008-ci il tarixədək və əmək kitabçasında iş stajının qarşılıqlı yoxlaması mümkün olmadığından, ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci mad dəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlər onun sosial sığorta stajının müəyyən edilməsi üçün əsas hesab edilməlidir. Cavabdeh bu mövqeyi mübahisələndirərək əmək kitabçasında aparılmış yazıların yoxlanılmasının mümkün olmadığı əsası ilə, həmin illərin sığorta stajını təşkil etmədiyi barədə bildirmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əs asən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 1994 – 2004-cü və 2004-2008-ci illəri əhatə edən dövrə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə ke çirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır; - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aş ağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Lakin aşağıdakılara əsasən məhkəmə kollegiyası cavabdehin bildirdiyi dəlili qismən əsaslı hesab edir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçının işlədiyi müddətlərə aid olan dövrdə qüvvədə olmuş: - 2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir; - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən (...) bütün idarə, müəssisə və təşkilatl arda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar; - 13-cü maddəsinə əsasən, işəgötürənlər təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan, (...) sonra bir aydan gec olmayaraq, işçilərinin sayı barədə məlumatları təqdim etməklə, (...) məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar; - 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu) həyata keçirir və məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır və s. Habelə, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu kollegiyasının 1997-ci il 23 aprel tarixli 3/1 nömrəli qərarı ilə təsdiq olunmuş və 26 iyun 1997-ci il tarixdə 55 sayla qeydiyyata alınmış “Məcburi dövlət sosial sığorta üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın (09 avqust 2006-cı il tarixdə qüvvədən düşmüşdür)6-cı bəndinə əsasən, Dövlət Sosial Müdafiə Fondu orqanları sığortaedənlərin uçota alınmasında X4 və Ədl iyyə orqanları ilə sıx qarşılıqlı əməkdaşlıq edirlər. Bu müddəaların ümumiləşdirilmiş təhlilinə görə, işçilərin məcburi sosial sığortasının həyata keçirilməsi məqsədilə işəgötürənlərin təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan sonra sığortaçı təşkilatda uçota durması, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın isə məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirlərin görülməsi vəzifələri müəyyən edilmişdir. Beləliklə, bu müddəaların tələblərinin tətbiqi üçün ilk olaraq işəgötürənlərin dövlət qeydiyyatına alınması faktı müəyyən edilməlidir. Zamana görə qüvvəyə minən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasınınQanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü bölməsi “Sosial sığorta stajının hesablanması proseduru”nu müəyyən etmiş və 3.5-ci bənddə müəyyən olunmuşdur ki, 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, (...) iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Bu müddəanın tətbiqi ilə bağlı cavabdeh bildirmişdir ki, iddiaçının işlədiyi “525-ci qəzet”də və Azərbaycan Milli Qeyri X1 iş stajının qarşılıqlı yoxlanılması mümkün olma mışdır. Halbuki, zamana görə qüvvədə olmuş 1992-ci il tarixli redaksiyada olan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində kütləvi informasiya vasitəsinin dövlət qeydiyyatına alınması və fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi; habelə 35-ci maddəsində kütləvi informasiya vasitələrinin redaksiyalarında çalışan jurnalistlərə və digər işçilərə dövlət idarələrinin, ictimai idarə, müəssisə və təşkilatların fəhlə və qulluqçuları barədə olan əmək qanunvericiliyi, sosial sığorta və təminat qaydasının tətbiq olunması müəyyən edilmişdir. Habelə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsində qeyri-hökumət təşkilatının yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüqu qi şəxs statusunu əldə edilməsi nəzərdə tutulmuşdur. Lakin bildirilmiş əsasları, yəni həmin təşkilatların, ümumiyyətlə, hüquqi şəxs kimi dövlət qeydiyyatında olması halını yoxlamadan, apellyasiya məhkəməsinin nəticəyə gəlməsini məhkəmə kollegiyası yuxarıda göstərilmiş maddələrin tələblərinə görə qanuni hesab etmir və bu halda həmin məhkəmə tərəfindən həmçinin Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində təsbit edilmiş işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifəsinin icra etmədiyini bildirir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə, göstərilmiş halın - iddiaçının işlədiyi müddətdə işlədiyi “525-ci qəzet”in və Azərbaycan Milli Qeyri X2 dövlət qeydiyyatında olduğunun müəyyən edilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə sorğular göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon Şöbəsinin müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti aismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli, 2-1(103)-525/2019 saylı qərarı ləğv edilsin. İ ş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar