Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2142/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli 2-1(103)-598/2019 nömrəli qərar və qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin h alları: Pakistan İslam Respublikasının vətəndaşı olan iddiaçı 2018-ci il 16 mart tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Cavabdehin 2018-ci il 11 iyun tarixli qərarıilə iddiaçıya və onun ailə üzvlərinə (arvadı-1986-cı il təvəllüdlü X2 və qızı-2017-ci il təvəllüdlü x) qaçqın statusunun verilməsi haqqında vəsatət təmin edilməmişdir. İddiaçı cavabdehin 2018-ci il 11 iyun tarixli qərarından inzibati şikayət verərək qərarın ləğv olunmasını və qaçqın statusunun verilməsi haqqında vəsatətin təmin olunmasını xahiş etmişdir. Şikayət instansiyasının 2018-ci il 14 avqust tarixli qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 2018-ci il 2 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin İQ-67/3 №-li, 2018-ci il 11 iyun tarixli və 164 №-li, 2018-ci il 14 avqust tarixli qərarlarının ləğv edilməsi, X3 “qaçqın statusunun verilməsi haqqında” vəsatətinin təmin edilərək ona, onun arvadı 1986-cı il təvəllüdlü X2 və qızı 2017-ci il təvəllüdlü x qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərəkcavabdehin İQ-67/3 №-li, 2018-ci il 11 iyun tarixli və 164 №-li, 2018-ci il 14 avqust tarixli qərarlarının qanunsuz hesab edilməsi, X3 “qaçqın statusunun verilməsi haqqında” vəsatətinin təmin edilərək ona, onun arvadı 1986-cı il təvəllüdlü X2 və qızı 2017-ci il təvəllüdlü x qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, pəncab mənşəli pakistanlıdır. O, arvadı X2 ilə 2016-cı il tarixdə tanış olmuşdur. Lakin X2 müsəlman olduğundan onlar nikaha daxil ola bilməmişlər. Sonradan o, xristianlığı qəbul etmiş və onlar nikaha daxil olmuşlar. Bundan xəbərdar olan arvadının qardaşı onları restoranda olarkən döymüş və boşanmasını tələb etmişdir. Həmin hadisədən sonra iddiaçı arvadı ilə birlikdə Pakistanın Mariabad şəhərinə köçmüş və 3 ay orada yaşamışlar. Lakin Pakistanda qalmaq təhlükəli olduğundan iddiaçı və arvadı ölkəni tərk etmək qərarına gəlmişlər. Buna görə də o, Azərbaycana gəlmiş və qaçqın statusunun alınması üçün Xidmətə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən yaradılmış müvafiq komissiyanın qərarına əsasən onlara qaçqın statusunun verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 4 dekabr tarixli 2-1(81)4323/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı və ailəsi vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli 2-1(103)-598/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qismən – iddia tələbinin “cavabdehin 164 №-li, 2018-ci il 14 avqust tarixli qərarının qanunsuz hesab edilməsi” hissəsində ləğv olunmuş, iddia tələbi həmin hissədə mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, şikayət instansiyasının qərarı ilə inzibati orqanın qərarı dəyişdirilməmişdir. Odur ki, şikayət instansiyasının həmin qərarı mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli 2-1(103)-598/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı iddia tələbinin “cavabdehin İQ-67/3 №-li, 2018-ci il 11 iyun tarixli qərarının qanunsuz hesab edilməsi, X3 “qaçqın statusunun verilməsi haqqında” vəsatətinin təmi n edilərək ona, onun arvadı 1986-cı il təvəllüdlü X2 və qızı 2017-ci il təvəllüdlü x qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin hissədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardaddan və qərardan 2019-cu il 23 aprel tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın və qərarın ləğv edilməsini, iddianın təmin olunmasını və ya işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə iddia tələbini “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xi dmətinin 164 nömrəli, 2018-ci il 14 avqust tarixli qərarının qanunsuz hesab edilməsi” hissəsində mümkün saymayaraq yanlışlığa yol vermişdir. Belə ki, məhkəmə belə hesab etmişdir ki, həmin qərar mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Bununla da, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialar və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar - məcburetmə haqqında iddia hesab edilir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzə rinə qoymağı məhkəmədən tələb edə bilər. Beləliklə, iddiaçı məcburetmə haqqında iddia ərizəsində inzibati orqanın qərarlarının ləğv edilməklə yeni əlverişli aktın qəbul edilməsini arzulamışdır. Bu isə Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə və mövcud məhkəmə təcrübəsinə uyğundur. “X6 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı” iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2017-ci il 23 may tarixli Qərarına əsasən, məcburetmə haqqında iddia onunla səciyyələndirilir ki, şəxs onun haqqında əlverişli inzibati aktın qəbul edilməsi üçün ərizə (“qaçqın statusu” alınması haqqında) ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Hazırkı halda, ərizəçi inzibati orana müraciət etmiş, cavabdeh (inzibati orqan) iddiaçı üçün əlverişli olmay an inzibati akt qəbul etmişdir. Vəsatətin rədd edilməsi barədə cavabdehin (inzibati orqanın) təkcə inzibati aktına qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması mümkündür. Lakin yalnız bu iddia ilə iddiaçı yuxarıda qeyd edilən məqsədinə çata bilməyəcək. Mübahisələndirmə haqqında iddia ilə yalnız vəsatətin rədd edilməsinə dair qərarın ləğvinə nail ola bilər. Cavabdehin (inzibati orqanın) müəyyən hərəkətləri etməsi üçün isə, iddiaçı yalnız məcburetmə haqqında qaldırmalıdır. Həmin iddia vasitəsilə iddiaçı həm ərizəni rədd edən qərarın ləğv olunmasını, həm də xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər. Digər tərəfdən, inzibati icraatın əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Belə olan təqdirdə işə baxan məhkəmə iddianın dəqiqləşdirilməsi barədə təkli f irəli sürməmişdir. Bununla da, məhkəmə İPM-in 13-cü və 48-ci maddələrinin tələblərini pozmuşdur. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, cavabdeh qərar qəbul edərkən iddiaçıya “qaçqın” statusunun verilməsini istisna edən faktiki şərtlərin mövcud olmasını sübut edə bilməmişdir. Halbuki, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 1951-ci il 28 iyul tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiya (bundan sonra mətndə - Konvensiya) və 1967-ci il 31 yanvar tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqın ların statusu haqqında” Protokoludur (bundan sonra mətndə - Protokol). Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası (bundan sonra mətndə – AİHK) və onun 1, 4, 6, 7 saylı Protokolları və AİHKi şərh və tətbiq edən orqan olan Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində və qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət mahiyyətcə uğurlu deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı qeyd edir ki, o, məcburetmə haqqında iddia ərizəsində inzibati orqanın qərarlarının ləğv edilməklə yeni əlverişli aktın qəbul edilməsini arzulamışdır. İddiaçı həqiqətən də həmin məzmunda iddia irəli sürmüşdür. Lakin birinci instansiya məhk əməsində icraat zamanı iddia tələbini qismən dəyişmiş, cavabdehin İQ-67/3 №-li, 2018-ci il 11 iyun tarixli və 164 №-li, 2018-ci il 14 avqust tarixli qərarlarının “ləğv edilməsini” onların “qanunsuz hesab edilməsi” ilə əvəzləmişdir. Bu dəyişikliyin səbəbi, bununla iddiaçının hansı nəticəyə nail olacağı ərizədə əsaslandırılmamışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsi şikayət instansiyasının 164 №-li, 2018-ci il 14 avqust tarixli qərarına münasibətdə İPM-in “mübahisələndirmə haqqında” iddiaya dair müddəalarına istinad etməkdə, həmin hissədə iddianı məhz həmin müddəalara əsasən mümkünsüz hesab etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı (şikayətdə də qeyd etdiyi kimi) arzuladığı nəticəyə yalnız məcburetmə haqqında iddia vasitəsilə nail ola bildiyindən, eyni v axtda mübahisələndirmə haqqında iddia qaldırmağa hüquqi zərurət və ya ehtiyac yoxdur. İnzibati aktın və ya şikayət instansiyasının qərarının istər “ləğv edilməsinin”, istərsə də onun “qanunsuz hesab edilməsinin” məcburetmə haqqında iddianın ümumi məzmununda tələb edilməsi mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilməli deyil. Həm də bu cür tələbin qoyulub-qoyulmamasından asılı olmayaraq, müraciətin təmin olunmasından imtina barədə inzibati orqanın qərarı (məcburetmə haqqında iddianın təmin olunduğu halda) ləğv edilməklə inzibati orqanın üzərinə yeni - əlverişli inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulur. Bununla yanaşı, hətta apellyasiya instansiyası məhkəməsi öz qənaətini digər normalara istinad etməklə əsaslandırmış olsa belə, şikayətin dəlilləri apellyasiya instansiyası məhk əməsinin qərardadının ləğvi üçün yetərli deyil. Belə ki, şikayət instansiyasının qərarı yükləyici keyfiyyətə malik olmadığından, işin istənilən vəziyyətində iddiaçıya münasibətdə hüquqi vəziyyətə təsir etmir. Əlverişsiz (yükləyici) inzibati aktın tərifi “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsində verilmişdir. Həmin tərifə görə, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Əlverişsiz (yükləyici) inzibati aktın ünvanlandığı şəxs həmin inzibati akta qarşı mübahisələndirmə haqqında iddia qaldırmağa bütün hallarda səlahiyyətli olacaqdır. Çünki iddiaçının onun üçün əlverişsiz (yükləyici) nəticələr yaradan inzibati aktın ləğv edilməsinə dair maddi-hüquqi tələbi m övcuddur. Əlverişsiz (yükləyici) inzibati aktın (məsələn, rüsum təyin edilməsi, tikintinin sökülməsi və s. barədə qərar) qəbulu hər bir halda inzibati aktın ünvanlandığı şəxsin hüquqlarına müdaxilə deməkdir. Hazırkı halda, həmin müdaxilə yoxdur. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarına münasibətdə də uğurlu deyil. İşin araşdırılmış hallarına görə, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar edilmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının tələblərinə uyğun baxılmış və qərar qəbul edilmişdir. Həmin Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qayda sını müəyyən edir. İddiaçının müraciəti ilə başlanmış inzibati icraat materialları məhkəmə araşdırmasının predmeti olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq i stəməyən şəxsdir. İnzibati icraat zamanı müəyyən edilmişdir ki, iddiaçı və ailəsi vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə və milliyyətinə görə təqibə məruz qalmamışlar. Onlar, həmçinin dövlət orqanları tərəfindən hər hansı əlamətə, o cümlədən dini etiqadlarına görə təqib olunmamışlar. İddiaçının və arvadının müxtəlif dinlərə sitayiş etmələrinə rəğmən ailə qurduqları səbəbi ilə arvadının qardaşı tərəfindən döyüldüklərinə, bu səbəbdən də Pakistanı təqib qorxusu ilə tərk etdiklərinə dair dəlilə gəldikdə, həmin dəlil, hətta onun mötəbərliyi qəbul olunsa belə, iddianın təmin olunması üçün yetərli deyil. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun yuxarıda qeyd e dilən 1-ci maddəsinin məzmunundan da göründüyü kimi, iddiaçının və ailəsinin “qaçqın” anlayışı ilə əhatə olunmaları üçün onların hazırkı halda dini etiqadlarına görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduqları ölkənin himayəsindən istifadə edə bilməmək və ya istifadə etmək istəməmək kimi şərtlər ödənilməlidir. Qeyd edildiyi kimi, iddiaçılar hər hansı əlamətə görə rəsmi orqanlar tərəfindən təqibə məruz qalmamışlar. Onların istinad etdikləri təqib qorxusu ilə bağlı rəsmi dövlət orqanlarına müraciət etdiklərinə və ya rəsmi orqanlar tərəfindən himayə olunmaqdan imtina olunduqlarına dair hər hansı məlumat yoxdur. Eyni zamanda, iddiaçı vətəndaşı olduğu ölkənin himayəsindən istifadə etmək imkanından məhrum olunduğunu, rəsmi qurumların onu və arvadını qorumaq iqtidarında olmadığını da tutarlı dəlillərlə əsaslandıra bilməmişdir. Beləliklə, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı ilə əhatə olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Şikayətdə BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasına istinad da vəziyyəti dəyişmir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı həmin Konvensiyada təsbit edilmiş “qaçqın” anlayışına uyğundur. İddiaçı isə həmin anlayışa uyğun gələn şərtləri təmin etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli 2-1(103)-598/2019 nömrəli qərardadı və qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov X.S.Məmmədov Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-2142/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2142/2019
03.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver