Məhkəmə qərarları › İş №2-1(102)-2148/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2148/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2148/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə çıxarış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X1, X5 və X2) qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 21(103)-2010/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri X4 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 11/546 nömrəli qərarı ilə 26 Bakı Komissarı adına Neft-Qazçıxarma idarəsinin xahişi nəzərə alınaraq, həmin idarəyə Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin üzvü olmaqla ona Şabandağ sahəsində ayrılmış 26 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarış verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022ci il tarixli **********65 nömrəli məktubla imtina edərək imtinasını onunla əsaslandırmışdır ki, idarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən koordinatlarda göstərilən torpaq sahəsi bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmişdir, həmçinin həmin əraziyə digər fiziki şəxsin müraciəti mövcuddur. Bundan başqa sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,09 ha qeyd edilsə də, faktiki ölçüsü 0,0635 ha təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ M ƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Qaradağ rayonu Şabandağ qəsəbəsi bağ massivində Şabandağ bağçılıq yoldaşlığı tərəfindən ayrılmış 26 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Şabandağ" bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin üzvüdür. Ona Şabandağ sahəsində sahəsi 0,09 ha olan 26 saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhər XDS İcraiyyə Komitəsinin 11/546 nömrəli 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. "Bağçının üzvlük kitabçası"na əsasən o, 1991-ci ildə "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığına qəbul edilib, bağçılıq cəmiyyətinin xx.xx.1991-ci il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 900 kv.m. olan 26 saylı bağ sahəsi verilib. 02 mart 2022-ci ildə iddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan 05 aprel 2022-ci il tarixli **********65 saylı bildirişlə müraciətin təmin edilməsindən imtina etmişdir.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. E tirazının dəlilləri iddiaçının tələbindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X1, X5 və X3 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2534/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh qurumun iddiaçının adının “Şabandağ” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında olmamasına dair dəlilini qəbul etmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş cizgi (digər analoji işlərdə olduğu kimi) 1986-cı ilə aid olmaqla (“Şabandağ” bağçılıq-yoldaşlıq cəmiyyətinə torpaq sahəsi Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarına əsasən ayrılmışdır) “Qaradağneft” bağçılıq-yoldaşlıq təsərrüfatına aiddir və həmin “Qaradağneft” bağçılıq-yoldaşlıq təsərrüfatına aid üzvlərin siyahısı təqdim edilmişdir. Lakin məhkəmə nəzərə almışdır ki, məhkəmənin SOCAR-a verilmiş sorğusuna cavab olaraq bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin aidiyyəti strukturunda İddiaçı Mirağa qızına “Şabandağ” kollektiv bağçılıq-bostançılıq təsərrüfatında bağ sahəsinin ayrılmasına dair hər hansı bir sənəd aşkar edilmədiyi bildirimişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli, 330 nömrəli sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfi ndən adına X11 kitabında 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr nömrəsi **********000058) tərtib olunmuş X12 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsi üst-üstə düşür.

10. Həmçinin mübahisəli torpaq sahəsinin X9 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı, eləcə də onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi də iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının iddia etdiyi sahənin sözügedən hüquq müəyyənedici sənədlər əsasında X12 ayrılmış sahə ilə üst-üstə düşdüyü işin mübahisəsiz halı olduğundan (qeyd edilən ərazinin X12 ayrılmış sahə ilə üst-üstə düşməsi analoji işlərdə də təsdiqini tapmışdır və iddiaçı h əmin halı mübahisələndirmir, ona görə məhkəmə həmin hissədə əlavə araşdırma aparmağa zərurət görmür), digər tərəfdən iddiaçının göstərdiyi torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşdiyindən və X12 torpaq sahəsinin ayrılmasına dair hüquq müəyyənedici sənədlər isə öz qüvvəsini saxladığından, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur. 11. “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığının digər üzvlərinə münasibətdə qəbul edilmiş məhkəmə aktları ilə bağlı məhkəmə qeyd etmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respu blikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2021-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə: Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Q ərarı); - Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barəd ə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

12. Məhkəmə qeyd etmişdir ki, digər iş üzrə qərarlar iddiaçılar həmin işdə proses iştirakçısı olmadığından hazırki iş üzrə məhkəmə üçün məcburi deyildir. Belə ki, məhkəmə aktının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır. Odur ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməmişdir.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 21(103)-2010/2023 nömrəli qərarı ilə (hakimlər: M.N.T ağızadə (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və P.A.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2534/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayəti nə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericil iklə müəyyən edilir. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqa nının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiril ə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli h esab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Cavabdeh orqanın iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış 26 saylı bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmalı olmaması qənaətinə gəlməsinin səbəblərindən biri - həmin torpaq sahəsinin başqa hüquqi şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsidir. Belə ki, Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 nömrəli sərəncamı ilə X9 xx.xx.2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocəsən gölünün ətrafındakı torpaq sahəsi universitet kam pusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı X9 adına X11ı kitabında uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur.

29. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinin harada yerləşməsinə dair hər hansı bir müəyyənedici sənəd təqdim edə bilməmişdir. Naturada göstərdiyi torpaq sahəsi isə müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə digər bir hüquqi şəxsin adına ayrılmış torpaq sahəsi ilə üstüstə düşür. Hansı ki, bu fakt iş materialları ilə öz təsdiqini tapır.

30. Bundan başqa, iddiaçının göstərdiyi torpaq sahəsi bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir, habelə mübahisə predmeti olan torpaq sahəs inin “Heydər Əliyev” Fondunun daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 nömrəli sərəncamı mübahisələndirilməmişdir.

31. Eyni zamanda məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilən üzvlük siyahısının cavabdeh tərəfindən təqdim edilən üzvlük siyahısı ilə ziddiyyət təşkil etməsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən siyahının mötəbərliyini şübhə doğurur. Belə ki, “Şabandağ” bağçılıq, bostançılıq təsərrüfatı 1990-cı il tarixdə yaradılmışdır ki, iddiaçının iddia etdiyi kimi 1991-ci il tarixdə yoldaşlığa üzv olması həqiqətdirsə, o zaman iddiaçının adının cavabdeh tərəfindən təqdim edilən həmin dövrə aid olan üzvlük siyahısında olmaması anlaşılan deyil. Bundan əlavə SOCAR tərəfindən verilmiş cavab məktubund an görünür ki, SOCAR-ın Baş ofisinin aidiyyəti strukturunda iddiaçıya “Şabandağ” kollektiv bağçılıq-bostançılıq təsərrüfatında bağ sahəsinin ayrılmasına dair hər hansı bir sənəd aşkar edilməmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(112)2010/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar