Məhkəmə qərarları › İş №2-1(102)-2175/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2175/2021

29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2175/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.08.2021-ci il tarixli, 2-1(103)-1838/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 09.07.1967-ci ildə doğulmuşdur.

2. Əmək kitabçasına əsasən 15.11.1984-ci ildən 05.10.1985-ci ilədək “Artyom” tikiş fabrikində tikişçi şagirdi işləmişdir. O, 24.01.1986-cı il tarixdə M.Əzizbəyov adına Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyində kükürd anhidridi istehsalı üzrə sexə anbardar vəzifəsinə qəbul edilmiş, 02.11.1987-ci il tarixdə keçmiş X2 zavodunun kükürd anhidridi sexində aparatçı vəzifəsinə keç irilmiş, 16.09.1991-01.06.1993-cü il tarixləri arasında həmin zavodun sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı, 02.06.1993-cü il tarixdən 08.01.1995-ci il tarixədək həmin sexdə iqtisadçı, 09.01.1995-ci ildən 14.11.1995-ci ilədək sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı, 15.11.1995 – 30.09.1998-ci il tarixləri arasında həmin sexdə iqtisadçı, 01.10.199831.05.2002-ci il tarixlərdə həmin zavodun sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı, 01.06.2002-ci ildən 25.11.2004-cü ilə kimi həmin zavodun xlorparafin və natrium-karbonat istehsalı sexinin natrium-karbonatın qurudulması şöbəsində aparatçı, 26.11.2004-20.06.2010-cu il tarixləri arasında “Azərkimya” İstehsalat Birliyində kadr və kadr hazırlığı şöbəsində kadr üzrə mütəxəssis vəzifəsində i şləmişdir. İddiaçı 21.06.2010cu il tarixdən hazıradək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərkimya” İB “Nəqliyyat və xüsusi texnika İdarəsi”ndə kadrlar üzrə mütəxəssis vəzifəsində işləyir.

3. İddiaçı 02.04.2020 il tarixində cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddiaçıya ünvanladığı 10.04.2020-ci il tarixli məktubda iddiaçının işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Si yahısı”nda (bundan sonra-1 nömrəli Siyahı) qeyd olunan sahəyə uyğun olmadığını, bu səbəbdən iddiaçının güzəştli iş stajının 01.01.2006-cı il tarixinədək 7 il 6 aydan az təşkil etdiyini, ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona 52 yaşının tamam olduğu 09.07.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsasla ndırılmışdır ki, əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş müvafiq arayışlardan da görünür ki, müxtəlif vəzifələrdə çalışmaqla 01.01.2006-cı il tarixədək olan müddət üçün ümumilikdə 20 ildən artıq sosial sığorta stajı mövcuddur və bu müddətin 12 il 08 ay 24 gününü güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. Cavabdeh təşkilat imtina məktubunda yalnız 01.01.2006- cı ilədək qüvvədə olan 1 nömrəli Siyahıya istinad etmiş və onun güzəştli iş stajının 7 il 6 aydan az olduğunu qeyd etmişdir. Halbuki, onun əmək fəaliyyətinin bir hissəsi 1 nömrəli Siyahının, bir hissəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştl i şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (bundan sonra - 2 nömrəli Siyahı) təsiri altına düşür. Müddət baxımından əmək fəaliyyətinin daha çox hissəsi 2 nömrəli Siyahının təsiri altına düşdüyündən və 2 nömrəli Siyahı 1 nömrəli Siyahıda qeyd olunan sahələri də əhatə etdiyindən, onun pensiya təyinatı “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına istinad edilməklə aparılmalıdır. Cavabdeh isə göstərilənləri nəzərə almamış və əsassız olaraq iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir.

7. Cavabdehin iddiaya dair etirazının əsaslarına görə, iddiaçının işləmiş olduğu p eşələrin güzəştli (zərərli) olub-olmaması onun hansı sexdə işləməsi və hansı kimya məhsullarını hazırlayıb-qablaşdırmasından asılıdır. İşə götürən tərəfindən təqdim edilmiş arayışlarda qeyd olunan sexlər və kimya məhsulları Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahılarda mövcud deyildir. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. 8. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunun məhkəməyə ünvanladığı iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlarından (05.03.2021-ci il tarixli, 82, 83, 84, 85 və 86 nömrəli) görünür ki, iddiaçı 2 noyabr 1987-ci il tarixdən 15 sentyabr 1991-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X2” zavodunun kükürd a nhidridi sexində aparatçı vəzifəsində (kod- 1080A010; iş stajı 3 il 10 ay, 14 gün), 16 sentyabr 1991-ci il tarixdən 01 iyun 1993-cü il tarixədək tam iş günü həmin zavodun sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı vəzifəsində (kod – 2110A020; iş stajı 1 il 8 ay 16 gün), 09 yanvar 1995-ci il tarixdən 14 noyabr 1995-ci il tarixədək tam iş günü sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı vəzifəsində (kod – 2110A020; iş stajı 10 ay 6 gün), 01 oktyabr 1998-ci il tarixdən 31 may 2002-ci il tarixədək tam iş günü sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı vəzifəsində (kod – 2110A020; işləməklə iş stajı 3 il 8 ay 1 gün), 01 iyun 2002-ci il tarixdən 25 noyabr 2004-cü il tarixədək tam iş günü xlorparafin və natriumkarbonat istehsalı sexinin natrium-ka rbonatın qurudulması şöbəsində aparatçı vəzifəsində (kod – 2110A020; iş stajı 2 il 5 ay 25 gün) işləmişdir. Göründüyü kimi, iddiaçının zərərli işdə işlədiyi müddətin qısa bir hissəsi 1 nömrəli Siyahının, qalan hissəsi isə 2 nömrəli Siyahının təsir dairəsinə düşdüyündən, 1 nömrəli Siyahı əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan sahələri əhatə etdiyindən, iddiaçının xüsusi stajı müəyyən olunarkən 2 nömrəli Siyahıya istinad olunmalı və onun kükürd anhidridi sexində aparatçı vəzifəsində işlədiyi müddət də həmin staja daxil edilməlidir. Belə olan halda iddiaçının 01.01.2006-cı il tarixədək 15 il 26 gün xüsusi iş stajı olmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(112)-4303/2021 nömrəli (sədrlik edən hakim Səlimə Salahova) qərarı ilə iddia qismən təmin edilə rək iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı 09.07.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 01.01.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğunu və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə işlədiyini, həmçinin 09.07.2019-cu il tarixdə 52 yaşı tamam olduğunu nəzərə alaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci bəndinə əsasən həmin tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkündür.

11. Cavabdeh apelyasiya şi kayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

12. Bakı İnzibati Məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 16.08.2021-ci il tarixli, 2-1(103)-1838/2021 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin də lilləri cavabdehin imtina məktubunun və iddiaya dair etirazının dəlillərinə uyğundur. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının işləmiş olduğu peşələrin güzəştli (zərərli) olub-olmaması onun hansı sexdə işləməsi və hansı kimya məhsullarını hazırlayıb-qablaşdırmasından asılıdır. İşəgötürən tərəfindən təqdim edilmiş arayışlarda qeyd olunan sexlər və kimya məhsulları Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahılarda mövcud deyildir. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırınc ı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 ya şına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təy in edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pens iya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə

67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apelyasiya instansiya məhkəməsi nin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Kassasiya şikayətinin cavabdehin imti na məktubunun və iddiaya dair etirazının dəlillərinə uyğun olan dəlillərinə əsasən iddiaçının işləmiş olduğu peşələrin güzəştli (zərərli) olub-olmaması, onun hansı sexdə işləməsi və hansı kimya məhsullarını hazırlayıb-qablaşdırmasından asılıdır. İşə götürən tərəfindən təqdim edilmiş arayışlarda qeyd olunan sexlər və kimya məhsulları Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahılarda mövcud deyildir. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Cavabdeh həmin dəlilə işə aşağı instansiya məhkəmələrində baxılarkən də istinad etmişdir.

23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pre dmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

24. Odur ki, məhkəmə kollegiyası bununla bağlı apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

25. Belə ki, iş materiallarında olan “Azərkimya” İstehsalat Birliyinin “Et ilenPolietilen” Zavodu tərəfindən məhkəməyə təqdim olunmuş arayışlardan görünür ki, keçmiş "X2" zavodunun kükürd anhidridi sexində, sulfanolun qurudulması və yarımkompozisiya sexində, xlorparafin və natriumkarbonat istehsalı sexinin natrium karbonatın qurudulması şöbəsində absorbsiya, kimya məhsullarının hazırlanması, çəkilib qablaşdırılması aparatçısı (fəhlə) vəzifəsində işləmiş iddiaçının iş funksiyalarına daxil olmaqla, iddiaçı bilavasitə kükürd anhidridi (kükürdün sobada yandırılması nəticəsində alınan qeyri-üzvi reaktiv), sulfanol (benzol, toluol və kükürd anhidridindən istifadə etməklə alınan maddə), xlorparafin (parafinə xlor qazı verməklə istehsal olunan maddə), natrium-karbonat (46%-li natrium hidroksid məhlulundan 99%-li quru natrium hidroksid istehsal olunan zaman alınan aralıq məhsul) və onların komponentləri ilə təmasda olmuş, texnoloji proseslərin idarə edilməsi və qablaşdırılma işlərini yerinə yetirmişdir. Habelə işlədiyi müddətdə iş şəraiti ağır və zərərli olduğu üçün iddiaçıya əlavə məzuniyyət, aylıq tarif maaşının 12%-i miqdarında əlavə, gündə bir dəfə olmaqla isti yemək verilmiş və hər gün 0,5 litr südlə təmin edilmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 10 ildən artıq müddətdə təmasda olduğu, hazırlanması və qablaşdırılması ilə məşğul olduğu, habelə hazırlanması və qablaşdırılması üzrə texnoloji proseslərin idarə edilməsi işini həyata keçirdiyi kükürd maddəsi 1 nömrəli Siyahıda nəzərdə tutulmasına rəğmən, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparmamış, obyektiv və hərtərəfli araşdırma aparmadan iddia çının tələbini təmin etməkdən imtina etmişdir.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçi rmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

28. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

29. Məhkəmə kol legiyası qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının 20 ildən artıq əmək stajı olması və həmin müddətin 10 ildən çox hissəsini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur.

30. Beləliklə, yuxarıda istinad olunan normaların müddəaları və işin müəyyən olunmuş halları baxımından iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

32. Nəticə etibarı ilə, cavabdehin kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.08.2021-ci il tarixli, 2-1(103)-1838/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.08.2021-ci il tarixli, 2-1(103)-1838/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar