Məhkəmə qərarları › İş №2-1(102)-2182/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2182/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2182/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: səyyar vergi yoxlaması, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı MMC-nin iddiası təmin edilmiş, İddiaçı MMC-nin ##.##.2012ci il tarixdən ##.##.2016-cı il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlaması qaydasında yoxlanılması Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə həvalə edilmişdir.

2. Həmin qərardan iş üzrə üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından iş üzrə üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2018-ci il tarixli, *-*(***)-***/** nömrəli qərardadı ilə mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir.

3. Cavabdehin ##.##.2018-ci il tarixli, **************** nömrəli qərarına əsasən, iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə iyun 2012 - noyabr 2016-cı il vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

4. Yoxlama ilə əhatə olunan dövr ərzində iddiaçının əsas fəaliyyəti tibbi xidmətlərin göstərilməsindən (xəstəxana fəaliyyəti) ibarət olmuşdur.

5. Yoxlamanın nəticəsi ##.##.2019-cu il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

6. Yoxlama zamanı iddiaçı tərəfindən ümumilikdə 160433,39 manat məbləğində vergilərin (mənfəət vergisinin 2015-ci il üzrə 21905,31 manat, ƏDV-nin 2015-ci il üzrə 103431,31 manat və 2016-cı il üzrə 42250,47 manat azaldılması, sadələşdirilmiş verginin isə 2016-cı il üzrə 7153,70 manat artıq hesablanması) dövlət büdcəsinə ödəməkdən yayındırılması müəyyən edilmiş və buna müvafiq olaraq maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

7. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarına əsasən, səyyar vergi yoxlamasının nəticələri haqqında ##.##.2019-cu il tarixli, **************** nömrəli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əsas fəaliyyəti tibbi xidmətlərin göstərilməsindən ibarət olmuşdur. Əvvəlki illərdə iddiaçı fəaliyyət göstərsə də, artıq bir neçə ildir ki, fəaliyyət göstərmir, fəaliyyətini dayandırmışdır. İddiaçının təsisçiləri arasında anlaşılmazlıqların olması, ümumiyyətlə, fəaliyyət göstərməsini mümkünsüz etmişdir. İddiaçının təsisçisinin nümayəndəsinin Vergilər Nazirliyinə etdiyi müraciətlərlə bağlı cavabdeh tərəfindən onun ##.##.2012-ci il tarixdən ##.##.2016-cı il tarixədək olan dövr üzrə fəaliyyəti yoxlanılmış, yoxlama ##.##.2018-ci il tarixli qərara əsasən ##.##.2018-ci il tarixdə başlamış və nəticəsi ##.##.2019-cu il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı əsasında mübahisələndirilən ##.##.2020-ci il tarixli, **************** nömrəli qərar qəbul edilmişdir. Qeyd edilən qərarda göstərilmişdir ki, ilkin mühasibat sənədlərinə, bank, kassa çıxarışlarına, qaimələrə, müqavilələrə, malların (işlərin, xidmətlərin) alış və satış sənədlərinə və Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş hesabat göstəricilərinə əsasən müəssisənin dövriyyəsinin 2015-ci il üzrə 692553,39 manat (ƏDV-siz) məbləğində olduğu müəyyən edilmişdir. 2016-cı il üzrə hesabat göstəriciləri təqdim edilmədiyindən, həmin dövrlər üzrə xidmət dövriyyəsi müəssisədə keçirilmiş xronometraj müşahidəsinin nəticələrinə və yoxlama zamanı əldə olunmuş, vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə əsasən 234724,97 (ƏDV-siz) manat müəyyən edilmişdir. Nəticədə, müəssisə tərəfindən mənfəət vergisinin 21905,31 manat, ƏDV-nin 145681,78 manat yayındırılması, sadələşdirilmiş verginin isə 7153,7 manat artıq hesablanması müəyyən edilmişdir. Mənfəət vergisinin 2015-ci il üzrə 21905,31 manat, ƏDV-nin 2015-ci il üzrə 103431,31 manat, 2016-cı il üzrə 42250,47 manat azaldılmasına görə iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Yoxlama məhz iddiaçı barəsində təsisçisinin nümayəndəsi tərəfindən başqa dövlət orqanları kimi vergi orqanına etdiyi şikayətlər əsasında keçirilmişdir. Vergi orqanına edilmiş müraciətdə göstərilmişdir ki, guya iddiaçı gəlirlərini gizlətmiş, vergidən yayınmışdır. Müraciətdə göstərilənlərin həqiqətə oxşadılması üçün vergi orqanına iddiaçıya aid olmayan mühasibatlıq sənədləri təqdim edilmiş, klinikanın binasından zorla çıxarıldığı və binaya buraxılmadığı üçün, aparılmış mühasibatlıq sənədlərini yoxlamaya təqdim etmək mümkün olmamışdır. Qeyd edilənlər səyyar vergi yoxlaması aktında əksini tapsa da, vergi orqanı yoxlamanı apararkən məhz iddiaçıya aid olmayan həmin mühasibatlıq sənədlərini mötəbər kimi qəbul edərək nəzərə almış, onlardan istifadə etmişdir. Təsisçinin nümayəndəsinin eyni növ şikayətlə sosial sığorta orqanlarına etdiyi müraciət əsasında cavabdeh iddiaçıya qarşı məcburi sosial sığorta haqları üzrə yaranmış borcun onun fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə tutulması barədə qaldırdığı iddia * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(**)-****/**** nömrəli qərarı ilə təmin edilmiş, onun ##.##.2017-ci il tarixinədək 348650,12 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə tutulması qərara alınmışdır. Qeyd edilən qərar əsassız olmuşdur, ona görə ki, iddianın təmin edilməsinin əsası kimi vergi orqanı tərəfindən aparılmış yoxlama deyil, məhz iddiaçının təsisçilərindən birinin nümayəndəsinin məcburi dövlət sosial sığorta üzrə təqdim etdiyi rüblük (2017-ci ilin 2-ci rübü) hesabat olmuşdur. Belə ki, iddiaçının təsisçilərdən biri ##.##.2016-cı il tarixdə birtərəfli olaraq verdiyi əmrlə iddiaçının qanuni təmsilçisi (direktor baş həkim) olan Yeganə Əliyevanı tutduğu vəzifədən azad etmiş və iddiaçının təsis sənədləri, möhürü və digər rəsmi sənədləri ona verilmişdir. Bu addımlardan sonra ##.##.2017-ci il tarixinə təsisçi tərəfindən sığorta haqları üzrə 239487,55 manat borcun əsassız olduğu etiraf edilmişdir. Məhz bu hesabat əsasında vergi orqanı tərəfindən iddiaçının üzərinə əsas məbləğlə yanaşı, 109162,57 manat maliyyə sanksiyası və cərimə qoyulmuşdur. Ali Məhkəmənin ##.##.2019-cu il tarixli qərarı ilə İlqar Əliyevin iddiaçının direktoru Yeganə Əliyevanı işdən azad etməsi və özünü həmin vəzifəyə təyin etməsi qanunsuz hesab olunmuş və bununla bağlı dəyişikliklər dövlət qeydiyyatına alınmamışdır, təsisçi tərəfindən hesabatın verilməsinin heç bir hüquqi əsası olmamışdır. Çünki 2016-cı ilin noyabr ayından iddiaçının fəaliyyəti güc tətbiq edilməklə dayandırılmış, işçi heyəti klinikadan çıxarılmış, bütün avadanlıq və sənədlər klinikada qalmışdır. Yoxlama ##.##.2018-ci il tarixdə başlasa da, ##.##.2018-ci və ##.##.2018-ci il tarixlərdə müddət uzadılmaqla, müvəqqəti dayandırma haqqında ##.##.2018-##.##.2019-cu il tarixlərdə qərarlar verilməklə Vergi Məcəlləsi ilə səyyar vergi yoxlamasının keçirilməsi üçün müəyyən edilmiş müddət qərəz nəticəsində dəfələrlə ötürülmüşdür. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar iddiaçıya göndərilməmişdir. Aktın 1.8-ci bəndində (vərəq 7) göstərilmişdir ki, İ.Əliyev ##.##.2018-ci il tarixdə Lokal Gəlirlər Departamentinə ünvanladığı məktubda ##.##.2012-ci il tarixdən ##.##.2016-cı il tarixə kimi klinikanın faktiki rəhbəri olmuş Ş.Şahbazov tərəfindən həmin klinikada 15119583,35 manat dövriyyə olduğu halda, verilmiş hesabatda vergi orqanlarına 59219,71 manat vəsait ödənilməklə yanaşı, digər qanun pozuntularına da yol verildiyi göstərilmiş, məktuba klinikanın ##.##.2016-cı il tarixdən ##.##.2017-ci il tarixə kimi olan dövr üzrə çoxsaylı mühasibat sənədləri əlavə edilmişdir. Səyyar vergi yoxlaması zamanı məhz qeyd edilən, əslində klinikaya aid olmayan sənədlərdən istifadə edilmişdir. Həmin sənədlər saxtadır və kim tərəfindən tərtib edilməsi bəlli deyildir. Sənədlərdə direktor və klinikanın digər məsul işçilərinin imzası yoxdur. Aktda məhz həmin “sənədlərdəki” rəqəmlər əsas götürülərək dövriyyə, doğum sayı müəyyən edilmiş və vergi hesablanmışdır. Səyyar vergi yoxlamasında vergi orqanı tərəfindən doğumu qeyd edən müvafiq icra hakimiyyəti orqanları kimi Səhiyyə və Ədliyyə Nazirliklərinə edilmiş sorğulara verilən cavablardakı doğum sayı əsas götürülmək əvəzinə, hər hansı təsdiqi olmayan, kim tərəfindən bəlli olmayan “sənədlərdəki” doğum sayı əsas götürülmüşdür. Bu azmış kimi, yoxlayıcı doğumların hamısının qeysəriyyə əməliyyatı ilə həyata keçirildiyi qənaətinə gəlmiş və qeysəriyyə əməliyatının qiymətlərini tətbiq etmişdir. Halbuki doğumların yalnız kiçik bir hissəsi qeysəriyyə əməliyyatı ilə həyata keçirilir. Doğum sayının azaldılması mümkün deyil, konkretdir. Tibb müəssisəsi tərəfindən verilən arayışla doğumun qeydi həyata keçirilir, belə arayış olmadan doğum qeydi, doğum haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. Klinika tərəfindən göstərilən tibbi xidmətlər üçün “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2015-ci il tarixli “Tibbi xidmətlərin göstərilməsi haqqında” müqavilədə göstərilən tibbi xidmətlərin qiymət cədvəllərindən istifadə edilmişdir. Tarixindən də göründüyü kimi, müqavilə ##.##.2015-ci il tarixdə bağlanmışdır və həmin qiymətlər müqavilədən əvvəlki tarixlər üçün (2012-2015-ci illər) tətbiq edilə bilməz, yalnız 2016-cı ildən sonrakı dövr üçün tətbiq edilə bilər. Aktın 1.9.4-cü bəndində göstərilir ki, ##.##.2018-ci il tarixli qərarla ekspertiza təyin edilmiş və ekspertiza aparılmışdır. Daha sonra göstərilir ki, ekspertizanın aparılmasına zərurət yaranmadı. Əgər ekspertiza təyin edilmişsə, bu barədə qərar, əgər ekspert rəyi varsa, rəy iddiaçıya təqdim edilməli və aktda əks olunmalı idi.

10. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2018-ci il tarixli, **************** nömrəli qərara əsasən iddiaçıya münasibətdə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində iddiaçı faktiki olaraq xəstəxana fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı iddiaçı tərəfindən 160433,39 manat məbləğində vergilərin (2015ci ilin mənfəət vergisi üzrə 21905,31 manat azaldılma, ƏDV üzrə 145681,78 manat (o cümlədən 2015-ci il üzrə 103431,31 manat və 2016-cı il üzrə 42250,47 manat) azaldılma və sadələşdirilmiş vergi üzrə isə 7153,70 manat (2016-cı il üzrə) artıq hesablama) dövlət büdcəsinə ödəməkdən yayındırılması müəyyən edilmiş və yoxlamanın nəticəsi üzrə ##.##.2019-cu il tarixli, **************** nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərar qəbul edilmişdir. 2015-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsində göstərilmiş xidmətlərin təqdim edilməsindən əldə edilən gəlir 126018 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 120119 manat (o cümlədən əmək haqqı və ona bərbər tutulan ödəmələr 84180 manat; sosial sığorta haqları 18519 manat; icarə haqqı 10000 manat; enerji xərcləri 4137 manat; su və kanalizasiya xərcləri 1065 manat; rabitə xərcləri 657 manat; mühafizə xərcləri 711 manat; bank xidməti üzrə xərcləri 850 manat), vergiyə cəlb edilən mənfəət 5899 manat göstərilməklə 1179,80 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Lakin yoxlamaya sənədlər tam həcmdə təqdim edilmədiyindən və həmin göstəricilərin düzgünlüyü şübhə doğurduğundan, iddiaçı tərəfindən göstərilən tibbi xidmətlərə Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən bazar qiymətləri tətbiq edilmişdir. Bazar qiyməti tətbiq edilərkən “xxxx” ASC ilə "xxxx” MMC arasında ##.##.2015-ci il tarixdə bağlanmış “Tibbi xidmətlərin göstərilməsi haqqında” A*/**/*** nömrəli müqavilədə göstərilən tibbi xidmətlərin qiymət cədvəllərindən istifadə edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş hesabat göstəricilərinə və təsisçi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş xəstəlik tarixçələrinə bazar qiymətləri təqdim edilməklə, müəssisənin dövriyyəsi 2015-ci il üzrə 817213 manat (ƏDV ilə) məbləğində müəyyən edilmişdir. Gəlirin əldə edilməsinə çəkilən xərclərə dair sənədlər yoxlamaya tam həcmdə, yəni ödənişi nağd qaydada aparılmış mal-materialların alınmasına dair sənədlər təqdim edilmədiyindən, müəssisənin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, Vergi Məcəlləsinin 83.9cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin 2015-ci il üzrə mənfəəti hesablanmışdır. Beləliklə, yoxlama ilə 2015-ci il üzrə 21905,31 (23085,11-1179,8) manat mənfəət vergisi hesablanmışdır. Bundan əlavə, əlavə dəyər vergisinin yoxlanılması zamanı əldə olunmuş və vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə əsasən müəssisənin 2015-ci il üzrə tibb fəaliyyəti üzrə göstərilən xidmətlərin dəyəri 231907,35 (ƏDV-siz) manat, 2016-cı il üzrə 234724,97 manat (ƏDV-siz) təşkil etmişdir. Lakin Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş hesabat göstəricilərinə və təsisçi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş xəstəlik tarixçələrinə əsasən və bazar qiymətləri tətbiq edilməklə müəssisənin dövriyyəsi 2015-ci il üzrə 692553,39 manat (ƏDVsiz) müəyyən edilmişdir. 2016-ci il üzrə isə hesabat göstəriciləri təqdim edilmədiyindən, həmin dövrlərin xidmət dövriyyəsi müəssisədə keçirilmiş xronometraj müşahidəsinin nəticələrinə və yoxlama zamanı əldə olunmuş vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə əsasən 234724,97 (ƏDV-siz) manat müəyyən edilmişdir. Yoxlama zamanı 2015-ci il üzrə 103431,31 manat, 2016-cı il üzrə 42250,47 manat, ümumilikdə isə 145681,78 manat ƏDV-nin azaldılması müəyyən olunmuşdur. Sadələşdirilmiş verginin yoxlanılması zamanı 2016-cı ildə sadələşdirilmiş vergi üzrə artıq hesablanmış 7153,70 manat nəzərə alınmışdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən iddiaçının fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafıq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və həmin materiallar əsasında külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır.

11. Birinci instansya məhkəməsi tərəfindən Əliyev İlqar Aqil oğlu üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim: Səlma Salahova) ## ### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, ***************** nömrəli qərarı ləğv edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçı müəssisədə keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda aydındır ki, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaratmır. Həmçinin cavabdeh iddiaçının ən son 2016-cı ildə əlavə dəyər vergisi üzrə vergi qanunvericiliyinin pozulması qənaətinə gəlsə də, bununla bağlı onu 3 il keçdikdən sonra, ##.##.2020-ci ildə vergi məsuliyyətinə cəlb etmiş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. O da qeyd edilməlidir ki, yoxlama keçirilən dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş günü qədər artırıla bilər. Lakin işdən görünür ki, cavabdeh iki dəfə səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması, 4 dəfə əlavə vergi yoxlaması tədbirinin keçirilməsi barədə qərar qəbul etməklə, ümumilikdə səyyar vergi yoxlaması 6 ay (180 gün) davam etmiş, 9 aydan artıq bir müddətdə isə yoxlama dayandırılmış, bununla qanunvericiliyin qeyd edilən tələbləri də pozulmuşdur. Qeyd edilməlidir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan tərəfindən prosessual hüquq normalarının pozulması, qəbul edilmiş qərarın hüquqi qüvvəsinə birbaşa təsir etdiyindən, məhkəmə hesab edir ki, maddi hüquq normalarının tətbiqinə qiymət verilməsinə zərurət olmadan İPM-in 70.1-ci maddəsinə əsasən mübahisələndirilən ##.##.2020-ci il tarixli, ***************** nömrəli qərar ləğv olunmalıdır.

14. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər.

apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Ceyhun Məmmədov və Pərviz Hüseynov) ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin olunmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayarq qeyd etmişdir ki, Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş ##.##.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına və yoxlama zamanı toplanmış sənədlərə baxılan zaman, iddiaçı tərəfindən yoxlanılan dövr üzrə vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması sübuta yetirilmiş, vergi ödəyicisinin məsuliyyət məsələsinə baxılmasının nəticəsi ilə bağlı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərar qəbul edilmişdir. Bununla da iddiaçının vergi qananvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən, iddiaçının fəaliyyətində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və həmin materiallar əsasında “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” ##.##.2020-ci il tarixli qərar ilə külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə cinayət işi başlanmışdır. Belə ki, Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ##.##.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının təsisçisi Şahbazov Şahbaz Qага oğlunun xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəticəsində küllü miqdarda gəlir əldə etməsi istintaq zamanı, toplanmış mötəbər sübutlarla tam təsdiq olunduğundan, ##.##.2021-ci il tarixdə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci və 192.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qəгаг qəbul olunmuşdur, lakin о, istintaqdan gizləndiyi üçün müvafiq qəгагı elan etmək mümkün olmamış və barəsində axtarış elan edilmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası yuxarıda göstərilənlərdən əlavə birinci instansiya məhkəməsinin prosessual müddətlərlə bağlı hüquqi mövqeyi ilə əlaqədar bildirir ki, məhkəmə birmənalı şəkildə qənaətə gəlmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində qeyd olunan “gün” ifadəsi təqvim gününü nəzərdə tutur və vergi orqanının həmin ifadəni “iş günü” kimi təfsir və tətbiq etməsi qanuna ziddir və əsassızdır. Kollegiya diqqətə çəkir ki, yoxlama keçirilən dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi qanunvericiliyinin təhlili nəticəsində formalaşmış olan hüquqi mövqeyə əsasən, səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, yəni Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozulmamışdır. Belə ki, vergi qanunvericiliyinin digər sahəvi qanunvericiliklə qarşılıqlı təhlili tam olaraq onu deməyə əsas verir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər, yəni günlərlə ifadə olunmuş prosessual müddətlər məhkəmənin barəsində şikayət olunan qərarında ifadə etməyə çalışdığı təqvim gününü deyil, məhz iş gününü nəzərdə tutur. Daha sonra birinci instansiya məhkəməsinin qərarında qeyd olunur ki, cavabdeh tərəfindən iddiaçı müəssisədə keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır, belə olan halda aydındır ki, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaratmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçıya münasibətdə səyyar vergi yoxlaması məhkəmə qərarına əsasən həyata keçirilmişdir. Belə ki, iş materiallarında olan * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı MMC-nin iddiası təmin edilmiş, İddiaçı MMC-nin ##.##.2012-ci il tarixdən ##.##.2016-cı il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlaması qaydasında yoxlanılması Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə həvalə edilmişdir. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Daha sonra birinci instansiya məhkəməsinin qərarında qeyd olunur ki, cavabdeh iddiaçının ən son 2016-cı ildə əlavə dəyər vergisi üzrə vergi qanunvericiliyin pozulması qənaətinə gəlsə də, bununla bağlı onu 3 il keçdikdən sonra, ##.##.2020-ci ildə vergi məsuliyyətinə cəlb etmiş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq məhkəmə kollegiyası bir daha diqqətə çəkir ki, iddiaçıya münasibətdə səyyar vergi yoxlaması qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən keçirilmişdir. Lakin həmin qərardan üçüncü şəxs X2 tərəfindən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə bağlı məhkəmə mübahisəsi uzanmışdır.

17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

18. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.2 (##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən səyyar vergi yoxlaması qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına münasibətlərin yarandığı dövrdə qüvvədə olan hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar