Məhkəmə qərarları › İş №2-1(102)-2187/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2187/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2187/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1963, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döv lət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1741/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, 1980-1984-cü illərdə Bakı Dənizçilik məktəbində təhsil almışdır.

2. Əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1984-cü il tarixdə başlamış, xx.xx.1985-xx.xx.1995-ci il tarixlərdə və xx.xx.1996-ci il tarixdən bu günə kimi X1 çalışmışdır.

3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X2 tərəfindən iddiaçıya təqdim edilmiş arxiv arayışında qeyd edilmişdir ki, filialda mühafizə olunan Saatlı rayon “M.B.Qasımov” adına kolxozun 1969-1998-ci illərə aid kolxoz üvlərinin hesablaşma kitabında İddiaçı əmək fəaliyyəti barədə qeydlərə əsasən o, 1995-ci il ərzində 151 adam günü norması, 1996-cı il tarixdə 34 adam günü norması yerinə yetirmiş, kolxozda minimum adam günü norması 200 gün təşkil etmişdir. 4. "xxxx" QSC tərəfindən verilmiş arayışda qeyd edilmişdir, İddiaçı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətin nəqliyyat donanması gəmilərində xx.xx.1985-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1996-cı il tarixindən halhazıradək motorçu, elektrik, 4-cü, 3-cü, 2-ci və baş mexanik vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti- səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçilikdə ümumi iş stajı 35 il 10 ay 16 gün, üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 35 il 03 ay 02 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİl hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir.

5. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən təqdim olunmuş 07 iyun 2021-ci il tarixli **********9 saylı imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə, Əmək Məcəlləsinin 87-ci maddəsinə istinad edilərək qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim edilmiş əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixədək İddiaçı ümumi iş stajı 25 ildən az (24 il 6 ay 27 gün (xx.xx.1 980xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunverciliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiаçı cаvаbdеhə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu 21 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən iddiaçının xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək (1995-ci il üzrə 151 gün, 1996-cı il üzrə 34 gün) Saatlı rayonunda yerləşən “M.B.Qasımov" adına kolxozda işlədiyi müddətin sığorta stajına hesablanmasından imtina edilməsi qanunsuz olmaqla onun pensiya təminatı hüququnun məhdudlaşdırılmasına yönəlmişdir. Cavabdeh tərəfindən verilmiş imtinada onun iş stajının 25 ildən az (24 il 6 ay 27 gün) olması göstərilmişdir. Halbuki təqdim etdiyi xx.xx.1984-cü il tarixli, ******* saylı əmək kitabçasında və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət X2 tərəfindən xx.xx.2021-ci il tarixli 110 saylı arxiv arayışında onun işlədiyi iş yerləri və vəzifələr tam və dəqiq göstərilmişdir. Həmin sənədlərlə onun əmək stajının 25 il 1 ay 2 gün olması müəyyən olunur. Buna görə də cavabdeh tərəfindən iddiaçın ın xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək (1995-ci il üzrə 151 gün, 1996-cı il üzrə 34 gün) Saatlı rayonunda yerləşən “M.B.Qasımov” adına kolxozda işlədiyi müddətin sığorta stajına hesablanmasından imtina edilməsi qanunsuzdur.

8. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya dair etiraz imtina məktubu ilə eyni məzmunda əsaslandırılmışdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1675/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilərək iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1995-1996-ci illərdə üzrə Saatlı rayon “M.B.Qasımov” adına kolxozda kolxozçu kimi işlədiyi dövr cəmi 11 ay kimi nəzərə alınmalı, iddiaçının xx.xx.2006-cı il tarixədək stajı ən azı 25 il təşkil etdiyindən (24 il 06 ay 27 gün - cavabdeh tərəfindən nəzərə alınmış müddət + 11 ay - cavabdeh tərəfindən nəzərə alınmayan, iddiaçının Saatlı rayon “M.B.Qasımov” adına kolxozda kolxozçu kimi işlədiyi dövr üzrə hesablanan müddət) olduğundan xx.xx.2006-cı il tarixədək tam əmək stajı vardır.

11. İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1996-cı il tarixindən hal-hazıradək motorçu, elektrik, 4-cü, 3-cü, 2-ci və baş mexanik vəzifələrində işləmişdir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, və zifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXVİİl hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir.

12. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).

13. Cavabdeh apellyasiya şikayəti verərə k qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1741/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1675/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və inzibati işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az (24 il 6 ay 27 gün (xx.xx.1980- xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir.

18. İddiaçı xx.xx.1905-ci ildən xx.xx.1996-cı ilədək (1995-ci il üzrə 151 gün, 1996-cı il üzrə 34 gün) Saatlı rayon “M.B.Qasımov” adına kolxozda işlədiyini təsdiq edən sənəd kimi Dövlət X2nın xx.xx.2021-ci il tarixli 110 nömrəli arxiv arayışını təqdim etsə də, həmin dövrlər əmək kitabçasında öz əksini tapmamışdır.

19. Bundan əlavə, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının təhsil və hər bi xidmət dövrü əmək fəaliyyəti ilə üst-üstə düşdüyündən, onlardan yalnız biri götürülür. Lakin məhkəmələr bu halı nəzərə almadan hər bir fəaliyyəti ayrı- ayrılıqda sosial sığorta stajına əlavə etmiş və beləliklə, sosial sığorta stajı ümumilikdə 25 ili tamamlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.... 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Res publikasının Qanununa Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”

25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Mə hkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apel lyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquq ları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalm ır.

32. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı ona 57 yaşının tamam olduğu 21 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, aşağı instansiya məhkəmələri tərəfindən isə iddia tələbi təmin edilmişdir.

34. İş üzrə cavabdeh orqanın imtinasının və kassasiya şikayətinin əsas dəlilini iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması, onun xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək (1995-ci il üzrə 151 gün, 1996-cı il üzrə 34 gün) Saatlı rayon “M.B.Qasımov” adına kolxozda işlədiyi dövrün əmək kitabçasında qeyd olunmadığı təşkil etmişdir.

35. Bununla bağlı məhkə mə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər.

36. Hazırkı iş üzrə isə iddiaçının həmin dövrlərdə işləməsi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X2nın xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli arayışları ilə öz təsdiqini tapmışdır.

37. Apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçının kolxozda işlədiyi adam günü norması 200 gün olduğundan, iddiaçının 1995-1996- ci illər üzrə (1995-ci ildə 151 adam günü, 1996-cı ildə 34 adam günü yerinə yetirməsi nəzərə alınaraq) sığorta stajı aşağıdakı kimi müəyyən edilməlidir: 1995-ci il üçün 151 yerinə yetirilmiş adam günü x 12 ay / 200 adam günü norması = 9,06 ay olmaqla (yuvarlaqlaşdırılaraq) 9 ay kimi, 1996-cı il üçün 34 yerinə yetirilmiş adam günü x 12 ay / 200 adam günü norması = 2,04 ay olmaqla (yuvarlaqlaşdırılaraq) 2 ay kimi nəzərə alınmalıdır.

38. Odur ki, iddiaçının 1995-1996-ci illərdə üzrə Saatlı rayon “M.B.Qasımov” adına kolxozda 11 ay işlədiyi dövr nəzərə alınmaqla onun 01 yanvar 2006-cı il tarixədək (24 il 06 ay 27 gün cavabdeh tərəfindən nəzərə alınmış müddət + 11 ay iddiaçının Saatlı rayon “M.B.Qasımov” adına kolxozda işlədiyi dövr üzrə hesablanan müddət) tələb olunan tam əmək stajının mövcudlu ğu iş üzrə öz təsdiqini tapmış olur.

39. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti t əmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1741/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar