Məhkəmə qərarları › İş №2-1(102)-2194/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2194/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2194/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.06.2021-ci il tarixli, 2-1(103)367/2021 nömrəli q ərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ünvan1 saylı fərdi yaşayış evi RX seriyalı, ******* nömrəli və ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən 21.04.2015-ci il tarixində iddiaçılar İddiaçı1 və İddiaçı2 adlarına paylı mülkiyyət kimi qeydə alınmışdır.

2. İddiaçılar 02.09.2019-cu il tarixində cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Ünvan1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin ofis və mağaza kimi istifadə edilməsi üçün qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişlər.

3. Cavabdeh inzibati orqan 16.09.2019-cu il tarixində iddiaçılara 77-162 №-li imtina məktubu ünvanlayaraq bildirmişdir ki, M ənzil Məcəlləsinə əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi üçün mülkiyyətçi və ya səlahiyyətli şəxs tərəfindən təqdim edilməli sənədlərin siyahısı müəyyən edilmişdir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün texniki rəyin verilməsi həmin şərtlərlə əməl olunmaqla Xətai Rayon İcra Hakimiyyətinin komissiyası tərəfindən həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 15.10.2019-cu il tarixdə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair İddiaçı1 və İddiaçı2 adına müvafiq texniki rəy, istismara icazə (hazırlıq aktının qey diyyat nömrəsi və verilmə tarixi göstərilməklə), təsdiq edilmiş sxem, bildiriş və qəbul aktı da daxil olmaqla müvafiq sərəncam verilməsi öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin sahibləri olaraq, həmin yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün 02.09.2019-cu il tarixində Azərbaycan Respublikası Mənzil Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq sənədlərlə (çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, texniki pasportun notarial qaydada təsdiqlənmiş surəti, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti) birgə ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Müraciə tlərinə 16.09.2019-cu il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, yuxarıda qeyd olunan sənədlər təqdim olunduqdan sonra yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün texniki rəyin verilməsi Xətai Rayon İcra Hakimiyyətinin Komissiyası tərəfindən həyata keçirilir. Baxmayaraq ki, qeyd olunan sənədlərin hər biri tərəflərindən icra hakimiyyətinə rəsmi ərizəyə əlavə edilməklə təqdim olunmuşdur. Göründüyü kimi, cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin məsələyə dair yanaşması tamamilə absurd və qanunvericilyin mövqeyi baxımından tamamilə əsassızdır. Hesab edir ki, cavab məktubunun özü müvafiq rəyin verilməsindən imtina kimi qiymətləndirilməli və aidiyyatı üzrə məhkəməyə müraciət olunması üçün tam əsaslıdır. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.12.2019-cu il tarix li, 2-1(82)3797/2019 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmiş, Ünvan1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair İddiaçı1 və İddiaçı2 Nurulla oğlunun adına müvafiq texniki rəy, istismara icazə (hazırlıq aktının qeydiyyat nömrəsi və verilmə tarixi göstərilməklə), təsdiq edilmiş sxem, bildiriş və qəbul aktı da daxil olmaqla müvafiq sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edilməsi yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olduğundan və iddiaçıların mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün qanunver icilikdə nəzərdə tutulmuş sənədlər iddiaçılar tərəfindən cavabdehə təqdim edildiyindən, eləcə də hazırkı iş üzrə cavabdeh təşkilat iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina əsaslarının mövcudluğu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, cavabdehin imtinası qanunaziddir.

8. Məhkəmənin 10.02.2020-ci il tarixli, 2-1(82)-3797/2019 saylı qərardadı ilə (hakim A.Oruczadə) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 21(82)-3797/2019 saylı qərarında yol verilmiş yanlışlıq düzəldilmiş, qərarın giriş hissəsində; qərarın təsviri hissəsində; qərarın 4-cü səhifəsinin 2-ci abzasının 5-ci cümləsində; həmçinin qərarın nəticəsi hissəsində “ İddiaçı2 Nurulla oğlu” ifadəsinin “İddiaçı2” kimi oxunması qərara alınmışdır.

9. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.12.2019-cu il tarixli, 2-1(82)-3797/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1111/2020 nömrəli, 23.06.2020-ci il tarixli qərarı ilə (hakimlər Valeh Ağayev, Afaq Nuriyeva, Aida Hüseyn) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.12.2019-cu il tarixli, 2-1(82)- 3797/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh tərəfindən həmin qərardan kassasiya şikayəti verilmişdi r. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2020ci il tarixli, 2-1(102)-2030/2020 nömrəli qərarı ilə (hakimlər Zakir Quliyev, Rahib Nəbizadə, İspəndiyar Şəfiyev) cavabdehin kasassiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2020-ci il tarixli, 2- 1(103)-1111/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasassiya şikayəti qalan hissədə təmin edilməmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən Mənzil Məcəlləsinin 21.24-cü maddəsinə riayət edilməmiş, yəni, iddiaçının müvafiq ərizəsinə keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı cavabdehə təqdim edilməmişdir. Di gər tərəfdən, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən Mənzil Məcəlləsinin 21.6-cı və 21.7ci maddələrinin tələblərinin pozulduğuna da qiymət verməmişdir ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.06.2021-ci il tarixli, 21(103)-367/2021 nömrəli qərarına əsasən (sədrlik edən Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.12.2019-cu il tarixli, 2-1(82)- 3797/2019 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar qeyd edilən mənzilin qeyriyaşayış sahəsinə keçirilməsini xahiş etsələr də, qanunvericiliklə müəyyən edilmiş sənədləri cavabdeh inzi bati orqana, işin məhkəmə icraatı zamanı isə məhkəməyə təqdim etməmişlər.

17. Məhkəmə qərarı iddiaçılara 14.08.2021-ci il tarixində təqdim edilmişdir.

18. İddiaçılar 03.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.06.2021-ci il tarixli, 2-1(103)-367/2021 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, cavabdehə ünvanlanmış ərizədə qanunvericiliyin tələb etdiyi, məhkəmənin də istinad etdiyi bütün zəruri sənədlər təqdi m edilmişdir. Hətta, mənzilin birmərtəbəli fərdi yaşayış evi olmasına baxmayaraq, məhkəmə kollegiyasının bu faktı məhkəmə iclasında qabartması belə həm əmlakın faktiki vəziyyəti, həm də inzibati icraatın prinsip və göstərişləri baxımından əsassızdır. Məhkəmə kollegiyası öz qərarını yalnız formal şəkildə, cavabdehin apellyasiya şikayəti üzərində heç bir faktiki və hüquqi əsaslandırma olmadan qəbul etmişdir. Məhkəmə tərəfindən iş materialları və sübutlar hərtərəfli araşdırılmamışdır. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən inzibati orqanın hərəkətlərinə inzibati icraatın formal tələblərdən sui-istifadənin qadağan edilməsi və mötəbərlik prezumpsiyası prinsipləri baxımından da yanaşılmalı idi. Apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 21.1-ci, İnzibati Prosessual Məcəllənin 3 3.1-ci maddələrin tətbiqində səhvə yol vermiş, “İnzibati icraat haqqında” Qanunun 15.1 və 19.1-ci maddələrinin tələblərini işin hallarına tətbiq etməyərək qanunsuz qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Tərəflərin mülahizələri

21. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

22. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

23. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir.

25. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir.

26. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.

27. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs ( bundan sonra bu fəsildə ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı.

28. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən or qan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir.

29. Həmin Məcəllənin 21.6-cı maddəsinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir.

30. Həmin Məcəllənin 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşay ış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.

31. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda.

32. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nə dən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır.

33. İnzibati-Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

34. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Həmin Məcəlləni n 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

36. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya b ilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

37. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

39. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEY İ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsi isə qərarında ona istinad edir ki, iddiaçılar qeyd edilən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etsələr də, qanunvericiliklə müəyyən edilmiş sənədləri cavabdeh inzibati orqana, işin məhkəmə icraatı zamanı isə məhkəməyə təqdim etməmişlər. Məhkəmənin mövqeyini əsassız hesab edən kassator isə şikayətdə bütün lazımi sənədlərin təqdim edildiyini iddia edir.

42. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi şərtləri və qaydası, bu zaman tələb olunan sənədlərin siyahısı hazırkı qə rarın 24-32-ci bəndlərində göstərilən normalarda əks olunmuşdur. Həmin normaların məzmunundan görünür ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh inzibati orqana müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir: sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı.

43. İşə məhkəmələr tərəfindən baxılarkən iş materialları ilə müəyyən olu nmuşdur ki, iddiaçılar cavabdeh inzibati orqana müvafiq ərizə ilə müraciət etmiş, ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədi göstərilmiş, keçirilən sahə üzərində hüquqlarını müəyyənləşdirən sənəd (RX seriyalı ******* və ******* nömrəli çıxarışlar) və yaşayış sahəsinin texniki pasportu təqdim edilmişdir (iş v.4-15). Göründüyü kimi, ilk 3 tələbə əməl edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır.

44. Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu şərt hazırkı iş üzrə iddiaçılara münasibətdə tətbiq edilə bilməz. Belə ki, iş materiallarında olan və məhkəmələr tərəfindən tədqiq olunmuş RX seriyalı ******* və ******* nömrəli arayışlardan görünür ki, ünvan 2 ünvanında yerləşən iddiaçılara məxsus yaşayış sahəsi 1 mərtəbəli olmaqla, 3 otaqdan ibarətdir. Həmin yaşayış sahəsinin texniki pasportunda torpaq sahəsinin planı, tikilinin planı (bütün otaqlar əhatə edilməklə) öz əksini tapmışdır. İddiaçılara məxsus tikili birmərtəbəli olduğundan texniki pasportda “tikintilərin mərtəbələr üzrə planı” əks olunmamışdır. Eyni zamanda, həmin texniki pasportda tikilinin texniki göstəriciləri, bütün otaqlarının sahəsi, daxili hündürlüyü əks olunmuşdur.

45. Beləliklə, ünvan 2 ünvanında yerləşən iddiaçılara məxsus yaşayış sahəsi 1 mərtəbəli olduğundan, həmin mərtəbənin planı yaşayış sahəsinin texniki pasportunda öz əksini tapdığından keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı iddiaçıdan tələb edilə bilməz.

46. Bundan başqa, hazırkı qərarın 29-30-cu bəndlərində göstərilən normaların məzmu nundan aydın olur ki, keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Hazırkı halda isə iddiaçıların keçirilən sahədə yenidənqurma işləri aparmaq niyyəti olmadığından həmin tələb də iddiaçılara şamil oluna bilməz.

47. Belə ki, istinad olunan normalara əsasən də keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, Mənzil Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.

48. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və qanunsuzdur. Mövcud qanunvericilik yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsindən imtinaya yalnız 3 halda yol verir ki (bax: hazırkı qərarın 31-ci bəndi), həmin halların hazırkı iş üzrə mövcudluğu öz təsdiqini tapmamışdır. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalı olsa da, cavabdeh tərəfindən belə əsaslandırma aparılmamış, iddiaçılar tərəfindən məhz hansı pozuntuya yol verilməsi qeyd edilməmişdir.

49. Odur ki, cavabdehin imtinası əsassız və qanunsuz olduğundan iddia tələbi əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mövqeyini haqlı hesab etsə də, iddiaçılar tərəfindən pozuntulara yol verilməsini əsaslandırmamış, imtinaya əsas olan halları öz qərarında göstərməmişdir. Odur ki, iddiaçıların kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.06.2021-ci il tarixli, 2-1(103)367/2021 nömrəli qərarı ləğv edilməlidir. Mübahisə ilə bağlı araşdırmanın davam etdirilməsi zəruri olmadığından iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilərək Ünvan1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair İddiaçı1 və İddiaçı2 adına müvafiq texniki rəy, istismara icazə (hazırlıq aktının qeydiyyat nömrəsi və verilmə tarixi göstərilməklə), təsdiq edilmiş sxem, bildiriş və qəbul aktı da daxil olmaqla müvafiq sərəncam verilməsi vəzifəsi cav abdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.06.2021-ci il tarixli, 21(103)-367/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Ünvan1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair İddiaçı1 və İddiaçı2 adına müvafiq texniki rəy, istismara icazə (hazırlıq aktının qeydiyyat nömrəsi və verilmə tarixi göstərilməklə), təsdiq edilmiş sxem, bildiriş və qəbul aktı da daxil olmaqla müvafiq sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar