Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2197/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının dayandırılması haqqında qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fon dunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılması haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1337/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1970-ci ildən 1974-cü ilin aprel ayına kimi Ermənistanın Vardenis rayonunun Zod kənd qızıl mədənində yeraltı işlərdə fəhlə, 1974-cü ildən 1988-ci ilin noyabr ayına kimi həmin qızıl mədənində mexanik və mühəndis vəzifəsində işləmiş, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Xanlar (indiki Göygöl) rayonu, 34 saylı Yol tikinti idarəsində baş mexanik, xx.xx.1995-ci ildən xx.xx.1999-cu iləd ək həmin idarənin rəisi vəzifəsində, xx.xx.2006-cı ildən xx.xx.2012-ci ilədək 21 saylı Yol istismar idarəsində rəis müavini vəzifəsində çalışmışdır.
2. İddiaçıya yeraltı işlərdə zərərli iş şəraitinə uyğun olaraq DSMF orqanı tərəfindən xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilmişdir.
3. İddiaçı cavabdehin pensiyanın dayandırılması səbəbini öyrənmək üçün yazılı müraciət etmişdir.
4. Cavabdeh güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının dayandırılması haqqında məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüqu qlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan halla aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçının əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından iddiaçının pensiya ödənişi dayandırılmışdır. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə iddiaçının əmək pensiyasının ödənişi bərpa olunub, dayandırma müddətində ödənilməmiş pensiya məbləğinin müvafiq kart hesabına köçürüləcəyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********5 №-li “Əmək pensiyasının dayandırılması haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1946-cı ildə Ermənistan SSR Vardenis rayonunda doğulmuşdur. Həmin şəxs 1970-ci ildən 1974-cü ilin aprel ayına kimi Zod kənd qızıl mədənində yeraltı işlərdə fəhlə, 1974-cü ildən 1988-ci ilin noyabr ayına kimi həmin qızıl mədənində mexanik və mühəndis vəzifəsində işləmiş, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilə qədər Xanlar (indiki Göygöl) rayonu, 34 saylı Yol tikinti idarəsində baş mexanik, xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilə qədər həmin idarənin rəisi vəzifəsində, xx.xx.2006-cı ildən xx.xx.2012-ci ilə qədər 21 saylı Yol istismar idarəsində rəis müavini vəzifəsində işləmişdir. İddiaçıya yeraltı işlərdə zərərli iş şəraitinə uyğun olaraq DSMF tərəfindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş və iddiaçı həmin pensiyanı 2022-ci ilin yanvar ayına qədər almışdır. Lakin 2022-ci ilin yanvar ayından etibarən ona məlum olmayan səbəblərdən cavabdeh tərəfindən təyin edilmiş pensiya əsassız olaraq dayandırılmışdır. Pensiyanın dayandırılmasının səbəbini öyrənmək üçün xx.xx.2022-ci il tarixdə rəsmi qaydada ərizə ilə cavabdehə müraciət edilmiş, lakin həmin müraciətdən 35 gün keçməsinə baxmayaraq iddiaçıya hər hansı bir məlumat verilməmişdir.
7. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından iddiaçının pensiya ödənişi dayandırılmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6961/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddiа tələbi təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********5 №-li “Əmək pensiyasının dayandırılması haqqında” qərarı ləğv edilmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1337/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov/sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəy işdirilmədən saxlanılmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə “xidməti məktuba” istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində əsaslandırılmamış qərar qəbul etməklə pensiya ödənişini dayandıra bilməz. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırarkən, “Əmək pensiyaları haqqında” Qanunun 37.8 və “İnzibati icraat haqqında” Qanunun 1 3.1, 28.1.2, 51, 61, 67-ci maddələrinə istinad etmişdir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.
14. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3., “İnzibati icraat haqqında” Qanunun 67.5, 67.6 və İPM-in 90-99-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
37. Əmək pensi yasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 17. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati akt qəbul etmək vəzifəsi Maddə 64.1 İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına tox unduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
18. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsi ni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apel lyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, elə cə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi əmək pensiyasının dayandırılması haqqında qərarın ləğv edilməsinin və pensiyanın bərpa edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş fa ktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya, onun ərizəsi əsasında DSMF-nin Xətai rayon şöbəsinin xx.xx.2008-ci il tarixli qərar ilə xx.xx.2008-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə ömürlük əmək pensiya təyin edilmiş və həmin qərar ləğv edilməmişdir, qüvvədədir. Lakin cavabdeh 14 il keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə iddiaçının etimad etdiyi həmin qərarla təyin olunmuş “əmək pensiyasının dayandırılmas ı haqqında” qərar (№**********5) qəbul etmişdir.
28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
29. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, s adəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
30. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödə nişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
31. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düş müş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1337/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.