Məhkəmə qərarları › İş №2-1(102)-22/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-22/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-22/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarın ləğvi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi öhdəliyin in cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyun 2023-cü il tarixli, 2-1(103)-2031/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur və həmin ölkənin vətəndaşıdır.

2. İddiaçının atası Qanuni nümayəndə1 xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikası Qax şəhərində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Azərbaycan Respublikasının vətəndaşıdır. Qanuni nümayəndə1 həm də Rusiya Federasiyasının vətəndaşıdır.

3. İddiaçının anası Qanuni nümayəndə2 xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Azərbaycan Respublikasının vətəndaşıdır.

4. İddiaçının atası xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək, xx.xx.2015ci il təvəllüdlü qızının - iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmiş, cavabdehin ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.

5. Qərar onunla əsaslandırılmışdır ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ilə məhkəməyə müraciət edərək, c avabdehin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 11-ci maddəsinin tələblərinə ziddir.

8. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Rusiya Federasiyasında doğulmuş və həmin ölkənin vətəndaşlığını əldə etmişdir. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qeyd olunmalıdır ki, şəxs vətəndaşsızlıq halında olmamışdır. İddiaçı ölkə ərazisində qanuni əsas larla fasiləsiz olaraq son beş il ərzində daimi yaşadıqdan sonra vətəndaşlıq əldə etməklə bağlı müraciət edə bilər.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 15 dekabr 2022-ci il tarixli, 21(112)-11561/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, 22 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, xx.xx.2015-ci il təvəllüdlü iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması əsaslarını konkret müəyyən etmiş və bu zaman inzibati orqana mülahizə s ərbəstliyi verməmişdir. İddiaçının həm atası, həm də anasının Azərbaycan Respublikasının vətəndaşı olması, yəni iddiaçının Azərbaycan Respublikasının vətəndaşından doğulmuş şəxs olması işin mübahisəsiz halıdır. Deməli, iddiaçı doğulduğu andan Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdir və buna görə də onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalı idi. Cavabdehin iddiaçının Rusiya Federasiyasının vətəndaşı olması barədə dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, işdə olan ********* nömrəli Rusiya Federasiyası pasportundan görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə pasport verilmişdir. Cavabdeh bu pasporta istinad edərək iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanımamışdır. Lakin iddiaçı Rusiya Federasiyasında doğulduğundan, həmin xarici dövlətin qanunvericiliyinə əsasən onun Rusiya Federasiyasının vətəndaşı kimi qəbul edilməsi və bu barədə pasport verilməsi başa düşüləndir. Lakin həm Azərbaycan Respublikası Konstitusiyasının, həm də “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun istinad edilən normalarından görünür ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması üçün Azərbaycan Respublikasının vətəndaşından doğulması kifayətdir və bu zaman onun digər dövlətin vətəndaşı olub-olmaması şəxsin Azərbaycan Respublikasının vətəndaşı hesab olunması üçün mane deyildir. Başqa dövlətin iddiaçını öz vətəndaşı kimi qəbul etməsi, həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmasını müəyyən etməyə mane olmur. Çünki, şəxs Azərbaycan Respublikasının vətəndaşından doğulduqda artıq Azərbaycan Respublik asının vətəndaşlığını əldə etmiş olur. Cavabdehin, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanıması isə artıq mövcud olan bir faktın təsdiqindən ibarət olmaqla, qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik olan aydınlaşdırılmasından ibarətdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 08 iyun 2023-cü il tarixli, 21(103)-2031/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1 (112)-11561/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. Cavabdeh kassasiya şikayətində iddia tələbinə etirazdakı dəlilləri sadalamış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. b) kassasiya şikayətin ə qarşı etirazın dəlilləri:

16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun: Maddə

5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər... Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına məns ubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə

11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda;... Maddə

18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaş lığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;... 18. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçini n tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

23. Belə ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının vətəndaşl ığına mənsubiyyətinın tanınmasından ibarət olmaqla, tələbinin hüquqi əsası kimi valideynlərindən hər ikisinin Azərbaycan Respublikasında doğulması və bu ölkənin vətəndaşı olması göstərilmişdir.

24. İddianın təmin edilməli olması nəticəsinə gələn birinci instansiya məhkəməsi və həmin məhkəmənin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlilləri ilə razılaşaraq göstərmişlər ki, iddiaçının həm atası, həm də anasının Azərbaycan Respublikasının vətəndaşı olması, yəni iddiaçının Azərbaycan Respublikasının vətəndaşından doğulmuş şəxs olması işin mübahisəsiz halıdır. İddiaçı doğulduğu andan Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdir və buna görə də onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. İddiaçı Rusiya Federasiyasında doğu lduğundan həmin xarici dövlətin qanunvericiliyinə əsasən onun Rusiya Federasiyasının vətəndaşı kimi qəbul edilməsi və bu barədə pasport verilməsi başa düşüləndir. Başqa dövlətin iddiaçını öz vətəndaşı kimi qəbul etməsi, həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmasını müəyyən etməyə mane olmur.

25. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin hüquqi mövqeyi və iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hazırkı qərarın 17 və 18-ci bəndlərində sadalanan qanunvericilik normalarının tələbi baxımından, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vət əndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

26. Hazırkı iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı xx xxxxxx 2015-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş və Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır.

27. Eyni zamanda, məhkəmə kollegiy ası iddiaçının kassasiya şikayətinə etirazda qeyd etdiyi Rusiya Federasiyasında doğulduğu üçün həmin ölkənin vətəndaşı olması və könüllü surətdə vətəndaşlığını dəyişdirməməsi ilə bağlı dəlilinə münasibətdə onu qeyd edir ki, iddiaçının Rusiya Federasiyasında doğulması faktı onun məhz Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməli olması anlamına gəlmir. Başqa sözlə, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını məcburi deyil, könüllü şəkildə qəbul etmişdir.

28. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, kassasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia rədd edilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyun 2023-cü il tarixli, 21(103)-2031/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar