Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2209/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması, dövlət qeydiyyatına alınmamış müəssisə tərəfindən işə götürmənin mümkünsüzlüyü, əmək kitabçasında qeyd edilmiş, hüquqi şəxsin qeydiyyata alınmadığı dövrə aid iş müddətinin sığorta stajına hesablanmasının mümkünsüzlüyü. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlu ndan ibarət tərkibdə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Nəsimi rayon şöbəsinə) qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1613/2021 nömrəli, 09 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür.
2. İddiaçıya məxsus əmək kitabçasına əsasən o, 28.07.1980-cı ildən 03.08.1984-cü ilə qədər Bakı çörək ticarəti müəssisəsində 06.08.1984-cü ildən 03.02.1992-ci ilə qədər mərkəzi konstruktor texnoloji bürosunda, 03.02.1992-ci ildən 03.08.1992-ci ilə qədər TMM Dövlət Komitəsində, 03.08.1992-ci ildən 25.11.1992-ci ilə qədər X1, 25.11.1992-ci ildən 01.06.1993-cü ilə qədər "xxxx" KM-də, 02.06.1993-cü ildən 25.05.1999-cu ilə qədər "xxxx" KM-də, 20.12.2002-ci ildən 19.03.2007-ci ilə, 16.08.2007-ci ildən 02.09.2010-cu ilə qədər Bakı Telefon Rabitəsi İstehsalat Birliyində, 14.09.2010-cu ildən 31.01.2018-ci ilə qədər Xətai telefon qovşağında işləmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh **********6 saylı, 30 aprel 2020-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, ona 01.01.2006-cı ilə qədər 15 il 4 ay iş stajı nəzərə alınmaqla 07.05.2015-ci ildən 2-ci qrup əlilliyə görə 135,93 manat əmək pensiyası təyin edi lmiş, 31.01.2017-ci ildə pensiyası yaşa görə əmək pensiyası növünə keçirilmişdir. 31.01.2018-ci ildən işdən azad edilməsi səbəbi ilə pensiyasının məbləği yenidən hesablanmışdır. Hazırda onun pensiyası 260,84 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" və "xxxx" müəssisələrində işlədiyi illərin nəzərə alınması ilə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin fevral ayından 190 manat əmək pensiyası alır. 2020-ci ilin aprel ayının sonlarında cavabdehə müraciət edərək onun pensiyasının düzgün hesablanmasını xahiş etmiş, lakin cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 25.11.1992-ci ildən 01.06.1993-cü ilə qədər "xxxx" KM-də, 02.06.1993-cü ildən 25.05.1999-cu ilə qədər "xxxx" özəl firmasında işlədiyini və sosial sığorta haqlarını ödədiyini iddia edir. İddiaçının işlədiyini iddia etdiyi "xxxx" KM adında bir neçə fərqli hüquqi şəxs qeydiyyatdan keçmişdir, iddiaçının işlədiyini iddia etdiyi "xxxx" özəl firması isə hüquqi şəxslərin qeydiyyat reyestrindən keçməmişdir. İnternet vergi idarəsində olan məlumata əsasən, "xxxx" MMC 02.06.2005-ci ildə qeydiyyatdan keçmişdir. Milli Arxiv İdarəsinin 24.11.2020-ci il tarixli cavabına əsasən isə adları qeyd edilən müəssisələrin arxiv sənəd ləri Milli Arxiv İdarəsinə və İdarənin Bakı filialına təhvil verilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən 08.12.2020-ci il tarixli cavab məktubuna əsasən bu müəssisələr barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən də iddiaçının tələbi əsassızdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1114/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçının "xxxx" və "xxxx" Kiçik Müəssisələrində işlədiyi dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş (2017-ci ilin mart ayından) dövr üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 1993-2002-ci illərdə qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının özünün gəlirlərindən könüllü şəkildə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəzərdə tutulmamışdır. Bu hüquq və vəzifə müstəsna olaraq onun işlədiyi müəssisələrə aid idi və müəssisələr tərəfindən həmin hüquq və vəzifənin icra edilməməsi nəticəsində iddiaçının məsuliyyət daşıması qanunvericilikdə nəzərdə tutulmamışdır.
9. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1613/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: R.Ə.Qurbanov və A.S.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(1 12)-1114/21 saylı, 11 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçının iddia tələbi qismən təmin edilməklə, onun "xxxx" və "xxxx" Kiçik Müəssisələrində işlədiyi dövrlər, "xxxx" KM-də 16.03.1993-01.06.1993-cü illər, "xxxx" firmasında 15.11.1993-25.05.1999-cu illər olmaqla nəzərə alınaraq, yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş (2017-ci ilin mart ayından) dövr üçün ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya əmək pensiyasının hesablanması zamanı onun "xxxx" KM və "xxxx" özəl firmasında iş müddətləri əmək kitabçasında göstərilən müddətlərə əsasən deyil, həmin müəssisələrin dövlət qeydiyyatına alındığı tarixlərdən hesablanmalıdır.
12. İddiaçı kassasiya şikayət i verərək apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsini, iddianın rədd edilmiş hissəsində iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçası ilə onun "xxxx" KM-də və "xxxx" KM-də tarixlər göstərilməklə işləməsi təsdiqlənir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən həmin əmə k kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının əmək fəaliyyəti ilə bağlı bütün şübhələr iddiaçının xeyrinə şərh olunmalıdır.
14. Bundan başqa, hüquqi şəxslərin qeydiyyatının əmək kitabçasındakı tarixə uyğun gəlməməsi iddiaçının problemi deyildir. Bununla bağlı dövlət orqanlarının hüquqi şəxslər barəsində inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinə dair hər hansı bir qanuni qüvvəsini almış qərar mövcud deyildir. Qeyd edilən əmək kitabçası qüvvədədir, həmin kitabça ilə iddiaçının hüquqi şəxslərdə tarixlər əks edilməklə işləməsi faktı təsdiq edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun rədd edilməsini və apelyasiya instansiya sı məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar
1. Müəssisə — mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi.
3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərt lərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, fiziki şəxs. 18. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.1. hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur;... 2.0.7. hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestri nə daxil edilməsidir; 2.0.8. hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur; Maddə 4.1. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İddiaçının kassasiya şikayətinin dəlilindən görünür ki, o, "xxxx" KM və "xxxx" özəl firmasında işlədiyi və əmək kitabçasında qeyd edilmiş bütün müddətin pensiya təyin edilərkən nəzərə alınmasını xahiş edir.
24. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlili ilə razılaşmayaraq bildirir ki, "xxxx" KM və "xxxx" firmasının qeydiyyat tarixləri ilə iddiaçının əmək kitabçasında uyğunsuzluq var. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərdə onun 25.11.1992-ci ildən 01.06.1993-cü ilə qədər "xxxx" KM-də, 02.06.1993-cü ildən 25.05.1999-cu ilə qədər "xxxx" özəl firmasında işlədiyi göstərilsə də, iş materiallarında olan Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məktubu ilə müəyyən edilir ki, "xxxx" KM Ədl iyyə Nazirliyi tərəfindən 16.03.1993-cü ildə, "xxxx" firması isə 15.11.1993-cü ildə qeydiyyata alınmışdır. Qeyd edilən müəssisələrin bundan əvvəlki tarixlərdə dövlət qeydiyyatına alınması barədə iş materiallarında heç bir sübut yoxdur. İddiaçı özü də bu barədə heç bir dəlil irəli sürmür.
25. Bu qərarın 17-ci bəndində istinad edilən hüquq normalarının tələbinə görə, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Eyni zamanda, qüvvədə olan əmək qanunvericiliyinə əsasən, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, fiziki şəxsdir.
26. Göründüy ü kimi, qanunvericiliyin tələbinə əsasən, dövlət qeydiyyatına alınmamış müəssisə tərəfindən işə götürmə hüquqi cəhətdən mümkün deyildir. Yəni, hüquqi şəxs hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmasa o, işəgötürən kimi işə işçi qəbul edə bilməz.
27. Göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilmədən, mübahisə edilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1613/2021 saylı iş üzrə 09 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.