Məhkəmə qərarları › İş №2-1(102)-2226/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2226/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2226/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmək kitabçası əsasında sosial sığorta stajının təsdiq edilməsi, yaşa görə pensiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(107)-201/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur.

2. İddiaçının hərbi biletinə əsasən onun xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmət keçdiyi müəyyən edilir.

3. Bundan əlavə iddiaçıya məxsus iki əmək kitabçası mövcuddur. NT-İ ******* nömrəli əmək kitabçası: iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1994-cü ilədək Mingəçevir Avtobazasında 2-ci dərəcəli sürücü (LAZ-695 markalı 09-87 dövlət nömrə nişanlı avtobusa 2-ci dərəcəli sürücü kimi işə qəbul edilmişdir, xx.xx.1987-ci il tarixdə təzə RAF-2203 markalı 39-87 dövlət nömrə nişanlı mikroavtobusa sürücü keçirilmişdir); xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilədək X2 müəssisəsində sürücü. 0537052 nömrəli əmək kitabçası: xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək X12 Sənaye və Ticarət Anonim Şirkətinin Azərbaycan nümayəndəliyində sürücü; xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək X12 Sənaye və Ticarət Anonim Şirkətinin Azərbaycan nümayəndəliyində sürücü.

4. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 19 aprel 2023-cü il tarixli məktubla mürac iətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun ümumi sığorta stajı 11 ay 18 gün təşkil edir. Bundan əlavə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 7 ay 18 gün sığorta stajına uyğun olaraq 586,54 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 357.58 manat olmaqla ümumilikdə 944,12 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1982ci il tarixdən 1994-cü ilə kimi Mingəçevir Avtobazasında 2-ci dərəcəli sürücü vəzifəsində, 1994-cü ildən 2005-ci ilə kimi Əhaliyə Xidmət Qarajında (X2 müəssisəsində) sürücü kimi, 2005-ci ildən 2011-ci ilə kimi Bakı avtovağzalında sürücü kimi, 2011-ci ildən 2019-cu ilə kimi Bakı avtovağzalında sürücü kimi (öz avtomobili ilə) işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və pensiya təyin edilən tarixdən ödənilməyən əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə Tərtər rayonunda anadan olmuşdur. 1976-1978-ci illərdə hə rbi xidmət keçmişdir. Hərbi xidmətdən gəldikdən sonra 1978-ci ilin 25 avqust tarixində sürücü kimi əmək fəaliyyətinə başlamışdır. İddiaçı 1982-ci ilin fevral ayının 9-dan Mingəçevir Avtobazasına 2-ci dərəcəli sürücü kimi işə qəbul olunmuş, 1994-2005-ci illərdə X2 müəssisəsində (əhaliyə xidmət qarajında) sürücü vəzifəsində işləmişdir. O, 2011-ci ildən 2019-cu ilə kimi şəxsi avtomobili ilə Mingəçevir marşrutu ilə Bakı avtovağzalında sürücü kimi işləmiş və həmin avtovağzalda işlədiyi dövr ərzində sosial sığorta və vergilər ödəmişdir. Bundan sonra 2021-ci ildə X12 Anonim şirkətinə işə qəbul olunmuş və 4 ay həmin müəssisədə işləmişdir. Bundan əlavə 1994-cü ildən əhaliyə xidmət qarajında avtobaza tərəfindən ona satılmış Raf markalı **BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əhaliyə xidmət q arajında plan verməklə müntəzəm olaraq 2005-ci ilə kimi işləmişdir. 2005-ci ildən 2011-ci ilədək sürücü kimi BakıMingəçevir marşurutunda işləmişdir. 2011-ci ildən 2019-cu ilə kimi vergi ödəyicisi kimi qeydiyyatdan keçib VÖEN olmasına baxmayaraq hər hansı səbəbdən adına sosial sığorta stajı ödənilməmişdir. Bundan əlavə dispeçer Pərviz adlı şəxs həmin vaxtlar iddiaçıdan 58 manat almaqla həmin pulların vergi və sosial sığorta olmasını bildirmişdir. Lakin hazırda hesablara baxdıqda bu ödənişlərin ödənilməməsi bildirilir.

7. Eyni zamanda iddiaçı bildirir ki, pensiya təyini ilə əlaqədar olaraq cavabdehə müraciət etsə də cavabdeh iddiaçının ümumi sığorta stajının 25 ildən az olmasını, eləcə də pensiya kapitalının qanunvericiliklə nəzərdə tutulmuş həddə uyğun olmamasını əsas gətirərək pensiya təyi nindən imtina etmişdir.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “1982- ci ilin fevral ayının 9-dan 1994-cü ilə kimi Mingəçevir Avtobazasında 2-ci dərəcəli sürücü vəzifəsində, 1994-cü ildən 2005-ci ilə kimi X2 müəssisəsində sürücü kimi, 2005-ci ildən 2011-ci ilə kimi Bakı avtovağzalında sürücü kimi, 2011-ci ildən 2019-cu ilə kimi öz avtomobili ilə Bakı avtovağzalında sürücü kimi işlədiyi iş illərinin sosial sığorta stajına əlavə edilərək, ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli pro tokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2-1(116)-309/2024 saylı qərarı ilə (hakim X4) iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəbərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini ta pan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə və əmək kitabçasında əks olunan qeydlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi dövr üzrə qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbi ödənilmiş olur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

12. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tə ləbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(107)-201/2024 nömrəli qərarı ilə (hakimlər X3 (məruzəçi), X7 və X5) apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2-1(116)309/2024 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 3 saylı X10 filialının xx.xx.2023-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi “X2” müəssisəsi fəaliyyət göstərmədiyi üçün sözügedən müəssisənin əmr kitabları və ə məkhaqqı cədvəllərini əldə etmək mümkün olmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, həmin müəssisə tərəfindən İddiaçı iş stajı barədə təqdim olunan xx.xx.2023-cü il tarixli arayış vətəndaşın əmək kitabçası əsasında verilmişdir. Bu səbəbdən qeyd olunan dövr İddiaçı sığorta stajına daxil edilməmişdir.

15. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

16. Şikayətdə Əmək Məcəlləsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna, eləcə də “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əs assızdır.

17. Belə ki, iş materiallarına əlavə olunmuş 2 saylı Hərbiləşdirilmiş yanğından müdafiə dəstəsinin “X1” müəssisəsinə verdiyi xx.xx.1996-cı il tarixli, 72 nömrəli arayışda qeyd olunur ki,“xx.xx.1996-cı il tarixdə avtokombinatın fəhlə yeməkxanasında baş vermiş yanğın nəticəsində güclü küləyin təsirindən yanğın yeməkxananın ekspedisiya müəssisəsinin otaqlarına yayılmış və nəticədə otaqda olan əşyalar və damüstü örtük yanıb sıradan çıxmışdır”. Qeyd olunan arayış ilk öncə “X1” adlı müəssisənin mövcud olması barədə şübhəni əsassız edir. Çünki o adda müəssisə mövcud olmadığı təqdirdə 2 saylı Hərbiləşdirilmiş yanğından müdafiə dəstəsi necə elə bir arayış təqdim edə bilərdi? Daha sonra qeyd olunan arayış onu deməyə əsas verir ki, baş vermiş yanğın nəticəsində müəssisədə olan sənədlər yanğ ın nəticəsində məhv olmuşdur. Həmçinin müəssisədə sənədlərin (əmr kitabları, əmək haqqı cədvəlləri və s.) mövcud olmaması (hər hansı səbəbdən məhv olması, itməsi və s.) işçinin öhdəliyində olan hal olmamaqla bərabər buna görə onun pensiya hüququnun pozulmasına səbəb olmamalıdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutu lmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən ba şlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəs sisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....

3. İş stajını təsdiq edən sənəd əmək kita bçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları

3. Sosial sığorta stajının hesablanması proseduru 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yeni dən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Mə hkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassası̇ ya şı̇ kayətı̇ nin mümkünlüyü, kassası̇ ya baxışının hədləri

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassası̇ ya ı̇ nstansı̇ yası məhkəməsı̇ nı̇ n mövqeyi

27. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

28. Hazırki iş üzrə iddiaçının hüquqi marağı hüququnun yarandı ğı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

29. Cavabdeh və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi hesab etmişlər ki, iddiaçının yaşa görə pensiya hüququnun yaranması üçün onun qanunla tələb edilən yaşı və pensiya kapitalı mövcud deyildir.

30. Apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 3 saylı X10 Filialının xx.xx.2023-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi “X2” müəssisəsi fəaliyyət göstərmədiyi üçün sözügedən müəssisənin əmr kitabları və əmək haqqı cədvəllərini əldə etmək mümkün olmamış, həmin müəssisə tərəfindən iddiaçıya iş stajı barədə təqdim olunan xx.xx.2023-cü il tari xli arayış vətəndaşın əmək kitabçası əsasında verilmişdir. Bu isə iddiaçının əmək kitabçasındakı qeyd olunan dövrlərə dair qeydlərin mötəbərliyini şübhə altına alır. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məlumat xarakterli məktubundan müəyyən olunmuşdur ki, məlumat-uçot bazasına əsasən “X2” müəssisəsi vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat xarakterli məktubunda qeyd edilmişdir ki, “X2” MMC barədə hər hansı məlumat yoxdur.

31. Məhkəm ə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır və gəldiyi nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı 1976-cı ildən 1978-ci ilədək hərbi xidmət dövrü, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan 6 ay əmək fəaliyyəti müddəti işin mübahisələndirilməyən hissəsidir. Həmin müddət isə ümumilikdə 13 il 10 ay 10 gün təşkil etməkdədir və cavabdeh inzibati orqan da bu stajın mövcudluğunu qəbul edir.

32. İddia tələbinin mübahisəli məqamı iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixə qədər “X1” adlı müəssisədə işləməsinin sübut olunmaması ilə əlaqədard ır. Məhz bu məqamı əsas götürərək cavabdeh iddiaçıya 25 il əmək stajının tamam olmamasını əsas gətirərək iddiaçıya əmək pensiyasının təyin olunmasından imtinanın əsaslığını sübut etməyə çalışmışdır. Cavabdeh bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 3 saylı X10 filialının xx.xx.2023-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi “X2” müəssisəsi fəaliyyət göstərmədiyi üçün sözügedən müəssisənin əmr kitabları və əməkhaqqı cədvəllərini əldə etmək mümkün olmamışdır.

33. Məhkəmə kollegiyası bildirir ki, iş materiallarına əlavə olunmuş 2 saylı Hərbiləşdirilmiş yanğından müdafiə dəstəsinin “X1” müəssisəsinə verdiyi xx.xx.1996-cı il tarixli, 72 nömrəli arayışda qeyd edilmişdir ki, “xx.xx.1996-cı il tarixdə avtokombinatın f əhlə yeməkxanasında baş vermiş yanğın nəticəsində güclü küləyin təsirindən yanğın yeməkxananın ekspedisiya müəssisəsinin otaqlarına yayılmış və nəticədə otaqda olan əşyalar və damüstü örtük yanıb sıradan çıxmışdır” (iş vər 144).

34. Bu arayış “X1” adlı müəssisənin mövcud olmaması ilə bağlı cavabdehin dəlillərini qəbul edən apelyasiya instansiyası məhkəməsinin mövqeyinin əsassız olduğuna dəlalət edir.

35. Eyni zamanda mötəbərliyi və həqiqiliyi nə inzibati orqan, nə də apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisləndirilməyən arayışda baş vermiş yanğın nəticəsində müəssisədə olan sənədlərin yanaraq məhv olduğu göstərilmişdir.

36. Yuxarıda qeyd edilənlərdən əlavə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olu nmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

37. Mübahisələndirilən dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasını n Nazirlər Kabineti müəyyənləşdirir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında olan qeydlərlə bağlı hər hansı narahatçılıq yaradan məqamlar olmadığından oradakı məlumatlar əmək stajının hesablanması zamanı əsas götürülməlidir.

39. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, qanunverici əmək pensiyasının təyin edilməsi üçün iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması.

40. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olduğundan ona yaşa görə əmək pensiyasının təyin o lunmasına hüquq verən yaş həddinə xx.xx.2023-ci il tarixdə çatmışdır. Başqa sözlə iddiaçının yaşla bağlı tələbi ödənilmişdir.

41. İddiaçının əmək kitabçasında olan məlumatları əsasında hərbi xidmət müddəti (02 il 10 gün) + Azərkəndtexnika birliyi Mirbəşir rayon şöbəsində sürücü işlədiyi müddət (7 ay 18 gün) + Mingəçevir Avtobazasında 2-ci dərəcəli sürücü işlədiyi müddət (12 il 8 ay 22 gün) + X2 müəssisəsində sürücü işlədiyi müddət (10 il 09 ay 10 gün) nəzərə alınmaqla ümumilikdə 26 il 02 ay 07 gün təşkil edir ki, bu da pensiya hüququnun təsdiq edilməsi üçün yetərlidir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir. 43.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 21(107)-201/2024 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar