Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2232/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə və qeyrilərinə qarşı iş üzrə QƏRAR Açar sözlər: mümkünlük, hərracın nəticələrinin mübahisələndirilməsi və işə bərpa tələbi ilə əlaqədar məhkəmə aidiyyəti GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X3, X1 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəs inin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin vəkili Əmənov Tural Rizvan oğlunun və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Hərracların təşkili üzrə Auksion Mərkəzinə qarşı hərracın nəticələrinin ləğv edilməsi və işə bərpa tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-820/2019 saylı iş üzrə 13 mart 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 sentyabr 2019-cu il t arixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-1(82)-3953/2018 nömrəli qərardadı ilə (hakim - X.X.İmanov) hərracın nəticələrinin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-820/2019 saylı, 13 mart 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və V.Ə.Baxışova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-1(82)-3953/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərardadını ləğv edib işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 09.03.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin 31 iyul 2015-ci il tarixli, 161M saylı əmri ləğv edilmiş və iddiaçı həmin Mərkəzin Suraxanı rayonunda yerləşən 47 saylı mağazasına müdir vəzifəsinə işə bərpa olunmuşdur. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 03.08.2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh Ali Məhkəmənin qərarını icra edərək, iddiaçını 09.03.2018-ci il tarixindən işə bərpa etmişdir. Cavabdeh, iddiaçı işə bərpa olunduğu gündən, hərracın nəticəsini və DƏDRX-in verdiyi əmlaka dair çıxarışı qeyri-şərtsiz ləğv etməli idi. Lakin, cavabdeh yenidən qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, 27.08.2018-ci il tarixində iddiaçıya teleqram göndərilmiş və mülkiyyətçinin dəyişməsi ilə əlaqədar 27.08.2018-ci il tarixli əmrlə, 24.08.2017-ci il tarixindən onun tutuduğu vəzifədən azad olunması qeyd edilmişdir. İddiaçı qeyd edir ki, onu tutduğu vəzifədən azad etməsəydilər, əmlakı hərraca çıxara bilməyəcəkdilər və müvafiq olaraq yeni mülkiyyətçi də olmayacaqdı. Yəni, cavabdeh əmlakı hərraca qanunsuz şəkildə çıxarmış və satmışdır. Cavabdehin Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, “D” y/s, 13 saylı binada yerləşən 47 saylı mağaza adlı müəssisənin yerləşdiyi qeyri-yaşayış sahəsi barədə qərar qəbul etmək (hərraca çıxarıb satmaq) səlahiyyəti heç vaxt olmamışdır. 47 saylı mağaza adlı müəssisənin hüquqi varisi 01.01.1995-ci ildən Azərbaycan Respublikasının Dövlət Əmlakının Özəlləşdirilməsinin Dövlət Proqramı ilə müəyyən edilmişdir. ƏMDK hüquqi varisi qeyri-qanuni şəkildə vəzifəsindən azad etmiş və xüsusi mülkiyyəti hüquqi varissiz kimi göstərib hərraca çıxarmış və mənimsəmişdir. Əslində, əmlakı özləri almış, mülkiyyətçi dedikləri şəxsin adına rəsmiləşdirmişlər. 13 saylı bina Mənzil-Tikinti Kooperatividir. 47 saylı mağaza onun tərkib hissəsidir. Xüsusi-özəl mülkiyyət növüdür. Nizamnamə kapitalında dövlətin payı yoxdur. Məhz, özəl əmlakın hüquqi varisi müəyyən edilmiş olduğu üçün, DƏDRX 1995-ci ildə iddiaçıya əmlakın texniki pasportunu vermişdir. Artıq 31 ildir ki, 47 saylı mağaza iddiaçının sahibliyindədir. ƏMDK iş məhkəmənin icraatında mübahisələndir ilən ərəfədə əmlakı qanunsuz olaraq hərracda satmış və 24.08.2017-ci il tarixində ******* nömrəli çıxarış verilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının özünü 47 saylı mağazanın mülkiyyətçisi kimi təqdim etməsinin heç bir hüquqi və faktiki əsası yoxdur. Həmin mağaza dövlət mülkiyyətində olmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilən müəssisə və obyektlər qrupuna aid edilmişdir. Həmin əmlakla bağlı bir neçə dəfə hərrac keçirilsə də, nə iddiaçı, nə də digə r şəxslər tərəfindən alıcı qismində sifariş verilməmiş, xüsusilə iddiaçı istifadəsində olduğunu iddia etdiyi əmlakın özəlləşdirilməsində maraqlı olmamış, hərracların heç birində alıcı kimi iştirak etməmişdir. Sonuncu dəfə 04.07.2017-ci il tarixdə keçirilən açıq hərracda X4 tərəfindən mağaza satın alınmış, bağlanılmış alqı-satqı müqaviləsi üzrə öhdəliklər yerinə yetirildiyindən ona həmin mağazanın mülkiyyətçisi kimi 24.08.2017-ci il tarixli, ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirilərək xüsusi mülkiyyət növünə keçdiyindən çıxarış verildiyi tarixdən 47 saylı mağaza dövlət mülkiyyətində olan müəssisə və obyektlərin dislokasiyasından çıxarılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili etirazda göstərilən məzmunlu izahat verərək ş ikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün isə qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi o, Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, “D” y/s, 13 saylı binada yerləşən 47 saylı mağaza ilə bağlı keçirilmiş hərracın nəticələrinin ləğv edilməsini və həmin mağazanın müdiri vəzifəsinə işə bərpa edilməsini tələb etmişdir. Kollegiya hesab edir ki, məhkəmələr sözügedən tələblərə inzibati mübahisə kimi baxılmasının mümkün olmadığı ilə bağlı düzgün nəticəyə gəlmişlər, iddia çının hazırkı tələblərinə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Belə ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM- in normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibatiiqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin normadakı “qanunla başqa aidiyyət q aydası müəyyən edilməmişdirsə” ifadəsi mülki-prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Hazırkı işdən isə göründüyü kimi iddiaçının mübahisələndirdiyi birinci məsələ 47 saylı mağaza ilə bağlı keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi ilə bağlıdır. Bununla bağlı ol araq qeyd edilməlidir ki, hərracın keçirilməsi və onun nəticəsində alqı-satqı müqaviləsinin bağlanılması ilə əlaqədar yaranmış münasibətlər mülki hüquq münasibətləridir. Beləliklə, hərracın keçirilməsi ilə bağlı yaranmış mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisə olmadığı üçün onun inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İddiaçı narazı qaldığı halda hərracın nəticələrini və həmin nəticələrə əsaslanılmaqla daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 15.3-cü maddəsində məhkəmələrə tövsiyə ed ilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdi rdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Qeyd edilən normanın tələbinə görə iddiaçının işə bərpa tələbinə dair iddiasına da inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddiaçı dövlət qulluqçusu hesab edilmədiyindən onun işə bərpa tələbinə dair iddiasına mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı apellyasiya məhkəməsi tərəfindən edilmiş hüquqi yardım göstərilməsi ilə bağlı təklifi rədd edərək verilən tələblərin və cavabdehlərin dəyişdirilmədən işə baxılmasını xahiş etmişdir. Bu isə iddia tələbini mümkünsüz saymadan əvvəl məhkəmə tərəfindən qanundan irəli gələn yardım etmə vəzifəsinin yerinə yetirildiyini təsdiq edir. Göstərilənlərə əsasən ko llegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-820/2019 saylı iş üzrə 13 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2232/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2232/2019
10.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver