Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2241/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2241/19 Bakı şəhəri 25 sentyabr 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Əli Rüstəmov və Gündüz Quliyevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, İddiaçı iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2-1(103)-745/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 24 sentyabr 1975-ci il tarixdən 06 may 1976-cı il tarixədək “Bakı Mətbəx Mebel Fabriki”ndə quraşdırıcı, 20 fevral 1979-cu il tarixdən 16 may 1983-cü il tarixədək “XXX Zavodu”nda cilalayıcıdə, 07 fevral 1984-cü il tarixdən 23 oktyabr 1986-cı il tarixədək “X1 Birli yi”ndə mexaniki işlər üzrə çilingər, 01 dekabr 1986-cı il tarixdən 29 may 1987-ci il tarixədək “XXX Zavodu”nda quraşdırıcı şagird, 29 may 1987-ci il tarixdən 01 fevral 1989-cu il tarixədək həmin müəssisədə quraşdırıcı, 01 fevral 1989-cu il tarixdən 01 yanvar 1993-cü il tarixədək “Xidmət” şirkətində 2 nömrəli sahəyə zərgər müəssisəsində quraşdırıcı, 01 fevral 1993-cü il tarixdən 26 dekabr 1999-cu il tarixədək həmin müəssisədə 2 nömrəli sahədə 3-cü dərəcəli quraşdırıcı vəzifəsində, 01 avqust 2000-ci il tarixdən 01 sentyabr 2005-ci il tarixədək 1 saylı sahədə quraşdırıcı vəzifələrində işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınaraq həmin illərin sosial sığorta stajına daxil edilməsi və 57 yaşının tamam olduğu 15 oktyabr 2016-cı il tarixdən etibarən hesablanaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun 20 fevral 1979-cu il tarixdən 16 may 1983-cü il tarixədək “XXX Zavodu”nda cilalayıcı vəzifəsində işlədiyi müddətin, 01 dekabr 1986-cı il tarixdən 29 may 1987-ci il tarixədək “XXX” zavodunda quraşdırıcı zərgər şagirdliyi, 19 may 1987-ci il tarixdən 01 fevral 1989-cu il tarixədək “XXX” zavodunda quraşdırıcı zərgər, 01 fevral 1989cu il tarixdən 01 yanvar 1993-cü il tarixədək Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində “Zərgər” müəssisəsində quraşdırıcı zərgər, 01 fevral 1993-cü il tarixdən 26 dekabr 1999-cu il tarixədək Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində “Zərgər” mü əssisənin 2 nömrəli sahəsində quraşdırıcı zərgər vəzifəsində, 01 avqust 2000-ci il tarixdən 01 sentyabr 2005-ci il tarixədək xxxx ASC-nin 1 saylı sahəsində quraşdırıcı zərgər vəzifələrində işlədiyi müddətlər nəzərə alınmaqla güzəştli iş stajına daxil edilməsi və 57 yaşının tamam olduğu 15 oktyabr 2016-cı il tarixdən etibarən hesablanaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. (iş.v78) Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 24 sentyabr 1975-ci il tarixdən 01 sentyabr 2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş və 27 il 10 ay 22 gün ümumi, 17 il 11 ay 25 gün güzəştli iş stajı əldə etmişdir. İddiaçı qanunvericiliklə nəz ərdə tutulmuş iş stajına sahib olduğundan 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığını hesab etməklə, əmək kitabçası, arxiv arayışı və digər zəruri sənədləri cavabdehə təqdim etmiş və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin, cavabdeh onun güzəştli iş stajının təsdiq olunmadığını əsas gətirərək, pensiyanın təyin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli, 2-1(82)125/2018 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının 57 yaşının tamam olduğu 15 oktyabr 2016-cı il tarixdən güzəştli şərtl ərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 12 il 06 aydan çox zərərli və 25 ildən çox ümumi əmək stajı mövcud olmalı idi. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin apellyasiya baxışı zamanı iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 15 oktyabr 2016-cı il tarixdən deyil, 16 fevral 2015-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üz ərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 avqust 2018-ci il tarixli, 2-1(103)-1054/2018 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Mirzə Tağızadə və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 08 yanvar 2019-cu il tarixli, 2-1(102)-90/2019 saylı qərarı ilə (sədrlik edən Rahib Nəbizadə, hakimlər İlqar Dadaşov və İlqar Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının metal emalı sahəsində işləyib-işləməməsinə, işlədiyi quraşdırıcı zərgər peşəsinin güzəştli siyahıda qeyd olunan zərgər və bədii məmulatları qaralayanlar peşəsi ilə üst-üstə düşməsinə aydınlıq gətirməmiş, iddiaçının 1979-1983-cü illərdə işlədiyi 2 saylı sexdə zərgərlik məmulatlarının cilalayıcı şagirdi, cilalayıcı və 1983-2005-ci illərdə quraşdırıcı zərgər sahələrinin metal emalı sahəsinə aid olub-olmamasını araşdırmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının 17 mart 2016-cı il tarixdə və 25 may 2017-ci il tarixdə tərtib ed ilmiş iki əmək kitabçası olmuş, apellyasiya məhkəməsi iddiaçının həmin əmək kitabçalarında qeyd olunmuş iş haqqında məlumatların hansı sübutlar əsasında tərtib edilməsi məlumatlarının həqiqətə uyğunluğunu yoxlamamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2-1(103)-745/2019 saylı qərarı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iş üzər yeni qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının yeni qərarı ilə iddia qismən təmin edilərək, iddiaçının 29 may 1987-ci il tarixdən 01 fevral 1989-cu il tarixədək “XXX” Zavodunda quraşdırıcı zərgər vəzifəsində işlədiyi müddətin, 01 fevral 1989-cu il tarixdən 01 yanvar 1993-cü il tarixədək Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində “Zərgər” müəssisəsində quraşdırıcı zərgər, 01 fevral 1993-cü il tarixdən 26 dekabr 1999-cu il tarixədək Əhaiyə Məişət Xidməti Nazirliyinin tərkibində “Zərgər” müəssisəsinin 2 nömrəli sahəsində quraşdırıcı zərgər, 01 avqust 2000-ci il tarixdən 01 sentyabr 2005-ci il tarixədək xxxx ASC-nin 1 saylı sahəsində quraşdırıcı zərgər vəzifələrində işlədiyi müddətlər nəzərə alınaraq güzəştli şərtlərlə iş stajına daxil edilməsi və 57 yaşının tamam olduğu 16 fevral 2015-ci il tarixdən etibarən hesablanaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabehin üzərinə qoyulmuşdur. Apellyasiya məhkəməsi bildirmişdir ki, Ali Məhkəmənin göstərişinə uyğun olaraq iddiaçının əmək kitabçalarında aparılmış qeydlərin həqiqətə uyğun olub-olmamasının aydınlaşdırılması məqsədilə kitabçada qeydlər etmiş hüquqi şəxslərə müvafiq sorğular göndərilmiş, sörğulara cavablardan “xxxx” ASC tərəfindən həmin məlumatların iddiaçının arxivdə olan iddiaçının əmək kitabçasının kserosurətinə, “xxxx” ASC tərəfindən isə arxivdə olan 06 fevral 1989-cu il tarixli, 24 mart 1989-cu il tarixli, 01 avqust 2000-ci il tarixli, 01 sentyabr 2005-ci il tarixli əmrlər, şəxsi vərəq və əmək kitabçasının arxivdəki kserosurəti əsasında qeyd olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, iddiaçının iddiaçının “xxxx” ASC-də qaynar üsulla zərgərlik məmulatlarında qaynaq işləri vəzifəsi güzəştli siyahıda nəzərdə tutulmuş peşəyə uyğun olmuş, lakin iddiaçının işlədiyi zərgər şagirdi və quru üsulla zərgərlik məmulatlar ının cilalayıcısı işlədiyi dövləri güzəştli staja aid olmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı qanunvericiliklə tələb olunan ümumi və güzəştli staja malik olmuş, birinci instansiya məhkəməsi isə iddiaçının işlədiyi hansı peşələrin güzəştli peşələrə aid olması, iddiaçının güzəştli stajının nə qədər müddət təşkil etməsi və qanunla tələb olunan müddətdən neçə il az olması barədə əsaslandırma aparmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 31.2-1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermə klə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün vətəndaşın qanunvericiliklə nəzərdə tutulmuş qaydada 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajı olmalıdır. İddiaçının güzəştli iş stajının təsdiqini tapmamasına baxmayaraq, apellyasiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadan iddianın qismən təmin edilməsi barədə formal qərar qəbul etmişdir. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqənda” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxxxxx 1958-ci ildə anadan olmuşdir. Onun əmək kitabçası itdiyi üçün 17 mart 2016-cı il tarixdə və 25 may 2017- ci il tarixdə dublikatları tərtib olunmuşdur. Notarial qaydada surətləri iş materiallarına əlavə edilmiş əmək kitabçalarındakı qeydlər, Azərbaycan Respublikası “xxxx” ASC-nin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin, “xxxx” MMC-nin, işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş “Bakı Transformatorlar” zavodunun arayışları və “xxxx” ASC-nin arxivində olan iddiaçının itmiş əmək kitabçasının surətinə əsasən müəyyən edilmişdir ki, iddiaçı 24 sentyabr 1975-ci il tarixli, 147 saylı əmrlə Bakı xxxx Fabrikinə 1-ci dərəcəli quraşdırıcı peşəsinə qəbul edilmiş, 1976-1978-ci illərdə hərbi xidmətdə olmuş, 06 iyun 1978-ci il tarixdən 16 may 1983-cü il tarixədək Bakı xxxx Fabrikində mebel yığma sexində fəhlə, eyni dövrdə 20 yanvar 1979-cu ildən 16 may 1983-cü il tarixədək XXX zavodunda cilalayıcı şagirdi və cilalayıcı, 07 fevral 1984-cü il tarixdən 23 oktyabr 1986-cı il tarixədək mexaniki yığma sexinə mexaniki yığıcı işləri üzrə şagirdi, 01 dekabr 1986-cı il tarixdən 01 fevral 1989-cu il tarixədək Dəqiq Mexanizmi Təmiri Zavodunda quraşdırıcı zərgər, 24 mart 1989-cu il tarixdən 26 dekabr 1999-cu il tarixədək 5 nömrəli qəbul məntəqəsində 3-cü dərəcəli quraşdırıcı zərgər, 01 avqust 2000-ci il tarixdən 01 sentyabr 2005-ci il tarixədək 1 saylı sahədə quraşdırıcı zərgər peşəsində işləmişdir. İddiaçının ümumi iş stajının 25 ildən artıq olduğu işin mübahisəsiz halıdır. İddiaçının 29 may 1987-ci il tarixindən 01 fevral 1989-cu il tarixinədək “XXX” zavodunda quraşdırıcı zərgər vəzifəsində işlədiyi müddət, 01 fevral 1989-cu il tarixindən 01 yanvar 1993-c ü il tarixinədək Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində “Zərgər” müəssisəsində quraşdırıcı zərgər vəzifəsində işlədiyi müddətin, 01 fevral 1993-cü il tarixindən 26 dekabr 1999-cu il tarixinədək Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində “Zərgər” müəssisəsinin 2 nömrəli sahəsində quraşdırıcı zərgər vəzifəsində işlədiyi müddətin, 01 avqust 2000-ci il tarixindən 01 sentyabr 2005-ci il tarixinədək xxxx ASC-nin 1 saylı sahəsində quraşdırıcı zərgər vəzifəsində işlədiyi müddətin 12 il 6 aydan çox olduğu arxiv arayışları ilə təsdiq edilir. İddiaçı 2017-ci ildə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, cavabdehin 05 iyun 2017-ci il tarixli imtina qərarında qeyd edilmişdir ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Na zirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli qərarı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmadığından və güzəştli iş stajı təsdiqini tapmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Qaynar üsulla metalın üzlənməsi” adlı 11.9-cu bəndində “zərgər və bədii məmulatları qaralayan”lar peşəsi güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququna əsas verən peşələrə aid edilmişdir. “xxxx” ASC-nin iş materiallarının 8-ci vərəqinə əlavə edilmiş arayışında iddiaçının qaynar üsulla zərgərlik məmulatlarında qaynaq işləri apardığı qeyd edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi h üquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarının qismən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 57 yaşı tamam olan müddətə onun ümumi və xüsusi stajı toplandığı üçün, güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, iddiaçı güzətli şərtlərlə pensiya hüququnun yaranması üçün əsas olan peşədə işləmədiyindən, onun tələbinin təmin olunması düzgün olmamışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İşin halalrına görə məhkəmələr iddiaçının 16 fevral 2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququnun yarandığına əsaslanmışdırlar. Həmin tarixə qüvvədə olan «Əmək pensiyaları haqqı nda» Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun): - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanıtərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Republikasının Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 16 fevral 2015-ci il tarixinə ümumi iş stajını və onun daxilində güzəştli şərtlərlə pensiya hüququnu verən xüsusi iş stajını toplamışdır. İddiaçının ümumi və xüsusi iş stajl 1976-2005-ci illəri, xüsusi iş stajı isə 1989 – 2005-ci illəri əhatə edir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi işin hallarına uyğun olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, ape llyasiya məhkəməsi iddiaçının xüsusi iş stajını müəyyən edən Azərbaycan Republikasının Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixli, 23 saylı qərarına əsaslanmış, halbuki həmin qərarın tələbləri zamana görə yaranmış münasibətlərə tətbiq edilməlidir. Lakin aşağıdakılara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İPM-nin 96.7-ci maddəsinin tələblərinə əsasən, yuxarıda göstərilən pozuntuya görə apellyasiya instansiya məhkəməsinin qərarı ləğv oluna bilməz. Çünki həmin maddəyə əsasən, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. İddiaçının 2007-ci ilə qədə r işləməsi nəzərə alınmaqla, ona münasibətdə həmin dövr qüvvədə olan qanunveriliyin tələblərinin tətbiqi zəruri olmuşdur. İstinad edilən Qanunun: - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; Bu və yuxarıda göstərilmiş qanunvericiliyin tələblərinə görə, şəxsin 01 yanvar 2006cı il tarixinə qədər güzəştli şərtlərlə pensiya hüququnu yaradan ümumi və güzəştli sığorta stajı toplandığı halda, ona münasibətdə istinad edilən Qanunun 9.8-ci maddəsində nəzərdə tutulmuş göndərici müddəalar tətbiq edilməlidir. Yəni əgər istinad edilmiş qanun qüvvəyə m inmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. Onun 01 avqust 1997-ci il tarixinə qədər olan redaksiyasına görə 13-cü maddəsində müəyyən o lunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər — 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Qanunvericiliyin aparılmış təhlilin nəticəsinə görə iddiaçıya münasibətdə 01 yanvar 2006-cı il tarixədək25 il ümumi iş stajı, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması müəyyən edilməlidir. Bu şərtlər müəyyən edildiyi halda, iddiaçı 57 yaşı tamam olan vaxtdan, yəni 16 fevral 2015-ci il tarixi ndən güzəştli şərtlərlə pensiya hüququnu qazanmış olur. İddiaçının 1975-ci ildən başlayaraq 2005-ci il tarixə qədər ümumi iş stajının 25 il toplanılması mübahisə olunmamışdır. İşin hallarından göründüyü kimi, iddiaçı 29 may 1987-ci il tarixindən 01 fevral 1989cu il tarixinədək “XXX” zavodunda, 01 fevral 1989-cu il tarixindən 01 yanvar 1993-cü il tarixinədək Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində “Zərgər” müəssisəsində, 01 fevral 1993-cü il tarixindən 26 dekabr 1999-cu il tarixinədək Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində “Zərgər” müəssisəsinin 2 nömrəli sahəsində, 01 avqust 2000-ci il tarixindən 01 sentyabr 2005-ci il tarixinədək “xxxx” ASC-nin 1 saylı sahəsində quraşdırıcı zərgər peşəsində işləmişdir. Cəmi olaraq iddiaçı göstərilmiş peşədə 12 il 6 aydan çox işləmişdir. “Qu raşdırıcı zərgər” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının” “XİV. Metal emalı” bölməsinin “7. Qaynar üsulla metalın üzlənməsi” hissəsində 2150700a—19553 kodla “zərgər və bədii məmulatları qaralayanlar” peşəsi kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası bu hissədə həmin peşə ilə ilə bağlı apellyasiya məhkəməsinin cavabdehin bildirdiyi dəlilə münasibətdə apardığı qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş məlumatda işçinin gördüyü əmək funksi yasının zərgərlik məmulatlarının qaynaq üsulla qaynaq işlərinin aparılmasından ibarət olduğu göstərilmişdir. Qeyd edilən halda məhkəmə kollegiyasının gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçının peşəsinin zərgərlik sahəsində qaynar üsulla metalın üzlənməsi kimi qiymətləndirilməsi və müvafiq olaraq peşənin güzəştli şərtlərlə pensiya hüququnu yaradan kimi qəbul edilməsi istinad edilmiş qanunveriliyin tələblərinə uyğundur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2-1( 103)-745/2019 saylı qərarı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2241/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2241/2019
25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver