Məhkəmə qərarları › İş №2-1(102)-2246/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2246/2019

30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2246/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 57 (55+2) yaşdan güzəştli şərtlə pensiya hüququ, 2006-cı ildən sonra xarici ölkədə əldə edilən stajın sosial sığorta stajına daxil edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddi açı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-589/2019 saylı, 12 aprel 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 17 fevral 1977-ci il tarixdən 25 oktyabr 1997-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müxtəlif idarələrində elektrik avadanlıqlarını təmir edən elektrik montyoru işləmişdir. Bu müddət ərzində 21 oktyabr 1977-ci il tarixdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. O, 2004-2014-cü illərdə Rusiya Federasiyasında qanuni əsaslarla əmək müqaviləsi bağlayaraq işləmişdir. Onun adına əmək kitabçası və sığorta şəhadətnaməsi tərtib olunmuşdur. 5 fevral 2004-cü il tarixdə Rusiya Federasiyasında fiziki şəxslərin yaşayış yeri üzrə vergi orqanlarında qeydiyyata alınması barədə onun adına şəhadətnamə tərtib olunmuşdur. O, hər ay Rusiya Federasiyası Pensiya X5 Şöbəsinə sosial sığorta haqqı ödəmişdir. 3 fevral 2015-ci il tarixdən halhazıradək Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Texniki Xidmət Enerji Təchizatı Mərkəzində elektrik avadanlıqlarının təmir edən V dərəcəli elektrik montyoru işləyir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdehə mür aciət etmişdir. Cavabdehin 1 mart 2018-ci il tarixli məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı cavabdehin imtinası ilə razılaşmadığından, təkrar müraciət etmişdir. DSMFnin ona ünvanlanmış 28 aprel 2018-ci il tarixli cavab məktubunda bildirilir ki, onun müraciəti DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən ətraflı cavablandırılmışdır. İddiaçı cavabdehə qarşı 14 may 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 22 oktyabr 2015-ci tarixdən əmək pensiyasının təyin edilməsi və qüvvədə olan normativ aktlara müvafiq olaraq pensiyasının hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuzdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən sığortaolunan kişilər 57 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx xxxxxxx 1958-ci il tarixdə doğulmuşdur. 22 oktyabr 2015-ci il tarixdə onun 57 yaşı tamam olmuşdur. Onun 1977-ci ildən bu günədək 30 il ümumi iş stajı var. Həmin müddətin 18 il 8 ay 21 gün hissəsi güzəştli iş stajı hesab edilir. Cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə istinad edərək, onun 20042014-cü illərdə Rusiya Federasiyası ərazisində işlədiyi dövrün sosial sığorta stajına daxil olunmasından hər hansı araşdırma aparmadan imtina etmişdir. Azərbaycan Respublikasının 3 aprel 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti a rasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş”in 6-cı maddəsinin 2-ci bəndinə əsasən güzəştli əsaslarla və xidmət illərinə görə pensiyalar da daxil olmaqla, pensiya hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliyi üzrə və o cümlədən, bu Saziş qüvvəyə minənədək də əldə edilmiş, həmçinin keçmiş SSRİ-nin tərkibinə daxil olan dövlətlərin ərazisində 1992-ci ilin yanvarın 1-ədək qazanılmış əmək stajı nəzərə alınır. Sazişin 6-cı maddəsinin 1-ci bəndinə əsasən vətəndaşlara pensiyaların təyin edilməsi onların daimi iş yeri üzrə aparılır. Sazişin 1-ci maddəsinə əsasən bu Sazişin məqsədləri üçün aşağıdakı terminlər bu mənaları ifadə edir: “vətəndaşlar” – Azərbaycan Respublikasının və ya Rusiya Federasiyasın ın ərazisində yaşayan və bu dövlətlərin pensiya təminatı sahəsində qanunvericiliyinin şamil olunduğu şəxslər, “daimi yaşayış yeri” – vətəndaşın müvafiq dövlətin qanunvericiliyi ilə müəyyən olunan və ya bu qəbildən tanınan daimi yaşadığı yer, “əmək (sığorta) stajı” – tərəflərin hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatının həyata keçirilməsi üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti, həmçinin tərəflərin hər birinin qanunvericiliyinə uyğun olaraq əmək (sığorta) stajına bərabər tutulan müddətlər, “səlahiyyətli orqanlar”: Azərbaycan tərəfindən – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rusiya tərəfindən – Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi. Həmin Sazişin 12-ci maddəsinə əsasən bu Saziş üç il müddətinə bağlanır və hər dəfə avtomatik olaraq növbəti üç il müddətinə uzadılır. Sazişdən göründüyü kimi, Rusiya Federasiyasında işləyən vətəndaşların həmin dövlətdə əldə etdikləri iş stajı pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınır. Beləliklə, sözügedən Sazişlə Rusiya Federasiyasında işləyən vətəndaşlara orada işlədikləri dövrlərin pensiya təminatı zamanı iş stajı kimi nəzərə alınması təminatı verilmişdir. Lakin hazırkı işdə həmin Sazişə zidd olaraq cavabdeh tərəfindən iddiaçının Rusiya Federasiyasında işləyib-işləməməsi halı araşdırılmadan birbaşa olaraq həmin dövrlərin iş stajı kimi nəzərə alınmasından imtina edilmişdir. Halbuki, iddiaçının Rusiya Federasiyasında işləməsi müəyyən edildiyi halda, həmin iş stajı ona əmək pensiyasının təyin olunması üçün əsas ola bilərdi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-2617/2018 saylı iş) 24 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 22 oktyabr 2015-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin dövrdən hesablanmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X1məruzəçi, X2 və X4, 2-1(103)-589/2019 saylı iş) 12 aprel 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rə dd etməsini onunla əsaslandırmışdır ki, iddia tələbi o halda əsaslı hesab oluna bilərdi ki, iddiaçının Rusiya Federasiyasında işlədiyi 2004-cü ildən 2014-cü ilədək olan iş dövrü üzrə məcburi sosial sığorta haqları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ödənilmiş olsun. Belə olan halda iddiaçının işlədiyi həmin dövr onun sığorta stajına daxil edilə bilərdi. Lakin iş materiallarına əsasən iddiaçının Rusiya Federasiyasında işlədiyi 2004-2014-cü illər üzrə iş dövrü üzrə məcburi sosial sığorta haqlarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ödənilməsi öz təsdiqini tapmır və buna dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı 1 may 2019-cu il tarixdə qərarın surətini almış, 24 may 2019-cu il tarixdə kassasiya şika yəti verərək qərarın ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa m alik olmuşdur. İddiaçı Dövlət Neft Şirkətinə məxsus müxtəlif idarələrdə elektrik avadanlıqların təmir edən elektrik montyoru kimi zərərli iş şəraitində işlədiyini bildirib ona (22 oktyabr 2015-ci il tarixdən) 57 yaşdan güzəştli şərtlə pensiya təyin edilməsini xahiş edir. İddiaçının əmək kitabçasından görünür ki, o, həm də 2004-2014-cü illərdə Rusiya Federasiyasında işləmişdir. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsaslanaraq Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında pensiya sahəsində dövlətlərarası müqavilə olmadığından 1992-ci ilin yanvar ayının 1-dən sonrakı dövrü onun əmək stajına daxil etməkdən imtina etmişdir. İddiaçı xx xxxxxxx 1958-ci ildə doğulduğuna görə 57 yaşı 22 oktyabr 2015-ci ildə tamam olmuşdur. İddiaçının 57 yaşı tamam olan vaxt “Əmə k pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbay can Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nı təsdiq etmişdir. İddiaçının 22 oktyabr 2015-ci ildən güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ yaranması üçün onun həmin vaxta qədər 25 il ümumi stajının, o cümlədən onun 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsinin mövcudluğu təsdiq edilməlidir. İddiaçının Rusiya Federasiyasındakı əmək fəaliyyəti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Əmək kitabçasından görünür ki, o, 2004- 2014-cü illərdə Rusiya Federasiyasında işləmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının Rusiya Federasiyasında işlədiyi dövrdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna və müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilməsi işdə olan sübutlarla təsdiq olunmur. İddiaçının işlədiyi 2004-2005-ci illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. 1 yanvar 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 70-ci maddəsində, həm də Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsində vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün müvafiq icra hakimiyyəti orqanına mə cburi dövlət sosial sığorta haqları ödənildiyi halda sığorta stajına daxil edilməsiniAzərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmaması ilə şərtləndirmişdir. Azərbaycan Respublikasının 3 aprel 2001-ci il tarixli 114-İİQ nömrəli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş təsdiq edilmişdir. Sazişə görə bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyərək aşağıdakılar barədə razılığa gəldilər: - (maddə 1) bu Sazişin məqsədləri üçün aşağıdakı terminlər b u mənaları ifadə edir: “vətəndaşlar”-Azərbaycan Respublikasının və ya Rusiya Federasiyasının ərazisində yaşayan və bu dövlətlərin pensiya təminatı sahəsində qanunvericiliyinin şamil olunduğu şəxslər; “daimi yaşayış yeri”-vətəndaşın müvafiq dövlətin qanunvericiliyi ilə müəyyən olunan və ya bu qəbildə tanınan daimi yaşadığı yer; “əmək (sığorta) stajı”-Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatını həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti, həmçinin Tərəflərin hər birinin qanunvericiliyinə uyğun olaraq əmək (sığorta) stajına bərabər tutulan istənilən digər müddətlər; “səlahiyyətli orqanlar”: Azərbaycan Tərəfindən – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyi; Rusiya Tərəfindən-Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi. Bu Sazişdə işlədilən bütün digər anlayış və ya ifadələr müvafiq dövlətin qanunvericiliyi ilə onlara verilən mənanı daşıyır. - (maddə 4) tərəflər, öz dövlətlərinin ərazilərində daimi yaşayan, o cümlədən digər Tərəfin dövlətinin ərazisindən köçüb gəlmiş (məskunlaşmış) bütün vətəndaşlara pensiya təminatı sahəsində öz dövlətinin vətəndaşları ilə eyni hüquqlar verirlər. Sazişin 1-ci maddəsinin məzmununa görə “əmək (sığorta) stajı”-Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatını həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti başa düşülür. İşdə olan sənədlərdən görünür ki, 2005-2011-ci illərə aid iddiaçı nın adından X8 sığorta ödəmələri haqqında məlumatlar (iddiaçının fərdi şəxsi hesabının vəziyyəti haqqında bildiriş) mövcuddur. Apellyasiya instansiyası məhkəməsi həmin məlumatlarla bağlı araşdırma aparmamış, məlumatları yuxarıda bəhs olunan hüquq normalarına əsasən qiymətləndirməmişdir. Məlumatlara əsasən, iddiaçı 2005-ci il ərzində 1569,88 rubl, 2006-cı il ərzində 1764 rubl, 2007-ci il ərzində 4554,20 rubl, 2008-ci il ərzində 9092,84 rubl, 2009-cu il ərzində 14225,60 rubl, 2010-cu il ərzində 20987,60 rubl, 2011-ci il ərzində 31835,60 rubl X8 sığorta ödəmələri etmişdir. İddiaçının əmək haqqından 2005-2011-ci illərdə məcburi dövlət sosial sığorta ödəmələri olduğundan bu illər onun sığorta stajına daxil edilməlidir. İşdə olan sənədlərə əsasən, iddiaçının 1977-ci ilin oktyabr ayından 1979-cu ilin oktyabr ayına qədər olan hərbi xidmət dövrü də daxil olmaqla 57 yaşı tamam olduğu 2015ci ilin oktyabr ayına qədər ümumi stajı 25 ildən çoxdur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçının əmək kitabçasına əsasən, o, 1979-cu ildən 1997-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus Neft-Qaz hasilatı İdarəsində neftin və qazın hasilatı obyektlərində (neftin və qazın hasilatı sexində) elektrik avadanlıqlarına xidmət göstərən elektrik montyoru peşəsində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələr in, vəzifələrin və göstəricilərin Siyahısı”nda Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı adlanan 10-cu bölmədə 10.5.2-ci yarımbölmədə (Bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr) a) fəhlələr:...elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsi qeyd edilmişdir. İddiaçının işlədiyi elektrik avadanlıqlarına xidmət göstərən elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10.5.2-ci yarımbölmədə qeyd edilmişdir. İddia çı Siyahıda qeyd edilən peşədə işləməklə ən azı 12 il 6 ay Siyahıda göstərilən peşə üzrə fəaliyyət göstərmişdir. İddiaçının 57 yaşı tamam olan vaxt onun 12 il 6 ay Siyahıda göstərilən peşə üzrə fəaliyyət göstərməsi və həmin vaxta qədər 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş 31.1-ci maddəsinin redaksiyasına görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Bəhs edilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlə pensiya hüququ yarandığından, kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin edilərək iddiaçıya 57 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin ed ilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-589/2019 saylı, 12 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 22 oktyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar