Məhkəmə qərarları › İş №2-1(102)-2259/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2259/2024

29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2259/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əldə edilmiş yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin geri qaytarılmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və ƏDV məbləğinin otuz faiz hissəsinin geri qaytarılması” tələbinə dair in zibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2-1(105)-392/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi 460-da yerləşən kompleksdə inşa olunan 25-ci bina, 2-ci blok, 17-ci mərtəbə, 48 nömrəli, 4 otaqlı mənzil "xxxx" ASC tərəfindən iddiaçıya satılmışdır. 2. xx.xx.2022-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, sözügedən mənzilin ƏDV daxil 276368 manat ümumi dəyərinin ƏDV daxil 126368 manat hissəsi iddiaçı tərəfindən ilkin ödəniş kimi nağd şəkildə ödənilmişdir. 3. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən, sözügedən mənzilin ƏDV daxil 150000 manat hissəsi xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya ayrılmış kredit əsasında nağdsız qaydada "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür.

4. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə, iddiaçının ƏDV-nin geri qaytarılması barədə müraciəti təmin edilməmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə əsasən, bu Qaydanın tələbləri nəzər ə alınmaqla, ƏDV, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 5. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********44209 nömrəli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə kassa mədaxil orderi ilə "xxxx" ASC-yə 126368 manat iddiaçı tərəfindən ilkin ödəniş edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə bank vasitəsi ilə mənzilin qalıq dəyəri 150000 manat ödənilmişdir. Nərimano v rayonu, İslam Abışov küçəsi 25 saylı binanın tikintisi 2022-ci ilin mart ayında başlanmışdır və təxminən 2024-cü ilin aprel-may aylarında təhvil verilməsi nəzərdə tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, yaşayış sahəsinə görə nağdsız qaydada satıcının bank hesabına ödədiyi 150000 manatın ƏDV məbləğinin 30 faizinin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehin xx.xx.2022-ci il tarixli, **********032600 nömrəli “Müraciətə baxılmanın nəticəsi haqqında” məktubu ilə eyni məzmunlu xx.xx.2023-cü il tarixli, **********159600 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə g örə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergilər Məcəlləsinə müvafiq dəyişikliklər qüvvəyə mindikdən sonra, lakin Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” qüvvəyə mindikdən öncə - xx.xx.2022-ci il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs "xxxx" ASC-dən mənzil əldə edilmiş, mənzilin ƏDV daxil 276368 manat ümumi dəyərinin, ƏDV daxil 126368 manat hissəsi ilkin ödəniş kimi nağd ödənilmiş, ƏDV daxil 150000 manat hissəsi isə, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ona ayrılmış kredit əsasında nağdsız qaydada satıcının bank hesabına ödəmə tapşırığı əsasında köçürmə yolu ilə ödənilmişdir. İddiaçı sözügedən Qayda dərc edildikdən sonra həmin Qaydanın 6.1-ci bəndinin tələbləri qaydasında yaşayış sahəsinin təqdim edilməsi ilə bağlı sənədləri təqdim etməklə, Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 26 may tarixinədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış sahəsini əldə etmiş və ödənişi tam həyata keçirmiş şəxs kimi, yaşayış sahəsinə görə nağdsız qaydad a satıcının bank hesabına ödədiyi 150000 manatın ƏDV məbləğinin 30 faizinin qaytarılması barədə xx.xx.2022-ci il tarixli ərizə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********787400 nömrəli) ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir.

8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə əsasən, bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV, alınmış ya şayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Qaydaların tələblərindən də göründüyü kimi, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin bir qisminin nağd, digər qisminin isə nağdsız qaydada ödənildiyi halda ƏDV-nin geri qaytarılması nəzərdə tutulmamışdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Vəfa Əzizova) 04 dekabr 2023-cü il tarixli, e-2-1(118)-917/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndində və ƏDV məbləğinin qaytarılmasını nəzərdə tutan digər bəndlərində yalnız yaşayış və qeyri-yaşayış sahəsinin dəyərinin tam şəkildə nağdsız qaydada ödənildiyi halda ƏDV məbləğinin qaytarılması nəzərdə tutulmuşdur. İddiaçı onun tərəfindən ödənişin göstərilən Qayda qüvvəyə minənədək tam ödənildiyini və nağdsız qaydada ödənildiyi hissəyə müvafiq ƏDV məbləğinin geri qaytarılmasını tələb etdiyini bildirsə də, Qaydanın keçid m üddəalarında da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş şəxslərdən ƏDV məbləğinin 30 faizinin qaytarılması üçün alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlərin təqdim edilməsi nəzərdə tutulmuşdur. Qaydanın da tələbindən göründüyü kimi, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin bir qisminin nağd, digər qisminin isə nağdsız qaydada ödənildiyi halda ƏDV-nin geri qaytarılması nəzərdə tutulmamışdır. Hazırkı işdə ilk növbədə iddiaçı, özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə, məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də iddiaçı hazırkı tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də, hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik ed ən və məruzəçi/, Hökümə Babayeva və Zaur Məmmədov) 23 aprel 2024-cü il tarixli, 2-1(105)-392/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, **********159600 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərar ləğv edilmiş, iddiaçıya yaşayış sahəsinə görə nağdsız qaydada satıcının bank hesabına ödədiyi 150000 manat vəsaitin ƏDV məbləğinin 30 faizinin qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, indiki halda iddiaçının hüquqi marağı məhz sat ın aldığı yaşayış sahəsinin dəyərinin nağdsız qaydada ödənilmiş hissəsinin ƏDV məbləğinin 30 faizinin ona geri qaytarılması təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən yaşayış sahəsinin ümumi dəyərinin tam şəkildə nağdsız ödənilmədiyindən, bir qisminin nağdsız ödənildiyindən, qanunvericilik normasında isə tam dəyərin nağdsız ödənilməsinin tələb edildiyini əsas götürərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı tərəf isə, onun yaşayış sahəsini satın aldığı vaxtda Qaydaların qəbul edilmədiyini, tam məbləğin nağdsız qaydada ödənilməsi barədə məlumatının olması ehtimalının olmadığını, bu barədə məlumatı olsa idi, tam məbləğin nağdsız ödənilməsini təmin edə biləcəyini, ona görə də satın aldığı yaşayış sahəsinə görə məhz nağdsız ödədiyi məbləğə münasibətdə müvafiq Qaydaların 6.1-ci bəndində ehtiva olunan keçid müddəalar tətbiq edilməklə, Vergi Məcəlləsinin 165-ci maddəsinə əsasən ƏDV məbləğinin 30 faizinin ona geri qaytarılması tələbini irəli sürərək, tələbin əsası kimi həmin hallara istinad etmişdir.

14. Vergi Məcəlləsinin 165.6-cı maddəsinin dispozitiv şərtləri və müvafiq Qaydaların 5 və 6-cı bəndlərində ehtiva edilən şərtlər müqayisəli şəkildə təhlil edildikdə, Vergi Məcəlləsinin 165.6-cı maddəsinin tətbiqi baxımından qanunvericiliyin əsas məqsədi məhz həmin normanın tətbiqi şərtlərini müəyyən edən Qaydalar qüvvəyə mindiyi dövrədək alıcıların həmin normanın dispozitiv şərti altında hüquqlarının həmin Qaydaların qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə eyni vəziyyətdə olan şəxslərlə bərabər imkanlar ın yaradılmasından, ayrı-seçkiliyin tətbiqinin aradan qaldırılmasından ibarət olmuşdur. Başqa sözlə, yaşayış sahəsini satın almış alıcıya belə bir hüququn tanınması məhz Vergi Məcəlləsinin 165.6-cı maddəsinin dispozitiv şərtlərindən irəli gəlir, həmin norma 2020-ci ilin yanvarın 1-də qüvvəyə minmişdir. Həmin hüququn realizə edilmə şərtləri isə məhz müvafiq Qaydaların məzmununda ehtiva edilmişdir ki, həmin Qaydalar 2022-ci ilin 25 may tarixindən qüvvəyə minmişdir. Qeyd edilən aralıq dövrdə (1 yanvar 2020 - 25 may 2022-ci il) yaşayış sahəsi əldə etmiş şəxslərə münasibətdə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin tələbi baxımından ƏDV-nin müəyyən faiz məbləğinin geri qaytarılması məhz Qaydaların keçid müddəalarının şərtləri əsasında həyata keçirilir. Həmin keçid müddəaların məzmununda isə, ya şayış sahəsinin tam dəyərinin məhz nağdsız qaydada ödənilməsinə dair birmənalı imperativ norma ehtiva edilməmişdir.

15. Belə ki, həmin müddəaların məzmununa əsasən yaşayış sahəsinin ödənişini tam həyata keçirmiş istənilən alıcının müəyyən edilən şərtlər daxilində ƏDV-nin müəyyən faiz məbləğinin geri qaytarılmasını tələb etmək hüququ tanınmış, tələb olunan sənədlərdə isə, yaşayış sahəsinin dəyərinin tam olaraq nağdsız ödənilməsini təsdiq edən sənəd kimi deyil, məhz yaşayış sahəsinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlərin təqdim edilməsinin zəruriliyi qeyd edilmişdir. Keçid müddəalarından fərqli olaraq, həmin Qaydaların 5.1-ci bəndində məhz alıcı tərəfindən yaşayış sahəsinin dəyərinin satıcıya nağdsız qaydada tam ödənilməsi tələbi alıcıya belə b ir hüququn yaranması imkanını ehtiva etmişdir. Göründüyü kimi, müvafiq Qaydaların keçid müddəalarını ehtiva edən 6-cı bəndində qaytarılma şərtlərini ehtiva edən 5-ci bənddən fərqli şərtlər ehtiva edilmişdir.

16. Müvafiq Qaydaların keçid müddəalarında Vergi Məcəlləsinin 165.6-cı maddəsinin tələbi baxımından şərtlərin bu qaydada formulə edilməsində əsas məqsəd həmin aralıq dövrdə yaşayış sahəsi əldə etmiş alıcıların yaşayış sahəsini əldə edərkən həmin Qaydalar barədə məlumatlı olma imkanlarının olmaması, nəticə etibarilə Qaydaların tələb etdiyi şəkildə davranmaq imkanından məhrum olması ilə bağlı olmuşdur. Əks yanaşmanın tətbiq edilməsi isə, Vergi Məcəlləsinin 165.6-cı maddəsinin tələbi baxımından eyni hüquqa malik olan alıcılara müvafiq Qaydaların qüvvəyə mindiyi tarixə nəzərən həmin Qaydal ar barədə məlumatlı olub, onun şərtlərinə uyğun davranan alıcılar ilə həmin Qaydalar barədə məlumatlı olmayan alıcılara fərqli yanaşmanın tətbiq edilməsinə gətirib çıxarda bilər. Nəticə etibarilə isə, vergi qanunvericiliyin tələbinə əsasən hüququ tanınan alıcıların belə bir hüquqdan məhrum olmasına səbəb olmuş olar. Bu hal isə, özlüyündə vergi qanunvericiliyin məqsədinə və mahiyyətinə zidd olmaqla, ən əsası isə bərabərhüquqlu şəxslərə fərqli yanaşmanın tətbiqinin yolverilməz olması prinsipinin tələbinə ziddir.

17. Göründüyü kimi, iddiaçı müvafiq yaşayış sahəsini əldə edərkən yaşayış sahəsinin dəyərinin nağdsız qaydada tam şəkildə satıcının hesabına ödənilməsini ehtiva edən Qaydalar barədə məlumatlı olmamış, yaşayış sahəsinin dəyərinin bir qismini nağd qaydada, bir qismini isə, nağdsız qayd ada ödəmişdir. İddiaçının müvafiq yaşayış sahəsini əldə edərkən qüvvədə olmayan (hələ qəbul olunmamış) Qaydalara uyğun davranmaması əsasına istinad edərək, onun Vergi Məcəlləsinin 165.6-cı maddəsində ehtiva olunan hüququndan məhrum edilməsinə yönələn cavabdeh inzibati orqanın arqumenti ilk növbədə ədalətlilik, bərabərlik, ayrı-seçkiliyə məruz qalmanın yolverilməzliyi kimi prinsiplərin tələbinə, normanın məqsədinə mütənasib olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının iddia tələbi məhz Vergi Məcəlləsinin 165.6-cı maddəsinin və müvafiq Qaydaların 6.1-ci bəndinin tələbinin dispozitiv şərtləri ilə uzlaşır. Ona görə də, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin imtinası əsasları qanunvericiliyin prinsiplərinə və tələblərinə uyğun olmam ışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və iddiaya qarşı etirazının dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 153.1. 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kv.tmetr və qeyriyaşayış sahəsinin 500 kv.ьetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

22. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar t ərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrini n dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qayd ada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qe yd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi t am həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada tə qdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhk əmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA Sİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qəra rı ləğv edilməli, iddia rədd olunmalıdır.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

28. İlk növbədə qeyd edilməlidir ki, hazırkı mübahisəyə dair iş üzrə iddiaçı tələbində həmçinin cavabdehin xx.xx.2023-cü il tarixli, **********159600 nömrəli “Yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv olunmasını xahiş etsə də, həqiqətdə iddiaçının hüquqi marağı və məqsədi əldə etdiyi yaşayış sahəsinə görə nağdsız qaydada satıcının bank hesabına ödədiyi 150000 manatın ƏDV məbləğinin 30 faizinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. Mübahisələndirilən qərarın ləğvi ilə iddiaçının bu məqsədinə çatması mümkün deyil. İddiaçı məqsədinə yalnız məcburetmə haqqında iddia vasitəsi ilə nail ola bilər. Belə ki, cavabdehin üzərinə iddiaçıya müvafiq ƏDV məbləğinin 30 faizinin qaytarılması barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsi öhdəliyi məhkəmənin həmin iddia üzrə yalnız pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, məcburetmə haqqında iddia, eyni zamanda, cavabdeh tərəfindən qəbul edilmiş imtina qərarının da ləğvini ehtiva edir və bunun müstəqil tələb kimi xüsusi vurğulanmasına ehtiyac yoxdur.

29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halların a görə, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmaqla, yaşayış sahəsi satın alınmış, yaşayış sahəsinin ümumi dəyəri 276368 manat təşkil etmişdir. İddiaçı tərəfindən həmin yaşayış sahəsinin dəyəri, 126368 manat məbləğində olan hissəsi xx.xx.2022-ci il tarixdə ilkin ödəniş qismində nağd qaydada (kassa mədaxil orderi), 150000 manat məbləğində olan hissəsi isə xx.xx.2022-ci il tarixdə nağdsız qaydada (ödəniş tapşırığı) olmaqla tam şəkildə ödənilmişdir. İddiaçı bu qərarın 22-ci bəndində istinad edilən Qaydanın 6.1-ci bəndində ehtiva olunan keçid müddəaları tətbiq edilməklə, Vergi Məcəlləsinin 165-ci maddəsinə əsasən sözügedən yaşayış sahəsinin dəyərinin nağdsız qaydada ödənilmiş hissəsinin ƏDV məbləğinin 30 faizinin ona geri qaytarılması barədə cavabdehə müraci ət etmiş, cavabdeh isə qanunvericilikdə yaşayış sahəsinin tam dəyərinin nağdsız qaydada ödənilməsinin tələb edildiyini, iddiaçı tərəfindən isə ümumi dəyərin bir qisminin nağdsız qaydada ödənildiyini əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir.

30. Vergi Məcəlləsinin 165.6-cı maddəsinin 01 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyasına görə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

31. Göründ üyü kimi, istinad edilən normada nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərinin və qaydasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunması təsbit edilmişdir. Ödənişin qismən nağdsız ödənildiyi hallara bu normanın tətbiq edilməsinin mümkünlüyünü müəyyən etmək üçün təfsir aparılarkən, yaşayış və qeyriyaşayış sahəsi “nağdsız qaydada alınmışdırmı?” sualına “bəli” və ya “yox” şəklində qəti cavab tapılmalıdır. Qismən nağdsız ödəmə hallarında verilən cavab mənfi hesab ediləcək və sözügedən normanın tətbiqi mümkün olmayacaqdır.

32. Nəzərə alınmalıdır ki, qanunvericinin VM-nin 165.6-cı maddəsində ifadə edilmiş iradəsi nağdsız hesablaşmaların təşviqi ilə bağlı dövlət siyasətindən irəli gəlir. B u halda, nağd ödəmələrlə bağlı ƏDV-nin qaytarılması istisna edilir.

33. Belə yanaşmanın davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2022ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 26 may 2022-ci il tarixdən qüvvədə olan “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində də qeyd olunmuşdur ki, alıcı yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə mür aciətini və zəruri sənədləri skan edərək portala göndərir.

34. Qaydaların bu bəndində bəhs olunan “nağdsız qaydada tam” ödənilməsi ifadəsi, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişin birmənalı olaraq tamamının nağdsız ödənilməsini ehtiva edir.

35. Qaydanın 6-cı bəndi, yəni keçid müddəaları ilə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən istinad edilən Qaydanın qüvvəyə mindiyi 2022-ci il mayın 26-dək olan dövrdə yaranmış münasibətlərin tənzimlənməsi qaydasını müəyyən edir. Bu, istinad edilən Qaydanın zaman etibarilə daha gec qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri (məsələn, ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsi ilə bağlı və sair) onların maraqlarını nəzərə almaqla nizam lamağa yönəlmişdir.

36. İddiaçı tərəfindən sözügedən yaşayış sahəsi həmin dövrdə əldə edildiyindən hazırkı mübahisəyə münasibətdə istinad edilən Qaydanın keçid müddəaları şamil edilməlidir.

37. Həmin Qaydanın 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qayta rılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.

38. Göründüyü kimi, istinad edilən Qaydanın keçid müddəalarına əsasən, 2020-ci il yanvarın 1-dən 2022-ci il mayın 26-dək olan dövrdə yaşayış sahəsinin əldə edildiyini və ödənişin tam həyata keçirdiyini təsdiq edən sənədləri – yəni yaşayış sahəsinin dəyərinin (hissə-hissə ödənilmiş olsa belə, onun bir hissənin deyil) nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim edən alıcıya ödənilmiş ƏDV-nin 30 faizinin qaytarıldığı müəyyən edilmişdir. Başqa sözlə, qeyd edilən normada da yaşayış sahəsinin dəyərinin ödənişinin nağdsız qaydada tam həyata keçirildiyi təqdirdə alıcıya ödənilmiş ƏDV-nin 30 faizinin qaytarıldığı nəzərdə tutulmuşdur.

39. Hazırkı işin müəyyən edilmiş hallarından isə, sözügedən yaşayış sahəsinin dəyərinin ödənişinin tam deyil, bir hissəsinin nağdsız qaydada həyata keçirildiyi görünür. Belə olan halda isə, cavabdehin sözügedən yaşayış sahəsinin dəyərinin nağdsız qaydada ödənilmiş hissəsinin ƏDV məbləğinin 30 faizinin qaytarılması öhdəliyi yaranmır və bu baxımdan iddiaçı iddia tələbində haqlı sayıla bilməz.

40. Nəticə etibarı ilə, hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

41. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2-1(105)-392/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar