Məhkəmə qərarları › İş №2-1(102)-226/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-226/2020

15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-226/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 2019-cu il 2 oktyabr tarixli 2-1(103)-1796/2019 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1951-ci il 17 oktyabr tarixdə doğulmuş, 1969-cu il 16 may tarixdən əmək fəaliyyətinə başlamış, 1969–1974-cü illərdə X3 təhsil almış,1992-ci il 24 yanvar tarixdən 2003-cü il 24 noyabr tarixədək “x” kommersiya mağazasında işləmişdir. O, 2003-cü il tarixdən indiyədək fərdi sahibkar kimi fəaliyyət göstərir İddiaçıya 2014-cü il 17 oktyabr tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 30 no yabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 1992-ci il 1 yanvar tarixdən 2006-cı il 1 yanvar tarixədək olan dövr üzrə fərdi sahibkar qismində məcburi sosial sığorta haqqının ödənilməsini təsdiq edən rəsmi sənəd təqdim edildikdən sonra həmin illər sosial sığorta stajı kimi nəzərə alınaraq pensiya məbləğinə pensiya təyin edən komissiyada baxılacaqdır. İddiaçı 2018-ci il 20 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1969-1974-cü illərdə X3 təhsil aldığı müddətin və əmək kitabçasında göstərilən iş illərinin sosial sığorta stajına daxil edilməklə 2014-cü il 15 oktyabr tarixdən yaşa görə əmək pensiyasının məbləğinin yenidən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1969-cu ilin may ayından sentyabr ayınadək x rayonu Krupskaya adına Sovxozun 17 saylı Tərəvəzçilik briqadasında fəhlə işləmişdir. 1969-cu ilin sentyabrından X3 əyani təhsil almağa başlamış, 1974-cü ildə oranı bitirmişdir. 1974-cü ilin 18 mart tarixində Krupskaya adına Sovxozda müvəqqəti hüquqşünas vəzifəsinə, 1977-ci ilin 3 may tarixində isə həmin Sovxozun baş mühasibinin müavini vəzifəsinə təyin olunmuş, 1979-cu ilin mart ayının 28-də həmin vəzifədən azad olunmuşdur. 1979-cu il 29 mart tarixdən 1981-ci il 2 iyun tarixədək Azərbaycan SSR X4 əmri əsasında Çapayev adına Sovxozda baş mühasib vəzifəsinə təyin olunmuşdur. 1981-ci il 3 iyun tarixdə xrayon ASİB-in Təzəkənd Sovxozunda baş mühasib, 1988-ci il 1 1 noyabr tarixdə həmin Sovxozun direktoru vəzifələrinə təyin olunmuş, 1991-ci il 25 noyabr tarixdə tutduğu həmin vəzifədən azad olunmuşdur. 1992-ci il 24 yanvar tarixdən 1995-ci il 15 mart tarixədək “x” kommersiya mağazasının direktoru vəzifəsində işləmişdir. 2003-cü ildən bu günədək fərdi sahibkar kimi fəaliyyət göstərir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, 147-ci, 149-cu maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya 2014-cü il 17 oktyabr tarixdən 17 il 11 ay, 22 gün və fərdi hesabının sığorta hissəsinə yığılmış 2.242,23 manat pensiya kapitalına uyğun olaraq 2019-cu il 1 yanvar tarixdən 181,07 manat pensiya məbləği hesablanaraq ödənilir. Odur ki, iddiaçının ərizəsində qeyd etdiyi 1992-ci il 1 yanvar tarixdən 2006-cı il 1 yanvar tarixədək olan dövrə aid fərdi sahibkar kimi məcburi sosial sığorta haqqının ödənilməsinin təsdiq edilməməsi səbəbindən yoxlamaq mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 may tarixli qərarı 2-1(8)885/19 nömrəli ilə iddia təmin edilmiş, iddiaçıya onun 1969–1974-cü illərdə təhsil aldığı müddət və əmək kitabçasında göstərilən iş illəri sosial sığorta stajına daxil edilməklə 2014cü il 15 oktyabr tarixdən yaşa görə əmək pensiyasının məbləğinin yenidən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 oktyabr tarixli 2-1(103)-1796/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qismən - əmək kitabçasında göstərilən dekabr 1999-cu il tarixdən 2 003-cü il 24 noyabr tarixədək iş illərinin sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsi ilə bağlı həmin məhkəmənin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd oluna hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının 1992-ci il 24 yanvar tarixdən işlədiyi “x” şirkəti 1999-cu ildən fəaliyyətini dayandırmış, belə olan halda iddiaçının həmin şirkətdə işlədiyi dövr kimi şirkətin fəaliyyətinin dayandırıldığı vaxta qədər, yəni dekabr 1999-cu il tarixinədək olan dövr götürülməli və həmin dövr onun sosial sığorta stajına hesablanmalıdır. İd diaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını tələb edir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, əmək kitabçasında olan qeydlər o halda məhkəmə tərəfindən qəbul olunmaya bilər ki, həmin qeydlərin hər hansı şəxs tərəfindən saxtalaşdırılması müəyyən olunsun. Bu cür hal müəyyən olunsaydı heç şübhəsiz ki, məhkəmə bununla bağlı xüsusi qərardad çıxardaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərərdi. Nəzərə alınsa ki, iddiaçının mübahisələndirdiyi iş stajı 2006-cı ilə qədərdir onda «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əs asən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na əsasən məhkəmə əmək kitabçasında olan qeydləri sübut kimi qəbul etməli idi. Belə ki, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1- dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növün ə keçirilməsi və ödənilməsi Qaydaları»nın da məzmunundan görünür ki, məhkəmə 3.2-ci maddəni düzgün tövsif etməyərək belə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 10.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququ n və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin hallarına və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdehin kassasiya şikayətinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 31.21-ci bəndinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növünd ən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 1.3-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Həmin Qaydaların 4.2.7-ci bəndinə əsasən, zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Əmək kitabçasında iddiaçının 1992-2003-cü illərdə “x” kommersiya mağazası və “x” şirkətində işlədiyi qeyd edilsə də həmin iş stajı dövlət arxivinin arayışları ilə təsdiqini tapmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsindən görünür ki, sosial sığorta stajına daxil edilən müddətlərə təhsil müddəti aid edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil o lunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). İddiaçının şikayəti iddianın rədd edilən hissəsinə münasibətdə əsaslı olduğundan həmin hissədə təmin edilməli, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 1992-ci ildə qəbul edilmiş və iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövründə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Cavabdehin mübahisələndirdiyi iş dövrü iddiaçının əmək kitabçasının məlumatlarına əsasən təsdiq edilir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki v ə ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 20 06-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddia olunan illər üzrə sığorta haqlarının ödənilmədiynə dair cavabdehin dəlilinə gəldikdə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək sığort açının səlahiyyətlərinə aiddir. Həmin normaya görə, sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Göründüyü kimi, sığortaçının qanunla ona verilmiş səlahiyyətləri və vəzifələri icra etmək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək öhdəliyi olmuşdur. Beləliklə, iddiaçının tələbi həm təmin olunan və cavabdeh tərəfindən mübahisələndirilən hissədə, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilən hissədə əsaslıdır. İddiaçının əyani təhsil mü ddətinin sığorta stajına daxil edilməli olmadığına dair cavabdehin dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı vaxtda qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi). Beləliklə, iddiaçı həmin qanunvericilik aktlarının tələblərinə əsasən ali ixtisas təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, ali ixtisas təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Yuxarıda qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 oktyabr tarixli 2-1(103)-1796/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qismən - əmək kitabçasında göstərilən dekabr 1999-cu il tarixdən 2003-cü il 24 noyabr tarixədək iş illərinin sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İPM-in 90.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin n ormanın tələbi, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının tələbinin qismən rədd edildiyi, lakin iddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının tamamilə ləğv edilməsinin tələb olunduğu nəzərə alındıqda, iddiaçının şikayəti üzrə kassasiya onun iddia tələbinin təmin olunmasına dair birinci instansiya məhkəməsinin qərarın apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılması hissəsinə münasibətdə mümkünsüz hesab edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin olunur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 oktyabr tarixli 2-1(103)-1796/2019 nömrəli qərarı iddianın rədd olunan hissəsində ləğv edilir. İddia həmin hissədə təmin olunur və cavabdehin üzərinə iddiaçının dekabr 1999-cu ildən 2003-cü il 24 noyabr tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulur. İddiaçının şikayəti qalan hissədə mümkün sayılmır. Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 oktyabr tarixli 2-1(103)-1796/2019 nömrəli qərarı cavabdehin şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar