Məhkəmə qərarları › İş №2-1(102)-2268/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2268/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2268/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi, operativ vergi nəzarəti, əməliyyatın topdansatış və ya pərakəndə ticarət fəaliyyəti hesab edilməsi, obyektiv hallardan yaranan əsaslı şübhə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı müxtəlif çeşidli xalça məhsullarını idxal edərək topdan və pərakəndə qaydada satışını həyata keçirir.

2. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2021ci il tarixli, ************** nömrəli qərarı ilə, iddiaçıya məxsus obyektdə (anbarda) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək (##.##.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

3. Həmin qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilmişdir.

4. Operativ vergi nəzarətinin nəticəsi olaraq, iddiaçıya məxsus obyektdə 13998829,93 manat dəyərində malın elektron qaimə-faktura təqdim edilmədən, başqa sözlə, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmaqla topdansatış qaydasında satılması faktının aşkar olunmasına dair ##.##.2021-ci il tarixli, ****** nömrəli akt tərtib edilmişdir.

5. Həmin akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli, ************** nömrəli qərar qəbul edilərək, iddiaçıya Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 1399882,99 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli, ************** nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Türkiyədən və Özbəkistandan müxtəlif çeşidli xalça malları alaraq, topdan və pərakəndə satış vasitəsilə ticarət fəaliyyəti aparır. Malların satışı demək olar ki, pərakəndə satış vasitəsilə həyata keçirilir. Az miqdarda və təsadüfən alış məqsədi ilə hüquqi şəxslər müraciət edir. Hər bir şəxsə elektron qaiməfaktura7.təqdim edilməsi qeyri-mümkündür. Belə ki, hər bir şəxs vergi ödəyicisi olmur. Xalça mallarının satışı anbarda və anbara yaxın yerdə elektron kassa aparatı vasitəsilə həyata keçirilir. Cavabdeh iddiaçının pərakəndə satdığı xalça mallarının alıcılarının vergi ödəyicisi olmasını müəyyən etməmişdir. Qanunvericiliyin tələbinə görə, alıcı tərəf əgər vergi ödəyicisi olarsa, iddiaçı, o halda elektron qaimə-faktura təqdim etməli idi. Lakin iddiaçı hər hansı bir sifariş əsasında vergi ödəyicisi olan hüquqi şəxsə xalça mallarını satmamış, bu səbəbdən də, elektron qaimə-faktura təqdim etməyə lüzum olmamışdır.

8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının rəhbərinin cavabdehə təqdim etdiyi ##.##.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, “iddiaçıya məxsus olan təsərrüfat subyekti Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nin cənubu, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən anbardan ibarətdir. Satış topdan qaydada aparılır. Saxlancda malı yoxdur. Ticarət əlavəsi 8 faiz təşkil edir. İş qrafiki 6 gündür və saat 10:00-dan 17:00-dəkdir. Yolda olan malı yoxdur.” Eyni zamanda iddiaçının rəhbəri ##.##.2021-ci il tarixli izahatında da bildirmişdir ki, “iddiaçının fəaliyyəti topdan satışdır, mallar topdan satılarkən alıcılar onlardan elektron qaimə-faktura tələb etmədiyi üçün həmin məbləğ nəzarət kassa aparatı (NKA) ilə rəsmiləşdirilmişdir.” Qeyd olunanlardan göründüyü kimi, iddiaçının rəhbəri də elektron qaimə-faktura verilmədən malların satılması faktını etiraf etmişdir. Dövlət Vergi Xidmətinin məlumat bazasında iddiaçının əsas fəaliyyət növü kimi ixtisaslaşdırılmamış topdansatış göstərilmişdir. Seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən nümunə olaraq qeyd edilə bilər ki, ##.##.2021-ci il tarixdə saat 17:40-dan saat 17:58-dək 18 dəqiqə ərzində hər bir dəqiqədən bir 28 sayda nəzarət kassa aparatı çekləri üzrə 43087,9 manat vəsaitin, ##.##.2021-ci il tarixdə saat 16:25-dən saat 16:48-dək 23 dəqiqə ərzində hər bir dəqiqədən bir 25 sayda nəzarət-kassa aparatı çekləri üzrə 42907,95 manat vəsaitin, ##.##.2021-ci il tarixdə saat 16:28-dən saat 16:53-dək 25 dəqiqə ərzində hər bir dəqiqədən bir 35 sayda nəzarət-kassa aparatı çekləri üzrə 57912,78 manat vəsaitin mədaxil edildiyi görünür. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Göründüyü kimi, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.13 maddəsinin tələbləri pozularaq 13998829,93 manat məbləğində mal müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satılmışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) ## ##### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilən məlumat qismində plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı üzrə əldə edilən məlumat çıxış etmişdir. Odur ki, məhkəmə operativ vergi nəzarətinin təyin edilməsi zamanı vergi orqanı tərəfindən hüquqlarından sui-istifadə halını müəyyən etmir. Bundan əlavə, qanunvericilik pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddini nəzərdə tutmamışdır. Lakin bu hal, təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında satılması və ya təqdim edilən malın növü, dəyəri nəzərə alındıqda, bu fəaliyyətin topdansatış ticarət fəaliyyəti kimi qiymətləndirilməsinə mane hesab olunmamalıdır. İşin hallarından bəllidir ki, iddiaçı xalça mallarının təqdim edilməsini həyata keçirmişdir. Anbar təsərrüfat subyektində nəzarət kassa aparatının quraşdırılmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya nəzarət kassa aparatının quraşdırılması özlüyündə vergi ödəyicisi kimi onun üzərinə fəaliyyət növünün dəyişdirilməsi ilə bağlı tədbirlərin də görülməsini qoyur. Hazırkı iş üzrə iddiaçı bilavasitə iddiasında topdansatış əməliyyatı həyata keçirdiyini etiraf etsə də, elektron qaiməfakturaların təqdim edilməməsi səbəbini alıcıların özlərini vergi ödəyicisi qismində təqdim etmədiklərini, lakin vergi ödəyicisi olan iddiaçının yenə də satdığı malları NKA-ya vurmaqla vergidən yayınmadığı, satdığı mallara görə müvafiq vergiləri ödədiyindən maliyyə sanksiyasının tətbiqini əsassız hesab edir. Məhkəmə iddiaçının mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsi bilavasitə malları təqdim edən şəxsə satıcıya münasibətdə tətbiq edilən vergi məsuliyyəti normasıdır. Bu normanın məqsədi satıcını vergi məbləğinin ödənilməsindən yayınmağa görə deyil, bilavasitə vergi hüquqpozmasına şərait yaradan halların aradan qaldırılmasına, həmin hallardan çəkinməyə, vergi orqanında vergi uçotunda durmayan şəxslərin bilavasitə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa məcbur edilməsinə xidmət edir. Üstəlik qanunverici bu vəzifənin icrasını bilavasitə vergi orqanının uçota aldığı vergi ödəyicisinə həvalə edir. Bu baxımdan, vergi ödəyicisi olan iddiaçının VÖEN təqdim etməyən alıcılara münasibətdə mal alışını yalnız nəzarət kassa aparatına daxil etməsi, onu Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müəyyən etdiyi məsuliyyətdən azad etmir. Buna baxmayaraq, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının kassa çekləri üzrə cəmi 10629986,94 manat ƏDV əsasən vergi ödəyicisi kimi qeydə alınmış eyni şəxslər tərəfindən geri qaytarılmışdır (qeyd edilən siyahı vergi orqanı tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir). Odur ki, vergi orqanı həmin malların məhz vergi ödəyicisi kimi qeydə alınmış şəxslərə elektron qaimə faktura təqdim edilmədən mal təqdim edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə, eyni zamanda, qeyd edir ki, fəaliyyət növü saxlama və anbarlara yığma olan təsərrüfat subyektinin 30 dəqiqə ərzində 50000-60000 manat dəyərində olan malları ayrı-ayrı çeklərlə pərakəndə qaydada satması inandırıcı deyil. Bundan başqa, o da nəzərə alınmalıdır ki, qeyd edilən dövrdə malların satışı ölkə ərazisində pandemiya ilə bağlı ticarət mərkəzlərinin açıq şəkildə fəaliyyət göstərmədiyi dövrə təsadüf edir. Bu isə, qeyd olunan malların faktiki olaraq topdansatış qaydasında satılması anlamına gəlir. Bu mənada məhkəmə razılaşır ki, operativ vergi nəzarəti zamanı nəzarət kassa aparatı məlumatlarına əsasən malların alışının elektron qaimə-faktura təqdim edilmədən nəzarət kassa aparatına vurulmaqla keçirilməsi halı müəyyən edilmiş və bu səbəbdən, cavabdeh vergi orqanı 13998829,9 manat məbləğində NKA-ya mədaxil edilən malın dəyərinin 10 faizi həddində maliyyə sanksiyası tətbiq etmişdir. Odur ki, operativ vergi nəzarəti tədbiri nəticəsində cavabdeh tərəfindən 1399882,9 manat maliyyə sanksiyasının tətbiq edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu məhkəmə araşdırması nəticəsində sübut edilmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) ## ####### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd edilmişdir ki, seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən, ##.##.2021-ci il tarixdə saat 17:40-dan saat 17:58-dək 18 dəqiqə ərzində hər bir dəqiqədən bir 28 sayda nəzarət-kassa aparatı çekləri üzrə 43087,9 manat vəsaitin, ##.##.2021-ci il tarixdə saat 16:25-dən saat 16:48-dək 23 dəqiqə ərzində hər bir dəqiqədən bir 25 sayda nəzarət-kassa aparatı çekləri üzrə 42907,95 manat vəsaitin, ##.##.2021-ci il tarixdə saat 16:28-dən saat 16:53-dək 25 dəqiqə ərzində hər bir dəqiqədən bir 35 sayda nəzarət-kassa aparatı çekləri üzrə 57912,78 manat və s. vəsaitin mədaxil edildiyi görünür. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaiməfaktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Bundan əlavə, iddiaçı tərəfindən malların satıldığı şəxslər vergi ödəyiciləri olmuşdur (X5 (VÖEN 1500984172) 61826,21 manat, X2 (VÖEN 1405246422) 52176,09 manat, X6 (VÖEN 5400836162) 15725,13 manat, X4 (VÖEN 1805747372) 183672,15 manat, X9 (VÖEN 5200106402) 14584,81 manat, İsmayılov Rauf Arif oğlu (VÖEN 1602418542) 72775,73 manat, “Has İnşaat Yol-Bina Tikinti” MMC (VÖEN 2006458341) 72775,73 manat, “xxxx” MMC (VÖEN 2903069551) 1836,23 manat və s.) və həmin şəxslər barəsində məlumatlar birinci instansiya məhkəməsinə də sübut kimi təqdim edilmişdir. Bundan əlavə, iddiaçı həm cavabdehə ##.##.2021-ci il tarixdə təqdim etdiyi arayış və izahatında, həm də apellyasiya şikayətində satışının pərakəndə olmaqla yanaşı, topdan olduğunu bildirsə də, heç bir elektron qaimə-faktura təqdim etməmişdir. Eyni zamanda, iddiaçının qeydiyyatda olan obyekti, icarə müqaviləsinin 1.1-ci bəndindən də göründüyü kimi, pərakəndə satış obyekti yox, 108 kv.m sahəsi olan anbardır. Vergi orqanlarının baza məlumatlarından da göründüyü kimi, iddiaçının fəaliyyət növlərindən biri kimi ixtisaslaşdırılmış mağazalarda xalça, divar və döşəmə üçün örtüklərin pərakəndə satışı qeydiyyata alınsa da, ümumiyyətlə, iddiaçıya məxsus hər hansı pərakəndə satış obyekti (mağaza) olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Həmçinin, iddiaçının işçilərinin əmək müqavilələrində həmin şəxslərin “satıcı, topdansatış müəssisələri” kimi qeydiyyata alındığı görünür. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmiləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. İri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. Qeyd olunanlar nəzərə alınaraq, vergi orqanları tərəfindən həmin hallar aşkar olunduğu halda, malları “pərakəndə satış” adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsi qanuni və əsaslı hesab edilir. Göründüyü kimi, vergi ödəyicisinin anbardan fərqli şəxslərə nəzarət-kassa aparatı ilə qısa vaxt aralığında pərakəndə qaydada mal satması qeyri-mümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mümkündür ki, hər hansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın. Sübuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Beləliklə, iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq və sübut edən kifayət qədər sübut, dəlil və arqument olmuşdur. Yəni iddiaçı tərəfindən təqdim edilmiş malların son istehlak məqsədləri üçün təqdim edildiyi heç bir sübutla təsdiq edilməmişdir. Digər tərəfdən, NKA-nın obyektdə quraşdırılması heç bir vergi ödəyicisinə qanunvericiliyin tələbini pozaraq topdansatış əməliyyatlarını nəzarət kassa aparatı çeki ilə rəsmiləşdirilməsi hüququnu vermir. Bu qanunvericiliyin tələbidir və obyektdə kassa aparatının mövcudluğu qanunun tələbindən üstün deyil, yaxud qanunun tələbinin icrasını istisna etmir. Habelə, obyektdə NKA-nın mövcudluğu həmin vergi ödəyicisinin fəaliyyət növünün pərakəndə satış fəaliyyətindən ibarət olmasını təsdiq etmir. Beləliklə, cavabdeh iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün əsasların kifayət qədər olmasını sübut etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.13 maddəsinin tələbləri pozularaq, heç bir elektron qaimə-faktura təqdim edilmədən 13998829,93 manat məbləğində mal müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satılmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kəmaləddin Bədəlov /məruzəçi/, Zakir Quliyev və Rahib Nəbizadə) ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aşağı instansiya məhkəmələrində icraat zamanı cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən inzibati icraatın düzgün aparılıb-aparılmamasına hüquqi qiymət verilməmiş və oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmamışdır. Belə ki, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş (yalnız reyestrdən çıxarışda 50.2.2-ci maddə (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmiş, lakin bununla bağlı yoxlamanın keçirilməsi barədə qərarda hər hansı əsaslandırma aparılmamış və sübut təqdim edilməmişdir), beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır. Həmin qərarda 50.2-ci maddədə göstərilən əsaslardan birinə istinad olunsa belə, qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Həmçinin qeyd edilməlidir ki, hazırkı iş üzrə cavabdehin keçirdiyi operativ yoxlama ##.##.2021-ci ildən ##.##.2021-ci ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbir anında olan deyil, yoxlama başlananadək olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə iddiaçıya maliyyə sanksiyası tətbiq etmişdir. Beləliklə, işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun və Vergi Məcəlləsinin tələblərinin pozulması hallarına hərtərəfli qiymət vermədən vergi orqanının mübahisələndirilən qərarının qanuni olması nəticəsinə gəlmişdir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda əks olunan hüquqi mövqeni nəzərə almaqla mübahisələndirilən qərarın qanuniliyinə qiymət verməlidir.

apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Nigar Nəbizadə) ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021ci il tarixli, ************** nömrəli qərarı tətbiq olunmuş maliyyə sanksiyasının 76083,979 manat hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmişdir.

18. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Vergi orqanının iddiaçı barəsində qəbul etdiyi “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” ##.##.2021-ci il tarixli qərarından müəyyən edilir ki, operativ yoxlama ##.##.2021-ci ildən ##.##.2021-ci ilədək müddəti əhatə etmişdir. İşin hallarından isə müəyyən edilir ki, nəzarət tədbiri zamanı tədbir anında olan deyil, yoxlama başlananadək olan əməliyyatlar əsasında da iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Göründüyü kimi, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə iddiaçıya maliyyə sanksiyası tətbiq etmişdir. Formalaşmış məhkəmə təcrübəsini nəzərə alan kollegiya bildirir ki, cavabdeh tərəfindən ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan dövr istisna olmaqla, əvvəlki dövrlər üzrə aparılmış əməliyyatlar əsasında maliyyə sanksiyası tətbiq edilməsi qanunsuz olmuşdur. Operativ vergi nəzarətinin həyata keçirildiyi ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan dövrə münasibətdə isə qeyd edilməlidir ki, cavabdehin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən iddiaçı tərəfindən həmin müddətdə nəzarət kassa aparatına 760839,79 manat məbləğində mədaxil olunduğu müəyyən edilir. Sadə riyazi hesablama ilə müəyyən edilir ki, operativ vergi yoxlamasının keçirildiyi dövr üzrə cavabdehin tətbiq etməli olduğu maliyyə sanksiyasının məbləği 76083,979 (760839,79*10%) manat olmalıdır. Beləliklə, qeyd edilənlərə məcmu halında qiymət verən kollegiya hesab edir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli, ************** nömrəli qərarı iddiaçıya tətbiq olunan maliyyə sanksiyasının 76083,979 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir.

19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.

20. Cavabdeh də kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam rədd olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞI ETİRAZLARIN DƏLİLLƏRİ

kassasiya şikayətlərinin dəlilləri

21. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

22. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının dəlilləri təşkil edir.

kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

23. Kassasiya şikayətlərinə qarşı etirazlar təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (mübahisələndirilən dövrdə qüvvədə) Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarətkassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; Maddə 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

27. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının şikayəti əsassız, cavabdehin şikayəti isə əsaslıdır. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən iddiaçının şikayəti təmin edilməməli, cavabdehin şikayəti isə təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia rədd olunmalıdır.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

31. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən barəsində həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli, ************** nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

32. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı müxtəlif çeşidli xalça məhsullarını idxal edərək topdan və pərakəndə qaydada satışını həyata keçirir. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2021-ci il tarixli, ************** nömrəli qərarı ilə, iddiaçıya məxsus obyektdə (anbarda) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək (##.##.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Həmin qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilmişdir. Operativ vergi nəzarətinin nəticəsi olaraq, iddiaçıya məxsus obyektdə 13998829,93 manat dəyərində malın elektron qaiməfaktura təqdim edilmədən, başqa sözlə, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmaqla topdansatış qaydada satılması faktı müəyyən olunmuş və bu barədə ##.##.2021-ci il tarixli, ****** nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli, ************** nömrəli qərar qəbul edilərək, iddiaçıya Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 1399882,99 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur.

33. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən əsaslı hesab edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarla nəzarət tədbiri zamanı deyil, yoxlama dövrünədək baş vermiş əməliyyatlara görə iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Bu səbəbdən, operativ vergi nəzarətinin həyata keçirildiyi ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan müddətdə iddiaçı tərəfindən nəzarət kassa aparatına 760839,79 manat vəsait mədaxil edildiyindən, cavabdehin tətbiq etməli olduğu maliyyə sanksiyasının məbləği 76083,979 (760839,79*10%) manat olmalıdır.

34. Məhkəmə kollegiyası ilk növbədə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə görə isə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

35. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində operativ vergi nəzarətinin hansı hallarla bağlı keçiriləcəyi dəqiq göstərilmiş, eləcə də 50.2-ci maddədə belə nəzarətin həyata keçirilməsi üçün tələb olunan əsasların bitkin siyahısı konkret sadalanmışdır. Bu mənada, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılması həmin hallar və əsaslarla bağlı olmalıdır. Başqa sözlə, qərardan vergi nəzarətinin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində sadalanmış hallardan hansı biri və ya bir neçəsi ilə bağlı keçirildiyini müəyyən etmək mümkün olmalı, o cümlədən qərarda 50.2-ci maddədəki əsaslardan birinə və ya bir neçəsinə istinad olunmalıdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsindəki əsaslarla bağlı həmçinin nəzərə alınmalıdır ki, qərarda istinad olunan sözügedən əsaslar qərarın çıxarılmasınadək mövcud olmalıdır.

36. Əsaslandırma tələbinə qiymət verərkən, həm də operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın mahiyyəti də nəzərə alınmalıdır. Belə ki, bu qərar şəxsin hüquqlarına müəyyən müdaxilə vəziyyəti yaratsa da, yekun əlverişsiz (yükləyici) vəziyyətlər yaratmır. Ona görə də, həmin qərarın əsaslandırılmasına dair tələb də, yekun əlverişsiz (yükləyici) vəziyyətlər yaradan inzibati aktların əsaslandırılmasına dair tələblə eyni deyildir. Belə qərarlara münasibətdə gözlənilən, yetərli əsaslandırmanı ehtiva etmiş olmalarıdır. Bu mənada, Vergi Məcəlləsinin 50.2-ci maddəsindəki əsaslardan birinə və ya bir neçəsinə ümumi istinad olunması, həmişə qərarın əsaslandırılmamış hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli əsas vermir. Aydındır ki, qərarda sadəcə qanun normasına istinad yetərli hesab oluna bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə qərar çıxarılarkən onların mövcudluğuna dair sübutlar təqdim etməyə borcludur. Cavabdehdən də gözlənilən qərarın əsaslandırılmasına münasibətdə məhz bu qaydada davranmaqdır.

37. Bununla yanaşı qeyd edilməlidir ki, əgər operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarda belə nəzarətin həyata keçirilməsinə imkan verən əsas kimi Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanmış əsaslardan hər hansı birinə və ya bir neçəsinə ümumi qaydada istinad edilmiş, lakin onunla bağlı zəruri hallar və məlumatlar qərarın özündə birbaşa açıqlanmamışsa, bu hal məhkəmə icraatının gedişində İPM-in 58.6cı maddəsinə uyğun olaraq sübutetmənin təzələnməsi və ya tamamlanması qaydasında aradan qaldırıla bilər. Nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar bununla bağlı inzibati orqan tərəfindən qərarın özünün qəbul edilməsinədək aparılmış bir icraatın nəticəsi olaraq çıxarılır. Başqa sözlə, həmin qərar müvafiq icraatın nəticəsidir. Ona görə də, qeyd edilən icraatla bağlı mövcud materiallar həmin vahid icraatın tərkib hissəsini təşkil edirlər. Odur ki, qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanmış əsaslardan hər hansı birinə və ya bir neçəsinə ümumi qaydada istinad edilmiş, lakin onunla bağlı zəruri hallar və məlumatlar qərarın özündə birbaşa açıqlanmamış olsa belə, sonradan cavabdeh məhkəmə icraatının gedişində təqdim olunmuş icraata aid materiallara istinad etməklə əsaslandırma təqdim edərsə, bu zaman “yetərli əsaslandırma” tələbi ödənilmiş sayıla bilər. Həlledici olan qərarın əsaslandırılmasının əsası kimi istinad olunan həmin materialların qərarın çıxarılmasınadək mövcud olması, onların qərarda istinad olunan Vergi Məcəlləsinin konkret maddəsindəki əsasla bağlılığının müəyyən edilməsi və yetərli hesab oluna bilməsidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, inzibati orqan daha sonra məhkəmə icraatının gedişində əsaslandırmanın mövcudluğunu sübut etmək üçün qərarda istinad etdiyi normadan fərqli normaya sonradan istinad edə bilməz, eləcə də sonradan yaranmış halları qərarın əsaslandırılması kimi də təqdim edə bilməz.

38. Bu yanaşmanın hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2021-ci il tarixli, ************** nömrəli qərarda yoxlamanın Vergi Məcəlləsinin 50.1.13-cü maddəsində göstərilmiş halla bağlı keçirildiyi aydın şəkildə ifadə olunmuşdur. Bu halda, inzibati aktın əsaslandırılmasına münasibətdə ilkin tələb olan Vergi Məcəlləsinin 50.1-ci maddəsinin müddəalarına riayət olunduğu təsdiq olunur.

39. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2021-ci il tarixli, ************** nömrəli qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınarkən yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) istinad edilmişdir. İş materiallarından müəyyən edilir ki, göstərilən məlumatlar vergi orqanlarının baza məlumatlarında iddiaçının obyekti barədə olan məlumatlar, nəzarət kassa aparatının məlumatları, iddiaçının təqdim etdiyi hesabatlar və digər məlumatlardır ki, həmin məlumatların əks olunduğu sənədlər də apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Həmin məlumatlar qərarın çıxarılmasınadək mövcud olan, istinad olunan əsasla (Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə) bağlılığı müəyyən edilən və yetərli hesab oluna biləcək xarakterli məlumatlardır. Sözügedən məlumatlar nəzərə alındıqda, onlar operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılması kimi qəbul edilə bilər.

40. Həmçinin nəzərə alınmalıdır ki, İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

41. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın lazımi qaydada əsaslandırılmaması inzibati icraatla bağlı qanunvericiliyin tələblərinin pozuntusu olsa da, həmin pozuntu yalnız cavabdehin mübahisələndirilən qərarına təsir edən vəziyyətlər yaratdıqda həmin qərarın ləğvinə əsas verə bilər. Hazırkı iş üzrə isə belə bir hal müəyyən olunmur.

42. Cavabdehin iddiaçının əslində topdansatış fəaliyyəti həyata keçirmiş olması dəlilinə münasibətdə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 24.1.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifəsidir. Vergi nəzarəti, vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemini ehtiva edir. Vergi nəzarətinin həyata keçirilməsi formalarından biri də operativ vergi nəzarətidir və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur (Vergi Məcəlləsinin 23.1.1-ci maddəsi).

43. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələləri əhatə edən vergi nəzarəti formasıdır.

44. Vergi Məcəlləsinin 13.2.62 və 13.2.63-cü maddələri “topdansatış” və “pərakəndə satış” fəaliyyətinə hüquqi anlayış verib. Belə ki, həmin normalara əsasən “pərakəndə satış”– malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; “topdansatış” isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

45. Qeyd edilən normaların məzmunundan o nəticə hasil olur ki, topdansatış və pərakəndə satış fəaliyyəti bir-birindən malların əldə edilməsinin məqsədinə görə fərqlənir. Belə ki, topdansatışda mallar sahibkarlıq fəaliyyəti məqsədləri üçün, pərakəndə satışda isə mallar son istehlak məqsədi ilə əldə edilir (məqsəd ünsürü).

46. Topdansatış fəaliyyətində malın alıcısı sahibkardır (vergi ödəyicisidir - həm hüquqi şəxs, həm hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ola bilər) və aldığı malı sahibkarlıq məqsədləri üçün təqdim etmək niyyəti ilə əldə edir. Pərakəndə satış fəaliyyətində malın alıcısı fiziki şəxsdir. Lakin bu fiziki şəxs həm vergi ödəyicisi ola bilər, həm də qeyri-sahibkar. Şübhəsizdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həm də sahibkarlıq fəaliyyətindən kənar tam fəaliyyət qabiliyyətli şəxs kimi şəxsi məişət tələbatlarının ödənilməsi məqsədi ilə məişət xarakterli əqdlər də bağlaya bilərlər və bağlayırlar (malın alıcısının hüquqi statusu - subyekt ünsürü).

47. Topdansatış fəaliyyətində tərəflər arasında baş tutan əməliyyat elektron-qaimə faktura ilə, pərakəndə satış fəaliyyətində isə qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə rəsmiləşdirilir (əməliyyatın rəsmiləşdirilməsi forması - formal ünsür).

48. Nəzərə alınmalıdır ki, vergitutma obyektinin düzgün müəyyən edilməsi, vergi güzəştlərindən və qanunvericiliyin vergi ödəyicilərinə tanıdığı imkanlardan sui-istifadəyə yol verilməməsi üçün vergi ödəyiciləri tərəfindən təqdim olunan formal sənədlərə və bəyanlara həyata keçirilən faktiki fəaliyyət üzərindən qiymət verilməlidir. Başqa sözlə, vergi qanunvericiliyinin tətbiqi zamanı vergi məsuliyyəti yaradan hadisənin gerçək mahiyyəti əsas götürülməlidir.

49. Bu, faktiki məzmunun formadan üstün olması - “Substance over form” prinsipindən irəli gəlir.

50. Odur ki, uçot sənədlərində fəaliyyət növünün necə göstərmələrindən asılı olmayaraq, təcrübədə bəzi hallarda vergi ödəyicilərinin həyata keçirdiyi topdansatış fəaliyyətin pərakəndə satış kimi rəsmiləşdirilməsi mümkündür.

51. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, həm də bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla) görə maliyyə sanksiyası tətbiq edilir.

52. Həmin sanksiya topdansatış əməliyyatının pərakəndə satış kimi rəsmiləşdirilməsinin yaratdığı risklərin qarşısının alınması üçün müəyyən edilmişdir. Bu sanksiyanın hüquqi təbiəti ondan ibarətdir ki, o, maliyyə məsuliyyəti tədbiri olmaqla preventiv və çəkindirici xarakter daşıyır. Lakin bu maliyyə sanksiyası yalnız inzibati xarakterli tədbir deyil, həm də iqtisadi şəffaflığın təmin olunmasının mühüm alətidir. Onun məqsədi fiskal intizamını təmin etmək, kölgə iqtisadiyyatını məhdudlaşdırmaq, ədalətli rəqabət mühitini qorumaq və istehlakçıların maraqlarını müdafiə etməkdir. Hüquqi mahiyyətinə görə bu sanksiya dövlətin həm maliyyə, həm iqtisadi, həm də sosial siyasətini dəstəkləyən çox şaxəli bir mexanizmdir.

53. Yuxarıda qeyd edildiyi kimi, qanunvericilikdə əməliyyatın topdansatış, yaxud pərakəndə satış olmasına verilən anlayışlardan müəyyən olunur ki, həmin əməliyyatları birbirindən ayıran əsas meyar əməliyyatın predmetini təşkil edən malın alış məqsədidir. Başqa sözlə, qanunvericilik topdan və pərakəndə satış zamanı malın sayına və həcminə, o cümlədən əməliyyatın dəyərinə münasibətdə hər hansı tənzimləyici limitlər müəyyən etməmişdir.

54. Nəzərə alınsa ki, vergi ödəyiciləri eyni malın satışını həm topdan, həm də pərakəndə qaydada həyata keçirə bilmək hüququna malik olduqlarından, malın alıcısının malı alma məqsədinin (özünün bununla bağlı bəyanı olmadığı halda) satıcı tərəfindən araşdırılmasını və müəyyən edilməsini tələb etmək ağlabatan görsənmir. Belə ki, malın satıcısının malın alınma məqsədini müəyyən etməklə bağlı vergi qanunvericiliyindən irəli gələn öhdəliyi yoxdur.

55. Bu hal ilk baxışdan malın satıcısına malı alan şəxsin özünü vergi ödəyicisi kimi təqdim etmədiyi hallarda apardığı bütün əməliyyatları pərakəndə satış kimi rəsmiləşdirməyə hüquq vermiş kimi görsənir, başqa sözlə, maliyyə sanksiyasının tətbiqi üçün əsas yaratmaması təəssüratını yaradır. Lakin nəzərə alınmalıdır ki, malların pərakəndə satış qaydasında rəsmiləşdirilməsinin, yuxarıda qeyd edilənlərə əsasən yalnız malın alıcısına deyil, satıcısına da qanunsuz üstünlüklər yaratmaq ehtimalı olduğundan, malın satıcısı da sahibkarlıq fəaliyyətində vicdanlı davranmalı, “topdansatış” təəssüratı yaradan əməliyyatların pərakəndə satış kimi rəsmiləşdirilməsinə şərait yaratmamalıdır.

56. Yuxarıda qeyd edildiyi kimi, qanunverici malların dəyərinə və həcminə görə topdansatış və pərakəndə satışı fərqləndirmədiyindən, bu zaman, əməliyyatların hansına aid olmasının müəyyən edilməsi zamanı bu sahədəki vergi hüquq münasibətlərinin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla bu halda sübutetmə baxımından “obyektiv hallardan yaranan əsaslı şübhə” standartı tətbiq olunmalıdır. Belə qəbildən olan işlərin xüsusiyyəti ondan ibarətdir ki, operativ yoxlama zamanı həm də əvvəlki dövrdəki əməliyyatlar qiymətləndirildiyindən geriyə dönük vergi orqanından vergi ödəyicisinin satdığı malın alıcısının hansı məqsədlə malın almasını sübut etməyi gözləmək, vergi orqanının mümkünsüz və həddən artıq ağır sübutetmə yükü altında qoymuş olar. Belə ki, malların satışına dair sənədlərdən malın alıcısını identifikasiya etmək və malı alma məqsədini müəyyən etmək təxminən qeyri-mümkün olur.

57. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə görə vergi məsuliyyətinə cəlb etmə barədə qərar çıxarıldıqda, sübutetmə yükü qərarı qəbul etmiş vergi orqanının üzərinə düşür. Bu zaman əsas prinsip qüvvədə olur - sübutetmə yükü daşıyan vergi orqanı dəqiq, aydın, bəlli və mübahisəsiz dəlillərlə iddia olunan məsuliyyət yaradan halın mövcud olduğunu sübut etməlidir. “Obyektiv hallardan yaranan əsaslı şübhə” standartı tətbiq edildikdə isə bu qaydada sübutetmə tələb olunmur. Birmənalı və mübahisəsiz sübutetmə halı mövcud olmasa belə, əsaslı şübhə standartına cavab verən sübutetmə varsa, hal sübut olunmuş qəbul oluna bilər. Əsaslı şübhə üçün isə ciddi, konkret və yetərli sübutlar mövcud olmalıdır. İstinadı bəlli olmayan, ehtimallara və ya adi risk qiymətləndirilməsinə görə qərar qəbul edildikdə, eləcə də konkret dəlil olmadan, yaxud ziddiyyətli dəlillərə əsaslanıldığı hallarda əsaslı şübhə yaranmaz. Beləliklə, “obyektiv hallardan yaranan əsaslı şübhə” iddia olunan qanunsuz hərəkətə (topdansatış əməliyyatının pərakəndə satış kimi rəsmiləşdirilməsi) dair mübahisə üzrə mövcud olan obyektiv halların məcmusundan yaranan əsaslı şübhəyə əsaslanmalı, sırf inzibati rahatlıq məqsədilə və ehtimallarla həyata keçirilməməlidir.

58. Bu baxımdan, “ağlabatanlıq meyarları” şübhənin sadəcə inzibati ehtimaldan hüquqi əsaslı şübhəyə keçidini təmin edən əsaslar kimi çıxış edir. Məhz “ağlabatanlıq meyarları”nın tətbiqi vergi orqanları tərəfindən irəli sürülən əməliyyatın düzgün şəkildə rəsmiləşdirilmədiyinə dair ehtimalların obyektiv və yoxlana bilən faktlara söykənən, bir birini tamamlayan göstəricilərlə dəstəklənən, iqtisadi məntiqə uyğun gələn, alternativ izahla zəiflədilməyən, proporsional və hüquqi prosedurlarla qorunan hallarda hüquqi əsaslı şübhəyə çevirilməsinə imkan verir.

59. Ağlabatanlıq meyarları tətbiq edilərək ehtimallardan aşağıdakı hallarda “əsaslı şübhə” formalaşa bilər: Malların xüsusiyyəti və istifadə təyinatı – şəxsi istehlak üçün qeyri-mümkün görünən malın təqdim edilməsi. Formalaşmış bazar münasibətləri və işgüzar adətlər nəzərə alındıqda neytral kənar şəxsin və ya obyektiv müşahidəçinin nəzərindən baxıldıqda inandırıcılıq. Burada sadəcə malın sayı deyil, malların istehlak məntiqi nəzərə alınmalıdır. Əməliyyatların təkrarlılığı və qısa fasilələrlə aparılması – az müddət ərzində dəfələrlə böyük həcmdə alış. Alıcının kimliyi – mümkün olduqda alıcının vergi ödəyicisi olub-olmamasının və aldığı malın onun sahibkarlıq fəaliyyəti ilə əlaqəsinin müəyyənləşdirilməsi. Satıcının təsərrüfat subyektinin xüsusiyyəti və yerləşməsi – vergi ödəyicisinin malın satışını həyata keçirdiyi təsərrüfat subyektinin xüsusiyyəti, yerləşmə yeri və təyinatının pərakəndə satışa uyğunluq baxımından qiymətləndirilməsi. Satıcının tətbiq etdiyi ticarət əlavəsi (marja) – topdan və pərakəndə qiymətlər arasındakı fərqin araşdırılması. Əməliyyatın həcmi – həyatın adi axarında formalaşmış vərdişlər baxımından pərakəndə satışın həcminə uyğun gəlməyən, şəxsi istehlak üçün qeyri-mümkün görünən sayda mal alınması. Prosessual təminatlar – tədbir qanunvericiliyin tələblərinə uyğun keçirilibmi? İnzibati icraat gedişində vergi ödəyicisinə izah imkanı verilibmi? Onun tərəfindən verilmiş izahlara münasibətdə: izahedici səbəbin olmaması və ya qeyri-ağlabatan izahların təqdim edilməsi. İqtisadi və kontekstual ağlabatanlıq – İqtisadi məntiq: Pərakəndə bazar bu qədər topdansatışı istehlak edə bilərmi? Sektor müqayisəsi: Mənfəət marjaları bazar ortalaması ilə müqayisədə qeyri-normal dərəcədə fərqlidirsə, şübhə güclənir.

60. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, ilk növbədə vergi orqanları sözügedən ağlabatanlıq meyarlarına əsaslanan araşdırma aparmaqla hər bir konkret hala münasibətdə obyektiv hallardan yaranan əsaslı şübhənin mövcud olub-olmadığına qiymət verməlidirlər. Bu məsələ üzrə lazımi araşdırma və qiymətləndirmə məhz inzibati icraat mərhələsində təmin olunmalıdır. Başqa sözlə, vergi orqanının qərarından gəlinən nəticənin qeyd olunan meyarlar üzrə aparılmış araşdırmanın nəticəsi olduğunu müəyyən etmək mümkün olmalıdır.

61. Digər tərəfdən, hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, vergi ödəyiciləri potensial təhlükə ilə üzləşə biləcəkləri vəziyyətlərə münasibətdə öz fəaliyyətlərini öncədən proqnozlaşdırmaq haqqına sahib olmalıdırlar. Bunun üçün isə ən azından sözügedən məsələyə münasibətdə inzibati idarəçiliyin hansı qaydada aparılacağına dair onların ümumi qaydada məlumatlandırılması təmin olunmalıdır. Vergi orqanları belə məlumatlandırmanı təmin etmək üçün müvafiq daxili inzibatçılıq qaydaları qəbul etməklə araşdırma və qiymətləndirməni hansı qaydada aparacaqlarını müəyyən edə və həmin qaydaları bütün vergi ödəyicilərinə anlaşılan şəkildə əvvəlcədən təqdim edə bilərlər.

62. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarında hüquqi mövqeyi məhz yuxarıda qeyd olunan məzmunda ifadə olunmuşdur.

63. Məhkəmə kollegiyası bildirir ki, qanunverici pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə satışın məbləğ həddini müəyyən etməsə də, belə əməliyyatların aparılması ağlabatan həddə olmalıdır. Hazırkı işdə iddiaçının xalça satışı ilə məşğul olduğu işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, həmin məhsulun şəxsi istehlak miqdarı olduqca aşağıdır. Yəni heç kəs şəxsi istehlak məqsədi ilə yüzlərlə xalça almır. Belə satışın pərakəndə qaydada həyata keçirilməsinin hər hansı məntiqi izahı yoxdur. Bu mənada bu tipli satış pərakəndə qaydada həyata keçirilən satış kimi qiymətləndirilə bilməz. Odur ki, iddiaçının faktiki olaraq topdansatış fəaliyyətini həyata keçirtdiyi, lakin rəsmiləşdirməni NKA üzərindən apardığı aşkar müəyyən olunur.

64. Məhkəmə kollegiyası onu da bildirir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin məqsədi satıcını verginin ödənilməməsinə görə deyil, digər şəxslərin sənədsiz mal əldə etməsinə şərait yaratmasına görə məsuliyyətə cəlb etməkdir. Yəni, həmin normanın təyinatı bu cür inzibati tədbirlər vasitəsi ilə sənədsiz mal dövriyyəsinin qarşısını almaqdan, eləcə də vergi uçotunda olmayan və ya formal uçot aparan şəxslərin sahibkarlıq fəaliyyətini qanuni çərçivəyə salmaqdan ibarətdir. Belə hallara yol verildiyi təqdirdə isə bilavasitə vergi orqanında uçota alınan malları təqdim edən şəxslər məsuliyyətə cəlb olunur.

65. Bundan əlavə, iş üzrə materiallardan iddiaçının kassa çekləri üzrə cəmi 10629986,94 manat ƏDV-nin, əsasən vergi ödəyicisi kimi qeydə alınmış eyni şəxslər tərəfindən geri qaytarıldığının müəyyən olunduğu da nəzərə alınmalıdır (qeyd edilən siyahı vergi orqanı tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir). Bu fakt da iddiaçının həmin əməliyyatları formal olaraq NKA-ya daxil etdiyini təsdiq edir.

66. Həmçinin, NKA çeklərindən görünür ki, 30 dəqiqə ərzində 50000-60000 manat dəyərində olan mallar ayrı-ayrı çeklərlə pərakəndə qaydada satılmışdır. Satılmış malın xüsusiyyəti, istehlak xarakteri və miqdarı nəzərə alındıqda, bu hal ağlabatan hesab oluna bilməz.

67. Göstərilənlərə əsasən, operativ vergi nəzarəti tədbiri nəticəsində cavabdeh tərəfindən 13998829,9 manat məbləğində NKA-ya mədaxil edilən əməliyyatın dəyərinin 10 faizi həddində - 1399882,9 manat maliyyə sanksiyasının tətbiq edilməsinin əsaslı olduğu müəyyən olunur.

68. Qeyd edilənlər baxımından, iddiaçıya münasibətdə mübahisələndirilən qərarın qanunsuz olması barədə işə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi əsaslı sayıla bilməz.

69. Nəticə etibarı ilə, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar