Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2273/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; dəniz və çay donanması, üzən heyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlunun və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “57 yaşdan güzəştli şərtl ərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 sentyabr tarixli, 2-1(103)-2082/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 25 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi 1993cü il 14 mart tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlar araşdırılarkən orada göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçının əmək kitabçası açılarkən həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiqlənmiş, həmçinin 2-5-ci səhifələrinin qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Halbuki qeyd olunan dövrdə latın qrafikalı əlifba tətbiq edilmirdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 4 dekabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 57 yaşdan, yəni 2020-ci il 1 iyul tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1963-cü il 1 iyul tarixdə Lerik rayonunda anadan olmuşdur. O, 1978 və 1980-ci illərdə S.Vurğun adına kolxozda, 1979-cu il 26 yanvar tarixdən 1979-cu il 16 iyul tarixədək rabitə qovşağında poçtalyon vəzifəsində işləmiş, 1981-ci il 30 avqust tarixdən 1985-ci il 1 fevral tarixədək Qafur Məmmədov adına Bakı dəniz yolları məktəbində “gəmi sürücülüyü” ixtisası üzrə təhsil almışdır. 1985-ci il 06 fevral tarixdən "xxxx" QSC-nin X1 əvvəlcə matros, daha sonra kapitan vəzifələrində işləmişdir. Həmin vəzifələr həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nda (Üzən heyət: dəniz, çay donanması nın və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)) öz əksini tapmışdır. İddiaçının 2006-cı il 1 yanvar tarixədək 25 ildən çox ümumi və 20 ildən çox xüsusi stajı var. İddiaçı cavabdeh orqana 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Cavabdehin qeyd olunan əsaslarla müraciətindən imtina edilməsi əsassız və qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını ca vabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 18 may tarixli, 2-1(112)-3058/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu 2020-ci il 1 iyul tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - işin müəyyən olunmuş hallarına görə, iddiaçı 1978-ci ildə əmək fəaliyyətə başlamış, və 2006-ci il 1 yanvar tarixədək iddiaçının ümumi iş stajı 25 il 03 ay 14 gün təşkil etmişdir. İddiaçının ümumi iş stajı əmək kitabçaları və arxiv arayışları ilə təsdiq edilir. Məhkəmə iddiaçıya məxsus əmək kitabçalarında olan qeydlər ilə bağlı əsaslı şübhələrin ol ması barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, sözügedən şübhələr iş materiallarına əlavə edilmiş arxiv arayışları ilə aradan qaldırılmışdır. Həmin arxiv arayışlarında əks etdirilən məlumatların yanlış olmasına dair dəlil göstərilməmiş, bu məlumatları təkzib edən sənədlər məhkəməyə təqdim edilməmişdir. - İddiaçının «Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi günə 2006cı il 1 yanvar tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (********), nəzərdə tutulan - üzən heyət, (********) daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla və (********) dəniz və çay donanmasında güzəştli iş stajı 20 ildən çox, ümumi iş stajı 25 ildən çox olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 sentyabr tarixli, 2-1(103)-2082/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 18 may tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cava bdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
13. İddiaçı məhkəməyə mülahizə təqdim etmişdir. Mülahizənin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyə ti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələ blərə müvafiq surətdə təyin edilir. 15. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə ba ğlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı s əbəblərə görə təmin oluna bilməz.
20. İddiaçının Bakı Dənizçilik Məktəbində təhsil müddəti və əmək kitabçası üzrə 1979-cu il 26 yanvar tarixdən 2006-cı il 1 yanvar tarixədək olan əmək fəaliyyəti nəzərə alındıqda onun 24 il 10 ay 19 gün əmək stajı vardır. İddiaçının (əmək kitabçasında qeyd olunmayan, arxiv arayışı ilə təsdiq olunan) 1978-ci və 1980-ci illərdə kolxozda müvafiq olaraq 63 adam günü və 85 adam günü, cəmi 7 ay 12 gün (63+85=148*12/240=7,4) iş müddəti də nəzərə alındıqda, 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq ümumi stajının olduğu təsdiq edilir.
21. İddiaçının 12 il 6 aylıq (1985-2006) xüsusi staja malik olduğu isə mübahisələndirilməli deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (23000000 - XXVİİİ. Nəqliyyat 23003000 -
3. Dəniz və çay donanması. 23003010 - 1) Üzən heyət. 23003010 - Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti /daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla/) nəzərdə tutulmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 sentyabr tarixli, 2-1(103)-2082/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.