Məhkəmə qərarları › İş №2-1(102)-230/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-230/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-230/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kəşfiyyat fəaliyyəti subyektinə kompensasiya ödənilməsi əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-1133/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir.

2. Cavabdeh 23 dekabr 2022-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının hərbi xidmətdən istefaya buraxılmasına səbəb olan diaqnozun yaranma tarixi və səbəbi qeyrimüəyyən olduğundan, həmin xəstəliklərin yaranmasının kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab edildiyi zamana təsadüf edib-etməməməsini təyin etməyin mümkün olmadığından müraciətin təmin edilməsindən imtina edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmiş vəzifədə xidməti vəzifələrinin icrası zamanı aldığı hərbi travma və xəstəlik nəticəsində onun xidməti davam etdirilməsi istisna edilməsini (həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunduğunu) nəzərə alıb, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının vəzifəsi “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında ” Qanuna və müvafiq normativ hüquqi aktlara əsasən kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxildir. Bu fakt Müdafiə Nazirliyinin 10 sentyabr 2022-ci il tarixli, 15/2206 nömrəli arayışı ilə təsdiq edilir. Həmin Qanunun 14.2 və 20.12-ci maddələrinin tələblərinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yarala nma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. İddiaçı hərbi xidmətdə kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmiş vəzifədə xidmət edərkən səhhətində yaranmış problemlərə (xəstəliklərə) görə dəfələrlə ambulator və stasionar müalicədə olmuşdur. Sonuncu dəfə - 10 dekabr 2021-ci il tarixdən 10 yanvar 2022-ci ilədək Naxçıvan şəhərində yerləşən 205 nömrəli hərbi hospitalda, 10 yanvar 2022-ci il tarix dən 04 fevral 2022-ci il tarixədək Bakı şəhərində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında stasionar müalicədə olmuşdur. 17 noyabr 2022-ci il tarixdə X3 Hərbi-Həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası”nın 2-ci bəndində göstərilmişdir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası (dövri tibbi müayinəsi) yolu ilə həyata keçirilir. Həmin Qaydaların 6-cı bəndində göstərilmişdir ki, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir. Bu qaydalara uyğun olaraq iddiaçı ildə bir dəfə tibbi dispanserizasiyadan, tibbi müayinələrdən keçirilmişdir. Səhhətində bu xəstəliklər əvvəlki dövrdə əmələ gəlsəydi hər il tibbi dispanserizasiyadan, tibbi müayinələrdən keçirilərkən bu xəstəliklər aşkar edilərdi. “Xəstəlik haqqında Şəhadətnamə”də göstərilən xəstəliklər “hərbi travma” hesab edilmişdir. İddiaçıda bu xəstəliklərin əlamətləri son bir ildə əmələ gəlmiş, həmin dövrdə o, hərbi xidmətdə kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmiş vəzifədə xidmət etmiş, xidməti vəzifələrinin icrası zamanı bu xəstəliklərin əlamətləri yaranmışdır.

5. Cavabdeh iddiaya dair etiraz verərək qeyd etmişdir ki, Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci yarımbəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Vətəndaşın təqdim etdiyi 17 noyabr 2022-ci il tarixli 1597 nömrəli “Xəstəlik haqqında şəhadətnamə"yə əsasən hə rbi xidmətdən istefaya buraxılmasına səbəb olan diaqnozun yaranma tarixi və səbəbi qeyri-müəyyən olduğundan, həmin xəstəliklərin yaranmasının kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab edildiyi zamana təsadüf etməməsini təyin etmək mümkün olmamışdır.

6. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6035/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim X7) iddia təmin edilmiş, İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanun ilə nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, iddiaçıya üç illik pul təminatı məbləğində kompensasiya verilməsi üçün qanunvericiliyin tələbl əri təmin edildiyindən, həmin kompensasiyanın verilməsi üçün əsas olmuşdur.

8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1133/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər X4 /məruzəçi/, X5 və X6) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)6035/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1133/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

13. Qeyd edilir ki, iş materiallarında olan sənədlər iddiaçıya 3 illik pul təminatının verilməsi üçün əsas deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz tə qdim edilməmişdir. Tətbiq edilən hüquq 15. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikas ının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 1.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. Maddə

6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respubli kasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə

14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyek tlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzi fələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər.... Maddə

15. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına dair əlavə tələblər 15.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə (işə) könüllülük əsasında şəxsi və iş keyfiyyətlərinə, peşə yararlığına, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu subyektlərin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.... 15.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılır. Maddə

20. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi... 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004cü il tarixli Qərarı ilə qəbul edilmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompens asiya verilməsi Qaydaları”: 2.2. Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1994-cü il tarixli 154 nömrəli qərar ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamə Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qayd asını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələbləri müəyyən edir. Hərbi qulluqçuların, hərbi toplanışa çağırılmış vətəndaşların, orqanlarda xidmət keçən şəxslərin, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşların yaralanmalarının (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərinin səbəb əlaqəsinin təyin edilməsi

43. Hərbi qulluqçuların, orqanlarda xidmət edən şəxslərin, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, əgər onlara diaqnoz müəyyən edilmişsə, həmin şəxslərin istintaq (məhkəmə) altında olması halları istisna olmaqla, HHK onların aldığı yaralanmaların (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərin səbəb əl aqəsini təyin edir.

44. HHK-nin yaralanmaların (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərin səbəb əlaqəsi haqqında rəyi aşağıdakı ifadələrlə çıxarılır: a) «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» b) «Hərbi travma SSRİ-nin müdafiəsi zamanı alınmışdır» c) «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ç) «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır» d) «Xəstəlik Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» e) «Ümumi xəstəlik»

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması” Qaydası

1. Bu Qayda "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hazırlanmışdır və Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kəşfiyyat və əks-kəşfiyyat qurumlarına (bundan sonra-kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti) həqiqi xidmətə qəbul edilən və ya subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması qaydasını müəyyən edir.

2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağla mlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası (dövri tibbi müayinəsi) yolu ilə həyata keçirilir.

3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə yeni qəbul edilən şəxslərin və ya bu subyektlərin hərbi qulluqçularının tibbi şəhadətləndirilməsi hərbi-həkim komissiyaları (bundan sonra - HHK) tərəfindən aparılır.

4. HHK-ların yaradılması qaydası, onların hüquq və vəzifələri, tibbi şəhadətləndirilmələrinin təşkili, keçirilməsi, habelə hərbi-həkim ekspertizasına aid digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə (bundan sonra - Əsasnamə) müvafiq olaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən müəyy ən edilir.

5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə yeni qəbul edilənlərin və ya bu subyektlərin ayrı-ayrı xidmət sahələrində xidmət keçən hərbi qulluqçuların fiziki inkişafı, somatik və psixi sağlamlıq vəziyyətinə dair əlavə tələblər Əsasnamənin "Xəstəliklər cədvəli"nin maddələrinin tələbləri əsas götürülməklə həmin subyektlər tərəfindən müəyyən edilir.

6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir.

7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə qəbul edilən şəxslər və ya bu subyektlərdə həqiqi hərbi xidmət keçən hərbi qulluqçular “Narkoloji xidmət və nəzarət haqqında” Azərbayc an Respublikasının Qanununa müvafiq olaraq icbari narkoloji müayinədən keçirilirlər.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edil ən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İnsan Hüquqları üzrə Avro pa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdı rmaları yetərli hesab olunur.

25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü yeganə dəlil ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli 1597 nömrəli “xəstəlik haqqında” şəhədatnamə”yə əsasən hərbi xidmətdən istefaya buraxılmasına səbəb olan diaqnozun yaranma tarixi və səbəbi qeyrimüəyyən olduğundan, həmin xəstəliklərin yaranmasının kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab edildiyi zamana təsadüf edib-etməməsini təyin etmək mümkün olmamışdır.

26. Beləliklə, kassasiya şikayətinin mahiyyətindən də anlaşıldığı kimi cavabdeh iddiaçıda olan xəstəliklərin kəşfiyyat fəaliyyəti zamanı alınmasına şübhə ilə yanaşır.

27. Məhkəmə kollegiyası cava bdehin arqumenti ilə razılaşmayaraq öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qəbul edilmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir.

29. Əvvəlcə iddiaçının yuxarıda qeyd edilən qərarın təsiri altına düşən subyekt olub olmaması müəyyən edilməl idir.

30. İş materiallarında olan iddiaçıya məxsus hərbi biletə əsasən aydın olur ki, iddiaçı Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmaqla xx.xx.2016-cı il tarixədək müxtəlif hərbi hissələrdə hərbi qulluqçu kimi xidmət etmiş, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissədə artilleriya kəşfiyyatı şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

31. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubda onun Azərbaycan Ordusunda sonuncu tutduğu vəzifənin ( artilleriya kəşfiyyatı şöbəsinin rəisi) “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektləri əməkdaşları vəzifələrinin siyahısına daxil edildiyi qeyd edilmişdir (iş vər 27).

32. Məhkəmə kollegiyası yuxarıdakı məktubda əks edilmiş məlumata istinad etməklə bildirir ki, iddiaçının tutduğu vəzifə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qəbul edilmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” ona tətbiq edilə bilər.

33. İkinci müəyyən edilməli olan hal iddiaçıda olan xəstəliklərlə bağlıdır.

34. İş materiallarına əlavə edilmiş 1597 nömrəli, 17 noyabr 2022-ci il tarixli “Xəstəlik haqqında Şəhadətnamə”dən görünür ki, hərbi həkim komissiyasının qərarı əsasında iddiaçıda ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, birinci funksional sinif. Aorta və tac arteriyalarının aterosklerozu, ateroskerotik və postmiokarditik kardioskleroz, ürək ritminin davamlı polip mədəcik ekstra sistoliyaları, paroksizmal mədəciküstü (supraventrikulyar) və mədəcik (ventrikulyar) taxikardiyalar tipli pozulmaları ilə, birinci funksional sinif ürək çatışmazlığı. Revmatizm qeyri-fəal dövr, mitral qapaq çatışmazlığı və s. xəstəliklərin olduğu qeyd edilməklə həmin xəstəliklərin hərbi travma olmaqla Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd edilmişdir (iş vər 57-58).

35. Bundan əlavə əlahiddə ümumqoşun ordu komandanının birinci müavini-qərargah rəisinin iş materiallarında olan 73 nömrəli, 15 mart 2022-ci il tarixli əmrində iddiaçının “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxıldığı qeyd edilmişdir (iş vər 48)

36. Beləliklə, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılma əsasının xəstəlik olduğu və bu xəstəliyin hərbi travma olmaqla Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı iş materialları ilə tam təsdiq edilir.

37. İddiaçıda olan xəstəliklərin məhz kəşfiyyat fəaliyyəti zamanı alınmasının cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, əvvəla cavabdeh xəstəliklərin kəşfiyyat fəaliyyəti zamanı alınmamasını təsdiq edən dəlil təqdim edə bilməmişdir. Odur ki, iddiaçının xx.xx.2016-cı il tarixdə kəşfiyyatçı təyin olunmasına qədər hər hansı xəstəliyinin olmasına dair cavabdeh sübut təqdim edə bilmədiyindən xəstəliklərin xidmət zamanı əmələ gəlməsi fakt olaraq qəbul edilməli və buna münasib olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qəbul edilmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” tətbiq olunmalıdır.

38. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması” Qaydasında əks edilmiş müddəaların təhlil o qənaətə gəlməyə əsas verir ki, hər bir kəşfiyyat xidmətinə qəbul edilən şəxs hərbi həkim komissiyası tərəfindən ciddi tibbi müayinədən keçirilir və bu müayinənin nəticəsində şəxsin yararlılığı qiymətləndirilir.

39. Həmçinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun tələbinə görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə (işə) könüllülük əsasında şəxsi və iş keyfiyyətlərinə, peşə yararlığına, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu subyektlərin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

40. İddiaçı kəşfiyyatçı kimi xidmətə qəbul edilərkən tibbi müayinədən keçdiyindən və bunun nəticəsi olaraq xidmətə qəbul edildiyindən cavabdehin xəstəliklərin kəşfiyyat fəaliyyəti zamanı alınmaması ilə bağlı arqumentləri əsaslı hesab edilə bilməz.

41. O da vurğulanmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə prosesinə mütəxəssis qismində dəvət edilərək izahatı alınmış X2 da rəyi yuxarıda qeyd edilən halları təsdiq edir. Belə ki, mütəxəssis izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli şəhadətnamədə sadalanan ilkin xəstəliklər qan-damar, son sətirdə sadalananlar isə nevroloji xəstəliklərdir. Ehtiyatda olan hərbi qulluqçu-iddiaçı kəşfiyyat subyekti olduğuna görə o dövrdə əldə etdiyi bütün xəstəliklər hərbi travma hesab olunur. Müdafiə nazirinin müvafiq 123 nömrəli əmrinə əsasən həmin müddəa yalnız kəşfiyyat subyektlərinə aid hesab edilir. Həmin əmr Nazirlər kabinetinin müvafiq nömrəli Qərarı ilə eynilik təşkil edir. Həmin xəstəliklər kəşfiyyat xidmətində olduğu illərdə yaranmış ola bilər. Bu xəstəliyin yaranma d övrünü heç bir tibbi texnologiya ilə müəyyən etmək olmaz. Lakin iddiaçının tibb kitabçası var ki, orada kəşfiyyat xidmətinə keçənədək olan hər ilki dispanserizasiya müayinələrində heç bir patologiya olmadığı görünür. Fevral ayında verilən şəhadətnamədə düzgün yazılıb. Fərqin olması ona görədir ki, şəxsi kəşfiyyatçı kimi şəhadətləndirməyiblər. Orada səbəb əlaqə yazılmayıb. Hərbçiləri Müdafiə Nazirliyinin Mərkəzi poliklinikası şəhadətləndirir, daha sonra o poliklinikanın komissiyasının şəffaflığını Səbəb əlaqə bölməsi təyin edir. Növbəti şəhadətləndirmə zamanı səbəb-əlaqə yazılıb. İddiaçı həmin xəstəliklərlə xidmətə gəlsə idi, bu yaşa qədər yaşaya bilməzdi. Əgər xəstəlik olsaydı, mütləq müayinə və analizlərdə məlum olardı.

42. Beləliklə, iddiaçının şəhadətləndirdiyi xəstəliklər kəşfiyyatçı k imi hərbi xidmət dövründə alındığından və xəstəliyinə görə xidmətini davam etdirə bilmədiyindən onun üç illik pul təminatı məbləğində kompensasiya tələbi qanunidir.

43. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının iddia tələbi qanunun müddəalarına uyğun olduğundan apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdırmışdır.

44. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-1133/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar