Məhkəmə qərarları › İş №2-1(102)-2331/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2331/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2331/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:(ikinci dərəcəli əlilliyin bərpa edilməsi, əlilliyə görə pensiya ödənişinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qar şı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1729/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya ilkin olaraq 2015-ci ildə bir illik əlillik təyin edilmişdir.

2. İddiaçıya xx.xx.2016-cı il tarixdə ümumi xəstəliklə əlaqədar, “ÜİX: Stabil gərginlik stenokardiyası fs İİİ.İnfaktdan sonrakı kardioskleroz.Şutlamadan s/v.Hipertoniya xəstəliyi.İİ mər. QDÇ İİ.” diaqnozu ilə xx.xx.2021-ci il tarixədək qüvvədə olan ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçı qeydiyyatda olduğu 7 nömrəli şəhər poliklinikasına mür aciət etmiş və həmin poliklinika tərəfindən cavabdeh inzibati orqana 3 dəfə iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı göndəriş göndərilmişdir.

4. Cavabdeh inzibati orqan 1-ci dəfə “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun ağırlıq dərəcəsini və yardımçı müayinələri dəqiqləşdirilməsi üçün Xəstənin Bakı şəhəri ETKİ-da müayinə və müalicə olunmasına ehtiyac var”, 5. 2-ci dəfə “Göndərişin natamam doldurulması - Səbəb: Xəstəyə ETKİ da ixtisaslı müayinə məsləhət görüldü”,

6. Sonuncu dəfə isə “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyacı var” əsas gətirərək iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina etmişdir.

7. Bundan narazı qalan iddiaçı məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona ikinci dərəcəli əlillik təyin edilməsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona ikinci dərəcə əlillik müəyyən olunmaqla 2015-ci il tarixdən etibarən əlilliyə görə pensiya təyin olunmuşdur. xx.xx.2016cı il tarixli təyinatla müayinə nəticəsində xəstəliyinin diaqnozu stabil gərginlik stenokardiyası infarktdan sonrakı kardioskleroz, şuntlamadan s/v, hipertoniya xəstəliyi İİ mər. QDÇ İİ olaraq müəyyən olunmuşdur. Beləliklə İİ dərəcəli əlillik müəyyən olunmuş, əlilliyinin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmu şdur. İİ dərəcə ilə müəyyən olunmuş əlilliyinin yenidən təyinatı ilə əlaqədar olaraq bütün xəstəlik kağızlarını, 2014-cü ildən indiyədək keçirilmiş həkim müayinəsinə dair və xəstəliyi ilə əlaqədar müalicə almağı barədə bütün epikrizlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim olunmuşdur. Həmçinin xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akad. C.Abdullayev adına ET.Kardiologiya İnstitutunda müayinədən keçmiş və xx.xx.2021ci il tarixli müayinəyə dair xəstəlik kağızı və 919 №-li ambulator kitabçadan çıxarış cavabdeh orqana təqdim olunmuşdur. Bütün lazımi sənədlər təqdim olunmasına baxmayaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müraciətin icrasından imtina etmişdir. İmtinanın səbəbi olaraq bildirilmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həmçinin ona ETKİ da ixtisaslı müayinə məsləhət görülmüşdür. Yuxarıda sözügedən müayinəyə dair sənədlərin də cavabdeh orqana təqdim olunmasına baxmayaraq, cavabdeh orqan bir daha eyni məzmunlu imtina məktubunu göndərmişdir. Həmin imtina məktubunda bir daha bildirilmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həmçinin bildirilmişdir ki, əsas diaqnozun ağırlıq dərəcəsini və yardımçı müayinələri dəqiqləşdirilməsi üçün onun ETKİ-da müayinə olunmağına ehtiyac vardır. Bu məqsədlə imtina məktubuna əsasən yenidən xəstəliyi ilə əlaqədar hərtərəfli müayinədən, o cümlədən əlavə müayinədən də keçmişdir. Halbuki, yuxarıda qeyd olunan sənədlərin də cavabdeh orqana təqdim olunma sına baxmayaraq, cavabdeh orqan bu dəfə də eyni məzmunlu imtina vermişdir. Sonuncu imtina ona 5 oktyabr 2021-ci il tarixdə gəlmişdir. Həmin imtinada da əvvəlki imtinalarda olduğu kimi qeyd olunmuşdur ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həmçinin qeyd olunmuşdur ki, xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan göstəriciləri qeyd olunmayıb və bununla əlaqədar əlavə müayinə məsləhət görülür. Əlavə olaraq bildirmişdir ki, cavabdeh orqanın müvafıq imtinaları onun mobil nömrəsinə sms vasitəsilə də göndərilmişdir. Həmin sms bildirişlərində imtinanın tarixi göstərilir. Cavabdeh orqanın tələb etdiyi bütün epikrizlər, o cümlədən müayinəyə dair bütün sənədlərin təqdim olunmasına baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfində hər dəfə əsassız və qanunsuz olaraq müraciətə imtina edilmişdir. Yuxarıda qeyd olunanlardan aydındır ki, cavabdeh orqan əsassız olaraq süründürməçiliyə yol vermiş və əsassız olaraq ona İİ dərəcə əlilliyin təyin olunmasından imtina edilmişdir. Ona bildirilmişdir ki, yenidən müayinədən keçməlidir, halbuki cavabdeh orqana hər hansı məlumat lazımdırsa ona təqdim olunmuş ən yeni müayinəyə dair epikrizlərə baxa bilər. Hər dəfə cavabdeh orqanın imtina verdikdə bununla bağlı poliklinikaya müraciət etdikdə belə, poliklinikadan ona lazım olan bütün müayinələrin keçirildiyini və ekspertiza üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərildiyi bildirilir. Sonuncu imtina məktubunda cavabdeh orqan bildirmişdir ki, müayinə ilə bağlı rəsmiləşdirilmiş göndərişdə xəstəliyin ekspertiza üçün əhəmiyyə tli olan göstəriciləri qeyd olunmayıb. Cavabdeh inzibati orqan imtina məktubunda xəstəliyinin ekspertizası üçün əhəmiyyətli olan hansı göstəricilərin qeyd olunmaması barədə hər hansı məlumat qeyd etməmişdir. Cavabdeh orqana təqdim olunmuş müayinəyə dair sənədlərdə xəstəliyi barədə bütün məlumatlar öz əksini tapır, lakin cavabdeh orqanın sözü gedən əsasla imtina verməsi süründürməçilik etməsindən və lüzumsuz olaraq onu hüquqlarından məhrum etməkdən başqa bir şey deyildir.

10. Cavabdeh iddia ərizəsinə yazılı etirazını onunla əsaslandırmşıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” A zərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin qaydaların 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetin in 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü və 1.5-ci bəndlərinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qi ymətləndirilməsi Qaydası"nın 2-ci bəndinə uyğun olaraq, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir

11. Bakı İnzibati məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2-1(112)-3029/2022 nömrəli (hakim: Ş.Həsənova) qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xəstəliyi nəzərə alınaraq ikinci dərəcəli əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

12. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, xxxxxxx0009 №-li aktda şəxsə əlilik dərəcəsinin təyin edilməsindən imtinasını “İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyacı var” qeydi ilə əsaslandırsa da belə bir halın zəruri olmasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda iddia tələbinə dair verdiyi etirazda da bunu əsaslandırmamışdır. Məhkəmə araşdırılması zamanı İddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0170003AAELV nömrəli TQS № 088 göndərişdə sonuncunun kifayət qədər müayinə və müalicələrd ə olmasının qeyd edilməsi, həmçinin iddiaçıya təyin edilmiş diaqnozun ona ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olması müəyyən edilmişdir.

13. Həmçinin məhkəmə hesab etmişdir ki, İddiaçı “Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX gərginlik stenokardiyası İİİ f/s. Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (2014). Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s. (LVEF-37%)” diaqnozu ilə xəstə olduğundan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır 1

4. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1729/2022 nömrəli qərarı (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, H.Həmidov və V.Məmmədov) Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır..

17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

18. C avabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “əlliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə “Əlillik altsistemi” üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Bu qaydaya müvafiq olaraq, əlillik təyinatının ləğv olunması da adı çəkilən əsasnaməyə uyğun olaraq analogiya üzrə şəxsin iştirakı olmadan keçirilə bilər, burada hər hansı bir qanun pozuntusu yoxdur. Diaqnoz əsasında şəxsin hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. İPM-nin 74-cümaddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

19. Göründüyü kimi, İddiaçı əlillik təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini n pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1729/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanı lması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayıl ır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” Bənd 1.1 Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi il ə bağlı məsələləri tənzimləyir. Bənd 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 2.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərə findən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Bənd 2.2 Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3 Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7 Əlilliyin qiymətləndirilməsi barədə T SEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

23. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir), (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir).... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyy ət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:

24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.

25. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səla hiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə

74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyə tlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şi kayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri gös tərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, iddiaçının ilkin əlilliyi Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 0170003AABPW saylı göndərişi əsasında müayinə edilərək ona “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətin ə əlillik dərəcəsi verilmişdir, daha sonra, elektron təyinatla həmin Poliklinikanın xx.xx.2016-cı il tarixli göndəriş əsasında da eyni xəstəlik səbəbi ilə cavabdeh tərəfindən iddiaçının beş il müddətinə 2-ci dərəcəli əlillik dərəcəsi müəyyən edilmiş, beş illik müddət bitdikdən sonra, növbəti müayinə cavabdeh tərəfindən Poliklinikasının xx.xx.2021-ci il tarixli, 0170003AAEEH saylı göndərişi əsasında keçirilmiş və iddiaçıya “göndərişin natamam doldurulması və əsas diaqnozun ağırlıq dərəcəsini və yardımçı müayinələri dəqiqləşdirmək üçün xəstənin ETKİ-də müayinə və müalicə olunmasına ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Həmin iradların aradan qaldırılması istiqamətində iddiaçının əməli hərəkətlərindən sonra yenidən Poliklinikanın xx.xx.2021-ci il tarixli 0170003AAEGW saylı göndərişi əs asında cavabdeh tərəfindən qiymətləndirilmə aparılmış və “göndərişin natamam doldurulması və xəstəyə ETKİ-də ixtisaslı müayinə məsləhət görüldü” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin olunmasından imtina edilməsinin əsassız olması barədə aşağı instansiya məhkəmələrinin mövqeyi qanuni hesab olunmalıdır.

33. Şikayətin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

34. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, cavabdehin də i stinad etdiyi İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 35. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıq larının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

36. Hazırkı halda, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən inkar edilməmiş, həmçinin iddiaçının ambulator şəraitdə, Bakı 7 nömrəli Şəhər poliklinikasında müalicə alması təqdim edilmiş müayinə vərəqələri ilə öz təsdiqini tapmışdır.

37. Digər tərəfdən, müayinə tarixində (xx.xx.2021-ci il) qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2-ci bəndinə əsasən iddiaçı Bakı 7 nömrəli Şəhər poliklinika şöbəsi tərəfindən müayinə olunmuş və onda xəstəliyi təkrarlanmış, ağırlaşma və yanaşı xəstəlikləri nəinki azalmış, əksinə artmışdır.

38. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şər tləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

39. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1729/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Hakimlər: Nigar Rəsulbəyova İ lqar Hüseynov (xüsusi rəylə) Kəmaləddin Bədəlov İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (№ 2-1(102)-2331/2022) hakim İlqar Hüseynovun XÜSUSİ RƏYİ

1. İddiaçıya ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin təmin olunmasına dair məhkəmələrin gəldiyi nəticənin qanuni və əsaslı hesab edilməsi barədə həmkarlarımın qənaəti ilə aşağıdakı səbəblərə görə razı deyiləm.

2. Cavabdeh şəxsə əlilik dərəcəsinin təyin edilməsindən “İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyacı var” səbəbi ilə imtina etmişdir.

3. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0170003AAELV nömrəli TQS № 088 göndərişdə sonuncunun kifayət qədər müayinə və mü alicələrdə olması qeyd edilmiş, həmçinin iddiaçıya təyin edilmiş diaqnozun ona ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olması müəyyən edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi

4. Məhkəmə, həmçinin hesab etmişdir ki, İddiaçı “Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX gərginlik stenokardiyası İİİ f/s. Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (2014). Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s.(LVEF-37%)” diaqnozu ilə xəstə olduğundan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

5. Hesab edirəm ki, apellyasiya instansiyası məhkəməsinin qənaəti və bu qənaətlə bağlı əsaslandırmaları İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun olmamışdır.

6. Belə ki, göndərişdə qeyd olunan məlumatların cavabdehin imtinasının əsasları baxımından mötəbərliyinin yoxlanılması (aparılmış müayinələrin iddiaçıya təyin edilmiş diaqnoza uyğunluğu; iddiaçıda olan və əlillik meyarlarına cavab verdiyi qeyd olunan xəstəliklər üzrə diaqnozun məhz ixtisaslaşdırılmış tibbi müayinə ilə müəyyən edilməli olması; iddiaçının əlilliyə səbəb ola biləcək xəstəliklər, həmçinin həmin xəstəliklərin ağırlaşmasına səbəb olan yanakı xəstəliklər üzrə əlavə müalicəyə ehtiyacının olması) xüsusi bilik tələb etdiyindən, lakin apellyasiya instansiyası məh kəməsində icraat zamanı bununla bağlı əlavə araşdırma aparılmadığından, beləliklə də, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından, iddia olunan məzmunda tələbin təmin olunmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz.

7. Beləliklə, İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından, qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli idi. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar