Məhkəmə qərarları › İş №2-1(102)-234/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-234/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-234/2021 02.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı iş üzrə (Açar sözlər: VÖEN-i olmayan müəssisədə işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsinin mümkünlüyü; İPM-in 12-ci maddəsinin pozuntusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçının (bundan sonra – i ddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə (bundan sonra – cavabdeh) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2020-ci il tarixli, 2-1(103)1079/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı xx.xx.1955-ci il tarixində anadan olmuş, 1972-ci ildən əmək fəaliyyətinə başlamış, 1973-1975-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətini bitirdikdən sonra əmək fəaliyyətinə davam etmiş, 2002-ci ilədək fasilələrlə müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı ona pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir.

3. Cavabdeh 04.07.2019-cu il tarixli, *** nömrəli bildirişlə iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanın əsası kimi iddiaçının tələb olunan (25 il) sosial sığorta stajının olmadığını göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin 30.05.1998-ci il tarixdən 12.09.2002-ci il tarixə qədər “X1” şərikli müəssisəsində sürücü vəzifəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilib, əmək pensiyasının yenidən hesablanaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçının cavabdehə təqdim etdiyi sənədlərlə onun müvafiq iş stajının olması təsdiq olunsa da, cavabdeh əsassız olaraq ona pensiya təyin edilməsindən imtina etmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.12.2019-cu il tarixli, 2-1(82)2932/2019 saylı qərarı ilə (hakim – R.L.Kərimli) iddia tələbinin təmin edilməsi, iddiaçıya onun əmək kitabçasında göstərilən 30.05.1998-ci il tarixindən 12.09.2002-ci il tarixinə qədər “X1” Şərikli Müəssisəsində sürücü vəzifəsində işlədiyi dövr üzrə iş stajı sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək kitabç asındakı qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər sayılmalıdır. Belə olan halda, onun əmək kitabçasındakı qeydlər əsasında qanunla müəyyən edilmiş həddə sığorta stajı toplanmış olur. İddiaçı 30.05.1955-ci il tarixində doğulduğundan, əmək kitabçasındakı iş stajları sığorta stajı kimi nəzərə alınmaqla onun 63 yaş yarımdan yaşa görə əmək pensiyası hüququ yaranır. Odur ki, cavabdeh DSMF Bakı şəhəri Xətai rayon şöbəsinin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

8. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindək i icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2020-ci il tarixli 21(103)-1079/2020 saylı qərarı ilə (sədrlik edən və məruzəçi – V.M.Məmmədov, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov) apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.12.2019-cu il tarixli, 2-1(82)- 2932/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, əmək kitabçasının yalnız 30.05.1998-12.09.2002-ci il tarixlərinə aid məlumatları cavabdeh tərəfindən mübahisə edilsə də, cavabdeh müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görməmişdir. Bundan başqa, cavab dehin mübahisəli saydığı, iddiaçının işlədiyi “X1” şərikli müəssisəsinin 2009-cu ildə sığortaedən kimi qeydiyyatdan keçməsi iddiaçının məsuliyyət dairəsinə aid olmamaqla, daha çox cavabdeh inzibati orqanın fəaliyyət hüdudlarında cərəyan etmişdir. Əmək kitabçasında “X1” şərikli müəssisəsində iddiaçının sürücü vəzifəsinə işə qəbul tarixində cüzi düzəliş isə onun həmin vəzifəyə təyin edilməsi barədə 12.09.2002-ci il tarixli *** nömrəli əmrin tarixi ilə uzlaşır.

11. Məhkəmə qərarı 21.10.2020-ci il tarixində cavabdehə təqdim edilmişdir.

12. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassas iya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən qərar ləğv edilməlidir və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan əmək kitabçasının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçının “X1” Şərikli Müəssisəsində sürücü vəzifəsində işə qəbul olunması tarixi qeyri-dəqiq yazılmış, həmin tarixlə bağlı hər hansı bir düzəliş edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, “X1” Şərikli Müəssisəsi 17.10.1997-ci il tarixində dövlət qeydiyyatına alınmış, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin “Sığorta” (Hesaba t) altsistemində sığortaedən “X1” Şərikli Müəssisəsinə aid əsas məlumatlardan görünür ki, həmin müəssisə 31.10.2009-cu il tarixindən sığortaedən kimi qeydiyyatdan keçmişdir.

14. Belə ki, “X1” Şərikli Müəssisəsi 31.10.2009-cu ildə qeydiyyatdan keçməsi onu sübut edir ki, müəssisə həmin dövrə qədər hər hansı hesabat verməmiş və hər hansı borcu yaranmamış, nəticədə sosial sığorta münasibətlərinin iştirakçısı olmamışdır, bu səbəbdən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsi həmin müəssisəyə aid edilə bilməz.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallara hüquqi qiymət verməmiş, qanunvericiliyin müddəalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödə nilməsi sığorta stajının hesablanması üçün zəruri tələb kimi qoyulmuşdur. Yəni, şəxsin iş stajını təsdiq edən əmək kitabçası, əmr və s. sənədlər o zaman sığorta stajının hesablanması üçün əsas ola bilər ki, həmin şəxsin işlədiyi dövr ərzində müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənəd olsun. Məhkəmənin qanunvericiliyin əsas tələbini nəzərə almadan birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlaması qanunun qeyd olunan tələbinə ziddir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Mülki Məcəllənin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 20. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 13.1ci maddəsinə görə dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakim iyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir.

21. Həmin Qanunun 13.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2000-ci il tarixli, 222 nömrəli Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” Qərarının 2-ci bəndində görə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibka rların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır.

23. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, “nəzərə alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixinədək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖİN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur”.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fakt iki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

25. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

26. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.

27. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntula r səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2020-ci il tarixl i 2-1(103)1079/2020 saylı qərarı ilə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

31. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “X1” Şərikli Müəssisəsi 31.10.2009-cu ildə qeydiyyatdan keçdiyindən sosial sığorta münasibətlərinin iştirakçısı olmamışdır. Eyni zamanda, kassasiya şikayətində qeyd edilmişdir ki, araşdırma zamanı “X1” Şərikli Müəssisəsi 17.10.1997-ci il tarixində dövlət qeydiyyatına alındığı, lakin 31.10.2009-cu il tarixindən sığortaedən kimi qeydiyyatdan keçdiyi müəyyən edilmişdir ki, bununla da iddiaçının həmin dövrdəki iş stajı şübhə doğurur.

32. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdehin təqdim etdiyi çıxarışdan (iş materialları: səh. 63) görünür ki, “X1” Şərikli Müəssisəsi 04.01.2005-ci ildə VÖEN almış, 31.10.2009-cu ildə sığortaedən kimi qeydiyyatdan keçmişdir.

33. İddiaçının 30.05.1998-ci il tarixindən 12.09.2002-ci il tarixinədək işlədiyini iddia etdiyi halda həmin müəssisənin 2005-ci ildə VÖEN alması, iddiaçının 1998-2002-ci illərdə “X1” Şərikli Müəssisəsində işlədiyi müddətin mötəbərliyini şübhə altına alır.

34. Belə ki, hazırkı qərarın 19-23-cü bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi, hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 28.01.2021-ci il tarixli, 21(102)-303/2021 nömrəli qərarı).

35. Belə olan halda, həmin müəssisənin 2005-ci ilədək VÖEN-inin olmaması onun fəaliyyətini, eləcə də iddiaçının həqiqətən bu müəssisədə işlədiyini sual altına qoyur.

36. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən cavabdehin bu dəlilinə münasibətdə qeyd etmişdir ki, “əmək kitabçasının yalnız 30.05.1998-12.09.2002-ci il tarixlərə aid məlumatları cavabdeh tərəfindən mübahisə edilsə də, cavabdeh müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görməmiş, həmin məlumatlara şübhə etməklə, habelə hüquqi faktı inkar yolu ilə ərizəyə və iddiaya etiraz etməklə işini bitmiş saymış, İPM-in 14.3-cü maddəsinin tələbinə müvafiq qaydada iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək əvəzinə, qanunsuz olaraq bunu iddiaçıdan və məhkəmədən gözləmiş və tələb etmişdir. Bunun təbii nəticəsi kimi, cavabdehin faktiki cəhətdən heç bir dəlil ehtiva etməyən, 24.02.2020-ci il tarixdə təqdim olunmuş apellyasiya şikayəti də formal olmuşdur”.

37. Halbuki, hazırkı qərarın 24-25-ci bəndlərində qeyd olunan prosessual normaların tələblərindən göründüyü kimi, iş üçün əhəmiyyət kəsb edən halları araşdırmaq məhkəmənin xidməti borcudur və məhkəmə belə halları tərəflərin bildirməsindən asılı olmayaraq araşdırmalıdır. Hazırkı işə baxan apellyasiya instansiya məhkəməsi isə göstərilən prosessual normaların tələblərini pozmuş, işi tam, hərtərəfli araşdırmadan, cavabdehin dəlillərini qiymətləndirmədən qərar qəbul etmişdir.

38. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının 30.05.1998-ci il tarixindən 12.09.2002-ci il tarixinədək işləd iyini iddia etdiyi “X1” Şərikli Müəssisəsinin həmin illərdə fəaliyyətdə olub-olmaması ilə bağlı araşdırma apararaq ədalətli qərar qəbul etməlidir.

39. Cavabdehin kassasiya şikayəti qərarın ləğv olunması hissəsində əsaslı olsa da, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi hissəsində əsassızdır. Belə ki, iş üzrə əlavə sübutların araşdırılması zəruri olduğundan kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2020-ci il tarixli 21(103)-1079/2020 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2020-ci il tarixli 21(103 )-1079/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar