Məhkəmə qərarları › İş №2-1(102)-2341/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2341/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2341/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddia müddətinin ötürülməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiyanın mümkün sayılmaması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli, 0145 nömrəli əmrinin ləğv edilərək, iddiaçının AR MN-nin N nömrəli hərbi hissəsinə tutduğu vəzifəyə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2024-cü il tarixli 2-1(103)-1802/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli, 0145 nömrəli əmrinin ləğv edilərək, AR MN-nin N nömrəli hərbi hissəsinə tutduğu vəzifəyə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, cavabdehə müraciət edərək əmrin surətinin və ona əsas olmuş sənədlərin təqdim olunmasını xahiş etsə də, sənədlər təqdim olunmadığından məhkəməyə gec müraciət etmişdir. Bu səbəbdən, buraxılmış müddətin üzrlü hesab olunmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 25 yanvar 2024-cü il tarixli, e-21(112)-1497/2024 nömrəli qərardadları ilə müddətin bərpası barədə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı h əqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman Azərbaycan Respublikası Müdafiə nazirinin mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 0145 nömrəli əmri ona xx.xx.2023-cü il tarixdə elan edilmiş, ehtiyata buraxıldıqdan sonra SHXÇDX-nin Suraxanı rayon İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və həmin tarixdə ona hərbi bilet verilmişdir. Göründüyü kimi, iddiaçı mübahisələndirilən əmrin ona rəsmi qaydada elan olunmasından (xx.xx.2023-cü il) 3 ay 9 gün keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından, iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət edildiyindən, iddia verilməsi müddəti ötürülmüş, bununla da iddiaçı həmin əmri mübahisələndirmək imkanını itirmişdir.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) 15 may 2024-cü il tarixli, 21(103)-1802/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Pros essual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəti cənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, elə cə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassa siya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2023-cü il tarixli 2-1(102)-1128/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1859/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1913/2023 nömrəli qərarlarda) kassasiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərə əməl edilməsi ilə bağlıdır. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri ş amil edir.

13. Hazırkı iş üzrə iddiaçının tələbi mübahisələndirmə və məcburetmə haqqında iddia növünə aiddir. İddiaçının ikinci tələbi onun birinci tələbinin təmin olunmasından asılıdır. Belə olan halda, iddiaçının birinci tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, həmin iddianın mümkün sayılması üçün iddia verilməsi müddətinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. İddiaçı mübahisələndirdiyi əmrdən ona elan olunduğu xx.xx.2023-cü il tarixdə, ən geci isə onunla tanış olub, qeydiyyat jurnalına imza etdiyi xx.xx.2023-cü il tarixdən məlumatlı olduğu halda, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

14. Məhkəmə kollegiyası hesab edir ki, oxşar işlərə dair qərarlarda aparılmış təhlil və gəlinən nəticələr hazırkı şikayətə də şamil edilir və həmin qərarlardakı mövqedən kənara çıxmağa əsas yoxdur. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin, sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.

15. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda, tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

16. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin təkrar edilən dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcm də, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

17. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2024-cü il tarixli, 21(103)-1802/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar