Məhkəmə qərarları › İş №2-1(102)-2360/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2360/2019

11.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2360/2019 11.09.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə Açar söz: yaşa görə əmək pensiyasının təyin edilməsi. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103) -837/2019 saylı 02 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1954-cü il təvəllüdlü iddiaçı İddiaçı 1970-ci il 01 sentyabrdan 1972-ci il 30 may tarixinə qədər təhsil almış, 19.09.1972-cü il tarixdə əmək fəaliyyətinə başlamış və 03.09.2012-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən 14 noyabr 1974-cü ildən 03 dekabr 1976-cı ilə qədər hərbi xidmətdə olmuşdur. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cava bdeh 31.07.2018-ci il tarixli 16/01-4154 saylı imtina məktubu ilə bildirmişdir ki, iddiaçının 01.02.1993-ci ildən 01.07.2001-ci ilədək olan iş stajının yerində qarşılıqlı yoxlanılması mümkün olmadığına görə həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin tarixli 16/01-4154 saylı 31.07.2018-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilərək,01.02.1993-cü ildən 01.09.2001-ci ilədək Xda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsin i və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3821/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 01.02.1993-cü ildən 01.09.2001-ci ilədək Xda işlədiyi illər sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3821/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-837/19 saylı 02 may 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3821/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan müddətdə iş stajının yerində yoxlanılmasının mümkün olmaması inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz.Beləki, cavabdeh orqan tərəfindən qarşılıqlı yerində yoxlanılmasının mümkün olmaması iddiaçının iradəsindən asılı olan hal deyil və iddiaçının əmək kitabçasındakı tədqiq olunan qeydlərin iddiaçının işlədiyi cəmiyyətin səlahiyyətli şəxsi tərəfindən imzalanması və cəmiyyətin möhürü ilə təsdiq edilməsi, həmin qeydlərdə düzəliş olmaması və əmək kitabçasının tamlığının pozulmaması, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən 25 ildən artıq iş stajı,məhz onun sığorta stajı kimi qiymətləndirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-837/2019 saylı 02 may 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının əmək kitabçasında qeyd olunan 01.02.1993-cü il tarixdən 01.07.2001-ci tarixədək iş stajının qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin dövr onun sığorta stajına daxil edilməmişdir.Bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Kassator İPM-nin 87.6, 90.1, 90.3, 91-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-837/2019 saylı 02 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-837/2019 saylı 02 may 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi ona məxsus əmək kitabçasında öz əksini tapmış 01.02.1993-ci ildən 01.07.2001-ci ilədək olan əmək fəaliyyətinin iş stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsidir. Cavabdehin imtinasının əsasını isə iddiaçının 01.02.1993-ci ildən 01.07.2001-ci ilədək olan iş stajının qarşılıqlı yoxlanılması mümkün olmaması təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haq qında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının 01.02.1993-ci ildən 01.07.2001-ci ilədək Xda işləməsi onun əmək kitabçasında da öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatla rın tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan onun 01.02.1993-ci ildən 01.07.2001-ci ilədək Xda işlədiyi dövr onun iş stajı kimi nəzərə alınmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etd iyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sa bunçu rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-837/2019 saylı 02 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar