Məhkəmə qərarları › İş №2-1(102)-2370/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2370/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2370/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; prosessual müddətin ötürülməsi, müddətin bərpasına dair ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlunun və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, əlilliyin bərpa edilməsi və dayandırılmış pensiya ödənişi nin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-1(103)2243/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2020-ci il 28 sentyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əlilliyin bərpa edilməsi və əlilliyə görə əmək pensiyasının dayandırılmış ödənişinin bərpa edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmə tinin əlilliyinin etibarsız sayılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməklə əlilliyinin bərpa edilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməsi kimi qəbul olunmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1917/2021 saylı, 2021-ci il 11 fevral tarixli qərardadı ilə iddianın tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 27 may tarixli, 2-1(112)-1917/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin əlilliyinin etibarsız sayılması (ləğvi) ilə bağlı hərəkətləri qanunsuz sayılmış və iddiaçının əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verə rək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

6. Cavabdeh eyni zamanda apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, birinci instansiya məhkəməsinin qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

7. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh yaxın vaxtda yeni inzibati binaya köçdüyü üçün sənədlərin aidiyyəti üzrə struktur bölmələrə çatdırılmasında texniki problemlərə və sənəd dövriyyəsinin həcminə görə çətinliklər yaşamış, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən qurum olduğu üçün büdcə çatışmazlığı problemləri ilə qarşılaşmışdır. Bu səbəbdən də sözügedən qərardan apellyasiya şikayəti vermək müddəti üzrlü səbəbdən ötürülmüşdür. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-1(103)-2243/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 27 may tarixli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2021-ci il 27 may tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh 2021-ci il 27 may tarixli məhkəmə qərarından apellyasiya şikayəti verməsi üçün onun məhkəmə qərarını 2021ci il 14 iyun tarixdə alması nəzərə alınmaqla son müddəti qanunvericiliyin tələbinə g örə 2021ci il 14 iyul tarixi hesab olunur. Buna baxmayaraq iş materiallarından görünür ki, apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə 2021-ci il 17 iyul tarixdə daxil olmuşdur. Göründüyü kimi, apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada cavabdehə təqdim edildiyindən sonuncu tərəfindən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır. Ona görə də, ərizə təmin edilə bilməz.

10. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və prosessual müddətin bərpasına dair ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdehə daxil olan müraciətlərin həddindən çox olması və məktubun cavabdehə gec daxil olması səbəbi ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 27 may tarixli qərarının qeydiyyatı 2021-ci il 14 iyun tarixdə mümkün olmamışdır. Belə ki, cavabdeh yaxın vaxtlarda yeni inzibati binaya köçdüyü üçün sənədlərin aidiyyəti üzrə struktur bölmələrə çatdırılmasında texniki problemlərə və sənəd dövriyyəsinin həcminə görə çətinliklər yaşamış, eləcə də işçi heyəti az olmuş və daxil olan sənədlərin dövriyyəsi həddindən artıq çox olmuşdur. Bu səbəbdən sözügedən qərardan apellyasiya şikayəti vermək müddəti üzrlü səbəbdən ötürülmüşdür. Cavabdehin nümayəndəsi müddətin bərpa edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi nin həmin qərardadında maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş və cavabdehin apellyasiya şikayəti vermək hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. Bu səbəbdən də həmin qərardad ləğv edilməli və apellyasiya şikayəti vermək üçün buraxılmış müddət üzrlü hesab edilərək apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməlidir. Qanunvericilik buraxılmış müddətin bərpa edilməsinə dair üzrlü səbəblərin dairəsini müəyyənləşdirməmiş və bu, məhkəmənin öhdəsinə buraxılır. Məhkəmə müddətin bərpasına dair ərizəyə baxarkən üzrlü səbəbləri aydınlaşdırmalı, pozulmuş maddi və prosessual hüquqların müdafiəsinə şərait yaratmalıdır. Belə olan halda, məhkəmə cavabdehin çox sayda məhkəmə mübahisələrinə cəlb edilməsi, insan resursunun çatışmazlığı, eləcə də müraciətlərin çoxluğu səbəblərini üzrlü səbəb kimi görməli və buraxılmış müddətin bərpasına dair ərizə yazıldıqdan sonra şikayətə baxılmasını mümkün hesab etməlidir. Göründüyü kimi, prosessual müddət üzrlü səbəbdən buraxılmışdır. Apellyasiya instansiyası məhkəməsi qərəzli olaraq müddəti bərpa etməmiş və əsassız olaraq cavabdeh təşkilatın şikayət vermək hüququnu məhdudlaşdırmışdır. Bu isə yolverilməzdir və məhkəmə hakimiyyətinin prinsiplərinə ziddir. Beləliklə, maddi və prosessual hüquq normalarının, eləcə də çəkişmə prinsipinin kobud şəkildə pozulması nəticəsində düzgün olmayan qərardad qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

12. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 23.1. Məhkəmə qərarına (qər ardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət h əddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər v ə ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

17. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

18. İşdən göründüyü kimi, 2021-ci il 27 may tarixli məhkəmə qərarının cavabdehə 2021-ci il 14 iyun tarixdə təqdim edildiyi və İPM-in 23.1-ci maddəsinə əsasən müddətin axımının məhkəmə qərarının təqdim edildiyi gündən başlandığı nəzərə alınmaqla, həmin qərardan apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 30 günlük müddətin son günü 2021-ci il 13 iyul hesab olunur. Cavabdehin prosessual müddətin bərpasına dair vəsatəti 2021-ci il 16 iyul tarixdə imzalanmış, həmin vəsatət ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı İnzibati Məhkəməsinə 2021ci il 17 iyul tarixdə, yəni apellyasiya şikayəti verilmə si üçün müəyyən edilmiş prosessual müddət başa çatdıqdan təqdim olunmuşdur.

19. Prosessual müddətin bərpasına dair ərizənin və şikayətin əsas dəlili ondan ibarətdir ki, cavabdehə daxil olan müraciətlərin həddindən çox olması və məktubun cavabdehə gec daxil olması səbəbi ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 27 may tarixli qərarının qeydiyyatı 2021-ci il 14 iyun tarixdə mümkün olmamışdır. Belə ki, cavabdeh yaxın vaxtlarda yeni inzibati binaya köçdüyü üçün sənədlərin aidiyyəti üzrə struktur bölmələrə çatdırılmasında texniki problemlərə və sənəd dövriyyəsinin həcminə görə çətinliklər yaşamışdır, eləcə də işçi heyəti az olmuş və daxil olan sənədlərin dövriyyəsi həddindən artıq çox olmuşdur. Bu səbəbdən sözügedən qərardan apellyasiya şikayəti vermək müddəti üzrlü səbəbdən ötürülmüşdür.

20. Məhkəmə kollegiyası ərizənin və şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinin yetərli əsası kimi qəbul etmir. Belə ki, inzibati orqanın iş yükü (o cümlədən, sənəd dövriyyəsi) ilə kadr potensialı arasında mütənasibliyi təmin etməməsi prosessual müddətin ötürülməsində onun təqsirini aradan qaldırmır. Digər tərəfdən, cavabdehin təqdim etdiyi sənədlərə görə, Bakı İnzibati Məhkəməsinin 2021-ci il 27 may tarixli qərarı 2021-ci il 16 iyun tarixdə cavabdehin dəftərxanasında qeydiyyatdan keçmişdir. Cavabdehin vəsatətə əlavə etdiyi sənədlərdə bilavasitə məhkəmə mübahisəsi üzrə iş yükü (kadrların məşğulluğu) 2021-ci il 30 iyun tarixədək olan dövrü əhatə edir. Həmin tarixdən sonra cavabdehin sərəncamında 13 gün müddət olmuşdur. Həmin müddətdən istifadə etmək im kanını mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

21. Beləliklə, prosessual müddətin buraxılmasında cavabdeh təqsirsiz olmamışdır.

22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-1(103)-2243/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar