Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2381/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: altı uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadına yaşa görə əmək pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1965; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 56 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli, 21(103)-2093/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İİİ-SL seriyalı 14 aprel 1986-cı il tarixli 270600 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X5 ilə X3 xx.xx.1986-cı ildə nikahlarını bağlamışlar. Onların birgə nikahından 1985-ci il tarixdə X7, xx.xx.1987-ci il tarixdə X4, xx.xx.1990-cı il tarixdə X10, xx.xx.1996-cı il tarixdə X1, xx.xx.1998-ci il tarixdə X2 və xx.xx.2001-ci il tarixdə X6 doğulmuşdur. Bu fakt işdə olan doğum haqqında şəhadətnamələr ilə də təsdiq olunu r
2. V-JQ seriyalı 03 fevral 1998-ci il tarixli, 280808 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, iddiaçının oğlu X7 xx.xx.1998-ci il tarixdə 13 yaşında Bakı şəhərində vəfat etmişdir.
3. İddiaçıya məxsus ARM seriyalı ******* saylı xx.xx.1988-ci il tarixli əmək kitabçasının surətinə əsasən o, xx.xx.1984-cü ildə Ermənistan SSR Spitak rayonu Şenavan kənd kolxozuna sıravi kolxozçu kimi işə qəbul edilmiş, xx.xx.1987-ci ildə öz ərizəsi əsasında işdən azad edilmiş, xx.xx.1994-cü ildə 76 saylı Körpələr Evi-Uşaq Baxçasına müvəqqəti olaraq tərbiyəçi köməkçisi kimi işə qəbul olunmuş, xx.xx.1994-cü ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1994-cü ildə 76 saylı Körpələr Evi-Uşaq Baxçasına müvəqqəti olaraq dayə kimi işə qəbul olunmuş, xx.xx.1998-ci ildə tutduğu vəzifədən işdən azad olunmuş, xx.xx.20 01-ci ildə Azərbaycan Tibb Universitetində Farmakologiya kafedrasına xadimə qəbul edilmiş, xx.xx.2012-ci ildə 4 saylı tədris binasına xadimə keçirilmiş, xx.xx.2021-ci il tarixli qeydə əsasən hal-hazıradək işləyir.
4. İddiaçı ona yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh 03 iyul 2021-ci il tarixli, **********7 nömrəli imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.1988-ci il tarixdə tərtib olunmuş ARM № ******* saylı əmək kitabçasının surətinə əsasən onun ümumi sığorta stajı 22 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 771,08 manat, xx.xx.2006-cı il tarixindən 13661,98 manat olmaqla, ümumilikdə 14433,06 manat t əşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən 1994- 1998-ci illər ərzində işlədiyi 76 saylı uşaq bağçasının 1994, 1995, 1997, 1998-ci illərə dair arxiv sənədləri və əmək haqqı cədvəllərində onun haqqınızda heç bir məlumat olmadığından və 1996-cı ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən həmin dövrlər sığorta stajına daxil edilmir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona 56 yaşı nın tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Nəsimi rayon Təhsil Şöbəsinin 76 saylı uşaq bağçasında uzun illər fəaliyyət göstərmişdir. Onun fəaliyyət göstərdiyi tarixlər xx.xx.1998-ci il tarixli ARM ******* nömrəli əmək kitabçasında da müvafiq surətdə qeyd edilmişdir. Cavabdeh tərəfindən ona verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, onun təqdim etdiyi xx.xx.1988-ci il tarixli əmək kitabçasının surətinə əsasən onun ümumi sığorta stajı 22 il 3 ay olmaqla tələb olunan müddətdən azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2006-cı il tarixədək 771,08 manat, xx.xx.2006-cı il tarixindən sonra 13661,98 manat olmaqla, ümumilikdə 14433,06 manat təşkil etdiyi qeyd olunmuşdur. Ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, o, əmək kitabçasında qeyd olunan bütün tarixlərdə iş fəaliyyəti ilə aktiv surətdə məşğul olmuşdur. Arxiv sənədlərində həmin illərin sənədlərinin olmaması ona pensiyasının təyin olunmaması üçün əsas deyildir. İşlədiyi qurum tərəfindən işlədiyi müddətlə bağlı lazımi qeydlərin aparılıb-aparılmaması onun sosial təminat hüquqlarının pozulması üçün səbəb ola bilməz.
7. Cavabdeh iddiaya dar imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsi 09 mart 2022-ci il tarixli, 2-1(112)-1873/2022 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia tələbi təmin edilərək iddiaçıya 56 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1994-xx.xx.1994cü illər, xx.xx.1994-xx.xx.1998-ci illər ərzində 76 saylı Körpələr Evi-Uşaq Baxçasında tərbiyəçi işləmişdir. Bundan başqa, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1998-ci il tarixədək 76 saylı uşaq baxçasında tərbiyəçi vəzifəsində çalışmışdır və bununla bağlı əmrlərin surəti də məhkəməyə təqdim edilmişdir. Əmək kitabçasında göstərilən məlumatların, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş məlumat və əmrlərdən çıxarışların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müddət də iddiaçının sosial sığorta stajına əlavə edilməlidir.
10. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2093/2022 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova – sədrlik edən və məruzəçi, A.Oruczadə və M.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum m əbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə
8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər 8.1. beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
17. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadəl ərinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım o lan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
18. Əmək Məcəlləsi: Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir...
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya i nstansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkr arlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Hazırkı qərarın 16-ci bəndində qeyd olunan hüquq normasına əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İşin materialları ilə müəyyən olunur ki, iddiaçı altı uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmişdir (iddiaçının uşaqlarında n biri 13 yaşında vəfat etmişdir).
28. İddiaçının 5 fevral 1965-cü il tarixdə doğulduğu nəzərə alındıqda, onun yaşa görə əmək pensiyası hüququ 56 yaşının tamam olduğu 5 fevral 2021-ci il tarixdən («Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş sosial sığorta stajına və ya pensiya kapitalına dair şərtlər nəzərə alınmaqla) yaranmış olur.
29. Hazırkı mübahisəyə münasibətdə cavabdehin əsas dəlili iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi səbəbindən xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixinədək 79 saylı Uşaq Baxçasında tərbiyəçi işlədiyi dövrlərdə sosial sığorta stajının araşdırılmasının mümkün olmaması ilə bağlıdır.
30. Bununla bağlı qeyd etmək lazımdır ki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarınd an görünür ki, iddiaçının həmin dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur və bundan əlavə apellyasiya məhkəməsi tərəfindən iddiaçının №143 §2 xx.xx.1994-cü il tarixli işə daxil olma və №4 §1 xx.xx.1998-ci il tarixli işdən azad olunma əmrlərinin olduğu əmrlər kitabından həmin əmrləri özündə əks etdirən səhifələrin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı 76 saylı körpələr evi – uşaq bağçasına sorğusu göndərilmiş, sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsindən apellyasiya məhkəməsinə daxil olmuş məktuba əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 143 saylı xx.xx.1994-cü il tarixli əmrin §2 hissəsi ilə müvəqqəti dayə işinə qəbul edilmiş, 4 saylı xx.xx.1998-ci il tarixli əmrin §1 hissəsi ilə öz xahişinə əsasən işdən azad edilmişdir.
31. Belə olan halda iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək işləməsi və işlədiyi müəssisənin mövcud olması faktı öz təsdiqini tapmışdır.
32. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün olmuşdur. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kolle giyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2093/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.