Məhkəmə qərarları › İş №2-1(102)-239/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-239/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-239/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı-nin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X2 ibarət tərkibdə, İddiaçının nümayəndəsi X6, İddiaçının vəkili X4, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı-nin Cavabdehnə qarşı (üçüncü şəxs: X3) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 02 sentyabr tarixli, 2-1(103)-36/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x yaşayış binasının yanından keçən magistral istilik kəmərlərinin üzərində tikilən tikilinin sökülməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, x yaşayış binasının yanında İddiaçı-yə məxsus RİQ-6-dan istilik məntəqələrinə gedən, konkret olaraq Xətai rayonunun bir hissəsini istilik enerjisi ilə təchiz edən diametri 630 mm olan magistral istilik kəmərlərinin üzərində quraşdırılmış konpessatorun üzərində Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən tikinti işləri aparılmışdır ki, bu da magistral istilik xətlərinin istismarını mümkünsüz edərək Xətai rayonunun bir hissəsini istilik enerjisi ilə təchiz edən istilik xətlərinin istismarını dayandıracaqdır. İstilik xəttinin üzəri zəbt olunaraq digər məqsədlər üçün istifadə edilir ki, bu isə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 06 iyun tarixli Fərmanının 7-ci bəndinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Bundan əlavə, istilik təchizatı obyektlərinin və istilik xətlərinin üzərində və ya mühafizə zolağında tikinti işlərinin aparılması və ya digər məqsədlər üçün istifadə edilməsi “Tikinti norma və qaydaları”nın İİ - 36 - 73 8.14-cü bəndinin tələblərinə ziddir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Cavabdehnə, MKTB-yə, Polis İdarəsinə dəfələrlə yazılı şəkildə qeyd olunan ünvanda aparılan tikinti işlərinin təcili saxlanılaraq sökülməsi barədə müvafiq tədbirlərin görülməsi ilə bağlı müraciət olunsa da, hər hansı bir əməli tədbir görülməmişdir. Xətai rayon MKTB tərəfindən Cəmiyyətin müraciəti cavablandırılmış və bildirilmişdir ki, R.Məmmədov küçəsi, 156 - 170 saylı yaşayış binasının yanında İddiaçı-yə məxsus RİQ-6-dan istilik məntəqələrinə gedən diametri 630 mm olan magistral istilik kəmərlərinin üzərində quraşdırılmış konpensatorun üzərində hər hansı tikinti aparılmır və qeyd olunan ünvan nəzarətdədir. Cəmiyyətin nümayəndələri tərəfindən əraziyə bir daha baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həqiqətən də magistral is tilik xəttinin üzərində tikinti işləri aparılır.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2015-ci il 29 sentyabr tarixli, 2(011)1344/2015 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2015-ci il 14 dekabr tarixli, 2(103)-8360/2015 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş baxılması üçün məhkəmə aidiyyətı üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

6. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdeh qismində Cavabdeh, üçüncü şəxs qismində X3 göstərilməklə cavabdehin 2015-ci il 19 mart tarixli, 98 nömrəli sərəncamının etibarsız sayılaraq istilik kəmə rlərinin üzərində tikilmiş qeyri-yaşayış sahəsinin sökülməsini xahiş etmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 25 may tarixli, 2-1(82)775/2016 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, cavabdeh Bakı şəhəri Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi əsl cavabdeh Xətai Rayon İcra Hakimiyyəti ilə əvəz edilmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 16 iyun tarixli, 2-1(82)775/2016 nömrəli qərardadı ilə iddia tələbi “qeyri-yaşayış sahəsinin sökülməsi” hissəsində mümkün sayılmamışdır.

9. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək cavabdehin 2015-ci il 19 mart tarixli, 98 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci i l 22 sentyabr tarixli, 2-1(82)1120/2017 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisələndirilən sərəncamı əsasında inşa edilən tikilinin ərazidən keçən 630 mm-lik magistral istilik kəmərinin üzərinə düşməsi ekspert rəyi ilə inkar edilir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-37/2018 nömrəli 2018-ci il 30 avqust tarixli, qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehin xx.xx.2015-ci il tarixli, 98 nömrəli sərəncamı ləğv edilmişdir.

14. Apelly asiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh səlahiyyətinə aid olmayan torpaq sahəsində qeyri-yaşayış obyektinin inşasına icazə vermişdir.

15. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli, 2-1(102)-460/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 avqust tarixli, 2-1(103)-37/2018 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin və əlavə ekspert rəyləri arasında ziddiyyət olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən yaranmış ziddiyyət araşdırılmamış, rəy verən ekspert və mütəxəssis məhkəməyə dəvət edilib dindirilməmiş, zərurət olduğu təqdirdə təkrar ekspertizanın keçirilməsi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi konkret əsaslandırma aparmadan bir rəyi digər rəyə nisbətən daha mötəbər hesab etmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 02 sentyabr tarixli, 2-1(103)-36/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, Xətai rayon İcra Hakimiyyətinin Xətai rayonu, R.Məmmədov küçəsində 50 kv.m sahəsi olan mövcud tikilinin X1 adına sənədləşdirilməsi haqqında 2015-ci il 19 mart tarixli, 98 nömrəli sərəncamı ləğv edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin adından iş üzrə mütəxəssis rəyini vermiş X5 2020-ci il 12 avqust tarixli məhkəmə iclasına dəvət edilmiş və verdiyi rəylə bağlı bildirmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin qarşısındakı quyulara baxış keçirərək yerin altı ilə keçən istilik kəmərini görmüş və müəyyən etmişdir ki, obyekt kəmərin mühafizə zonasında yerləşir. İstilik kəməri baxış keçirdiyi hər iki quyudan aydın göründüyü üçün üzərinin qazılmasına ehtiyac olmamışdır.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ O NA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

21. Məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, iş üzrə mütəxəssis rəyləri ilə ekspert rəylərinin arasında olan ziddiyyətlər araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçının nümayəndəsi R.Nəsirovun təkrar tikinti texniki ekspertizasının keçirilməsinə dair vəsatəti təmin edilmiş 2019-cu il 25 iyun tarixli qərardadla iş üzrə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, mübahisələndirilən sərəncamla üç üncü şəxsin adına sənədləşdirilmiş tikintinin həmin ərazidən keçdiyi iddia edilən magistral istilik kəmərinin üzərinə və ya mühafizə zolağına düşüb-düşməməsinin müəyyən edilməsi barədə sual qoyulmuş, ekspertiza tədqiqatının həyata keçirilməsi üçün Ali Məhkəmənin göstərişinə müvafiq olaraq qazıntı işləri aparılaraq istilik kəmərinin üstünün açılması iddiaçıya həvalə edilmiş, lakin iddiaçı tərəfindən istilik kəmərinin üstünün qazılaraq açılması təmin edilmədiyi üçün ekspert X.İsgəndərov ekspertiza aparmaqdan imtina etmişdir. Bu faktda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci və 420-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

22. Məhkəmə qeyd olunan prosessual pozuntulara Fövqəladə Hallar Nazirliyinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentli yinin mütəxəssis rəyləri ilə kifayətlənərək qərar qəbul edərkən Mülkü Prosessual Məcəllənin tələblərini kobud şəkildə pozaraq, iş üzrə səthi və birtərəfli araşdırma aparmış və nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

23. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

24. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

25. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

26. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirili r. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş h allarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikay əti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə, iddiaçı mübahisənin düzgün, həm də qısa müddətdə həlli üçün öz tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları (məlumatları) iddia ərizəsinə əlavə etməli, yaxud ən azından birinci instansiya məhkəməsində icraatın gedişində məhkəməyə təqdim et məli idi. Buraya, xüsusilə, iddiaçının balansında və idarəetməsində olan istilik şəbəkələrinin yerləşmə vəziyyətini əks etdirən elə məlumatlar - sxemlər, planlar, foto materiallar və s. aiddirlər ki, onların mövcudluğunda, istilik xətlərinin yerləşmə vəziyyətini əyani təqdim etmək məqsədi ilə qazıntı işlərinin aparılmasına zərurət qalmır. Bu tələb, həm də təkcə bu mübahisəyə deyil, istilik şəbəkələri ilə bağlı olan və ya ola bilən digər mübahisələrə də aiddir. Belə ki, məhz lazımi qaydada tərtib və təsdiq olunmuş həmin sənədlərdən mötəbər və təkzibolunmaz sübutetmə vasitələri kimi istifadə oluna bilər.

31. İddiaçının təqdim etdiyi və işdə olan sxemə gəldikdə (İİ cild, iş v. 22), onun tərtibatından da göründüyü kimi, o, mübahisə bağlı həqiqi vəziyyəti özü-özlüyündə tam və aydın əks etdirmir. Məhz bu, səbəbdəndir ki, iş üzrə bir neçə dəfə ekspertiza tədqiqatı aparmaq (o cümlədən, qazıntı işləri aparmaqla) zərurəti yarınmışdır. Lakin həmin ekspertiza tədqiqatlarının nəticələri də ziddiyyətli olmuşdur.

32. Üçüncü şəxsin də əsas dəlili ondan ibarətdir ki, ekspertiza tədqiqatı, deməli həm də həmin tədqiqatın nəticələrinə əsaslanan məhkəmə tədqiqatı həmin şəxsə deyil, digər şəxsə məxsus olan və istilik xəttinin 1.5 metrliyində yerləşən tikiliyə münasibətdə aparılıb. Ona məxsus tikili isə, 2017-ci il 8 iyun tarixli 5479 №-li ekspert rəyində göstərildiyi kimi, istilik xəttindən 5.2 metr məsafədə yerləşir (İ cild, iş v. 215, 216; İİ cild, iş v. 80, 81, 88-94).

33. İşdə olan 2016-cı il 7 noyabr tarixli “rəy”ə gəldikdə (İ cild, iş v. 211), həmin “rəy”də tədqiqatın hansı qaydada aparı ldığına (tədqiqatın təsvirinə) və nəticənin əsaslarına dair məlumat yoxdur, “rəy”də göstərilən vəziyyəti əks etdirən hər hansı əyani məlumatverici sənəd (sxem, foto və s.) “rəy”ə əlavə olunmamışdır.

34. Məhkəmə kollegiyası nəzərə alır ki, 2016-cı il 7 noyabr tarixli “rəy”i vermiş “mütəxəssis” M.Nəbiyev apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə iclasında dindirilmiş, ondan rəylə bağlı izahatlar alınmışdır. Lakin onun izahatı da işin həqiqi vəziyyətinə tam aydınlıq gətirməmişdir. Belə ki, o, istilik kamerasına (quyuya) baxdıqda istilik xətlərinin göründüyünü, onların düzünə çəkildiyini, tikilinin istilik xəttinin mühafizə zolağına düşdüyünü bildirmişdir. Lakin “mütəxəssis”in izahatında qeyd olunanlar iddiaçının təqdim etdiyi sxemdəki (İİ cild, iş v. 22) və fotoşəkillərdəki (İ cild, iş v. 157-159) məlumatlarla, habelə, üçüncü şəxsin dəlilləri ilə müqayisəli şəkildə tədqiq olunmamış və qiymətləndirilməmişdir.

35. İşin qeyd olunan hallarının tədqiq olunması və qiymətləndirilməsi iş üçün ona görə əhəmiyyət kəsb edir ki, hətta cavabdehin sərəncamı - apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi faktiki və hüquqi hallara görə - özü-özlüyündə aşkar olaraq qanunsuz olduğu halda belə, hazırkı iş üzrə üçüncü şəxs K.Cümşüdova üçün əlverişli olan həmin sərəncamın ləğvinə dair iddiaçının tələb hüququ məhz həmin halların müəyyən və təsdiq olunmasında irəli gəlir.

36. Buna görə, iş üzrə toplanmış, lakin bir-biri ilə ziddiyyət təşkil edən sübutlar (iddiaçının təqdim etdiyi sxem və fotoşəkillər, ekspert və mütəxəssis rəyləri, üçüncü şəxsin təqdim etdiyi fotoşəkillər v ə s.) tam və hərtərəfli tədqiq olunmalı, zərurət olduqda, mübahisənin düzgün həlli üçün həmin sübutlar icraatın iştirakçıları ilə birlikdə bilavasitə yerində - üçüncü şəxsə məxsus tikilinin yerləşdiyi və istilik xəttinin keçdiyi əraziyə baxış keçirtməklə - yoxlanılmalı və qiymətləndirilməlidir.

37. İPM-in 12.1, 82 və 57.8-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli o lduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 02 sentyabr tarixli 21(103)-36/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova İ.R.Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar