Məhkəmə qərarları › İş №2-1(102)-2390/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2390/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2390/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü, subyektiv hüquq, oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X1) “qeydə düzəliş edilməsi və çıxarışın ləğvi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2-1(104)-403/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi və iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, “dövlət mülkiyyətində və faktiki iddiaçıların istifadəsində olmaqla, Şəmkir rayonu, Ceyrançöl massivi, 36, 37 saylı qış otlaq sahəsində ye rləşən 382 ha torpaq sahəsi ilə bağlı xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 328 nömrəli reyestr kitabının 17 saylı vərəqində X2 oglunun adına aparılmış ********** nömrəli qeydiyyata müvafiq düzəliş edilərək, torpaq sahəsinin icarə müddəti üzrə yüklülüyün son müddətinin xx.xx.2017-ci ilədək (xx.xx.2015-ci ilədək) düzgün göstərilməsi və həmin qeydiyyat əsasında xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. Gəncə İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli, 2-1(114)-221/2024 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) ilə iddia mümkün sayılmamışdır.

3. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2-1(104)-403/2024 nömrəli qərardadı (R.Ma medov /sədrlik edən və məruzəçi/, A.Bayramov və M.Mustafayev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. Məhkəmələrin mövqeyinə görə iddiaçılar üçüncü şəxsin icarə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsini və qeydin ləğv olunmasını tələb etsələr də həmin sahə ilə bağlı hər-hansı hüquqa malik olmalarını təsdiq edən sübut təqdim etməmişlər. Həmçinin mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçılardan İddiaçı2 mülkiyyətində olan əmlak kompleksi üçüncü şəxsin icarəsinə verilmiş torpaq sahəsində yerləşmir. Odur ki, iddiaçılar həmin qeydin ləğv edilməsi ilə bağlı subyektiv hüquqa malik deyil. Belə ki, iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı su byektiv hüququnun yaranması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir

5. İddiaçılar kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişlər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İ nzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayət i hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişd irilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

8. Hazırkı iş də, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

9. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud, və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya məhkəməsi analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2024-cü il tarixli, 2-1(102)-37/2024 nömrəli; xx.xx.2024 -cü il tarixli 21(102)-47/2024 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-2094/2023 nömrəli; xx.xx.2023cü il tarixli, 2-1(102)- 86/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-1796/2023 nömrəli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, eləcə də iddiaçı hazırkı işdə kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

11. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisəli torpaq sahəsinə dair üçüncü şəxsin icarə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsini və qeydin ləğv olunmasını cavabdehdən tələb etmək üçün hər hansısa hüquqlarının və ya onun titul sahibliyinin mövcudluğunu təsdiq edəcək sənədlər müəyyən olunmamışdır. Beləliklə, hazırkı iş üzrə iddiaçıların mübahisə açdığı torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı sübuta yetirilmir, onların həmin torpaq sahəsinə əşya hüququ təsdiqini tapmır.

12. Odur ki, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

13. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2-1(104)-403/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətinin icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar