Məhkəmə qərarları › İş №2-1(102)-2400/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2400/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2400/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 may tarixli 2-1(103)-877/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdeh ə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 5 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı yoxdur. İddiaçı 2018-ci il 10 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmə k pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 2018-ci il 7 noyabr tarixdə 64 yaşı tamam olur və onun 25 il sığorta stajı var. Buna görə də, ona yaşa görə əmək pensiyası təyin olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 yanvar tarixli 2-1(81)319/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 2006-cı il 1 yanvar tarixə 25 il sığorta stajı var və 2018-ci il 7 noyabr tarixdə o, pensiya yaşına çatmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 may tarixli 2-1(103)-877/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 27 may tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 12 iyun tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə gö rə, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında yalnız 1971-ci il 15 sentyabr tarixən 1973-cü il 1 oktyabr tarixə, 1980-cı il 28 aprel tarixdən 1985-ci il 22 mart tarixə və 1985-ci il 26 mart tarixdən 1997-ci il 14 oktyabr tarixə qədər işləməsi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi həmin müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi, həmin müəssisələrin ümumiyyətlə hüquqi şəxs kimi mövcud olub-olmaması halları məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə arayış təqdim olunaraq onun 1976-cı ilin avqust ayından 1980-ci il 25 aprel tarixinə qədər “Abşeron” kinoteatrında işləməsi qeyd olunmuşdur. Məhkəmə isə Milli Arxiv İdarəsinin 2018-ci 8 avqust tarixli Arxiv arayışını nəzərə almayaraq həmin arayışda qeyd edilən dövrləri sosial sığorta stajı kimi nəzərə almışdır. Göründüyü kimi, məhkəmə qərarında iddiaçının 25 il sığorta stajının olmasını qeyd etsə də, həmin hal işdə olan sənədlərlə təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1, 68.1, 68.2-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğind ən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının 1954-cü il noyabrın 7-də doğulduğu nəzərə alındıqda, onun 63.5 yaşının tamam olduğu 2018-ci il 7 may tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəz ərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1971-ci il 15 sentyabr tarixdən 1973-cü il 1 oktyabr tarixədək Nəsimi rayonu 19 nömrəli orta məktəbdə, 1980-cı il 28 aprel tarixdən 1985-ci il 22 mart tarixədək Bakı şəhər İcraiyyə Komitəsi Daxili İşlər İdarəsinin idarədənkənar mühafizə şöbəsində, 1985-ci il 26 mart tarixdən 1997-ci il 14 oktyabr tarixədək 65 nömrəli mağazada işləmişdir. İddiaçı 1974-cü il 29 may tarixdən 1976-cı il 14 iyun tarixədək hərbi xidmətdə olmuşdur. Bundan başqa, “Azərkinovideo” İstehsalat Birliyinin “Abşeron” kinoteatrının 1997-ci il 24 oktyabr tarixli 125 nömrəli arayışına əsasən, iddiaçı 1976-cı il 16 avqust tarixdən 1980cı il 25 aprel tarixədək həmin kinoteatrda işləmişdir. Cavabdehin şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında göstərilən müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi, həmin müəssisələrin ümumiyyətlə hüquqi şəxs kimi mövcud olubolmaması halları məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmi ş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Digər tərəfdən, məhkəmə kollegiyası nəzərə alır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci i l 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisələrin) 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olu rdu. Şikayətin digər dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən məhkəməyə arayış təqdim olunaraq onun 1976-cı ilin avqust ayından 1980-ci il 25 aprel tarixinə qədər “Abşeron” kinoteatrında işləməsi qeyd olunmuşdur. Məhkəmə isə Milli Arxiv İdarəsinin 2018-ci 8 avqust tarixli arxiv arayışını nəzərə almayaraq həmin arayışda qeyd edilən dövrləri sosial sığorta stajı kimi nəzərə almışdır. Şikayətin həmin dəlili də iddianın əsaslılığına təsir etmir. Belə ki, qeyd olunan arayışda 1976-80-ci illərə dair əmr kitablarının arxivə təhvil verilmədiyi bildirilsə də, müəssisənin həmin illərə dair əmək haqqı hesablama-ödəniş cədvəllərinin arxiv fondunda mövcud olduğu və iddiaçının işlədiyi müddət ərzində aldığı aylıq maaşı arayışa əlavə olunun cədvəldə göstərilmişdir. Həmin arxiv arayışında və “Azərkin ovideo” İstehsalat Birliyinin “Abşeron” kinoteatrının 1997-ci il 24 oktyabr tarixli 125 nömrəli arayışında qeyd olunan məlumatlar biri-birini təkzib etmir, əksinə, həmin məlumatlara əsasən, iddiaçının 1976-cı il 16 avqust tarixdən 1980-cı il 25 aprel tarixədək həmin kinoteatrda işlədiyi təsdiq olunur. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı və təqdim olunmuş arayışdakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə yoxdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün dür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 may tarixli 2-1(103)-877/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova A.S.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar