Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-241/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik müavinətinin birdəfəlik olaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1994-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publ ik hüquqi şəxsinə qarşı “əlillik müavinətinin birdəfəlik olaraq ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2-1(103)-578/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə ikinci dərəcə əlillik təyin edilmişdir. TSEK-in diaqnozu “irsi retinal distrofiya. OU-İrsi tapetoretinal distrofiya. Zəif dərəcəli hipermetropya. OU-Müştərək çəpgözlük, VOU-0,07 k/etmir. Doğuş travmasında n sonrakı ensefaloptiya. Kəllə daxili hipertenziya” olmuşdur. Növbəti müayinə tarixinin xx.xx.2021-ci il olması qeyd edilmişdir.
2. Tibbi-Sosial Ekspert Komissiyasının 0531003AALYN nömrəli göndərişlə bağlı cavabında qeyd edilmişdir ki, iddiaçı TSEK-də xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulduğundan, həkimin rəyi – xəstənin Akademik Z.Əliyeva adına MOM-da müayinə olunması haqqında Səhiyyə Nazirliyinin reyestrində məlumat olmadığından ona imtina edilmişdir. 3. 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli, 0531003AALYN nömrəli “Həkim Məsləhət Komissiyasının bildirişi”nə əsasən, iddiaçı Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş “Tibbisosial ekspert komiss iyasına göndərişlərin reyestri”nə daxil edilmişdir.
4. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışa əsasən, iddiaçıya xx.xx.2021-ci il tarixdə yenidən ikinci dərəcəli əlillik müəyyən edilmişdir (diaqnoz – irsi retinal distrofiyalar, OU-torlu qişanın kolbacıq distrofiya VİZUS OU – 0,06 k/etmir). İddiaçının əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2026-cı il qeyd edilmişdir.
5. İddiaçı cavabdehə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət ərzində əlilliyə görə müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdehin 2 mart 2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir.
6. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixi nədək İİ dərəcə əlilliyə görə müavinət təyin edilmiş və əlillik müddətinin bitməsi ilə əlaqədar müavinətinin ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. X1 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının xx.xx.2021-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq ona xx.xx.2021-ci il tarixindən İİ dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ö türülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə, əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. İddiaçının əlillik dərəcəsinin müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Bu səbəbdən onun təkrar əlillik dərəcəsi xx.xx.2021-ci il tarixindən müəyyən edildiyindən (əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) iddiaçıya ərizəsində qeyd etdiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericil iyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün əlillik müavinətinin birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi İİ qrup əlilliyə görə müavinət təyin edilmiş və əlillik müddəti bitdiyi üçün xx.xx.2021-ci il tarixindən müavinətin ödənilməsi dayandırılmışdır. İddiaçı yenidən həkim müayinələrindən və komissiyalarından keçdikdən sonra İİ qrup əlilliyi b ərpa edilmiş və xx.xx.2021-ci il tarixdən yenidən müavinət ödənilməsi davam etdirilmişdir. Lakin arada olan 6 ay müddət üçün ödəmə aparılmamışdır. Bu barədə cavabdeh təşkilata müraciət etdikdən sonra cavabdeh imtina verərək imtinasını onunla izah etmişdir ki, təkrar qiymətləndirmədən 6 ay müddət keçdiyi üçün həmin dövr üçün ödəmə aparıla bilməz. Cavabdehin imtinası qanunsuzdur. Çünki iddiaçının əlilliyi gözlə bağlıdır. Bu əlillik xx.xx.2016-cı il tarixdə müəyyən edilmişdir və həmin əlillik bu günə kimi davam edir. Arada keçən 6 aylıq müddət iddiaçının günahı deyil, müayinələrin uzanması, həkimlərin səhlənkarlığı və sistemdə yaranmış problemlərlə bağlıdır. Mübahisə edilməyən fakt odur ki, ilk əlillik təyin edilən gündən bu günə kimi iddiaçının əlilliyi cavabdeh tərəfindən mübahisələndirilmə mişdir. Beləliklə, bürokratik maneələr, həkim səhlənkarlığı və müayinə nəticələrinin sistemə vaxtında vurulmaması onların haqqı olan illik müavinətin ödənilməməsi üçün hüquqi əsas ola bilməz.
9. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlil liyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Sözügedən Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçı əlillik statusunu xx.xx.2021-ci il tarixində “qazanmışdır”. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən, sözügedən Qanunun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrə görə ona müavinət ödənilməsi qanuna ziddir.
10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Burcayev) 5 iyul 2022-ci il tarixli, 21(118)-1724/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün əlillik müavinətinin birdəfəlik olaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqanın iddiaçının ərizəsinin təmin edilməsinə dair etirazı əsassızdır. Hazırkı iş üzrə iddiaçının İİ qrup əlil olması işin mübahisəsiz tərəfidir. Belə ki, xx.xx.2016 - xx.xx.2021 və xx.xx.2021xx.xx.2026-cı illər üzrə iddiaçıya əlillik müddəti təyin edilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 6 aylıq müddət ərzində iddiaçıya əlilliyin yenidən təyin edilməsinin uzanması iddiaçının təqsiri deyildir. Yəni, 6 ay ərzində iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun İİ dərəcə əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla, iddiaçı əlilliyi olan şəxs hesab edilir. Həmin 6 aylıq müddət ərzində iddiaçıya müavinətin ödənilməməsi onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar. Beləliklə, iddiaçı iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icr aat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 20 sentyabr 2022-ci il tarixli, 2-1(105)-578/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 5 iyul 2022-ci il tarixli, 2-1(118)1724/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri id dia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd edir ki, müddətin altı ayı keçməsi və həmin müddətin ötürülməsi cavabdeh orqanın da təqsiri sayılmamalı idi. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... 19. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;... Maddə
3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.... 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs;... Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil old uğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir....
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar... 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir....
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatl ar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiya sı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətini n dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İ nsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinə etirazın və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
28. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin və şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunve riciliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün əlillik müavinətinin birdəfəlik olaraq ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixinin xx.xx.2021-ci il olması qeyd edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə yenidən ikinci dərəcəli əlillik müəyyən edilmiş və onun əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2026-cı il qeyd edilmişdir.
32. Hazırkı qərarın 21-ci bəndində qeyd edilmiş normaya əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Belə olan halda, iddiaçıya xx.xx.2016-cı il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyə görə növbəti müayinə tarixi xx.xx.2021-ci il qeyd olunduğundan, iddiaçı xx.xx.2021-ci il tarixə kimi əlil hesab olunmuşdur.
33. Bundan sonra, iddiaçı əlilliyin yenidən qiymətləndirilməsi ilə bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsində göstərilən müddət (6 ay) ərzində müvafiq müayinə və proseduralardan keçmiş, nəticə olaraq barəsində 0531003AALYN nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndəriş əsasında iddiaçı xx.xx.2021-ci il tarixdə TSEK-də müayinə olunmuş, lakin xx.xx.2021-ci il tarixdə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası olaraq isə iddiaçının sağlamlıq vəziyyəti deyil, iddiaçıdan asılı olmayan xüsusat – dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması və həkimin rəyinin – xəstənin Akademik Z.Əliyev a adına MOM-da müayinə olunması haqqında məlumatın Səhiyyə Nazirliyinin reyestrində olmaması qeyd edilmişdir.
34. İmtinaya əsas olan hallar aradan qaldırıldıqdan sonra (iddiaçının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmasına dair göndərişin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilməsi barədə 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli, 0531003AALYN nömrəli “Həkim Məsləhət Komissiyasının bildirişi” və 0531003AAMYJ nömrəli göndəriş) iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edilmiş, bu zaman isə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsində qeyd edilən müddət (6 ay) 1 ay ötürülmüşdür.
35. Cavabdehin imtinasının və kassasiya şikayətinin başlıca dəlili “Əlilliyi olan şəxslərin hüquqları h aqqında” Qanunun 3.3-1-ci maddəsinin tələblərinə əsasən 6 aylıq müddətin ötürülməsindən ibarətdir.
36. Nəzərə almaq lazımdır ki, qanunvericilikdə müddət məhdudiyyətinin tətbiq edilməsi inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsinə, hüquq münasibətləri iştirakçılarının intizamlandırılmasına və onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edilməsinə xidmət edir.
37. Yuxarıda qeyd olunan və işin mübahisələndirilməyən hallarını təşkil edən xüsusatlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilən müddət ərzində öz üzərinə düşən davranışları həyata keçirmiş, müvafiq müayinə prosedurlarından keçmiş və qanunvericilikdə müəyyən edilən müddət daxilində TibbiSosial Ekspert Komi ssiyasının müayinəsindən keçmişdir. Lakin iddiaçıya əlilliyin təyin edilməsindən imtina verilsə də, bu imtina iddiaçının xəstəliyi və ya hər hansı davranışı ilə bağlı olmamış, iddiaçının göndərişini tərtib edən dövlət səhiyyə müəssisəsinin təqsirinin nəticəsi olmuşdur. Belə ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuş, həkimin rəyi – xəstənin Akademik Z.Əliyeva adına MOM-da müayinə olunması haqqında məlumat Səhiyyə Nazirliyinin reyestrində olmamışdır.
38. Həmin məlumatların tərtibində natamamlığa yol verilməsi nəticəsində müddətin ötürülməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən sosial təminat hüququnun pozulmasına və məsuliyyətinə səbəb ola bilməz. Nəzərə almaq lazımdır ki, səhiyyə müəssisəsinin formal tələblərə əməl etməməsinə görə müddətin ötürülməsi iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
39. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2-1(103)-578/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.