Məhkəmə qərarları › İş №2-1(102)-2444/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2444/2019

24.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2444/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: mənzilə münasibətdə istifadə hüququ olmayan şəxsin pasport qeydiyyatından çıxarılması. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X6, X4 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, üçüncü şəxs X1 və onun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə və üçüncü şəxs X3 qarşı pasport qeydiyyatından çıxarılma tələbinə da ir Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-623/2019 saylı iş üzrə 09 aprel 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 sentyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25 nömrəli evin 305 nömrəli mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək həmin mənzilindən üçüncü şəxs X1 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh 2017-ci il 28 oktyabr tarixli məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə istinad edərək mür aciətin təmin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək ona məxsusBakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25 nömrəli evin 305 nömrəli mənzilindən üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25 nömrəli evin 305 nömrəli mənzilinə yaxın qohumu olan üçüncü şəxsi qeydiyyata saldırmışdır. Lakin üçüncü şəxs iddiaçının və ailə üzvlərinin sözügedən mənzilindən istifadəsinə maneçilik törədir. Bu səbəbdən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228.5-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 8 yanvar tar ixli, 2-1(82)-363/18 nömrəli qərarı (hakim – R.L.Kərimli) ilə iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25 nömrəli evin 305-ci mənzilindən X1 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1390/2018 saylı, 08 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2343/2018 saylı, 28 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – İ.K.Hüseynov, hakimlər – Z.M.Quliyev və N.İ.Rəsulbəyova) üçüncü şəxsin kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1390/2018 saylı, 08 avqust 2018-ci il tarixli qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-623/2019 saylı, 09 aprel 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – V.Ə.Baxışova və H.Ü.Həmidov) ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 8 yanvar tarixli, 2-1(82)-363/18 nömrəli qərarı ləğv olunmuş, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X5) “iddiaçı ya məxsus Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25 nömrəli evin 305-ci mənzilindən X1 qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verib apellyasiya məhkəməsinin qərarını ləğv edərək iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, iddiaçının dövlət tərəfindən qeydiyyata alınmaqla tanınmış mülkiyyət hüququ pozulur. Ona məxsus olan mənzil de-fakto Hüseynova Fatma tərəfindən zəbt olunmuşdur, iddiaçı və onun ailə üzvləri mənzilə daxil ola bilmirlər. Məhkəmə öz qərarında F.Hüseynovanın mənzildə yaşamaq hüququnun olmamasını qeyd etsə də, öz mövqeyinin əksinə olaraq onun qeydiyyatdan çıxarılma sı üçün qanuni əsasların olmadığını bildirir. Mülkiyyətçinin mənzildə qeydiyyatda olan, lakin istifadə hüququ olmayan şəxsi qeydiyyatdan çıxarmaq hüququnun olmaması anlaşılan deyildir. Belə çıxır ki, mülkiyyətçi istənilən şəxsi öz mənzilinə qeydiyyata salmaq hüququna malik olsa da, qeydiyyatdan çıxarmaq hüququna malik deyildir. Hazırkı işlə bağlı nəzərə alınmalıdır ki, F.Hüseynova mülkiyyətçinin və onun ailə üzvlərinin razılığı ilə qeydiyyata alınıb. Lakin iddiaçı və onun ailə üzvləri hazırda mənzildən istifadə edə bilmirlər, F.Hüseynova onları mənzilə buraxmır. Qeyd edilən hərəkətlər iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs və onun vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddin də baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmalıdır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri v ə olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətənd aşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericiliyin mənasına görə qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa qanuni hüququ mövcud olduqda və ya hər hansı belə hüquq olmadan yaşayış sahəsini verən şəxsin iradəsi (razılığı) əsasında. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı mülkiyyətçi kimi ona məxsus olan mənzildən yaşayış sahəsinə köçmək üçün hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. İddiaçının bu hüququ Mülki Məcəllənin 157.4-cü maddəsindən irəli gəlir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun «şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması» adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında mənzilə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Kollegiyanın qənaətinə görə konkret bu halda, “qanunun keyfiyyəti” ilə bağlı məsələdən söz edilə bilər. Belə ki, qanun yaşayış sahəsinə köçmək üçün özünə məxsus ayrıca müstəqil hüquqi əsası olmayan şəxsin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyata alınmasını mümkün hesab etdiyi halda, yenə həmin kateqoriyaya aid şəxslərin yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanını da nəzərdə tutmalıdır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinin tələbindən irəli gəlir. Həmin maddəyə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət) əsaslanmalıdır. Bu halda, vətəndaşa yaşayış sahəsi verən şəxsin mənafeyinə bərabər münasibət göstərilməmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən «qanunla nəzərdə tutulmuş» ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcə də müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Beləliklə, kollegiyanın qənaətinə görə, ümumi hüquqi tənzimləmə sistemində müəyyənlik, hüquq normalarının anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olması, onların tənzimlədikləri sahələrdə ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmaları xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik tənzimləmələrinin göstərilən tələblərə uyğun həyata keçirilməsi hüququn aliliyinin ayrılmaz elementi olaraq həm qanunvericilik, həm də hüquq tətbiqetmə fəaliyyətində insan hüquqlarının səmərəli müdafiəsinin təmin olunması üçün zəmanət yaradır. Ona görə də, hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün isə hüquq normaları yuxarıda da qeyd edildiyi kimi anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olmalı və ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdırlar. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun «şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması» adlı 9-cu maddəsində mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması həmin qanunvericilik tənzimləməsinin hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyinə dəlalət edir. Bu halda, “qanunun keyfiyyəti” ilə bağlı həmin qüsur məhkəmə təcrübəsində formalaşdırı lan təfsir vasitəsilə aradan qaldırılmalıdır. Bu mənada, kollegiya hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli, 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Yaşayış sahəsinə münasibətdə hər hansı mülki hüquqi mənada əmlak hüquqlarının sahibi olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılması məsələsinə həmçinin mütənasiblik prinsipinin tələbləri baxımından da yanaşılmalıdır. Hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yol verilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazılığa da əməl olunmalıdır. Bu mənada, kollegiya hesab edi r ki, mülkiyyətçinin bunu istəmədiyinə baxmayaraq ona məxsus yaşayış sahəsinə münasibətdə hər hansı mülki hüquqi mənada əmlak hüquqlarının sahibi olmayan şəxsləri bu sahədə müvafiq təkmil qanunvericilik tənzimləməsi olmadığına görə qeydiyyatdan çıxara bilməməsi onun mülkiyyət hüququna edilən müdaxilənin ağlabatan və ədalətli tarazılıq həddini keçməsinə səbəb olur. Artıq yuxarda şərh olunduğu kimi məhkəmə belə qənaətə gəlmişdir ki, bu məsələdə qüvvədə olan qanunvericilik “qanunun keyfiyyəti” ilə bağlı hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermir. Odur ki, yetərsiz qanunvericilik tənzimləmələrindən irəli gələn problemin yükünün mülkiyyətçinin üzərinə qoyulması onun hüquqlarına qeyri-mütənasib müdaxilə təşkil etmiş olardı. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, qeydiyyatdan çıxarı lan şəxslərin bu halda, qeydiyyatda qalmağa dair hər hansı əsaslı mənafeləri də müəyyən olunmur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun «Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması» adlı 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məluma tı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Kollegiya hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən üçüncü şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə ki, üçüncü şəxsin mübahisə ilə bağlı mövqeyi ondan ibarətdir ki, ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzili 11 oktyabr 2007-ci il tarixdə notarial qaydada bağladığı müqavilə ilə bacısı oğ lu olan hazırkı iddiaçıya bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən həmin mənzil İddiaçı adına reyestrdə qeydə alınmış, daha sonra isə dövlət ehtiyacları ilə əlaqədar geri alınma ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti ilə bağlanılmış 17 oktyabr 2014cü il tarixli müqavilə ilə həmin mənzil satılmışdır. Mənzilin satılmasından əldə edilmiş vəsait hesabına isə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25 nömrəli evin 305 nömrəli mənzili alınmış və F.Hüseynova ümumi razılığa əsasən həmin mənzilə pasporta qeydiyyatına salınmışdır. Üçüncü şəxsin qənaətinə görə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25 nömrəli evin 305 nömrəli mənzil onun mülkiyyətçisi olduğu və iddiaçıya bağışladığı mənzildən əldə edilmiş vəsait hesabına əldə olunduğu üçün onun həmin mənzildən istifadə hüqu qu vardır. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, üçüncü şəxsin Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25 nömrəli evin 305 nömrəli mənzilindən mülki hüquqi mənada əmlak hüququ kimi istifadə hüququ yoxdur. Belə ki, Mülki Məcəllənin 203.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanm ış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsində isə təsbit edilmişdir ki, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Göstərilən normaları nəzərə almaqla kollegiya qeyd edir ki, iddiaçı ilə üçüncü şəxs arasında ünvan 1 ünvanda yerləşən mənzilin bağışlanılmasına dair bağlanılmış müqavilə hər hansı şərt və ya öhdəliklərlə şərtləndirilməmiş müqavilə olmamışdur. Həmin müqaviləyə əsasən mənzilə dair üçüncü şəxsin adına olan daşınmaz əmlakın dövlət reyetsrindəki qeydiyyat ləğv edilmiş və yeni mülkiyyətçi kimi iddiaçının adına qeydiyyat aparılmışdır. Odur ki, F.Hüseynova bağışlama müqaviləsini hər hansı şərt və ya öhdəliklə şərtləşdirilmədən bağladığı üçün onun adına olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildiyi andan onun həmin mənzilə olan mülkiyyət hüququ itirilmiş olur. Mülkiyyət hüququ itirildiyi üçün onun tərkib hissələrindən biri olan istifadə hüquqa da avtomatik itirilir. Buna görə də, kollegiya üçüncü şəxsin yeni alınmış mənzil onun bağışladığı mənzildən əldə edilmiş vəsait hesabına alındığına görə həmin mənzildən istifadə hüququnun mövcudluğu ilə bağlı dəlillərini əsassız sayır. Kollegiya eyni zamanda qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı ilə üçüncü şəxs arasında mülki məhkəmə icraatı qaydasında baxılmış məhkəmə mübahisələri olmuş və artıq həmin işlər qanuni qüvvədə olan məhkəmə aktları ilə yekunlaşmışlar. Sözügedən məhkəmə işlərində İddiaçı F.Hüseynovanın Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25 nömrəli evin 305 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsinə dair iddiası rədd edilmişdir. Lakin məhkəmələr bu zaman hesab etmişlər ki, F.Hüseynova mübahisəli mənzildə qeydiyyatda olsa da, həmin mənzilə hüquqlar əldə etməmişdir, qeydiyyat mənzilə dair hüquqlar əldə edilməsinə əsas vermir. Göründüyü kimi qanuni qüvvədə olan məhkəmə aktları ilə F.Hüseynovanın mübahisəli mənzilə dair əmlak hüququ kimi istifadə hüququna sahib olmadığı müəyyən edilmişdir. Bu vəziyyətin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin 5-ci bəndində təsbit edilmiş halı yaradıb-yaratmadığı ilə bağlı olaraq kollegiya aşağıdakıları qeyd edir. Kollegiyanın qənaətinə görə qanunda təsbit edilmiş “yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında” ifadəsini hərfi mənada təfsir etmək doğru olmazdı. Başqa sözlə, qanunda təsbit edilmiş bu hal mütləq elə bir məhkəmə aktının çıxarılmasını tələb etmir ki, həmin aktla birbaşa olaraq qanunda təsbit edildiyi kimi formulə edilməklə kiminsə yaşayış sahəsində çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi təsbit edilmiş olsun. Qanunun bu norması həm də onu nəzərdə tutur ki, çıxarılmış məhkəmə aktı ilə əgər şəxsin yaşayış sahəsindən istifadə hüququna malik olmadığı müəyyən edilmişdirsə, bu hal «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin 5-ci bəndində təsbit edilmiş qeydiyyatdan çıxarılmanın əsasını yaradır. Çünki Qanunun əsas müəyyən etmək istədiyi məsələ şəxsin müvafiq yaşa yış sahəsindən istifadə hüququna malik olub-olmadığıdır. Odur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələni həll edən məhkəmə aktında şəxsin yaşayış sahəsindən istifadə hüququna malik olmadığının müəyyən edilməsi, belə hüquqa malik olmuş şəxsin həmin hüququna xitam verilməsinə dair məhkəmə aktı ilə eyni hüquqi nəticələri yaratmalıdır. Müvafiq olaraq hazırkı iş üzrə əvvəllər çıxarılmış məhkəmə aktları ilə üçüncü şəxsin mübahisəli mənzilə münasibətdə istifadə hüququna malik olmadığı müəyyən edildiyindən bu hal, iddiaçının müraciətinə əsasən «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin 5-ci bəndinə istinadla üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasını yaradır. Bundan başqa, sözügedən məhkəmə aktları ilə həm də F.Hüseynovanın ünvan 1 ünvanda yerləşən mənzilin bağışlanması müqaviləsinin ləğvinə dair iddiası da təmin olunmamışdır. Bu isə bağışlama müqaviləsinin hüquqi nəticələrinin keçərli olmaqda davam etdiyini, başqa sözlə, üçüncü şəxsin mənzilə olan mülkiyyət və onun tərkib hissəsi kimi istifadə hüququnun itirildiyini təsdiq edir. İtrilmiş belə istifadə hüququ isə qeydiyyata düşməklə mübahisəli mənzildə yenidən yarana bilməz. Kollegiya həmçinin qeyd edir ki, üçüncü şəxs Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları baxımında da mülkiyyətçinin ailə üzvü və müvafiq olaraq mənzildən istifadə hüququna malik olan şəxs kimi tanına bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ali Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Buna görə, üçüncü şəxs F.Hüseynova Azərbaycan Respublikası Ali Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs deyildir. Beləliklə, üçüncü şəxsin Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25 nömrəli evin 305 nömrəli mənzilindən əmlak hüququ kimi istifadə hüququna malik olmadığı həm Mülki Məcəllənin və Mənzil Məcəlləsinin normalarına gö rə, həm də qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunduğundan o, həmin mənzilə münasibətdə hər hansı əmlak hüququnun sahib deyildir. Buna görə də, iddiaçı həm mülkiyyətçi kimi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq, həm də «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara al dı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-623/2019 saylı iş üzrə 09 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 25 nömrəli evin 305-ci mənzilindən X1 qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar