Məhkəmə qərarları › İş №2-1(102)-245/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-245/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-245/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs X9 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə çıxarış verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9 iştirakı ilə) “çıxarışlar və plan ölçü sənədlərinin hazırlanması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2021-ci tarixli, 2-1(105)-292/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 03 may 2007-ci il tarixli **********22 reyestr nömrəli və **********21 reyestr nömrəli çıxarışlara əsasən Ünvan1 yerləşən 3,38 ha. və 1,7364 ha. torpaq sahələri üzərində X7 və digərlərinin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İddiaçı Ünvan1 yerləşən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi məqsədilə 23 sentyabr 2019-cu il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmi şdir. Cavabdeh 30 may 2019-cu il tarixli **********99 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

3. Cavabdehin imtinasını belə əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin 16 fevral 2006-ci il tarixli, 2-55-2006 nömrəli məhkəmə qətnaməsində göstərilmiş Ünvan1 yerləşən 1,73 ha. və 3,38 ha. torpaq sahələrinə 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına dövlət reyestrindən 03 may 2007-ci il tarixli, **********21 və **********22 reyestr nömrəli çıxarışlar verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16.02.2006-cı il tarixli məhkəmə qətnaməsi və 29.12.2006-cı il tarixli alqı-satqı müqaviləsini nəzərə alaraq, İd diaçı ilə X12 arasında - 2,77 ha. bağ sahəsinin yerdə qalan 1,7364 ha. hissədə və 3,38 ha. əkin sahəsinin tam hissədə alqı-satqısına dair əqdlərin bağlanmış sayılması əsasında, X adına verilmiş 03 may 2007-cil il tarixli **********21 və **********22 reyestr nömrəli çıxarışlarının dəyişdirilərək İddiaçı adına müvafiq çıxarışlar və onlara uyğun plan-ölçü sənədlərinin hazırlanması vəzifəsinin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Qusar rayon Məhkəməsinin 16 fevral 2006-cı il tarixli 2-55-2006 nömrəli qətnaməsi ilə İddiaçı X3 JN:122 saylı Dövlət Aktı üzrə 2,77 ha. bağ sahəsi və 3,38 ha. əkin sahəsinin alqı-satqısına dair razılaşmaların (əq dlər) bağlanmış və etibarlı sayılması qət edilmişdir. Eyni zamanda bildirilir ki, 29 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 qızı olan X3 JN:122 saylı Dövlət Aktı üzrə 2,77 ha. bağ sahəsindən ailə üzvü olaraq ona düşən 1,04 ha. hissəni digər vətəndaşa satmışdır. Daha sonra isə X7 tərəfindən-JN:122 saylı Dövlət Aktı üzrə 2,77 ha. bağ sahəsindən yerdə qalan 1,7364 ha. hissədə DƏDRX-nin 03 may 2007-ci il tarixli MH №*** seriyalı və 3,38 ha. əkin sahəsinə tam hissədə DƏDRX-nin 03 may 2007-ci il tarixli MH №*** seriyalı çıxarışları ilə mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmışdır. Əlavə olaraq bildirilir ki, sözügedən torpaq sahələri üzərində iddiaçı öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaq məqsədilə qeyd olunan və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ni təqdim etsə də, cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi bunu nəzərə almamış və 30 may 2019-cu il tarixli **********99 nömrəli imtina məktubu vermişdir. Halbuki Qusar Rayon Məhkəməsinin 16 fevral 2006-ci il tarixli 2-55-2006 nömrəli qətnaməsi əsasında İddiaçı ilə X7 arasında 2,77 ha. bağ sahəsi və 3,38 ha. əkin sahəsinin alqı-satqısına dair əqdlərin bağlanmış sayılması ilə məsələyə artıq hüquqi qiymət verilmişdir.

6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, vətəndaş İddiaçı etibarnamə ilə səlahiyyətli nümayəndəsi Ünvan1 yerləşən torpaq sahəsinin dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi ilə bağlı 23.09.2019-cu il tarixli ərizə ilə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə 30.05.2019-cu il tarixli ** ********99 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Qusar rayon Məhkəməsinin 16.02.2005-ci il tarixli, 2-55-2006 saylı məhkəmə qətnaməsində göstərilmiş Ünvan1 yerləşən 1.73 ha və 3.38 ha torpaq sahələrinə 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına dövlət reyestrindən 03.05.2007-ci il tarixli, **********21 və **********22 reyestr nömrəli çıxarışlar verilmişdir. Ərizəçinin nəzərinə çatdırılmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Həmin Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizəçinin müraciətinin icrası mümkün olmamışdır. Bildirilmiş dir ki, Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Həmin qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsi; məhdudlaşdırılması; araşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məsəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövl ət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən cavabdeh orqan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qərardadı ilə X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2020 nömrəli 11 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, Qusar Rayon Məhkəməsinin 16 fevral 2006-cı il tarixli 2-55-2006 nömrəli qətnaməsində Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin üzərinə iddiaçının adına mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi qoyulmamışdır. Ünvan1 yerləşən 1,04 ha torpaq sahəsinin üçüncü şəxs tərəfindən 29 dekabr 2006-cı ildə notarial qaydada təs diq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1 da 03 may 2007-cil il tarixli **********21 və **********22 reyestr nömrəli çıxarışların dəyişdirilməsinə əsas deyil.

10. Qərardan iddiaçı apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2021-ci il tarixli 2-1(105)-292/2021 nömrəli qərarına əsasən (sədrlik edən Zaur Məmmədov, hakimlər Fuad Məmmədov və Hökümə Babayeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2020 nömrəli 11 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2021-ci il tarixli 2-1(105)-292/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, torpaq üzərində mülkiyyət hüquqlarının qeydiyyatı əvvəllər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılmışdır. Qusar Rayon Məhkəməsi qətnamə qəbul edərkən dövlət aktına düzəlişin edilməsi öhdəliyini həmin Komitənin üzərinə qoymuşdur. Məhkəmə qətnaməsi müvafiq qaydada icra edilmədiyindən, DƏDRX-nin torpağın iddiaçıya satılm ası barədə məlumatı olmadığından mərhum X5 varisləri sui-istifadə edərək iddiaçıya satılan torpağa da çıxarış almışlar. İddiaçının barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda o, həmin torpaqdan məhrum edilmişdir. Məhkəmə isə göstərilən halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin rədd edilməsini xahiş etmişdir. Şikayəti belə əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi Qusar Rayon Məhkəməsinin qətnaməsi qeydə alınmamış qətnamə olmaqla yanaşı saxtalaşdırılmışdır. Belə ki, Qusar Rayon Məhkəməsinə edilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, statistik kartoçkaların qeydiyyatında İddiaçı və X9 tərəf olduğu 2-255/2006 saylı mülki iş mövcud deyildir. TƏTBİQ EDİLƏN HÜQU Q 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. (-) Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul e dilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. (-) Maddə

16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gü ndən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. (-)

17. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qis mən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Belə ki, iddiaçının tələbi Ünvan1 yerləşən 1,73 ha. və 3,38 ha. torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarətdir. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarında isə görünür ki, həmin torpaq sahələrinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən X7 və digərlərinin adına dövlət reyestrindən 03 may 2007-ci il tarixli, **********21 və **********22 reyestr nömrəli çıxa rışlar verilmişdir.

22. İddiaçı həmin çıxarışları mübahisələndirmədən, onların ləğvini və ya etibarsızlığını tələb etmədən, Ünvan1 yerləşən 1,73 ha. və 3,38 ha. torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, həmin çıxarışlar ləğv olunmamışdır, hal-hazırda qüvvədədir.

23. Hazırkı qərarın 16-cı bəndində qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə daşınmaz əmlak üzərində hər hansı hüquq əldə edən şəxsin adına aparılmış qeyd həqiqi sayılır. İşə aşağı instansiya məhkəmələrində baxılarkən hazırki iddia tələbinin predmeti olan 03 may 2007-ci il tarixli **********21 və **********22 reyestr nömrəli çıxarışlara dair aparılmış qeydlərin qeyri-dəqiq olması ilə bağlı h ər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı özü də nə kassasiya şikayətində, nə də işə aşağı instansiya məhkəmələrində baxılarkən həmin çıxarışların mötəbər olmamasına dair hər hansı dəlil irəli sürməmişdir.

24. Belə olan halda, daşınmaz əmlakın dövlət reyestrində digər şəxslərin adına qeydiyyata alınmış torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması qeyri-mümkündür. Odur ki, iddiaçının tələbi əsassızdır.

25. Kassatorun dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi Qusar Rayon Məhkəməsinin 16 fevral 2006-cı il tarixli qətnaməsi X5 adına verilmiş 03 may 2007-ci il tarixli **********21 və **********22 reyestr nömrəli çıxarışların dəyişdirilməsinə əsas hesab edilə bilməz.

26. Belə ki, qeyd edilən qətnamədə dövlət aktlarına düzəliş e dilməsi öhdəliyi hazırkı cavabdehin deyil, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üzərinə qoyulmuşdur. Bu halı iddiaçı özü də kassasiya şikayətində qeyd etmişdir. Belə olan halda, həmin qətnamənin mövcudluğu hazırkı iş üzrə iddia tələbinin təmin olunmasını şərtləndirmir.

27. Odur ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2021-ci il tarixli 2-1(105)-292/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2021-ci il tarixli 2-1(105)-292/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar