Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2460/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızının və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Rüstəmova Natəvan Famil qızının iştirakı ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 may tarixli 2-1(103)-1222/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Suriya Ərəb Respublikasının vətəndaşı olan iddiaçı 2018-ci il 1 avqust tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Cavabdehin 2018ci il 6 noyabr tarixli qərarıilə iddiaçıya qaçqın statusunun verilməsi haqqında vəsatət təmin edilməmişdir. İddiaçı cavabdehin 2018-ci il 6 noyabr tarixli qərarından inzibati şikayət verərək qərarın ləğv olunmasını və qaçqın statusunun verilməsi haqqında vəsatətin təmin olunmasını xahiş etmişdir. Şikayət instansiyasının 2019-cu il 3 yanvar tarixli qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 2019-cu il 4 fevral tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 05 №-li, 2019-cu il 3 yanvar tarixli və İQ-137/ 1 №-li 2018-ci il 6 noyabr tarixli qərarlarının qanunsuz hesab edilərək ləğv edilməsi, x1 qaçqın statusu verilməsi haqqında vəsatəti təmin edilərək ona qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Suriya Ərəb Respublikasının vətəndaşıdır. 2014-cü il tarixdə tibb təhsili almaq üçün Azərbaycana gəlmişdir. Lakin, təhsil haqqını ödəyə bilmədiyindən Tibb Universitetini tərk etmək məcburiyyətində qalmışdır. Lakin, ölkəsində müharibə olduğundan oraya qayıtmaq istəmir. İddiaçı qaçqın statusu alınması üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən yaradılmış müvafiq komissiyanın qərarına əsasən ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 5 mart tarixli 2-1(81)-1347/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 may tarixli 2-1(103)-1222/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 3 iyun tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 19 iyun tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 1951-ci il 28 iyul tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiya (bundan sonra mətndə - Konvensiya) və 1967-ci il 31 yanvar tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoludur (bundan sonra mətndə - Protokol). Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası (bundan sonra mətndə – AİHK) və onun 1, 4, 6, 7 saylı Protokolları və AİHKi şərh və tətbiq edən orqan olan Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququdur. İşin hallarından asılı olaraq AİHK-in 3, 8 və 13-cü maddələri qaçqın işlərinə tətbiq edilə bilər. İddiaçı hesab edir ki, sığınacaq verilməsindən imtina edilməklə onun aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ (Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsi); inzibati icraat və ədalət mühakiməsi hüququ (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi); pis rəftara məruz qalmamaq hüququ (AİHK-in 3-cü maddəsi 3); şəxsi həyata hörmət hüququ (AİHK-in 8-ci maddəsi); səmərəli vasitələr hüququ (AİHK-in 13-cü maddəsi). Həmçinin, məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı iş üzrə tətbiq etməli olduğu halda, tətbiq etməmiş, sadəcə Fərmanın adını çəkməklə kifayətlənmiş, həmin Fərmanla təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasına uyğun cavabdehin hansı hərəkətlər etməsini sadalamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət mahiyyətcə uğurlu deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığ ı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin araşdırılmış hallarına görə, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar edilmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının tələblərinə uyğun baxılmış və qərar qəbul edilmişdir. Həmin Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərb aycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. İddiaçının müraciəti ilə başlanmış inzibati icraat materialları məhkəmə araşdırmasının predmeti olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən y aşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. İşin araşdırılmış hallarına görə, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Beləliklə, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı ilə əhatə olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Şikayətdə BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasına istinad da vəziyyəti dəyişmir. Belə ki, “Qaçqınların və məcburi köçkünləri n (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı həmin Konvensiyada təsbit edilmiş “qaçqın” anlayışına uyğundur. İddiaçı isə həmin anlayışa uyğun gələn şərtləri təmin etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 may tarixli 2-1(103)-1222/2019 nömrəli qərarıdəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2460/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2460/2019
11.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver