Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2482/2025 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması, işin bütün hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** saylı qərarına əsasən alqı-satqı yolu ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmiş, yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** saylı qərarına əsasən alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə, iddiaçı Nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair *-*(***)-****/**** nömrəli inzibati iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan *-*(***)-****/**** nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə, iş iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan ölçünün verilməsi” tələbi üzrə icraat 2-1(112)-7618/2024 nömrə ilə; iddiaçı Nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın, plan və ölçünün verilməsi” tələbi üzrə icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılmışdır.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, bələdiyyənin müvafiq orqanları tərəfindən yerində tələb olunan qaydada yoxlanılaraq torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi məqsədə müvafiq hesab edilmişdir. Bələdiyyənin Yerli İqtisadi İnkişaf daimi komissiyasının ##.##.2005-ci il tarixli iclasında ərizəsinə baxılaraq ##.##.2005-ci il tarixli ** saylı ümumi iclasında vətəndaş İddiaçı 600 kvm torpaq sahəsi ayrılması məqsədəuyğun hesab edilmişdir: Qeyd olunanlara əsasən, “Bələdiyyə Torpaqlarının İdarəedilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı ümumi iclasında qərara alınmışdır ki, Binəqədi rayonu, 6-cı mkr, qərb hissəsində, fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq (hər kv.m üçün 20.800 iyirmi min səkkiz yüz manat ödəmək şərti ilə) İddiaçı mülkiyyətinə ayrılsın; Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə tapşırılsın ki, İddiaçı ilə müvafiq alqı-satqı müqaviləsi bağlanılsın; Ayrılmış torpaq sahəsində tikinti işlərinə, tikiləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlanılsın; İddiaçı tapşırılsın ki, sahənin sanitar-texniki və digər normalarının tələblərinə uyğun saxlanılmasını təmin etsin; Qərarın təsdiq edilmiş nüsxələri vətəndaşa, Bələdiyyənin maliyyə, vergi- ödənişlər və Bələdiyyə Mülkiyyətinin idarə edilməsi şöbələrinə verilsin.
7. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Etirazda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən ərazi Zeytun sovxozunun ərazisi olmaqla kənd təsərrüfatı təyinatlı, dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Eyni zamanda torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi ümumi ərazi daxilində yerləşir. Əlavə olaraq iddia olunan əraziyə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisinin qərb hissəsi ünvanında yerləşən daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ##.##.2023-cü il tarixli ********** nömrəli müraciət daxil olmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) 2024-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri eyni məzmunlu sənədlər əsasında qeydiyyata alınmışdır. Hazırkı iş üzrə əvvəlki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni ərazi üzrə digər torpaq sahələrinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ- 18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur. Cavabdeh etirazında iddia olunan ərazinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması ilə bağlı dəlilləri, elə cavabdeh qurumun özünün həmin ərazi üzrə verdiyi çıxarışlarda torpaq sahəsinin katerqoriyası kimi “yaşayış məntəqələrinin torpaqları” göstərməsi ilə təkzib olunur. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində statusu ləğv edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, E.Ə.Əliyev və G.M.Abbasova) 2025-ci il ## ##### tarixli, 2-1(103)- 1759/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, 2-1(112)-7618/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “xxxx” MMC-nin ** nömrəli, ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, sözegedən torpaq sahəsinin koordinatları müəyyən edilmiş və qeyd edilmişdir ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Binəqədi Bələdiyyəsinin *** saylı, ## ###### 2005-ci il tarixli qərarı əsasında Binəqədi rayonu, 6 mkr., qərb hissəsində ayrılmış 0.06 ha torpaq sahəsinin Binəqədi Bələdiyyəsinin hüdudları daxilində natura üzrə müəyyən edilmiş faktiki koordinatları Binəqədi bələdiyyəsinin müvafiq olaraq situasiya planında qeyd edilmiş 0.06 ha torpaq sahəsinin cizgisi ilə tam şəkildə üstüstə düşür. Məhkəmə sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdən və onlar əsasında verilmiş çıxarışlardan (seriya RX №*******; seriya RX №*******; seriya RX №*******; seriya RX №*******) müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında (bələdiyyə qərarları ilə) digər torpaq sahələrinə mülkiyyət hüququ həm inzibati icraat çərçivəsində, həm də məhkəmə qərarları əsasında cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Həmin çıxarışlarda torpaq sahələrinin kateqoriyası yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olması göstərilmişdir. Həmçinin iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin ** nömrəli, ##.##.2025-ci il tarixli mütəxəssis rəyində də qeyd edilmişdir ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Binəqədi Bələdiyyəsinin *** saylı, ## ###### 2005-ci il tarixli qərarı əsasında Binəqədi rayonu, 6 mkr., qərb hissəsində ayrılmış 0.06 ha torpaq sahəsinin Binəqədi Bələdiyyəsinin hüdudları daxilində yerləşməsi və yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olması müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş ortofoto görüntüdə öz əksini tapmışdır. Həmçinin iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin icraatında olan oxşar *-*(***)-****/**** nömrəli iş üzrə əldə edilmiş ## ###### 2025-ci il tarixli, **/**** nömrəli Məhkəmə ekspertiza mərkəzinin ekspert rəyində də Bələdiyyə qərarı ilə digər vətəndaşın istifadəsinə verilmiş iddiaçıya ayrılmış torpaq sahəsi ilə qonşuluqda Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 0.06 ha torpaq sahəsinin Bakı şəhəri Binəqədi Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə, bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Həmin ekspert rəyində elektron baza məlumatlarında (kadastrportali.az) həmin torpaq sahəsinin Zeytun sovxozunun ərazisində yerləşməsinə dair hər hansı məlumat aşkar edilməmişdir. Hətta apellyasiya araşdırması zamanı da cavabdeh tərəfindən sözügedən ərazinin Zeytun sovxozunun ərazisi olmasına dair sübut təqdim edilməmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilmiş ərazinin keçmiş Zeytun sovxozunun ərazisində yerləşməsi, torpaq sahəsinin kənd təsərrüfatlı təyinatlı olmaqla dövlət mülkiyyətində olması və bələdiyyə mülkiyyətində olmaması, elektron kadastr bazasında heç bir məlumatın aşkar edilməməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilə bilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid edilməsi iş üzrə araşdırmalar zamanı müəyyən edilmədi. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Odur ki, qeyd olunan əsasla da iddiaçının müraciətinin təmin edilməsindən imtina edilə bilməz.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən ərazi kənd təsərrüfatı təyinatlı, dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmışdır. Lakin elektron kadastr baza məlumatlarına əsasən sahənin 2008-ci ilə qədər Abşeron İnzibati Ərazi vahidliyinin * nömrəli Zığ-Zeytunçuluq sovxozunda yerləşdiyi müəyyən edilmişdir. Daha sonra həmin sahə ## #### 2008-ci il tarixli, **** saylı Sərəncam ilə * nömrəli Zığ-Zeytunçuluq sovxozundan Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmışdır. Belə ki, baza məlumatlarına əsasən sahə torpaq sahəsi ayrılan zaman Abşeron ərazisi olduğundan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin torpaqayırma səlahiyyəti olmamışdır. Eyni zamanda torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə keçirilmiş yerli baxış zamanıməlum olmuşdur ki, torpaq sahəsi ümumi ərazi daxilində yerləşir. Əlavə olaraq bildirilmişdir ki, iddia olunan əraziyə Bakı şəhəri, Binəqədi rayonu, 6-cımikrorayon ərazisinin qərb hissəsi ünvanında yerləşən daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ##.##.2023-cü il tarixli ********** nömrəli müraciət daxil olmuşdur. Məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçıya qanuni olaraq ayrılıb-ayrılmaması, torpaqayıran orqanın səlahiyyətinin olub-olmaması və yerləşməsi barədə ətraflı araşdırma aparılmamışdır.
b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən verilən etirazda kassasiya şikayətinin əsassız olduğu, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada): Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: Maddə 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyin alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.
21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli Fərmanı: Bənd. 2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
22. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada): Bənd 7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
23. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Binəqədi rayonu, 6-cı mkr, qərb hissəsində ayrılmış 600 kv.m. torpaq sahəsinə dair onun hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsindən ibarətdir.
29. Kollegiya ilk növbədə qeyd edir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” 1999-cu il ## ###### tarixli, *** nömrəli Azərbaycan Respublikası Qanununa görə müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər.
30. Apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qanuna uyğun olaraq mübahisəli torpaq sahəsinin Binəqədi bələdiyyəsinin mülkiyyətinə ayrılan və ya ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdudları daxilində yerləşməsi mötəbər sübutlar əsasında müəyyən edilmədən qərar qəbul edilmişdir.
31. Təkrar apellyasiya araşdırması zamanı bu məqsədlə müvafiq sənədlər (dövlət orqanının aktı, torpaqayrma sənədləri, yerquruluşu planı və s.) əldə edilməli və mübahisəli torpaq sahəsinin məhz həmin sənədlər əsasında Binəqədi bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşib-yerləşmədiyi müəyyənləşdirməlidir.
32. Cavabdeh apellyasiya şikayətində həmçinin iş materiallarında olan iddiaya qarşı təqdim edilmiş etirazlarda elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən ərazinin Zeytun sovxozunun ərazisi olmaqla dövlət mülkiyyəti torpağı olması və bələdiyyə ərazisi olması barədə məlumatın aşkar edilmədiyini qeyd etmişdir.
33. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən qeyd olunan dəlillərə dair sübut təqdim olunmamlışdır. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən sübut təqdim olunmasa belə, bu hal İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəməni işin bütün hallarını hərtərəfli araşdırma vəzifəsindən azad etmir. Həmin normaya əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
34. Apellyasiya instansiya məhkəməsi isə müvafiq mütəxəssis rəyi almadan, ekspertiza keçirilmədən, sadəcə “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə istinad etməklə kifayətlənmişdir.
35. Qeyd olunmalıdır ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsinə görə məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. Lakin, məhkəmə ekspertizası sahəsinin təkmilləşdirilməsi məqsədilə özəl ekspertiza fəaliyyətinin hüquqi tənzimlənməsi ilə bağlı məsələlərin baxılması prosesi hələ də davam etdiyindən özəl məhkəmə ekspertlərinin fəaliyyətlərinin hüquqi əsası olan müvafiq şəhadətnamələrin verilməsi prosesinin başlanılmaması nəzərə alınmalıdır. Bu səbəbdən də Kollegiya apellyasiya instansiya məhkəməsinin istinad etdiyi rəyi mötəbət sübut hesab etmir.
36. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin “mülkiyyət hüququ qeydə alınan qonşuluqda olan” torpaq sahələri ilə bağlı mövqeyinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan ortofotodan həmin torpaq sahələrinin iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi ilə qonşuluqda (həmsərhəd) yerləşməsi, həmçinin yaşıllıq əraziyə düşməsi müəyyən edilmir. Kollegiya əlavə olaraq xüsusilə qeyd edir ki, məhkəmənin istinad etdiyi qonşu torpaq sahələri ilə mübahisələndirilən torpaq sahəsinin şəhərsalma sənədləri (ərazi planlaşdırılması sənədləri), o cümlədən ərazilərin zonalaşdırılması baxımından torpağın ayrıldığı anda və hazırkı vəziyyətdə eyni hüquqi və faktiki vəziyyətdə olub-olmaması müəyyən edilmədən, qonşu torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınmasını əsas gətirərək hazırkı torpaq sahəsi üzrə də eyni nəticəyə gəlinməsi əsaslı hesab edilə bilməz.
37. Bundan başqa, təkrar araşdırma zamanı iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə torpaq sahəsinin ayrıldığı tarixdə həmin sahənin faktiki vəziyyətini əks etdirən sənədlər (şəhərsalma sənədləri, ortofoto, peyk təsviri və ya digər kartoqrafik materiallar) əldə edilməli və həmin sənədlər təhlil edilərək mübahisəli torpaq sahəsinin torpaq qanunvericiliyi baxımından ayrılmasının mümkünlüyü qiymətlənirilməlidir.
38. Həmçinin, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən sahənin 2008-ci ilə qədər Abşeron İnzibati Ərazi vahidliyinin * nömrəli Zığ-Zeytunçuluq sovxozunda yerləşdiyi müəyyən edilmişdir. Daha sonra həmin sahə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il ## #### tarixli **** saylı Sərəncam ilə * nömrəli Zığ-Zeytunçuluq sovxozundan Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmışdır. Belə ki, baza məlumatlarına əsasən sahə torpaq sahəsi ayrılan zaman Abşeron ərazisi olduğundan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin torpaqayırma səlahiyyəti olmamışdır.
39. İddiaçı tərəfindən isə buna cavab olaraq elektron məhkəmə informasiya sistemində mövcud olan şəxsi elektron kabineti vasitəsi ilə sistemə Abşeron rayon İcra Hakimiyyəti Başçısının ## ####### 2001-ci il tarixli *** nömrəli sərəncamının, həmçinin ## ####### 2002-ci il tarixli Razılaşdırma protokolunun surəti əlavə edilmişdir.
40. Abşeron rayon İcra Hakimiyyəti Başçısının ## ####### 2001-ci il tarixli *** nömrəli sərəncamının surətindən görünür ki, “Zeytun” kəndli-fermer təsərrüfatına təhkim edilmiş torpaq sahəsindən 11,2 hektar kəsilib abadlıq məqədilə Binəqədi rayonunda yerləşən Rəsulzadə Bələdiyyəsinə verilmişdir. ## ####### 2002-i il tarixli Razılaşdırma protokolunun surətindən isə müəyyən edilir ki, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən, əvvəllər “Zeytun” KFT-nin istifadəsində olmuş, sonradan M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətinə verilmiş və Binəqədi bələdiyyəsi ilə həmsərhəd oan ərazidən Binəqədi bələdiyyəsinin istifadəyə, icarəyə və mülkiyyətə torpaq sahəsi ayırmasına M.Ə.Rəsulzadə bələdiyyəsi razılıq vermişdir.
41. Kollegiya qeyd edir ki, qeyd olunan dəlillər apellyasiya baxışı zamanı irəli sürülməsə də, məhkəmə qərarı yuxarıda sadalanan əsaslara görə ləğv edilməli olduğundan, apellyasiya instansiya məhkəməsində təkrar baxış zamanı qeyd olunan sənədlər, habelə AR Prezidentinin 2008-ci il ## #### tarixli Sərəncamı ilə Bakı şəhər icra hakimiyyətinin idarəçiliyinə qaytarılması ərəfəsində * nömrəli Zığ-Zeytunçuluq sovxozunun ərazisini təşkil edən torpaq sahəsində faktiki torpaq istifadəçiliyi araşdırılmalıdır.
42. Bundan başqa Binəqədi rayon İcra Hakimiyyəti vəsatətlə müraciət edərək üçüncü inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı Binəqədi rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsi üçün əsasların olub-olmamasına apellyasiya instansiya məhkəməsi tərəfindən aparılacaq araşdırmanın nəticələrinə uyğun olaraq həmin məhkəmə tərəfindən qiymət verilməlidir.
43. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş yuxarıda qeyd edilənlər nəzərə alınmaqla təkrar apellyasiya baxışına göndərilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.