Məhkəmə qərarları › İş №2-1(102)-2491/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2491/2024

27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2491/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi, əvvəlki pensiya ödənişinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1954) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi və ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 7 may 2024-cü il tarixli, 2-1(103)-1822/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 5 avqust 2009-cu il tarixdən, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiyanın məbləği 2023-cü ilin may ayınadək 4.337,75 manat təşkil etmişdir.

2. Sonradan cavabdeh 15 may 2023-cü il tarixli 3-17-1/3-3-10503/2023 nömrəli qərarla iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablamış və Yenidən hesablanma zamanı cavabdeh inzibati orqan belə qənaətə gəlmişdir ki, iddiaçıya əmək pensiyası təyin olunarkən «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13cü maddəsinin tələbləri düzgün t ətbiq edilməmiş, ona qanunsuz olaraq 55 yaşdan əmək pensiyası təyin edilmişdir, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yaranmışdır, bu isə 5 avqust 2011-ci il tarixə təsadüf etdiyindən, pensiya məbləği əmək haqqının orta aylıq məbləğinə görə deyil, sığorta kapitalına əsasən hesablanmalıdır.

3. Qeyd edilən qərarla cavabdeh iddiaçıya 57 yaşdan, yəni 5 avqust 2011-ci il tarixdən “sığorta kapitalı” əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablamış və pensiya məbləği bu hesablamada 498,28 manat müəyyən edilmişdir. Qərarda 2020 – 2023-cü illər (son üç il) üzrə 118.410,63 manat həcmində artıq ödənilmiş məbləğ də hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ə rizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 15 may 2023-cü il tarixli 3-171/3-3- 10503/2023 nömrəli qərarının ləğv edilməsi, iddiaçıya 55 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması və əvvəlki məbləğdə (4.337 manat) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh tərəfindən 5 iyun 2023-cu il tarixdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin tələblərinə istinad edərək iddiaçının iştirakı ilə akt tərtib edilmişdir. Həmin Qanunun 57, 59, 61, 65, 67-ci maddələrinə əsasən həmin akt ləğv edilməlidir. Cavabdehin iddiaçıya ünvanlan mış 5 may 2023-cü il tarixli məktubunda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 55 yaşdan 5 avqust 2009-cu il tarixdən 5 illik əmək haqqı nəzərə alınmaqla hesablanaraq düzgün təyin edilmədiyi, 57 yaşdan – 5 avqust 2011-ci il tarixdən pensiyanın fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalıma uyğun həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olduğunu göstərilmişlər. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 12, 13-cü maddələrində göstərilən yaş hədləri (Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321 İQD nömrəli Qanunu ilə dəyişiklik edilmişdir) qadınların 55 yaşdan 57 yaşa, kişilərdə isə 60 yaşdan 62 yaşa qaldırdığını göstərilmişdir. Cavabdeh qanunvericiliyin tələbləri ni düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının 1 sentyabr 1971-ci il tarixdən 29 dekabr 1975-ci il tarixədək Bakı Dənizçilik Məktəbində təhsil aldığı dövr nəzərə alınmaqla 1 avqust 1997-ci il tarixədək 25 ildən çox ümumi iş stajı, 17 ildən çox güzəştli şərtlərlə iş stajı var. O, 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya hüququnu 1 avqust 1997-ci il tarixədək qazandığından, əmək pensiyası 55 yaşı tamam olduqda, yəni 5 avqust 2009-cu il tarixdə qüvvədə olan qanunvericilik normalarına müvafıq olaraq düzgün təyin edilmişdir. 1995-ci ilin noyabrın 27-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətlərini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktların qüvvə si geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 5 avqust 2009-cu il tarixdə iddiaçıya pensiya təyin edilərkən onun konstitusion hüquqları pozulmamışdır. Cavabdeh məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə istinad edilsə də, norma düzgün tətbiq olunmamışdır. Göründüyü kimi, 25 il sığorta stajı və 12 il 6 ay güzəştli iş stajı olduğundan, iddiaçıya əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni 1 avqust 1997-ci il tarixədək qüvvədə olan qanunun tələblərinə müvafıq 55 yaşı tamam olduqda 5 avqust 2009-cu il tarixdə pensiya hüququ yaranmışdır. Bundan əlavə, 5 avqust 2009-cu il tarixdən sonra 2023-cü ilin may ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit şöbəsi dəfələrlə audit araş dırılması aparmışdır. Cavabdehin 5 may 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində vaxtilə əmək pensiyamın hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Əmək pensiyasının düzgün təyin edilməməsi deyil, 5 iyun 2023-cü il tarixdə tərtib edilmiş «İnzibati icraat haqqında» Qanunun 28.1.2-ci maddəsinin tələblərinə əsasən onun vaxtılə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası təyinatına yenidən baxılması haqqında icraata başlandığı göstərilməli idi. Bununla da tərtib edilmiş aktın inzibati akt olduğu təsdiqlənmişdır. Pensiyanın məbləği inzibati akt qəbul edilməmişdən əvvəl 2023-cü iln may ayında azaldılmışdır. Təyinat qanunsuz olsaydı vaxtında azalardılar. Dövlət Sosial Müdafiə Fo ndunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması, saxlanılması Qaydaları”na 8 nömrəli əlavə DSMF-nin rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən Komissiyasının qərarı formasında əmək pensiyasının növü, tələb olunan sosial sığorta stajı faktiki sosial sığorta stajı Qanunun 9cu maddəsi üzrə sosial sığorta stajı və sair eyni zamanda illik pensiyanın məbləği, indeksləşdirmə əmsalı ilə tələbi var. Aktı tərtib edərkən istinad edildiyi «İnzibati icraat haqqında» Qanunun 21.2-ci maddəsində göstərilmişdir ki, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati akt q əbul edilməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 22-ci maddəsinə görə inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçməyə borcludurlar. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. 5 iyun 2023-cü il tarixdə tərtib edilmiş inzibati aktı imza edən şəxslərin hamısı (iddiaçıdan başqa) cavabdeh inzibati orqanın vəzifəli şəxsləri olmuşlar. Qeyd olunanlara və «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinə əsasən həmin akta əsaslanıb onun (iddiaçının) əmək pensiyasının məbləğinin azaldılması qanunsuzdur.

6. C avabdeh iddiaya dair yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-1(112)-11717/2023 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilərək, cavabdehin 3-17-1/3-310503/2023 nömrəli qərarının ləğv edilməsi və iddiaçıya 55 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması və əvvəlki məbləğdə (4.337,75 manat) ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “...istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. «İnzibati icraat haqqında» Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səl ahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İcraat nəticəsində qəbul edilən yeni inzibati akt da qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı iş üzrə iddia ərizəsindən və cavabde hin iddiaya qarşı yazılı etirazında əks olunan mövqeyindən aydın olur ki, mübahisə predmeti olan 15 may 2023-cü il tarixli 3-17-1/3-3-10503/2023 nömrəli (əmək pensiyasının yenidən hesablanması barədə) qərarı qəbul edərkən inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən «İnzibati icraat haqqında» Qanunun tələbləri nəzərə alınmamış, iddiaçının mübahisə predmeti olan 15 may 2023-cü il tarixli qərarın qəbul edilməsinə qabaqcadan münasibəti öyrənilməmiş, qərarın qəbulu üzrə araşdırma onun iştirakı olmadan aparılmış, sonda əmək pensiyasının məbləğinin azaldılmamaqla hesablanması barədə 15 may 2023-cü il tarixli qərar qəbul edilmişdir. İddiaçının inzibati orqanda dinlənilməsi “pensiyanın yenidən hesablanması barədə” 15 may 2023-cü il tarixli qərarın qəbulundan sonrakı vaxta təsadüf edir. Həm çinin qeyd edilmişdir ki, inzibati orqan tərəfindən inzibati icraat zamanı tam hərtərəfli və obyektiv araşdırma aparılmalıdır ki, qəbul edilmiş 15 may 2023-cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsindən isə görünür ki, qərarın qəbulu ilə bağlı heç bir araşdırma aparılmamış, onun qəbul edilməsi üçün əsas olan məlumatların nədən ibarət olduğu müəyyən edilməmiş, sübutların hansı qaydada qiymətləndirildiyi barədə heç bir xüsusat qərarda əks olunmamışdır. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın 15 may 2023-cü il tarixli 3-171/3-3-10503/2023 nömrəli qərarı «İnzibati icraat haqqında» Qanunun 21, 24, 58-ci maddələrinin tələbləri pozulmaqla qəbul olunmuşdur. 2) İddiaçı əmək pensiyası hüququnun yaranması vaxtına gəldikdə isə, iddiaçı 5 avqust 1954-cü il tarixdə doğulduğundan və 1 avqust 1997-ci il tarixədək 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı topladığından, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə (“b” bəndinə) əsasən onun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.”

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2024-cü il tarixli, 21(103)-1822/2024 nömrəli qərarı ilə (hakimlər: Ş. Məmmədova - sədrlik edən və məruzəçi, P.Hüseynov və M.Qarayeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq “İnzibati icraatı haqqında” Qanunun 2.0.2, 2.0.6, 2.0.10, 19.1, 21.1, 21.2, 21.3, 24, 58.1, 64.2, 65.1, 67-ci, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8, 27.1-ci maddələrinə istinad etmişdir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətində qeyd e tmişdir ki, iddiaçıya pensiyasının təyin olunmasında yol verilmiş, qanunauyğun olmayan hallarla bağlı inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 317-1/2-A-100816/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıq ödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3 -17-1/3-3-10503/2023 nömrəli qərar qəbul edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında məhkəmə tərəfindən iddianın təmin edilməsi barədə qərar "etimadın qorunması” prinsipinə əsaslanmaqla qəbul edilmişdir. Bununla bağlı bildirilmişdir ki, "İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun q orunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir.Bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olubolmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. Belə ki, sosial t əminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmam ış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, «o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyə n etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.... Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iş tirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halları n araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə

63. İnzibati aktda olan aşkar səhvlərin düzəldilməsi 63.1. İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İ nzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzib ati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münas ibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9 Ma raqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 17. “Əmək Pensiyaları haqqında” Qanun: Maddə

39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması. 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur....

18. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər m ateriallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qər arı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayə t formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hü quqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının hüquqi marağı əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin 15 may 2023-cü il tarixli qərarının ləğv olunması, əvvəlki hesabat qaydasının bərpa olunmasına yönəlmişdir.

26. İşin araşdırılmış hallarında müəyyən olunur ki, iddiaçıya 5 avqust 2009-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, həmin pensiyanın məbləği 2023-cü ilin may ayınadək 4.337,75 manat təşkil etmişdir. Cavabdeh 15 may 2023-cü il tarixli 3-17-1/3-3-10503/2023 nömrəli qərarı ilə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablanaraq 498,28 manat müəyyən edilmişdir. Yenidən hesablanma zamanı cavabdeh inzibati orqan belə qənaətə gəlmişdir ki, iddiaçıya əmək pensiyası təyin olunarkən «Vətəndaşlar ın pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin tələbləri düzgün tətbiq edilməmiş, ona qanunsuz olaraq 55 yaşdan əmək pensiyası təyin edilmişdir, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yaranmışdır, bu isə 5 avqust 2011-ci il tarixə təsadüf etdiyindən, pensiya məbləği əmək haqqının orta aylıq məbləğinə görə deyil, sığorta kapitalına əsasən hesablanmalıdır. Həmçinin cavabdeh tərəfindən qəbul edilmiş qərarda 2020 – 2023-cü illər (son üç il) üzrə 118.410,63 manat həcmində artıq ödənilmiş məbləğ də hesablanmışdır.

27. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, pensiyanın yenidən hesablanması və ödənilmiş pensiyanın müəyyən hissəsinin geri qaytarılması ilə bağlı cavabdeh tərəfindən lazımi inzibati icraat aparılmamış, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilməmiş, həmin tələblərə uyğun olaraq iddiaçıya pensiyanın təyin edilməsi barədə qərar ləğv edilməmişdir.

28. Belə ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsind ə qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

30. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

31. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati i craat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.

32. Həmçinin qeyd edilməlidir ki, məhkəmə araşdırması nəticəsində rüşvət, hədəqorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar.

33. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın 16-18(a) bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalı, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2024-cü il tarixli 21(103)-1822/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar