Məhkəmə qərarları › İş №2-1(102)-2499/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2499/2019

18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2499/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 aprel tarixli 21(103)-616/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: RX seriyalı, ***** ** nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177.31 kv.m olan mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanda olan mənzilin yerləşdiyi torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 11 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, sözügedən yaşayış evi dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmiş və istifadədə olan torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Eyni zamanda, mənzildə İdarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. İddiaçı 2018-ci il 9 fevral tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 177,31 kv.m, yaşayış sahəsi 84.6 kv.m olan 5 otaqlı fərdi evin yerləşdiyi torpaq sahəsinin adına özəlləşdirilməsinin və ona vahid əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 107.3 kv.m olan torpaq sahəsində tikilmiş fərdi ev dövlət reyestrində onun adına qeydə alınıb və bu barədə 2017-ci il 13 avqust tarixli çıxarış var. Fərdi evin yerləşdiyi torpaq sahəsinə dair 1995-ci il tarixdə texniki pasport tərtib olunmuşdur. «“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 saylı Fərmanına əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd sayılır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 2 may tarixli 2-1(81)-1571/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 177,31 kv.m, yaşayış sahəsi 84.6 kv.m olan 5 otaqlı fərdi evin yerləşdiyi torpaq sahəsinin adına özəlləşdirilməsinin və ona vahid əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 sentyabr tarixli 2-1(103)-2125/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,iddiaçının öz mülkiyyətinə keçirməyi arzuladığı torpaq sahəsində, yəni ünvan 1 ünvanda yerləşən ev çoxmənzilli yaşayış binasıdır və həmin binanın digər mənzilləri başqa fiziki şəxslərin mülkiyyətindədir. Bu da o deməkdir ki, mübahisəli torpaq sahəsi çoxmənzilli binanın ümumi əmlakına aid olmaqla, ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçilərə məxsusdur. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 dekabr tarixli 2-1 (102)-2459/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 6 sen tyabr tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki,daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın hansı qaydada aparılmasından asılı olmayaraq iddiaçı onun mülkiyyətində olan yaşayış sahəsinin çoxmənzilli binadakı mənzil deyil, ayrıca fərdi yaşayış evi olduğunu bildirmişdir. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya məhkəməsi mübahisəli yaşayış sahəsinin naturada real vəziyyətdə ayrıca fərdi yaşayış evi, yoxsa çoxmənzilli binadakı mənzil olması halını dəqiqləşdirmədən onu çoxmənzilli binanın ümumi əmlakına aid etməkdə səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 aprel ta rixli 2-1(103)-616/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanı ilə bir neçə fərdi yaşayış evi mənzil kimi qeydə alındığından, iddiaçı ilkin olaraq cavabdeh orqana mülkiyyətində olan yaşayış sahəsinin fərdi yaşayış evi kimi qeydə alınması və yeni ünvan verilməsi üçün, bundan sonra həmin evin altında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi üçün müraciət etməlidir. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 3 may tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 2 iyun tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlillər i: Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra mətndə - TM) 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır (52.1). İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyy ət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir (52.2). İddiaçının mülkiyyətində olan evinin yerləşdiyi torpaq sahəsinin ərazisi həmin torpaq sahəsində yerləşən evin özülünün sərhədləri daxilində olduğundan, həmin torpaq sahəsinə başqaları ilə birgə mülkiyyətdə olan torpaq sahəsi kimi yanaşıla bilməz. TM-in 88-ci maddəsinin 1-ci bəndinə əsasən, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Bu normaya istinad etməklə iddiaçı bildirmək istəyir ki, torpaq sahəsi üzərində yerləşən ev onun adına dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınıb və buna dair müvafiq çıxarış da verilib. Deməli, mülkiyyətində olan evinin özülünün sərhədləri daxilində olan torpaq sahəsi onun mülkiyyətidir. Həmin mülkiyyətin də dövlət reyestrində qeydiyyata alınması qanuna uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hak imiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 238.2-ci maddəsinə əsasən, əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Həmin Məcəllənin 245-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçə rkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi göstərilən normaların tələblərinə əməl etməmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmiş daşın maz əmlak 2 mərtəbəli, təcrid olunmuş fərdi yaşayış evidir....iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi ərazisi 177.31 kv.m, yaşayış sahəsi 84.6 kv.m olan 5 otaqlı fərdi evi özbaşına tikili olmuş, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 2006-cı il 20 sentyabr tarixli, 284 nömrəli Sərəncamı ilə mənzil fonduna daxil edilərək iddiaçıya kirayəyə verilmiş, iddiaçı tərəfindən 2017-ci ildə özəlləşdirilərkən daşınmaz əmlak düzgün olmayaraq mənzil kimi qeydiyyata alınmış, lakin nömrəsi göstərilməmişdir....hazırda daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanı ilə bir neçə fərdi yaşayış evi mənzil kimi qeydə alındığından, iddiaçı ilkin olaraq cavabdeh orqana mülkiyyətində olan yaşayış sahəsinin fərdi yaşayış evi kimi qeydə alınması və yeni ünvan verilməsi üçün, bund an sonra həmin evin altında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi üçün müraciət etməlidir. Əks halda, iddia təmin ediləcəyi təqdirdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi barədə qərar qəbul edilərsə həmin ünvanda yerləşən bütün 15 saylı evlərin yerləşdiyi torpaq sahələri üzərində iddiaçı mülkiyyət hüququ əldə etmiş olur.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının yuxarıda göstərilən 2018-ci il 25 dekabr tarixli 2-1 (102)-2459/2018 nömrəli qərarında İPM-in 12.1 və 57.8-ci maddələrinin tələblərinin təmin olunmasının zəruriliyi ilə bərabər qeyd edilmişdir ki, əgər məhkəmə Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən 177,31 kv.m-dən ibarət olan 15 saylı evin ayrıca təcrid olunmuş fərdi yaşayış evi olduğunu müəyyən edərsə, o halda, həmin evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğu nəzərə alındığında, iddiaçının həmin evin altındakı sərhədlər daxilində torpağın əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə əlavə araşdırma aparsa da, İPM-in yuxarıda qeyd edilən normalarının tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən tam təmin olunmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının adına mənzil kimi qeydə alınan tikilinin ayrıca yaşayış evi olduğunu qəbul etsə də, iş in hallarını kassasiya instansiyası məhkəməsinin qərarında ifadə olunan mövqeyinə (Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən 177,31 kv.m-dən ibarət olan 15 saylı evin ayrıca təcrid olunmuş fərdi yaşayış evi olduğunu müəyyən edərsə, o halda, həmin evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğu nəzərə alındığında, iddiaçının həmin evin altındakı sərhədlər daxilində torpağın əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini tələb etmək hüququ vardır), həmçinin İPM-in 12.1 və 57.8-ci maddələrinin tələblərinə uyğun tam araşdırmamış və qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin – “iddianın təmin ediləcəyi təqdirdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi barədə qərar qəbul edilərsə, həmin ünvanda yerləşən bütün 15 saylı evlərin yerləşdiyi torpaq sahələri üzərində iddiaçı mülkiyyət hüququ əldə etmiş olur.” – məzmunda qənaətinə gəldikdə, bu, o halda qəbul edilən olar ki, iddiaçıya məxsus tikili digər mülkiyyətçilərə məxsus mənzillərlə birgə vahid bir əmlakı (tikilini, çoxmənzilli binanı) təşkil etmiş olsun. İşdə olan çıxarışlardan göründüyü kimi onlarda göstərilən mənzillərin ev ünvanı eyni olsa da, mənzil ünvanları fərqlidir. İddiaçıya məxsus yaşayış sahələrinin aid olduğu tikilinin, apellyasiya instansiyası məhkəməsinin qərarında göstərildiyi kimi, səhvən mənzil kimi qeydə alınması da vəziyyəti iddiaçının zərərinə dəyişməli deyil. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası yuxarıda göstərilən 2018-ci il 2 5 dekabr tarixli 2-1 (102)-2459/2018 nömrəli qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin hazırkı mübahisəyə düzgün tətbiq etmədiyini qeyd etmişdir. Bu yanaşma ondan irəli gəlmişdir ki, iddiaçı onun mülkiyyətində olan yaşayış sahəsinin çoxmənzilli binadakı mənzil deyil, ayrıca fərdi yaşayış evi olduğunu bildirmişdir. Bununla yanaşı, hətta yaşayış sahəsinin mənzil olduğu, deməli, hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin müddəalarının tətbiqi imkanı və iddiaçının torpaq sahəsi və həmin sahə üzərində yerləşən daşınmaz əmlakın vahid əmlak kimi qeydə alınmasını tələb etdiyi, torpaq sahəsi üzərindəki daşınmaz əmlakın isə iddiaçıya məxsus mənzilin aid olduğu 15 №-li evdən ibarət olması qəbul edildikdə, həmin normanın müddəalarında n çıxış edərək belə qənaətə gəlmək olar ki, hazırkı işdə qeyd edilən 15 №-li binanın tək bir mənzildən ibarət olduğu müəyyən edildiyi halda, həmin mənzilin mülkiyyətçisi binaya xidmət edən obyektlərin (o cümlədən, binanın yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisidir. İPM-in yuxarıda qeyd edilən normalarının tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın təmin olunması tələbinə aid hissədə təmi n oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 aprel tarixli 2-1(103)-616/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar