Məhkəmə qərarları › İş №2-1(102)-2514/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2514/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2514/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsinin etibarsız sayılması barədə iddianın mümkünlüyü; müəyyən etmə marağı; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1971-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinin etibarsız sayılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-158/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)-2287/2011 nömrəli qətnaməsi ilə Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair iddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, həmin torpaq sahəsinə dair plan və ölçünün verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilmiş, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır.

2. Sumqayıt Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(105)-1062/2011 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi qismən - Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun tanınmasına aid hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(102)-850/2012 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)-2287/2011 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra iddiaçı həmin 1200 kv.m bağ torpaq sahəsinin sxeminin verilməsi ilə bağlı xx.xx.2016-cı il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi xx.xx.2016-cı il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edərək qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 151 nömrəli qərarına əsasən iddiaçıya satılmış torpaq sahəsinə yerində baxış keçirilmiş və çölölçmə işləri aparılarkən müəyyən edilmişdir ki, həmin torpaq sahəsi hər birinin payı 1/3 hissə olmaqla X5, X9 və X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində 2282 nömrəli ba ğ sahəsi kimi qeydiyyata alınmışdır. Bu səbəbdən də Sumqayıt şəhəri, Corat bağları massivi ünvanında yerləşən 2265 nömrəli, sahəsi 1200 kv.m olan bağ torpaq sahəsinin sxeminin verilməsi mümkün olmamışdır.

6. Sumqayıt şəhər X14 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi ilə X11 arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” xx.xx.1978ci il tarixli, 1684 nömrəli müqavilənin işdə olan surətində Corat bağ massivi ünvanında yerləşən 2282 nömrəli 0,25 ha-dan ibarət olan bağ torpaq sahəsinin X7 icarəsinə verildiyi göstərilmişdir.

7. İddiaçı cavabdeh qismində X7 qanuni vərəsələrinə, üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə mü raciət edərək Sumqayıt şəhəri, Corat bağlar massivi 2282 nömrəli bağ sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsini xahiş etmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-35/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Sumqayıt şəhəri, Corat bağlar massivi 2282 nömrəli bağ sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ torpaq sahəsinə dair bağlanmış xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi qət edilmişdir.

9. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldikdən sonra qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs qismində X10 tərəfindən apellyasiya şikayəti verilmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-409/2019 nömrəli qətnaməsi ilə X4 apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4128/2019 nömrəli qərarı ilə iş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

11. İkinci apellyasiya icraatı zamanı Sumqayıt Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-3458/2019 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-cu il tarixli, 2(102)-2901/2020 nömrəli qərarı ilə iş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

12. Üçüncü apellyasiya icraatı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-220/2021 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilmiş və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5448/2021 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Corat bağları ərazisində yerləşən 2282 nömrəli bağ sahəsinə dair X11 ilə Sumqayıt şəhər X14 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanıldığı iddia edilən xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

14. İddia tələbi onunla əsaslan dırılmışdır ki, “Corat” bağları ərazisində yerləşən sahəsi 1200 kv.m olan 2265 nömrəli bağ torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 151 nömrəli iclasının qərarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisələndirilən bağ torpaq sahəsinə hər hansı digər şəxsin hüququnun olmadığı və iddiaçının adına rəsmiləşdirilərkən həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu tam şəkildə sübuta yetirilmişdir. İddiaçı torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsi üçün DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə həmin torpaq sahəsinin mərhum X7, daha sonra isə onun vərəsələri X12, X13 və X6 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı məlum olmuşdur. Daha sonra həmin t orpaq sahəsi adıçəkilən şəxslərin adına verilmiş çıxarışlar əsasında X1. Bu səbəbdən iddiaçı cavabdehlər R.E.Quliyeva, E.E.Quliyev və M.E.Quliyevə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçünün etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir.

15. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, 2282 nömrəli bağ torpaq sahəsi kimi təqdim olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həyata keçirilərkən cavabdehlər tərəfindən DƏDRX-in 2 saylı Ərazi İdarəsinə Sumqayıt Bələdiyyəsinin bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi tərəfindən tərtib edildiyi göstərilən tor pağın texniki pasportu və sxemi təqdim olunmuşdur. Həmin sənədlərin bələdiyyə tərəfindən hazırlanmadığı və sənədlərdəki imzaların və möhürün saxtalaşdırıldığı birinci instansiya məhkəməsində tam sübuta yetirilmişdir. Belə ki, bununla bağlı təyin olunmuş məhkəmə ekspertizasının nəticəsi olaraq ekspert tərəfindən xx.xx.2017-ci il tarixli, 13930/13941 nömrəli rəy məhkəməyə təqdim olunmuşdur ki, həmin rəydə də bələdiyyə qulluqçuları S.S.Əsədullayev, U.B.Əliyev və T.S.Əhmədov yazılarının qarşısında əks olunmuş imzaların həmin şəxslər tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi bildirilmişdir. Həmin rəy birinci instansiya məhkəməsində işə baxılarkən adıçəkilən bələdiyyə işçilərinin hər birinin üç vərəqdə imza nümunələri alınmaqla, habelə əsilləri DƏDRX-nin 2 saylı Ərazi İdarəsində saxl anılan bələdiyyənin hazırladığı kimi təqdim olunan texniki pasportun və torpağın sxeminin məhkəməyə təqdim olunmuş surətləri əsasında aparılmış tədqiqat nəticəsində verilmişdir.

16. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2016-ci il tarixli, 24 nömrəli arayışından da görünür ki, Sumqayıt şəhər ZDS İK-nın 1968-ci ilə olan iclas protokollarında X7 adına torpaq sahəsinin ayrılması barədə hər hansı məlumat mövcud deyildir. Həmçinin Sumqayıt Bələdiyyəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli, 1559 nömrəli arayış əsasında müəyyən edilmişdir ki, hüququn qeydiyyatı üçün əsas götürülmüş torpaq icarə müqaviləsinin hüquqi əsasları və arxivi mövcud deyildir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin a dına olduğu iddia edilən 2282 nömrəli bağ torpaq sahəsi bələdiyyədə olan arxiv sənədlərinə əsasən 1965-ci ildə başqa bir şəxsin, yəni X2 icarəsinə verilmiş bağ torpaq sahəsi kimi qeydə alınmışdır. Nəzərə alınsa ki, bağ sahələrinin nömrələri 1965-ci ildən etibarən sıra sayları ilə nömrələnmişdir və eyni nömrə altında iki bağın mövcudluğu istisna olunur, arxivi olmayan və X7 adına yazılmış icarə müqaviləsinin saxta olduğu sübuta yetirilir. Bunu məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş xx.xx.2017-ci il tarixli, 8187 nömrəli rəyində ekspert də vurğulamışdır. Belə ki, həmin rəydə 1 vərəqdən ibarət olan xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsində çap olunmuş mətnlərin rəngləyici maddələrinin kimyəvi tərkibinə görə texniki qurğularda (surətçıxaran, ço xaldıcı aparat və sairə) istifadə olunan rəngləyici maddələrə aid olduğu qeyd edilmişdir. Nəzərə alınsa ki, 1978-ci ildə adı çəkilən texniki qurğular, o cümlədən surətçıxaran, çoxaldıcı aparat və s. avadanlıqlar mövcud deyildi, aydın olur ki, həmin müqavilə Sumqayıt Bələdiyyəsinin bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi tərəfindən hazırlandığı iddia edilən texniki pasport kimi saxtalaşdırılmışdır. Həmçinin DƏDRX-nin 2 saylı Ərazi idarəsi tərəfindən X7 adına hüquqmüəyyənedici sənəd verilərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur. Məhkəmə araşdırmalarının nəticəsində kassasiya instansiya məhkəməsi həqiqiliyi onun tərəfindən mübahisələndirilən xx.xx.1978-ci il tarixli,1684 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair mü qaviləni inzibati akt hesab etdiyindən, bu mübahisənin mülki deyil, inzibati məhkəmə icraatı qaydada baxılmalı olması qənaətinə gəlmişdir. Sözügedən torpaq icarə müqaviləsi keçmiş Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağ təsərrüfatı İdarəsi tərəfindən bağlanıldığından və həmin orqanın hüquqi varisi hal-hazırda Sumqayıt Şəhər İcra Hakimiyyəti olduğundan, iddiaçı müqavilənin ləğv edilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, sonuncu bunun səlahiyyətlərində olmadığını bildirərək imtina etmişdir. Cavabdehin etirazları:

17. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

18. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X10 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs X11 birinci instansiy a məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə prosessual hüquqi varisi X13 ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

19. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1318/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhərinin Corat bağları ərazisində yerləşən 2282 nömrəli bağ sahəsinə dair X11 ilə Sumqayıt şəhər X14 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanıldığı iddia edilən xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsi etibarsız sayılmışdır.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli rəyinə əsasən mübahisə predmeti olan icarə müqaviləsinin surətində aparılan tədq iqat zamanı müəyyən edilmişdir ki, müqavilədə çap olunmuş mətnlər texniki qurğularda istifadə olunan rəngləyici maddələrdən istifadə olunaraq yazılmışdır. 1978-ci ildə surətçıxaran aparatın mövcud olmaması həmin müqavilənin sonrakı tarixlərdə tərtib edilməsinə dəlalət edir. Bundan əlavə, digər ekspert rəyi ilə 2282 nömrəli bağ torpaq sahəsinə bələdiyyə tərəfindən tərtib edilmiş sxemin bələdiyyənin əməkdaşları tərəfindən imzalanmaması, ümumiyyətlə, həmin sxemin bələdiyyə tərəfindən tərtib edilməməsi müəyyən edilmişdir. Göründüyü kimi, icarə müqaviləsinin hansı qurum tərəfindən rəsmiləşdirilməsi məhkəməyə məlum deyildir.

21. Üçüncü şəxslər X10 və X13 həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmi şlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-158/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının hüquqi marağına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında qaldırılmalı olan iddia bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.1978-ci il tarixli, 1684 nömrəli müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrində X7 adına aparılmış qeydiyyatın ləğvi barədə iddia ola bilərdi. Belə ki, tərəflər arasında həmin icarə müqaviləsinin etibarsız sayılmasına dai r mülki iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilən hallardan görünür ki, torpaq icarə müqaviləsinin hüquqi əsasları və arxivi mövcud olmamış, X11 və onun qanun üzrə vərəsələri tərəfindən Corat bağları massivində yerləşən 2282 nömrəli torpaq sahəsinə dair sxemin tərtib edilməsi barədə Sumqayıt Bələdiyyəsinə rəsmi qaydada müraciət edilməmişdir. Həmçinin iş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2022-ci il tarixli, 447 nömrəli məktubdan görünür ki, Corat bağları ərazisində yerləşən 2282 nömrəli bağ torpaq sahəsinə dair X11 ilə Sumqayıt şəhər XDS İK-nın Bağ Təsərrüfatı İdarəsi arasında bağlanıldığı iddia edilən xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsi Sumqayıt Şəhər İcra Hakimiyyəti və onun tabeli qu rumu olan Memarlıq və Şəhərsalma İdarəsinin arxivlərində aşkar edilməmişdir. Habelə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş təhvil-təslim aktına əsasən Corat bağları ərazisi, 2282 nömrəli bağ torpaq sahəsinə dair 1684 nömrəli icarə müqaviləsinin arxiv qovluğu aşkar edilməmişdir.

24. Hazırkı halda da işin yuxarıda qeyd edilən xüsusatlarından göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair Eldar Quliyevin adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat arxiv əsasları mövcud olmayan icarə müqaviləsi əsasında, yəni hər hansı mülki-hüquqi əqdə əsa slanmadan aparıldığından, aparılan qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir və həmin qeydiyyatın mübahisələndirilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı işdən görünür ki, iddiaçının reyestrdə qeydiyyatın ləğvinə dair iddianı qaldırmağa hüquqi marağı aradan qalxmış, konkret halda reyestrdə qeydiyyatın mübahisələndirilməsinə dair hüquqi müdafiəyə ehtiyacı yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-35/2017 nömrəli qətnaməsi əsasında xx.xx.2017-ci il tarixdə icra vərəqəsi yazılaraq qətnamə icraya yönəldilmiş, icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsi nin icra məmuru tərəfindən xx.xx.2017-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və həmin qərar icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə göndərilmişdir. İşdən görünür ki, qeyd edilən icra vərəqəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində 0,1823 ha torpaq sahəsinə dair X11 və onun vərəsələrinin adına aparılmış qeydiyyat ləğv edilmişdir. Bundan sonra, iddiaçının hazırda mübahisələndirdiyi, bələdiyyə tərəfindən ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2265G nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınaraq, bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Eyni zamanda, işdən görünür ki, 0,1823 ha torpaq sahəsinin qalan 0,06 ha hissəsi isə iddiaçının həyat y oldaşı X3 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Belə olan halda, kollegiya hesab edir ki, daşınmaz əmlakın dövlət reyestr məlumatlarına əsasən, hazırda mübahisəsi gedən ərazi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğundan həm hazırkı iddia, həm də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsinə dair iddia iddiaçının hüquqi marağına uyğun iddia deyildir. Ona görə də, iddia mümkün sayılmamalıdır.

25. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci inst ansiya məhkəməsinin qərarını ləğv edərək iddianı mümkün saymamaqla aşkar qanun pozuntusuna yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu mövqeyini torpağa dair artıq mübahisənin olmaması və belə olan halda da hazırkı iddia tələbinin iddiaçının hüquqi marağına uyğun olmaması ilə əsaslandırmağa çalışmışdır. Halbuki mübahisələndirilən torpaq sahəsi ilə bağlı mübahisənin məhz davam etməsi səbəbindən iddiaçı bu tələblə məhkəməyə müraciət etmişdir və həmin tələb əsasında məhkəmədə işə baxılması onun hüquqi maraq dairəsinə daxildir.

27. Həmçinin məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, X13 və X10 iddiaçıya, yəni İddiaçı qarşı “qanunsuz tikililərin sökülərək ərazidən daşınması və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə mür aciət edərək, İddiaçı onlara məxsus olduğunu iddia etdikləri Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən və faktiki sahəsi 0,1823 ha olan 2282 nömrəli bağ sahəsində qanunsuz olaraq tikdiyi bütün tikililərin öz vəsaiti hesabına sökülərək ərazidən daşınması, İddiaçı həmin torpaq sahəsini onlara təhvil verməsi və ödəniİmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişİər. Həmin iddia ərizəsi üzrə 2(060)-451/2023 nömrəli mülki iş Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin mülki işin icraatı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)- 1318/2022 nömrəli qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Sumqayıt Şəhər Məhkəməsi hesab etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(118)-1318/2022 nömrəli qərarı qanuni qüvvəyə minənədək hazırkı mülki işə mahiyyəti üzrə baxılması mümkün deyil. Belə ki, hazırkı mülki iş üzrə iddia tələbinin əsasını həmin qərarla etibarsız sayılan icarə müqaviləsi əsasında əldə olunmuş mülkiyyət hüququ təşkil edir.

28. O cümlədən, nəzərə alınsa ki, daşınmaz əmlakın dövlət reyestrində 2282 nömrəli bağ torpaq sahəsinə dair X11 və onun vərəsələrinin adına aparılmış qeydiyyat sonradan ləğv edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)35/2017 nömrəli qətnaməsi əsasında ləğv edilmişdir, bu halda istənilən vaxt icrada dönüşlə bağlı müvafiq tədbirlər həyata keçirilə bilər. Belə olan halda da, mübahisəli torpaq sahəsinə dair iddiaçı və onun həyat yoldaşının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mötəbərliyi mübahisə predmeti olacaqdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

29. Üçüncü şəxslər tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “İnzibati icraat haqqında” Qanun Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xara kterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

31. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiql əşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.... Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola b ilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkiş afının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiy yəti üzrə qərar qəbul etmədikdə.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona g örə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının hüquqi marağına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında qaldırılmalı olan iddia bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.1978-ci il tarixli, 1684 nömrəli müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrində X7 adına aparılmış qeydiyyatın ləğvi barədə iddia ola bilərdi. Belə ki, mübahisəli torpaq sahəsinə dair El dar Quliyevin adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat arxiv əsasları mövcud olmayan icarə müqaviləsi əsasında, yəni hər hansı mülki-hüquqi əqdə əsaslanmadan aparıldığından, aparılan qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir və həmin qeydiyyatın mübahisələndirilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin hazırda iddiaçının reyestrdə qeydiyyatın ləğvinə dair iddianı qaldırmağa hüquqi marağı aradan qalxmış, konkret halda reyestrdə qeydiyyatın mübahisələndirilməsinə dair hüquqi müdafiəyə ehtiyacı yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-35/2017 nömrə li qətnaməsi əsasında verilmiş xx.xx.2017-ci il tarixdə icra vərəqəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində 0,1823 ha torpaq sahəsinə dair X11 və onun vərəsələrinin adına aparılmış qeydiyyat ləğv edilmişdir. Bundan sonra, iddiaçının hazırda mübahisələndirdiyi, bələdiyyə tərəfindən ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2265G nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınaraq, bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Eyni zamanda, işdən görünür ki, 0,1823 ha torpaq sahəsinin qalan 0,06 ha hissəsi isə iddiaçının həyat yoldaşı X3 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Belə olan halda, daşınmaz əmlakın dövlət reyestr məlumatlarına əsasən, hazırda mübahisəsi gedən ərazi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğundan həm hazırkı iddia, həm də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsinə dair iddia iddiaçının hüquqi marağına uyğun iddia deyildir. Ona görə də, iddia mümkün sayılmamalıdır.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

37. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipi iddianın mümkünlüyünün yoxlanılmasına da aiddir.

38. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-35/2017 nömrəli qətnaməsi icra edilmiş olsa da, yuxarıda qeyd olunduğu kimi, həmin qətnamə sonradan yuxarı instansiy a məhkəməsi tərəfindən ləğv edilmiş, buradan, həmin qətnamə əsasında inzibati orqan tərəfindən həyata keçirilmiş müvafiq tədbirlərin hüquqi əsası aradan qalxmışdır.

39. Hazırkı məzmunda iddianın iddiaçının hüquqi marağına uyğun iddia olmadığına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddianın ümumi mümkünlük şərtləri şübhə doğurmur. İddianın xüsusi mümkünlük şərtinə (iddia tələbində göstərilən müqavilənin etibarsızlığının tanınmasına iddiaçının hüquqi marağının olmasına) gəldikdə, iddia İPM-in 36.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi mümkünlük şərtlərini təmin etməli, etibarsızlığının tanınması tələb edilən aktın (habelə, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinin tələbləri baxımından, inzibati orqanın faktiki xarakterli hə rəkətinin/fəaliyyətinin nəticəsini əks etdirən digər sənədin) məzmununda iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilə edən və ya müdaxilə təhlükəsi yaradan müddəa olmalı, həmin müddəadan irəli gələn hüquq münasibətlərinin qısa müddətdə müəyyən edilməsində iddiaçının kifayət qədər marağı olmalıdır. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər.

40. İddia olunan “müqavilə”nın məzmunu və iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar nəzərə alındıqda, iddiaçının hazırkı işdə müəyyən etmə marağının olduğu mübahisə doğurmalı deyil.

41. Beləliklə, əgər apellyasiya instansiyası məhkəməsi hazırkı iddianın iddiaçının hüquqi marağına uyğun məzmunda olmadığı qənaətinə gəlirsə, bu halda, o, İPM-in 13-cü maddəs ində nəzərdə tutulmuş məhkəmənin xidməti vəzifəsinə dair müddəaların hazırkı işə tətbiqi imkanlarını nəzərdə keçirə, üçüncü şəxslərin mübahisəli əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının əsası kimi çıxış edən “müqavilə”nın həmin əmlakla bağlı hüquqi nəticə yaradıb-yaratmadığını, başqa sözlə, həmin “müqavilə”dən irəli gələn hüquq münasibətinin mövcud olub-olmadığını müəyyən edə bilərdi. Bu halda, apellyasiya instansiyası məhkəməsinin nəzərdə tutduğu digər inzibati orqana qarşı başqa icraatda və başqa məzmunda yeni mübahisə açmağa da zərurət qalmır.

42. Apellyasiya instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1, 12.2, 58.7 və 82ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

43. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən, habelə apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədiyindən və iş həmin səbəblərlə təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

44. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-158/2023 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar