Məhkəmə qərarları › İş №2-1(102)-2538/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2538/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2538/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1594/2023 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********355600 №-li qərarına əsasən, kameral vergi yoxlamasının nəticəsi olaraq iddiaçıya 2017-ci il üzrə 24.525,69 manat məbləğində əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il t arixli, **********355600 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixli kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Qurumun əvvəlki adı "xxxx" MMC olmuşdur. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Lakin cavabdehin xx.xx.2020-ci il tarixli vergilərin hesablanması barədə **********355600 №-li qərarına əsasən MMC-yə əlavə mənfəət vergi məbləği hesablanmışdır. Hesab edirlər ki, cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır. Cavabdehin etirazları:

4. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda bildirilmişdir ki, vergi orqanında aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin (kassa metodu ilə) 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 1025017,08 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0,00 manat, cəmi 1025037,08 manat məbləğində gəlir göstərməsinə baxmayaraq, bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 727011,00 manat artıq, yəni 1752028,08 manat dövriyyə məbləğləri göstər ilmişdir. Lakin bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0,00 manat artdığı üçün göstərilmiş gəlir məbləğlərində 727.011,00 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Yaranmış uyğunsuzluq ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********6D8200 nömrəli məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat, zəruri sənədlər və mövcud uyğunsuzluq aradan qaldırılmaqla müvafiq dövr üçün dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir. Beləliklə, kameral vergi yoxlaması ilə 2017-ci ilin m ənfəət vergisi üzrə 24525,69 manat əlavə vergi məbləği hesablanmış və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********355600 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir.

5. Cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-495/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin olunmamışdır.

7. Məhkəmə hesab etmişdir ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********355600 saylı qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, vergi orqanında aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin (kassa metodu i lə) 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 1025017,08 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0,00 manat, cəmi 1025037,08 manat məbləğində gəlir göstərməsinə baxmayaraq, bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 727011,00 manat artıq, yəni 1752028,08 manat dövriyyə məbləğləri göstərilmiş, lakin bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0,00 manat artdığı üçün göstərilmiş gəlir məbləğlərində 727.011,00 manat kənarlaşma yarandığı müəyyən edilmişdir.

8. Məhkəməyə təqdim edilmiş ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, xx.xx.2022-ci il tarixli 9/2729 nömrəli ekspert rəyindən göründüyü kimi mübahisələndirilən qərar ilə bağlı ekspertiza tədqiqatının keçirilməsi üçün cavabdeh tərəfindən təqdim edilmiş suallar və vergilərin hesablanması üçün əsas olan sənədlər (sübutlar) ekspertiza tədqiqatından kənarda qalmışdır. Göstərilən səbəbdən də ekspert rəyi işin faktiki hallarını tam əhatə etmir. Ekspert məhkəmə tərəfindən qoyulmuş suallar üzrə də ətraflı araşdırma və əsaslandırma aparmadan hesablanmış vergilərin düzgünlüyünün müəyyən olunmadığını qeyd etməklə kifayətlənmişdir. Ekspert rəydə qeyd etmişdir ki, müəssisəyə əlavə olaraq hesablanmış 2017-ci il üzrə 21.529,50 manat məbləğində mənfəət vergisinin səb əbi vergi ödəyicisi tərəfindən ƏDV və mənfəət vergisi bəyannamələrinin göstəricilərinin fərqli olması göstərilmişdir. Bəyannamələr vergilərin hesablanması üçün ilkin mühasibat sənədləri deyil, yalnız məlumat xarakterli hesabatlardır. Lakin bu zaman da ekspertin hər-hansı mühasibat sənədinə istinadən etməsi tədqiqatdan müəyyən olunmur. Bütün bunlar isə ekspert rəyinin əsassız olduğuna dəlalət edir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1594/2023 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-495/2022 saylı, xx.xx.2022-ci il ta rixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli, **********355600 saylı qərarı ləğv edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MMC-yə hesablanmış mənfəət vergisinin əsaslılığı sübuta yetirilmir və yuxarıda qeyd edildiyi kimi MMC-yə dair qəbul edilmiş məhkəmə aktlarından da bəllidir ki, MMC-nin vergidən yayınma halı və yaxud vergi borcu yaranmamışdır. İddiaçının “Şəxsi hesab vərəqəsi”ndən görünür ki, xx.xx.2017-ci il tarixə 40.908, 66 manat ƏDV hesablanmış və həmin tarixdə 40.908, 66 manat ƏDV borc üzrə azalma olmuşdur.

12. Həmçinin, xx.xx.2017-ci il tarixə 98.868,66 manat ƏDV hesablanmış və həmin tarixdə 98.868,66 manat ƏDV borc üzrə azalm a olmuşdur.

13. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********355600 saylı qərarına görə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 2017-ci il üzrə 24.525,69 manat əlavə vergi məbləğinin nəyin əsasında və necə hesablanması barədə Kollegiyanın sualına cavabdehin nümayəndəsi cavabında bildirilmişdir ki, iddiaçının 2017ci il üzrə idxal əməliyyatları zamanı idxal olunmuş malların dəyərinin düzgün bəyan edilməməsi aşkarlanaraq ödənilməli mənfəət vergisi hesablanmışdır.

14. Bunun qarşılığında iddiaçının nümayəndələri xx.xx.2017-xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük orqanından İddiaçı MMC-nin idxal etdiyi mallara dair MMC-nin idxal əməliyyatları haqqında siyah ını təqdim etmişlər.

15. Beləliklə, xx.xx.2017-xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük orqanından İddiaçı MMC-nin idxal etdiyi mallara dair digər fərqli siyahı məhkəməyə təqdim edilməmiş və iş materiallarında müəyyən edilməmişdir.

16. Cavabdehin nümayəndəsi, həmçinin xx.xx.2017-xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük orqanından İddiaçı MMC-nin idxal etdiyi mallara dair MMC-nin idxal əməliyyatları haqqında siyahıda malların göstərilən idxal qiymətlərindən fərqli qiymətin mövcud olması barədə hər hansı sübut təqdim edə bilməmişdir.

17. Beləliklə, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********355600 saylı qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxl ama nəticəsində iddiaçıya 2017-ci il üzrə 24.525,69 manat əlavə vergi məbləği hesablanmasının faktiki və hüquqi əsaslarının mövcudluğu təsdiqini tapmamışdır.

18. Göstərilənlərə əsasən, İddiaçı MMC-nin fəaliyyətində hər hansı vergidən yayınma və ya kənarlaşma halı olmamışdır ki, bu səbəbdən də vergi orqanının qərarı əsassız sayılır.

19. Göstərilənlərdən əlavə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2729 saylı xx.xx.2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqları hesablanması barədə” 28 iyul 2020-ci il tarixli **********355600 saylı qərarı ilə iddiaçı MMC-yə əlavə olaraq hesablanmış 21.529,50 manat məbləğində mənfəət vergisinin düzgünlüyü təsdiq olunmur.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

21. Şikayətin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.

22. Bundan başqa, şikayətdə qeyd edilir ki, məhkəmə kollegiyası 2017-ci ilin iyun ayı üzrə ƏDV ilə bağlı həmin hesablamaları və azalmaları qeyd edərkən xx.xx.2017-ci il tarixə olan 130 861,98 manat 2017-ci ilin iyun ayı üzrə yaranmış olan hesablamanı nəzərə almamış və bu hesablamanın son hesablama olduğ u və daha sonra hər hansı bir dəqiqləşdirmənin olmadığını və həmin hesablamanın mübahisələndirilmədiyini müəyyən edə bilməmişdir.

23. Beləliklə, aydın olur ki, mənfəət vergisinin hesablanması üçün əsas olan ƏDV bəyannaməsi üzrə müəyyən edilən 727 011,00 manat dövriyyə iddiaçı tərəfindən mübahisələndirilməmiş, qanuni və əsaslı olmuşdur.

24. Qərarda qeyd olunur ki, iddiaçıya 2017-ci il üzrə 24.525,69 manat əlavə vergi məbləğinin nəyin əsasında və necə hesablanması barədə Kollegiyanın sualına cavabdehin nümayəndəsi cavabında bildirilmişdir ki, iddiaçının 2017- ci il üzrə idxal əməliyyatları zamanı İdxal olunmuş malların dəyərinin düzgün bəyan edilməməsi aşkarlanaraq ödənilməli mənfəət vergisi hesablanmışdır, iddiaçının nümayəndələri xx.xx.2017-xx.xx.2017-ci il tarixədək Dövlət Gömrük orqanı ndan İddiaçı MMC-nin idxal etdiyi mallara dair siyahını təqdim etmişlər. Beləliklə, xx.xx.2017-xx.xx.2017-ci il tarixədək Dövlət Gömrük orqanından İddiaçı MMC-nin idxal etdiyi mallara dair digər fərqli siyahı məhkəməyə təqdim edilməmiş və iş materiallarında müəyyən edilməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi həmin dövr üzrə qiymətlərin fərqli olması barədə hər hansı sübut təqdim edə bilməmişdir.

25. Məhkəmə kollegiyasının iddiaçının nümayəndələrinin sonuncu məhkəmə iclasında, yəni qərar elan olunan gün (xx.xx.2023) təqdim etdiyi sənədlərə (bütövlüyü pozulmuş, yəni tam formada olmayan 2 vərəqdən ibarət idxal əməliyyatları haqqında məlumat və cəmiyyətin şəxsi hesab vərəqəsi) sübut kimi istinad edərək, iddianın təmin edilməsi barədə qərar qəbul etməsi işin faktiki hallarına uyğun deyildir. Hesablamanın əsasları barədə ətraflı məlumat verilmiş, dövriyyələr arasında olan fərqin kənarlaşma üçün əsas olduğu məlumat üçün bildirilmiş və sübut edilmişdir. Lakin məhkəmə kollegiyası hesablamanın əsasını təşkil edən ƏDV dövriyyəsinin əsaslarının araşdırılması üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş və işin həqiqi mahiyyəti məhkəmə tədqiqindən kənarda qalmışdır.

26. Məhkəmə kollegiyası sadəcə iddiaçı tərəfindən təqdim edilmiş və idxalı müəyyən etməyə əsas verən sənədləri mənfəət vergisinin hesablamasının əsaslarını şübhə altına almaq üçün əsas götürmüşdür.

27. İdxal barədə məlumat vergi orqanında olduğu halda, hansı səbəbdən həmin sənədi əsas gətirməklə idxal rəqəmləri arasında fərqi sübut etməyə çalışması məhkəmə kollegiyasının qərarını şübhə altına almaq üçün ciddi əsas olmu şdur.

28. Həmçinin 2017-ci ilin 6 aylıq dövr ərzində idxal etdiyi mal ilə dövriyyə arasında olan fərq də araşdırmadan kənarda qaldığı üçün işin faktiki halları məhkəmə tərəfindən ümumiyyətlə tədqiq olunmamış və işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütü n faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Kassasiyanın mümkün sayılmaması üçün əsaslar yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktı nın qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

34. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, id diaçının “Şəxsi hesab vərəqəsi”ndə qeyd edilənlərə görə xx.xx.2017-ci il tarixə 40.908, 66 manat ƏDV hesablanmış və həmin tarixdə 40.908, 66 manat ƏDV borc üzrə azalma olmuşdur. Həmçinin, xx.xx.2017-ci il tarixə 98.868,66 manat ƏDV hesablanmış və həmin tarixdə 98.868,66 manat ƏDV borc üzrə azalma olmuşdur. İddiaçının vergidən yayınma halı və yaxud vergi borcu yaranmamışdır.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi iddiaçının “Şəxsi hesab vərəqəsi”ndəki məlumatlara əsaslanırsa, həmin məlumatlardan, onları tam və hərtərəfli araşdırdıqdan sonra istifadə etməli və qiymətləndirməli idi.

37. Cavabdeh haqlı olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi 2017-ci ilin iyun ayı üzrə ƏDV ilə bağlı həmin hesablamaları və azalmaları qeyd edərkən 2017-ci ilin iyun ayı üzrə xx.xx.2017-ci il tarixə 130 861,98 manat məbləğində hesablamanı, bu hesablamanın son hesablama olduğunu, bundan sonra hər hansı bir dəqiqləşdirmənin olmadığını, həmçinin həmin hesablamanın mübahisələndirilmədiyini nəzərə almamışdır.

38. İşin materiallarına görə, cavabdeh tərəfindən iddiaçıya əlavə vergi məbləğinin hesablanmasının əsasında iddiaçı tərəfindən təqdim olunan 2017-ci ilin müvafiq ayları üzrə ƏDV bəyannamələrində göstərilən məlumatlarla həmin il üzrə təqdim olunmuş mənfəət vergisi üzrə bəyannamələrdəki məlumatlar arasında ziddiyyət və bundan irəli gələn kənarlaşma dayanır.

39. Cavabdeh də h aqlı olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hesablamanın əsasını təşkil edən ƏDV dövriyyəsinin əsaslarının araşdırılması üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş, işin həqiqi halları məhkəmə tədqiqindən kənarda qalmışdır. Məhkəmə ƏDV bəyannaməsində göstərilən dövriyyənin mənfəət vergisi üzrə bəyannamədə əks etdirilməməsinin səbəbləri barədə araşdırma aparmadan iddianın əsaslılığı nəticəsinə gəlmişdir.

40. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyində n və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1594/2023 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar