Məhkəmə qərarları › İş №2-1(102)-2552/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2552/2023

29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2552/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkün sayılmaması, inzibati mübahisə olmaması, məhkəmə qətnaməsinin icrasının təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx5) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “məhkəmə qətnamələrinin i crasının təmin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(104)-505/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2145/2019 nömrəli qətnaməsi ilə həmin iş üzrə cavabdeh X1 JN-273 (Kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Bərdə rayon Mollagüllər kəndində yerləşən 2.12 ha torpaq sahəsinin 0.12 ha hissəsindən çıxarılması qət edilmişdir.

2. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1781/2020 nömrəli qətnaməsi ilə Bərdə rayon Mollagüllər k əndində yerləşən və İddiaçı məxsus torpaq sahəsində çəkilmiş arxın həmin iş üzrə cavabdeh X1 öz vəsaiti hesabına doldurulması qət edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2145/2019 nömrəli və xx.xx.2020-ci il tarixli, 2(021)-1781/2020 nömrəli qətnamələrinin icra olunması vəzifəsinin cavabdehin və üçüncü şəxs Bərdə rayon icra və probasiya şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2145/2019 nömrəli qətnaməsi ilə X1 onun və ailə üzvlərinin mülkiyyətində olan Bərd ə rayon Mollagüllər kəndində yerləşən 2.12 ha torpaq sahəsinin 0.12 ha hissəsindən çıxarılması, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1781/2020 nömrəli qətnaməsi ilə isə Bərdə rayon Mollagüllər kəndində yerləşən ona məxsus torpaq sahəsində çəkilmiş arxın həmin iş üzrə cavabdeh X1 öz vəsaiti hesabına doldurması qət edilsə də, cavabdeh və üçüncü şəxs qətnamələrin icrasından yayınır, üçüncü şəxs tərəfindən əsassız şəkildə icra sənədi üzrə icraata xitam verilmişdir.

5. Gəncə İnzibati Məhkəməsinin (hakim: Gülşən Əliyeva) 14 aprel 2023-cü il tarixli, 2-1(114)-2455/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının tələbi Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)2145/2019 nömrəli və xx.xx.2020-ci il tarixli, 2(021)-1781/2020 nömrəli qətnamələri əsasında verilən icra sənədinin icrası ilə bağlıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) isə inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verilməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.

7. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşad Mamedov /sədrlik edən və məruzəçi/, Aygül İsgəndərova və Azər Bayramov) 16 iyun 2023-cü il tarixli, 2-1(104)-505/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayətinin əsasını iddia ərizəsi və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. Həmçinin, apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilir. b) kassasiya şikayətinə qarşı etir azın dəlilləri:

12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yen idən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibat i mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman proses sual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

17. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

18. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

20. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

21. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının y oxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Məhkəmə mümkünlüyün yoxlanılması zamanı səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

22. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. 23. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üz rə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 25. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, mülki mübahisənin gedişində çıxarılmış məhkəmə qətnaməsinin əsasında verilmiş icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.

27. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər.

28. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi məhkəmə qətnaməsi əsasında verilən icra sənədinin icrası ilə bağlıdır. Ona görə də, icra sənədi üzrə icraatla bağlı icra qurumunun qərarının, həmçinin həmin hərəkət və ya hərəkətsizliyinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı həmin qərarın, habelə hərəkətin (hərəkətsizliyin) qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər.

29. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməmiş, ayrıca inzibati iddia qaldırmışdır.

30. Yuxarıda da qeyd olunduğu kimi, belə iddialar inzibati mübahisə hesab edilmədiyi üçün hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir.

31. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(104)-505/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar