Məhkəmə qərarları › İş №2-1(102)-2561/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2561/2019

18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2561/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Əhməd İsmayıl Əhməd oğlunun, Cavabdehin nümayəndəsi x1, Cavabdehin vəkili İsmayılov Yusif Yaşar oğlunun iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin cavabdeh x2-yə qarşı “məcburi sosial sığorta haqları üzrə borcun tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 aprel tarixli 2-1(103)-148/2019 nömrəl i qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Cavabdehin iddiaçıya məcburi dövlət sosial sığorta haqları üzrə 2016-cı il 1 iyul tarixdən 2018-ci il 1 aprel tarixədək olan dövr ərzində 387.563,57 manat borcu yaranmışdır. İddiaçı həmin borcun ödənilmədiyi təqdirdə, məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq etmiş, lakin borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi 2018-ci il 24 sentyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2016-cı il 1 iyul tarixdən 2018-ci il 1 aprel tarixədək olan dövr ərzində 387.563,57 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı il 1 iyul tarixdən 2018-ci il 1 aprel tarixədək olan dövr ərzində iddiaçının 387.563,57 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, müəyyən edilmiş müddət daxilində (hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxta, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə nağd və nağdsız hesablaşma qaydasında) sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Həmin Qanunun 18-ci maddəsinə əsa sən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır. Məcburi dövlət sosial sığorta haqqı iqtisadi mahiyyətinə görə vergi olmadığından, bu haqların ödənilməməsi bilavasitə MMC-də çalışan və çalışmış işçilərin gələcək pensiya təminatına mənfi təsir göstərəcəkdir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 2, 4, 33, 45, 46, 68, 69 və 73-cü maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin 2018-ci il 12 noyabr tarixli 2-1(82)4178/2018 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehin 2016-cı il 1 iyul tarixdən 2018-ci il 1 aprel tarixinədək olan dövr ərzində iddiaçının 387.563,57 manat (əsas borc 387.563,57 manat, penya 00 manat) məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcunun iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl edərək borcun beş gün müddətində ödənilməsi ilə bağlı cavabdehə bildiriş, borc məbləği bildirişdə göstərilən müddətdə ödənilmədiyi üçün hüquqi şəxsə qarşı iddianın qaldırılması ilə bağlı xəbərdarlıq göndərmiş, lakin cavabdeh tərəf indən “Sosial sığorta haqqında” Qanun ilə müəyyən edilmiş borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə iddia tələbinin rədd olunan hissəsi ilə bağlı qeyd etmişdir ki, borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə ödənilməsi yaranmış vəziyyətdən səmərəli çıxış yolu deyildir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən – iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh həmin qərarı mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 mart tarixli 2-1(103)-148/2019 nömrəli qərardadı ilə hazırki iş üzrə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi əsl idd iaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Milli Gəlirlər Departamenti ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 aprel tarixli 2-1(103)-148/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 10 may tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 10 iyun tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Belə ki, iddia ərizəsində tələb edilən borc məbləğini əhatə edən dövr üzrə artıq bir dəfə məhkəmə tərəfindən 2017-ci il 4 aprel tarixli 2-1(82)-1166/2017 nömrəli qərar qəbul edilmiş və qərarda göstərilən yaranmış borcun tələb edilməsi “İcra haqqında” Qanuna müvafiq olaraq icra qaydasında tələb edilməli olduğu halda, iddiaçı “Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinə istinad edərək iddia qaldırmış və ən maraqlısı məhkəmə tərəfindən iddia qeyri-mümkün hesab edilməli olduğu halda bu edilməmişdir. Hazırkı iddianın verilməsi əsasını “Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsi olsa da, həmin bəndlərin ləğv edilməsinə heç bir hüquqi qiymət verilməmiş, əksinə hesab edilmişdir ki, guya ki, “iddiaçının fəaliyyətinin dayandırılması və borcun əmlakın satılması yolu ilə tutulması tələbi yaranmış vəziyyətdən səmərəli çıxış yolu deyildir. Hətta bu tələbin təmin edilməsi cavabdehə borclarını ödəməyə maneçilik yaradır və təmin edilməsi məqsədə müvafiq deyildir. Göründüyü kimi, iddiaçının “Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinə istinad etməklə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Bundan başqa, eyni dövrə görə yaranmış borca dair məhkəmə qərarı mövcud olduğundan, iddia ümumiyyətlə icraata qəbul edilməməli idi. Bundan başqa, ilk iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə qərardad qəbul edilsə də, əsl iddiaçının iştirakını qərardan müəyyən etmək mümkün olmur, əksinə ilk iddiaçının iştirakı ilə prosesin davam etdiyi müəyyən edilir. Belə bir qeyri-müəyyən qərarın qüvvədə qalması ümumiyyətlə yolverilməzdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin n ümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Sosial sığorta haqqında” Qanunun 9- 1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra mətndə - VM) vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. VM-in 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mən bələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Qanuna əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati or qan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə görə, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul təl əblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 13 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, “İnzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməməsi ilə əlaq ədar siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.” Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, şəxsin ödənilməmiş vergi borcları ilə bağlı vergi məsuliyyətinə cəlb edilməsi məsələsi vergi orqanları tərəfindən həll edilməli məsələdir. Vergi orqanı öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. İddiaçı qanunla ona verilmiş bu səlahiyyətdən (əslində, həmin səlahiyyətin ehtiva etdiyi vəzifədən), həm də məhkəmədən kənar qaydada istifadə etməməsinin səbəblərini, yaxud bunu etmək imkanından məhrum olduğunu əsaslandırmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsi nə əsasən, inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları da icra sənədləri sayılırlar və məhkəmələrin verdiyi icra sənədləri kimi onların da icrası həmin Qanuna uyğun olaraq təmin olunur. Pul tələblərinin ödənilməsi ilə bağlı olan belə qərarlar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdırlar, ünvanlandıqları şəxslər üçün məcburi xarakter daşıyırlar və icra olunmalıdırlar. VM-in 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəll ənin 90.1-ci maddəsində isə təsbit edilmişdir ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, şərh olunanları nəzərə almaqla kollegiya hesab edir ki, vergi orqanı vergi öhdəliyi yerinə yetirilmədikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə yalnız siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda sa tılması haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsinə tutulması predmetli iddiaya məhkəmədə baxılmalı deyildir. Vergi orqanı bu məsələni inzibati akt qəbul etməklə həll etməlidir. Həmin inzibati aktı qəbul etdikdən sonra vergi orqanı Vergi Məcəlləsində təsbit edilmiş imkanlardan istifadə etməklə məcburi dövlət sosial sığorta haqqı borcunun dövlət büdcəsinin ödənilməsinin təmin edilməsinə yönəlmiş tədbirlər görməlidir. Müvafiq olaraq məhkəmə qaydasında görülməli olan belə tədbir yalnız siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında iddia qaldırılması ola bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kol legiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 aprel tarixli 2-1(103)-148/2019 nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar