Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2566/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Prezidentinə qarşı iş üzrə QƏRAR Açar sözlər:(maddi imkanının olmaması faktı sübuta yetirilmədiyindən ərizə təmin edilməməlidir.) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidentinə qarşı hakimlərin qanunazidd hərəkətləri nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının 2-1(103)-1031/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 13 noyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Prezidentinə qarşı “hakimlərin qanunazidd hərəkətləri nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-765/2019 saylı, 25 fevral 2019cu il tarixli qərardadı ilə (hakim: M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının 2-1(103)-1031/2019 saylı 04 iyun 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)765/2019 saylı, 25 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı ərizə verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1031/2019 saylı 04 iyun 2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin hesabına pulsuz vəkillə təmin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o işləmir, 70 yaşında pensiyaçıdır. Aylıq 235 manat aylıq əmək pensiyası alır və bununla da vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti yoxdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1031/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) iddiaçının dövlət büdcəsi hesabına vəkillə təmin edilməsinə dair ərizəsi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı maddi imkanının olmaması faktını sübuta yetirə bilmədiyindən onun dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizəsi təmin edilməməlidir. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində bildirilir ki, apellyasiya instansiyası məhkəməsi qanunsuz olaraq iddiaçını dövlət büdcəs inin vəsaiti hesabına vəkillə təmin etməkdən imtina etmişdir. Belə ki, iddiaçı heç bir yerdə işləmir, təqaüdçüdür və maddi vəziyyəti çox ağırdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 2-ci hissəsinə görə, qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 14.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Həmin Məcəllə nin 67-ci maddəsinə əsasən, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. ( 67.1) Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. ( 67.2) Adı çəkilən Məcəllənin 121.2-ci maddəsinə əsasən, bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və ya məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tər əfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Göründüyü kimi, qanunvericilik dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsini hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə aid etmişdir. Lakin hazırki halda, iddiaçı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər maddi vəsaitə malik olmamasını əsaslandırmamışdır. Belə ki, iddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı vəkilə və ya vəkil bürolarına müraciət etməsi, onun qazancının vəkilin xidmətini ödəməyə yetərli olmaması barədə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilin xidmət haqqının məbləği həmin vəkil və müraciət edən şəxsin qarşılıqlı razlaşması əsasında müəyyən edilir. İddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı vəkilə və ya vəkil bürolarına müraciət etməsi barədə sübut təqdim etmədiyindən hüquqi yardıma görə ondan nə qədər məbləğ tələb oluna biləcəyi, onun qazancının vəkilin xidmət haqqını ödəməyə kifayət edib-etməyəcəyi barədə nəticəyə gəlmək mümkün deyil. Ona görə də, iddiaçının hazırkı qazancının vəkilin xidmətindən istifadə edilməsi üçün kifayət etməyəcəyi nəticəsinə gəlmək üçün əsas yoxdur. Qeyd olunmalıdır ki, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, əsassız olaraq kassasiya şikayəti tərtib olunması üçün dövlət hesabına vəkillə təmin olunma, qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı iş üzrə cavabdehə münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizam sızlığına şərait yaradır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasından imtina edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1031/2019 saylı iş üzrə 04 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2566/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2566/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver