Məhkəmə qərarları › İş №2-1(102)-2572/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2572/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2572/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; şöbə rəisi və qazyığma operatoru) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü) cavabdeh Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci il, yəni 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(105)-199/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuş, 1983-1991-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi x idmətdə olmuş, xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Sintezkauçuk” zavodunda, xx.xx.1998-ci il tarixdən hazırki vaxtadək “Azneft” İB 28 May NQÇİ-də işləmişdir. 2. “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışlarla müəyyən olunur ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək həmin zavodda piroliz sexində növbə ustası, şöbə rəisi peşəsində işləmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Onun işlədiyi peşə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının Vİİ bölməsinin 1 bəndinin 1080A010 şifrəsi altında göstərilmiş “neft karbohidrogenlərinin pirolizi” peşəsi olmaqla, ona güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.

3. SOCAR “Azneft” İB “28 MAY” NQÇİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 03/50 nömrəli arayışla müəyyən olunur ki, iddiaçının 1 saylı Siyahının X bölməsinə, 2 a və 2 b yarımbölməsinə əsasən, “28 MAY” NQÇİ-də işlədiyi peşə və vəzifələrdə güzəştli şərtlərlə iş stajı 23 il 07 ay 03 gün təşkil edir.

4. İddiaçı ona 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 8 il olmaqla, qanunvericiliklə tələb olunan müddətdən azdır. Belə ki, onun təqdim etdiyi 18 sentyabr 1991-ci il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1993 - xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Sintezkauçuk” zavodunda şöbə rəisi vəzifəsində və xx.xx.1998 - xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində isə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsində qazyığma operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi şöbə rəisi və qazyığma operatoru vəzifəsi siyahıda qeyd olunan vəzifələrə uyğun deyildir. Bu səbəbdən də, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (8 il (xx.xx.1991 xx.xx.1992-ci il, xx.xx.1992 - xx.xx.1992-ci il, xx.xx.1992 - xx.xx.1993-cü il, xx.xx.1997xx.xx.1998-ci il və xx.xx.2000 -xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, iddiaçının təqdim etd iyi əmək kitabçasında 1991 və 1994-cü illərə dair qeydlər kril qrafikalı yazı ilə qeydə alınsa da, 1993-cü ildə güzəştli iş stajı ilə əlaqədar dövr latın qrafikalı yazı ilə qeyd edilmişdir. Bu da əmək kitabçasında sözügedən dövrlərə dair qeydlərin mötəbərliyini şübhə altına alır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il, yəni 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini əsaslandırarkən bu qərarın 1-4-cü bəndində qeyd edilən iş hallarına istinad etmiş və cavabdehin imtinasının əsassız olduğunu bildirmişdir.

7. Cavabdehin i ddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair cavab məktubunda qeyd olunanlar təşkil edir.

8. Məhkəmə sorğusuna cavab olaraq “Etilen-Polietilen” zavodunun xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1991-14 10 1994-cü il tarixlərdə “Sintezkauçuk” zavodunun və xx.xx.1994-xx.xx.1998-ci il tarixlərdə “Etilen-polietilen" zavodunun piroliz sexində işlədiyi növbə ustası və şöbə rəisi vəzifələri Nazirlər Kabinetinin 21 06 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüquqi verən vəzifələrə aiddir.

9. Sumqayıt İnzibati Məhkəməsinin (sədrlik edən: V.E.Əzizova) 24 oktyabr 2022-ci il tarixli, e-2-1(118)-1629/2022 nömrəli qərarı ilə iddia təm in edilmiş, iddiaçıya 08 aprel 2018-ci il tarixdən, yəni 52 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nın Vlll bölməsində (1080A010 saylı şifrə) ossein; neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, komprimirləşməsi, ayrılması, qazın krekinqi, təbii qazlar; pla stifikatorlar; fenol, krezol, rezorsin, fenol birləşmələri, melamin, anilin, furfurol, tiosidik çövhəri - izosianatlar, poliamidlər, poliuretanlar, polifir qatranları, sadə və mürəkkəb sellüza efirlərinin əsasında alınan plastik kütlələr; fasiləsiz və ştapel şüşə-lif (istilik izolyasiya şüşə-lifi çıxılmaqla), eləcə də ondan və şüşə plastikdən məmulatların istehsalatında və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri nəzərdə tutulmuşdur. Məhkəmə hesab etmişdir ki, istinad olunan Siyahının qeyd olunan bölməsində dəqiq peşə göstərilmədiyindən və hər hansı istisna nəzərdə tutulmadığından, “şöbə rəisi” də “fəhlə, rəhbərlər və mütəxəssislər”ə aid edilə bilər. Məhkəmə qeyd etmişdir ki, həmin dövr də nəzər alındıqda, iddiaçın ın zərərli iş stajı 10 ildən də artıq təşkil edəcəkdir ki, bu da ona güzəştli şərtlərə 52 yaşdan əmək pensiyasının təyin edilməsi üçün əsas olacaqdır. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahı üzrə 10 il güzəştli və 20 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin müddəalarına əsasən 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçının pensiya hüququ 08 aprel 2018-ci il tarixdə yaransa da, pensiyanın təyini üçün 09 fevral 2022-ci il tarixdə cavabdeh inzibati orqana müraci ət etdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və G.İ.Cabbarova) 16 iyun 2023-cü il tarixli, 2-1(105)-199/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(118)1629/2022 nömrəli qərar ı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın, etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunver iciliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: (xx.xx.2006-cı il tarixdən qüvvədən düşmüşdür) Maddə 13 “a”. Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərə findən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gü zəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı”.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsasl andırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilə n həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. İddiaçının hazırkı iddianı qaldırmaqla hüquq marağı 52 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir ki, iddiaçı arzuladığı hüquqi nəticəyə çatması üçün bu qərarın 17-18-ci bəndlərində sadalanan qanunvericilik aktlarının tələbləri baxımından, xx.xx.2006-cı il tarixədək 20 il ümumi və 10 il güzəştli (1 saylı Siyahı üzrə) iş stajına malik olmalıdır.

25. Ümumi iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçının əmək kitabçası və diplomuna əsasən o, xx.xx.2006-cı ilk tarixin ədək 20 ildən artıq ümumi iş stajını toplamışdır. Eləcə də, bu faktı cavabdeh inzibati orqan da mübahisələndirmir.

26. İddiaçının 10 il güzəştli iş stajı şərtini ödəməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, iddiaçının xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1997-xx.xx.1998-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixlərdə işlədiyi dövrlər ümumilikdə 8 (səkkiz) il olmaqla, cavabdeh tərəfindən mübahisələndirilmir və güzəştli iş stajı kimi qəbul edilir.

27. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının xx.xx.1993xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Sintezkauçuk” zavodunda işlədiyi şöbə rəisi vəzifəsinin sahə və növbə rəisləri vəzifəsinə, xx.xx.1998-xx.xx.2000-ci il tarixləri arasınd akı dövr ərzində isə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsində işlədiyi qazyığma operatoru vəzifəsinin isə neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə uyğun olmaması ilə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya dəlilləri əsassızdır.

28. İlk öncə məhkəmə kollegiyası onu qeyd edir ki, “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 14 və 15 saylı güzəştli iş stajına dair arayışlardan görünür ki, iddiaçının 13 sentyabr 1991-ci il tarixdən 14 oktyabr 1994-cü il tarixədək keçmiş “Sintezkauçuk” zavodunun EP-300 zavodunun piroliz sexində işlədiyi növbə ustası, şöbə rəisi peşələri Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı Siyahıda sadalanan “neft karbohidrogenlərinin pirolizi” istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.

29. İddiaçının işlədiyi şöbə rəisi vəzifəsinin güzəştli pensiya hüququ verən peşə olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A00-17541 kodlu “A” yarımbəndi ndən görünür ki, yarımbəndin 1080A010 şifrində “ossein; neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, komprimirləşməsi, ayrılması, qazın krekinqi, təbii qazlar; plastifikatorlar; fenol, krezol, rezorsin, fenol birləşmələri, melamin, anilin, furfurol, tiosidik çövhəri— izosianatlar, poliamidlər, poliuretanlar, polifir qatranları, sadə və mürəkkəb sellüza efirlərinin əsasında alınan plastik kütlələr; fasiləsiz və ştapel şüşə-lif (istilik izolyasiya şüşə-lifi çıxılmaqla), eləcə də ondan və şüşə plastikdən məmulatlar” istehsalatlarında və işlərində məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri qeyd edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması zamanı sorğuya cavab olaraq t əqdim edilmiş “Sintezkauçuk” zavodunun Ümumzavod təlimatları məcmuəsindən qurğu (şöbə) rəisinin vəzifəsinə təlimatdan göründüyü kimi, qurğu və ya şöbə rəisi faktiki olaraq eyni vəzifə olmaqla, əmək funksiyaları tamamilə eynidir. 31. “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının Vİİİ. Kimya istehsalatı bölməsinin 21303010 kodlu 3cü “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” hissəsinin 2130301b kodlu b) mütəxəssislər və rəhbərlər bəndindən görünür ki, həmin bənddə “neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri” istehsalatlarında məşğul olan qurğu rəisləri həmin bəndə daxil edilmişdir.

32. Göründüyü kimi, 2 nömrəli siyahının kimya istehsalı bölməsində neft məhsullarının pirolizi istehsalatlarında məşğul olan qurğu rəisləri mütəxəssislər və rəhbərlərə aid edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qurğu, yəni şöbə rəisləri kimya istehsalı bölməsində mütəxəssislər və rəhbərlərə aid edildiyindən, 1 nömrəli siyahıda da qeyd edilən kateqoriyadan olan vəzifələrə müvafiq bütün vəzifələr daxil olduğundan, həmin vəzifə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə uyğundur və güzəştli staj olaraq qəbul edilməlidir.

33. Bundan başqa, məhkəmə kollegiyası cavabdehin SOCAR “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsində iddiaçının işlədiyi qazyığma operatoru vəzifəsinin neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə uyğun olmaması dəlilinə münasibətdə qeyd edir ki, SOCAR “Azneft” İB “28 MAY” NQÇİ tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli, 03/50 nömrəli güzəştli ara yışdan görünür ki, iddiaçı xx.xx.1998xx.xx.2001-ci il tarixlərdə neft və qaz hasilatı üzrə operator (şifr 1100000a-15824), xx.xx.2001-xx.xx.2002-ci il tarixlərdə neft və qazçıxarma üzrə usta (şifr 1100000b-23187), xx.xx.2002-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə NQÇ-nın 14 saylı dərin dəniz özülünün rəis müavini və 8 saylı dərin dəniz özülünün rəisi vəzifələrində (şifr 1100000b-24125) işləmişdir. Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının X bölməsinə, 2a və 2b yarımbölməsinə əsasən iddiaçının “28 MAY” NQÇİ-də işlədiyi peşə və vəzifələr güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verir.

34. Göründüyü kimi, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Azneft” İB-nin “28 May” Neft və Qazçı xarma İdarəsində işlədiyi neft və qaz hasilatı üzrə operator vəzifəsi 1 nömrəli Siyahının 11000000 kodlu X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 1100000a15824 şifrinə uyğun gəlir.

35. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı sorğuya cavab olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən təqdim edilmiş iddiaçının işlədiyi qazyığma operatoru vəzifəsinə dair peşə təlimatından görünür ki, 4-cü dərəcəli qazyığma operatorunun iş xüsusiyyətlərinə qrup qurğularına, əlavə sıxıcı nasos stansiyalarına, separasiyanın son pillələrinə, yığım məntəqələrinə və əmtəə parklarına xidmət edilməsi, avtomatlaşdırılmış avadanlığın qoyulmuş texnoloji prosesin iş re jiminə salınması, əsas avtomatika vasitələrinin tənzimlənməsi və işinə nəzarət edilməsi, yerüstü və yeraltı avadanlığın, kommunikasiyanın, bağlayıcı, ayırıcı, qoruyucu və tənzimləyici armaturun təmirinin təşkili və bu işdə şəxsən iştirak edilməsi, qaz və kondensat itkilərinin azaldılması üzrə texniki və texnoloji tədbirlərin həyata keçirilməsi, qazın yığılması, hazırlanması və nəql edilməsi texnoloji prosesinin təkmilləşdirilməsi, qaz analizatorları tətbiq etməklə hava nümunəsi ötürülməsi və onun qazlılığının müəyyən edilməsi, briqadanın işinə rəhbərlik etmək aid edilmişdir.

36. Göründüyü kimi, təlimatda qeyd edilən 4-cü dərəcəli qazyığma operatorunun bilavasitə icra etdiyi funksional vəzifələri internet informasiya ehtiyatlarında təsbit edilmiş neft və qaz hasilatı üzrə operatorun funks ional vəzifələrinə uyğundur.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 52 yaşı tamam olduğu 08 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlər ödənildiyindən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(105)-199/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar