Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2583/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: riskli vergi ödəyicisi; mikro sahibkar Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş Idarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. İddiaçı (bundan sonra – iddiaçı) vergi orqanlarında fərdi sahibkar kimi 1403078612 “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyyət ünvanı ünvan 1erlərinin və vaxtının satılmasının və ya alıb-satılmasının təşkil edilməsi üzrə kütləvi informasiya vasitələrinin fəaliyyəti” olan vergi ödəyicisidir.
2. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş Idarəsinin (hazırkı adı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş Idarəsi, bundan sonra – cavabdeh) ##.##.2023-cü il tarixli, 233902********** nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir.
3. Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ###### 2024-cü il tarixli, **************** nömrəli qərarından görünür ki, İddiaçı kameral yoxlama nəticəsində 2022-ci il üçün gəlir vergisi üzrə 21690,63 manat əlavə vergi məbləği hesablanmışdır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunmasını xahiş etmişdir.
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mallar pərakəndə qaydada bazardan alındığına görə onlar tərəfindən malın alışına dair hər hansı sənəd təqdim olunmur. Bu səbəbdən də, cavabdeh tərəfindən sənədsiz mal satdığına görə o, riskli vergi ödəyiciləri siyahısına əlavə edilmiş və 2022-ci il üzrə dövriyyəyə Vergi Məcəlləsi ilə mikro sahibkarlara nəzərdə tutulmuş güzəşt və xərc sənədləri olmadığı halda Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinad edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən şərti rentabellik norması tətbiq edilməklə gəlir vergisi hesablanmalı olduğu halda, birbaşa olaraq 20 faiz vergi dərəcəsi tətbiq edilərək, ##.##.2024-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə qanunsuz olaraq 2022-ci il üzrə 21690,63 manat məbləğində gəlir vergisi hesablanmışdır. Halbuki, şəxsin riskli vergi ödəyicisi olması vergi ödəyicisinin vergi qanunvericliyi ilə nəzərdə tutulmuş bütün güzəşt və hüquqlardan məhrum olunması anlamına gəlmir.
6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz güzəşt hüququnun məhdudlaşdırılmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Belə ki, təhlil zamanı vergi ödəyicisi tərəfindən ##.##.2022-ci il tarixdə təqdim edilmiş qaimə-fakturalar üzrə “Arxa divar 600x300sm (dəmir karkas, baner), arxa divar 800x300sm (dəmir karkas, baner), pol (teksturalı LDSP) hündürlüyü 10sm, resepşn masası və sair” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci bəndlərinə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir (təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı əsası ilə). Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Iddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki, vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” ## ###### 2021-ci il tarixli ***-VIQD nömrəli Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan, Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Göründüyü kimi, iddiaçının həm riskli vergi ödəyiciləri siyahısına salınması, həm də barəsində aparılmış kameral hesablama qanunamüvafiq qaydada həyata keçirilmişdir.
7. Bakı Inzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) ## ####### 2024-cü il tarixli, e- *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş Idarəsinin (hazırkı adı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş Idarəsinin) ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 10.1. Iddiaçı vergi orqanına təqdim etdiyi bəyannamədə 5819,04 manat gəlir vergisi hesablamışdır. Iddiaçı vergini hesablayarkən mikro sahibkar kimi 75 faiz güzəşt tətbiq etmişdir. Cavabdeh isə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanaraq, mikro sahibkar kimi 75 faiz güzəşti tətbiq etmədən gəlir vergisi hesablamış, həmçinin iddiaçının 21.167,64 manat xərcini nəzərə almayaraq, nəticədə 21.690,63 manat əlavə vergi məbləği hesablamışdır. Iddiaçı gəlirini və xərclərini cavabdeh vergi orqanına təqdim etmişdir. Mövcud vəziyyətin yaranmasına səbəb iddiaçının alışında (idxalında), ümumiyyətlə, hər hansı malın göstərilməməsi olmuşdur. Bu hal iddiaçının güzəştdən istifadə etmək hüququndan məhrum edilməsinə əsas vermir. Iddiaçı podrat və ya tapşırıq müqaviləsi ilə iş görür və ya xidmət göstərirsə, işin və ya xidmətin nəticəsində təqdim edilən məhsulun onun alışında (idxalında) olması mümkün deyildir. 10.2. Bundan başqa, cavabdeh iddiaçının alışında (idxalında) mal qeyd etmədiyini əsas gətirərək, onun gəlirlərinə münasibətdə xərclərini, ümumiyyətlə, nəzərə almayaraq gəlir vergisi dərəcəsi 20 faiz tətbiq edilməklə hesablanmışdır. Göründüyü kimi, hesablamanın əsası kimi yalnız 75 faiz güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin cavabdeh vergi hesablayarkən iddiaçının xərclərini tam şəkildə nəzərə almamışdır. Lakin iddiaçı alınmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi gəlirini nəzərə alır, lakin həmin gəlirin əldə edilməsinə çəkilən xərci nəzərə almır. Əgər satış əməliyyatının baş verdiyini həm iddiaçı, həm də cavabdeh qəbul edirsə, buna uyğun olaraq həmin satılan malın alınması da hər hansı şübhə yarada bilməz. Cavabdehin qeyd olunan satış gəlirlərinin mövcudluğunu qəbul etdiyi halda həmin malların mövcud olmamasına istinad etməsi bir-birinə zidd yanaşmalardır. Başqa sözlə, gəlir qəbul olunursa, onun əldə olunmasında iştirak edən xərcin mövcudluğu da qəbul edilməlidir. Cavabdeh iddiaçının göstərdiyi xidmətləri qəbul edərək gəlirini nəzərə aldığı halda, həmin xidmətin (işlərin) göstərilməsinə çəkilmiş xərclərini nəzərə almamaqla düzgün olmayan qərar qəbul etmişdir.
11. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayəti iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə cavabdehin ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
21. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində mübahisələndirilən qərarla 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 21.690,63 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh həm iddiaçının riskli vergi ödəyicisi olması əsasından çıxış edərək, onun mikro sahibkar kimi gəlir vergisinin hesablanmasına güzəşt hüququnun olmamasına istinad etmiş, həm də xərc sənədlərinin böyük bir qismini təsdiqini tapmaması əsası ilə qəbul etməmiş, gəlir vergisi hesablayarkən gəlirdən yalnız təsdiq edilmiş xərci çıxmışdır.
24. Işin araşdırılmış hallarından görünür ki, iddiaçının təsdiqlənən xərci – 4397,36 manat (onlardan sosial sığorta haqları üzrə xərclər – 1044 manat, bank xidməti üzrə xərclər -3053,36 manat, reklam xərcləri – 300 manat), gəliri isə 141.945,70 manatdır.
25. Işin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçının gəlirlərini, yəni malların təqdim edilməsindən və işlərin görülməsindən əldə olunan gəliri qəbul etsə də, çəkilmiş xərclərin yalnız təsdiq olunan hissəsini qəbul edir ki, onlar da sosial sığorta haqları, bank xidməti və reklam xərcləridir.
26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini həm də malın (işin) dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı müəyyən xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Istinad olunan norma baxımından belə hesablama qaydasının tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (##.##.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir.
27. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, “Inzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
28. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir.
29. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Əslində cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən gəlirini müəyyən edə bilərdi. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı).
30. Qanunvericiliyin ##.##.2024-cü ilədək qüvvədə olan redaksiyasına əsasən, vergi orqanı həmin dövrün qanunvericiliyinə və ümumi vergi hesablama məntiqinə və prinsiplərinə uyğun olaraq, sənədlərlə təsdiqini tapmayan xərcləri ümumi bəyan edilmiş xərcdən çıxmaqla vergiləri hesablamaqda o halda haqlı olardı ki, mübahisəli xərc sənədləri elə xərclərə aid olsun ki, həmin xərclərin gəlirin əldə edilməsi ilə bağlı çəkilməsi mütləq xarakter daşımasın. Yəni, həqiqətən, belə xərclərin olması yalnız mötəbər sübutlarla təsdiqləndiyi halda nəzərə alına bilər.
31. Başqa sözlə, xərclərin hüquqi qiymətləndirilməsi zamanı onların iqtisadi və funksional xarakteri nəzərə alınmalıdır. Vergi hüququnda bütün xərclər eyni hüquqi rejimə malik deyil. Belə ki, bəzi xərclər gəlirin əldə edilməsi üçün obyektiv və qaçılmaz xarakter daşıyır, digərləri isə vergi ödəyicisinin təsərrüfat qərarından asılı olan, yəni fakultativ (seçimli) xərclərdir. Məsələn, malın satışı həyata keçirilmişdirsə, bu hal mütləq şəkildə həmin malların əvvəlcədən alınmasını ehtiva edir. Başqa sözlə, satış faktı öz-özlüyündə alış xərcinin mövcudluğunu obyektiv iqtisadi fakt kimi təsdiqləyir. Belə xərclər üzrə sənədlərin tam təqdim edilməməsi həmin xərclərin, ümumiyyətlə, mövcud olmaması anlamına gəlmir, bu halda yalnız xərclərin dəqiq məbləğinin müəyyən edilməməsi problemi yaranır. Bu hallarda isə Vergi Məcəlləsinin 67-ci maddəsində təsbit edilmiş imkanlardan istifadə edilməklə vergilər hesablana bilər.
32. Lakin məsələn, ezamiyyə xərcləri, nümayəndəlik xərcləri və digər oxşar xərclər bu qəbildən deyil. Belə xərclər gəlirin əldə edilməsi üçün zəruri və qaçılmaz xərclər hesab edilmir və onların faktiki olaraq çəkilməsi, yalnız müvafiq ilkin sənədlərlə (əmr, ezamiyyə sənədləri, yol və yaşayış xərclərini təsdiq edən sənədlər və s.) təsdiq edildiyi halda, vergi məqsədləri üçün nəzərə alına bilər. Bu cür xərclərin mövcudluğu nə satış faktından, nə də dövriyyədən asılı deyil.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.