Məhkəmə qərarları › İş №2-1(102)-2585/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2585/2019

25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2585/2019 25.09.2019 ALİ MƏHKƏMƏ İddiaçının Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə (Açar söz: kameral vergi yoxlamasına dair qərarın ləğvi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə İddiaçının cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-954/2019 saylı 01 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən veril miş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 22.12.2004-cü il tarixdə vergi orqanında qeydiyyatdan keçərək ********** saylı VÖEN almış, ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı ilə məşğul olmuşdur. İddiaçı 22.06.2015-ci il tarixdə 5 illik müddətə fəaliyyətini dayandırmış, fəaliyyətini dayandırdığı tarixə verilmiş arayışda mövcud aktivlərinin qalıq dəyərinin 35000 manat olması qeyd edilmişdir. İddiaçı daha sonra vergi orqanına 2015-ci il üzrə “Gəlir vergisinin bəyannməsi”ni təqdim etmiş və 111721 manat mal qalığı olduğunu bəyan etmişdir. Cavabdeh inzibati orqan 17.07.2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubla iddiaçıdan istifadəsində qalan mallarla bağlı məlumat və sənədləri tələb etmişdir. Cavabdeh inzibati orqanın “Vergilərin hesablanması barədə” 04.08.2017-ci il tarixli **********455400 nömrəli qərarı ilə 2017-ci ilin may ayı üçün ƏDV üzrə 17037.50 manat hesablanmışdır. Daha sonra cavabdeh inzibati orqanın “Vergilərin hesablanması barədə” 07.08.2017-ci il tarixli **********163800 nömrəli qərarı ilə 2017-ci ilin may ayı üçün ƏDV üzrə 20109.78 manat hesablanmışdır. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 04.08.2017-ci il tarixli **********455400 nömrəli və 07.08.2017-ci il tarixli **********163800 nömrəli qərarlarının, o cümlədən 27.10.2017-ci il tarixli qeydiyyat nömrəsi **********3 42900 olan bildirişdə göstərilən məbləğin ləğv edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli 2-1(82)-330/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, 04.08.2017-ci il tarixli **********455400 nömrəli və 07.08.2017-ci il tarixli **********163800 nömrəli qərarlar ləğv edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli 2-1(82)-330/2018 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 31.08.2018-cı il tarixli 2-1(103)-1897/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli 2-1(82)-330/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 31.08.2018-cı il tarixli 2-1(103)-1897/2018 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 16.01.2019-cu il tarixli 2-1(102)-115/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 31.08.2018-cı il tarixli 21(103)-1897/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsində göstərilmişdir ki, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Maddənin mənası belə izah olunur ki, əgər mallar ƏDV-ni ödəməklə əldə edilmişdirsə, onlardan qeyri-kommersiya məqsədləri üçün istifadə edildikdə və ya onların mövcudluğu hər hansı bir qaydada müəyyən edilmədikdə, həmin malların dəyəri ƏDV məqsədləri üçün vergitutma obyektini təşkil edir. Cavabdehin bildirdiyi əsaslara görə, iddiaçı tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində mal qalığı göstərilsə də, lakin həmin mallardan hansı qaydada istifadə edilməsi qeyri-müəyyən olduğundan və iddiaçı bununla əlaqədar məlumat vermədiyindən, onun fəaliyyətinin ərzaq mallarının satışından ibarət olduğu nəzərə alınmaqla, cavabdeh istinad edilən maddəyə əsasən ƏDV hesablamışdır. Apellyasiya məhkəməsi cavabdehin bildirdiyi dəlillər üzrə düzgün olmayan hüquqi qiymətləndirmə aparmış və tətbiq edilməli olam maddi hüquq norması üzrə zəruri araşdırma aparmamışdır. Belə ki, maddələrin tələblərinin yoxlanılması üçün iddiaçının 2015-ci il üzrə təqdim etdiyi “Gəlir vergisi bəyannaməsinin” “Əlavə 1” hissəsində “1.3.2.Mallar” sütununda göstərdiyi hesabat dövrünün sonuna 111720,99 manat məbləğlə bağlı ilk olaraq həmin malların ƏDV-ni ödəməklə əldə edilməsi halı müəyyən olunmalı, bu hal müəyyən edildiyi təqdirdə, həmin mallardan hansı qaydada istifadə edilib-edilməməsi məsələsi araşdırılmaqla mübahisələndirilən qərarlara hüquqi qiymət verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-954/2019 saylı 01 may 2019-cu il tarixli qər arı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli 2-1(82)-330/2018 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı özü bəyannamədə 111721 manat mal qalığı olduğunu bəyan etdiyindən, həmçinin məhkəmə iclasında hesabat dövrünün sonuna göstərdiyi məbləğin qeyd edilməsini izah edə bilmədiyindən, iddiaçının fəaliyyəti ərzaq mallarının satışından ibarət olduğundan, malların istehlak olunan mal kateqoriyasına aid olmaıs təxmin edilsə də, həmin malların hazırkı dövrədək iddiaçıda qalması ağlabatan hesab olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-954/2019 saylı 01 may 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikay ətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə işə baxan apellyasiya instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün qiymət verməmiş, yalnız cavabdehin izahatlarında qeyd edilən hallara istinad etmiş, iddiaçının fəaliyyətini dayandırdığı tarixə mövcud aktivlərinin qalıq dəyərinin 35000 manat olması halını nəzərə almamışdır. Kassator İPM-nin 68, 78, 79-cu maddələrinə, MPM-nin 403, 407, 417.0.3, 418-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-954/2019 saylı 01 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəm ə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 və vəkili X3 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-954/2019 saylı 01 may 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-954/2019 saylı 01 may 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 22.12.2004-cü il tarixdə vergi orqanında qeydiyyatdan k eçərək ********** saylı VÖEN almış, ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı ilə məşğul olmuş, iddiaçı 22.06.2015-ci il tarixdə 5 illik müddətə fəaliyyətini dayandırmış, fəaliyyətini dayandırdığı tarixə verilmiş arayışda mövcud aktivlərinin qalıq dəyəri 35000 manat olması qeyd edilmiş, iddiaçı daha sonra vergi orqanına 2015-ci il üzrə “Gəlir vergisinin bəyannməsi”ni təqdim etmiş və 111721 manat mal qalığı olduğunu bəyan etmiş, cavabdeh inzibati orqan 17.07.2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubla iddiaçıdan istifadəsində qalan mallarla bağlı məlumat və sənədləri tələb etmiş, cavabdeh inzibati orqan “Vergilərin hesablanması barədə” 04.08.2017-ci il tarixli **********455400 nömrəl i qərarı ilə 2017-ci ilin may ayı üçün ƏDV üzrə 17037.50 manat hesablanmış, daha sonra cavabdeh inzibati orqan “Vergilərin hesablanması barədə” 07.08.2017-ci il tarixli **********163800 nömrəli qərarı ilə 2017-ci ilin may ayı üçün ƏDV üzrə 20109.78 manat hesablanmışdır. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə “Vergilərin hesablanması barədə” 04.08.2017-ci il tarixli **********455400 nömrəli və 07.08.2017-ci il tarixli **********163800 nömrəli qərarı ilə eyni dövr üçün (may 2017) ƏDV hesablanmışdır. Belə olan halda, işə baxan apellyasiya instansiya məhkəməsi həmin qərarların ikisinin də qüvvədə olmasını və iddiaçı üçün hüquqi nəticə yaradıb-yaratmamasını aydınlaşdırmalı idi. Bundan əlavə, iddiaçının 22.06.2015-ci il tarixdə 5 illik müddətə fəaliyyətini dayandırması, o cümlədən fəaliyyətini dayandırdığı tarixə müəyyən məbləğdə mal qalığının olması işin mübahisəsiz hallarına aiddir. İşin tərəflər arasında mübahisələndirilən halı qalan mal qalığının məbləği ilə bağlıdır ki, iddiaçı fəaliyyətini dayandırdığı tarixə mal qalığının 35000 manat olmasını, cavabdeh isə 111721 manat (2015-ci il üzrə “Gəlir vergisinin bəyannməsi”nə əsasən) olduğunu qeyd edir. Cavabdeh 2015-ci il üzrə “Gəlir vergisinin bəyannməsi”nə istinad etməklə iddiaçıya 2017-ci ilin may ayı üzrə ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Hazırkı iş üzrə işə baxan məhkəmə Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarına cavabdeh tərəfindən riayət edilib-edilməməklə kameral vergi yoxlamasının aparılmasına qiymət vermədən qərar qəbul etmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı özü bəyannamədə 111721 manat mal qalığı olduğunu bəyan etdiyindən, həmçinin məhkəmə iclasında hesabat dövrünün sonuna göstərdiyi məbləğin qeyd edilməsini izah edə bilmədiyindən, iddiaçının fəaliyyəti ərzaq mallarının satışından ibarət olduğundan, malların istehlak olunan mal kateqoriyasına aid olması təxmin edilsə də, həmin malların hazırkı dövrədək iddiaçıda qalması ağlabatan hesab olunmur. Göründüyü kimi işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının təqdim etdiyi bəyannaməni əsas götürmüş, lakin Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə uyğun olaraq kameral yoxlamanın aparılmasına qiymət verməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-954/2019 saylı 01 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar