Məhkəmə qərarları › İş №2-1(102)-259/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-259/2021

13.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-259/2021 13.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nınxxxx-ci il tarixli, 2-1(103)-1676/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 13 yanvar 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-1993-cü illərdə Ağdam rayonunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. Müharibədə fəal iştirak etməsinə baxmayaraq ona “müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. Müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidm ətə Çağrış Üzrə Dövlət Xidmətinə müraciət etsə də müraciəti təmin edilməmişdir. Onun müharibədə iştirakını şahidlər və Ağdam RİHB-nin birinci müavinin 31.05.2019-cu il tarixli arayışı təsdiq edir. Ağdam RİHB-nin birinci müavininin 31.05.2019- cu il tarixli arayışında göstərilir ki, Ağdam şəhər sakini İddiaçı 1988-ci ildən 1991-ci ilədək Ağdam şəhərində təşkil olunmuş özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Birinci instansiya məhkəməsinin xxx-ci il tarixli, 2-1(112)-1527/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 2.2.2, 33.1, 52, 58.1, 68.1, 68.2-ci maddələrinə, eləcə də «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinə, Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə istinadən belə hesab etmişdir ki, iddia əsassızdır.

5. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xxx-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxxx-ci il tarixli, 2-1(103)- 1676/20 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Mirzəli Abbasov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xxx-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin də əsaslandığı maddi hüquq normalarına istinad edərək belə hesab etmişdir ki, qərarın ləğv edilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri:

8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam rayon İcra Hakimiyyəti tərəfindən 04 mart 2020-ci il tarixli, 02/121 saylı məktubla məhkəmə sorğusuna cavab olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş Azərbaycan Respublik asının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısına xx xxxx 1954-cü il təvəllüdlü Ağdam rayon sakini İddiaçı adı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmişdir. Lakin siyahının surəti və həmin siyahıda o, İddiaçı adının qeyd edilməsinə əsas olmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri cavabdeh orqan məhkəməyə təqdim etməmişdir. Cavabdeh orqan tərəfindən həmin siyahı məhkəmə təqdim edilsəydi məhkəmə qanuni və ədalətli qərar qəbul edərdi. Siyahı birinci və apelyasiya instansiyası məhkəmələrinə təqdim edilməməsi ondan asılı olmayan səbəblərdən mümkün olmamışdır. Həmin siyahı müraciəti əsasında alınaraq kasasiya şikayətinə əlavə edilir.

9. Ağdam şəhər Mənzil Kommunal İdarəsi üzrə 01 fevral 1988-ci ildən 09 oktyabr 1991-ci ilə kimi rayonun müdafiəsi üçün özünümüdafiə dəstələrində iştirak etmiş sakinlərin siyahısında adım 24-cü sırada göstərilmişdir. Bu siyahı əsasında da Ağdam rayon İcra Hakimiyyəti də arayış veribdir.

10. Məhkəmənin nəzərinə onu çatdırmaq istəyir ki, o, 1988–1993-cü illərdə Ağdam rayonunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir.

11. Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə 20 may 1997-ci il tarixli, 53 saylı qərarı ilə edilmiş dəyişikliyə görə 1988-ci il fevralın 1-dən 1991-ci i l oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş arayışlar əsasında müharibə veteranı adı verilir. Onun da müharibədə iştirakı Ağdam rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 31 may 2019-cu il tarixli, 02/530 saylı arayış təsdiq edir. Arayışda göstərilir ki, İddiaçı 1988-ci ildən 1991-ci ilə qədər Ağdam şəhərində təşkil olunmuş özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir.

12. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsininxxxx-ci il tarixli, 2-1(103)-1676/2020 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsini x ahiş etmişdir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə görə tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Əsaslandırıcı hissə:

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

15. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

16. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

17. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

18. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

19. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəyə baxarkən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2-ci maddələrinin tələblərinə riayət etməmiş və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.

20. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyixxxx-ci il tarixli qərarında göstərmişdir ki, “«Birinci instansiya məhkəməsi araşdırması dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2016-cı il tarixli, 438 nömrəli Qərarının 2-ci hissəsinə uyğu n olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısına İddiaçı adının qeyd edilməsinə əsas olmuş sənədlərin qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi sorğu əsasında Ağdam Rayon İcra Hakimiyyətindən tələb edilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən 02/121 saylı, 04 mart 2020-ci il tarixli məktubla məhkəmə sorğusuna cavab olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatl arında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısında xx xxxx 1954-cü il təvəllüdlü Ağdam rayon sakini İddiaçı adı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir.Lakin siyahının surəti və həmin siyahıda İddiaçı adının qeyd edilməsinə əsas olmuş sənədlərin qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilməmişdir».”

21. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəyə baxarkən İnzibati Prosessual Məcəllənin həm 12.1-ci və həm də 82-ci maddələrini pozaraq birinci instansiya məhkəməsinin Ağdam rayon İcra Hakimiyyətinə göndərdiyi sorğu ilə və ona verilmiş savabla kifayətlənmiş, halbuki sözügedən siyahının surəti və digər sənədlər laz ım olduğu halda apelyasiya instansiyası məhkəməsi həmin sənədlərin əldə edilməsi üçün özü Ağdam rayon İcra Hakimiyyətinə müraciət etməli idi.

22. Bu xüsusda qeyd edilməlidir ki, iddiaçı tərəfindən sözügedən siyahı kasasiya şikayətinə əlavə edilərək Ali Məhkəməyə təqdim edilmişdir ki, iddiaçının soyadı, adı və atasının adı orada mövcuddur (siyahı Ağdam şəhər Mənzil-Kommunal İstismar İdarəsi tərəfindən verilmişdir).

23. Digər tərəfdən, qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi özüxxxx-ci il tarixli qərarında «həmin siyahıda İddiaçı adının qeyd edilməsinə əsas olmuş sənədlərin qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilməmişdir» yazsa da, adıçəkilən sənədlərin hansı sənəd olmasının və kim tərəfindən verilməsinin gərək olduğunu göstərməm işdir.

24. Eyni ilə işin 3-cü səhifəsində olan cavabdehin iddiaçıya verdiyi 09 avqust 2019-cu il tarixli imtina məktubunda da deyilir ki, «yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)», lakin cavabdeh bu sənədlərin hansı sənədlər olmasını konkret yazmır və dəqiqləşdirmir.

25. Lakin apelyasiya instansiyası məhkəməsi həmin məsələni ümumiyyətlə araşdırmamışdır.

26. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəyə təkrar baxarkən işdə Ağdam rayon İcra Hakimiyyətinin Ağdam şəhər sakini İddiaçı 1988-ci ildən 1991-ci ilə qədər Ağdam şəhərində təşkil olunmuş özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmə si barədə 31 may 2019-cu il tarixli, 02/530 saylı arayış (iş səhifəsi 4) və Ağdam şəhər Mənzil-Kommunal İstismarı İdarəsinin bu faktı təsdiqləyən siyahısı (iş səhifəsi 98–100) ki, həmin sənədlər Nazirlər Kabinetinin məlum 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarına uyğun verildiyi halda, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün daha hansı sənədlərin təqdim edilməsinin zəruri olduğunu (konkret maddi hüquq normalarına istinad etməklə) araşdırmalı və bunun nəticəsində iş üzrə qanuni və əsaslı qərar qəbul etməlidir.

27. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsininxxxx-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməl idir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasınınxxxx-ci il tarixli, 2-1(103)1676/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar