Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2620/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Nəcəfov Eldar Məmməd oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 may tarixli 2-1(103)-1371/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 2004-cü il 12 yanvar tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 21 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək haqqı arayışı 2010-cu il 30 sentyabr tarixdə alındığından ilkin pensiya təyinatı zamanı pensiyanın hesablanmasında nəzərə alınmamışdır. İddiaçı 2019-cu il 22 yanvar tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək təyin olunmuş pensiyasının 2008-ci il 1 yanvar tarixdən faktiki orta aylıq əmək haqqından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qo yulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 26, 27.1-ci maddələri və 2006-cı il 1 yanvar tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17, 71 və 72-ci maddələrinə uyğun olaraq 2002-2003-cü illərin orta aylıq əmək haqqı əsas götürülməklə, pensiyasının 2008-ci il 1 yanvar tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 2004-cü il 12 yanvar tarixdən 2-ci dərəcəli peşə xəstəliyi səbəbindən əlilliyə görə əmək pensiyası alır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinə əsasən iddiaçının 13 il 3 ay 14 gün stajından “Qum Adası” NQÇİ-də əmək fəaliyyətinin son 24 ayının əmək haqqı əsas götürülməklə ona pensiya hesablanmış, lakin həmin Qanunun 78-ci maddəsinin tələbinə uyğun olaraq orta aylıq əmək haqqı məhdudlaşdırılmaqla (3 mislindən artıq olmamaqla) ödənilmişdir. Həmin məhdudiyyət “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsinin 2008-ci ildən qüvvəyə minmiş redaksiyasına görə aradan qaldırılmış və pensiyanın orta aylıq əmək haqqının tam məbləğindən hesablanması müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 aprel tarixli 2-1(81)-1189/19 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 26, 27.1-ci maddələri və 2006-cı il 1 yanvar tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17, 71 və 72-ci maddələrinə uyğun olaraq 2002-2003-cü illərin orta aylıq əmək haqqı əsas götürülməklə, iddiaçının pensiyasının 2008-ci il 1 yanvar tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi hal qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmasa belə, qanunvericilikdə əvvəllər əksini tapdığından iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına mane olmamalıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiya sı məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 may tarixli 2-1(103)-1371/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallar qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 18 iyun tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 9 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilm işdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1, 32.1, 37.7-ci tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azə rbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhk əmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşdə olan “Pensiyaçının uçot vərəqi”ndəki məlumatlara görə iddiaçıya 2008-ci il 1 yanvar tarixdən pensiya yenidən hesablanıb. Lakin, iddiaçının dəlilləri də nəzərə alınmaqla, bu hesablamanın həmin vaxtda qüvvədə olan qanunun tələblərinə uyğun aparılıb-aparılmadığı (məlumatda qeyd edilən məbləğlərin əmələ gəlmə əsasları), aparılmadığı halda, cavabdehin imtinasının əsası kimi qeyd etdiyi hallar da nəzərə alınmaqla, bunun səbəbləri məhkəmə araşdırmasının predm eti olmayıb. İddiaçının tələbi də məhz 2008-ci il 1 yanvar tarixdən tətbiq olunmalı olan normanın – “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsinin və həmin maddəyə əlavə edilmiş “Qeyd”in məzmunundan irəli gəlir. Həmin normaya görə: 26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin səbəbləri kimi “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsinin və həmin maddənin “Qeyd”inin sonrakı qanunlarla “Əmək pensiyaları haqqında” Qanundan çıxarıldığına və ya normanın yeni məzmunda qəbul edildiyinə əsaslanmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsində və həmin maddənin “Qeyd”ində təsbit olunanlar iddiaçı üçün yeni məzmunda, həm də üstün pensiya hüququ yaratdığının müəyyən edildiyi halda, bu, onun “qazanılmış hüququ” kimi nəzərə alınmalıdır. Həmin qanun normasındakı sonrakı dəyişiklik və əlavələr iddiaçını həmin dəyişiklik və əlavələrin qüvvəyə mindiyi vaxtadək mövcud olmuş hüquqa əsasən qazandıqlarını, lak in ondan asılı olmayan səbəblərə görə almadıqlarını tələb etmək imkanından (hüququndan) məhrum etmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı məzmunda irəli sürdüyü tələbin əsaslarını “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsində və həmin maddənin “Qeyd”ində təsbit olunanlar nəzərə alınmaqla yoxlamalı idi. Yuxarıda qeyd edilən prosessual normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyində n və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 may tarixli 2-1(103)-1371/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2620/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2620/2019
25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver