Məhkəmə qərarları › İş №2-1(102)-2620/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2620/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2620/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “xx.xx.2011-ci il tarixli A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında iddiaçı və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsi üzərində həyətyanı torpaq sahəsi kimi ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2-1(107)-164/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Oğuz rayonu Kərimli kəndi ərazisində 2234 kv.m. və 4660 kv.m. torpaq sahələri iddiaçının mülkiyyətinə verilmişdir.

2. İddiaçının adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədlərində torpaqların təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı kimi qeyd edilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək, xx.xx.2011-ci il tarixli 371685A nömrəli və xx.xx.2011-ci il tarixli 371686A nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilməsi, 4660 kv.m və 2234 kv.m torpaq sahələrini n həyətyanı torpaq kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********24 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Ərazi İdarələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır. A № 371685, A№ 371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilməsi və 0,466 ha, 0,2234 ha torpaq sahələrinin həyətyanı kimi iddiaçının adına qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏH KƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2011-ci il tarixli A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında iddiaçı və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsi üzərində həyətyanı torpaq sahəsi kimi ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, 01 noyabr 2011-ci il tarixli və 03 noyabr 2011-ci il tarixli müvafiq olaraq 371685A və 371686A saylı Torpaq sahəsinin planı və ölçüsü sənə dlərini ləğv edərək həmin torpaq sahələrinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına çıxarışın verilməsi üçün cavabdehə müraciət edən zaman ona məlum olmuşdur ki, qeyd edilən Torpaq sahəsinin planı və ölçüsü sənədlərində torpaq sahəsinin təyinatı səhvən kənd təsərrüfatı məhsulları istehsalı kimi yazılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubda torpağın plan və ölçüsünün ləğv edilməsi onların səlahiyyətində olmadığı qeyd olunmuşdur. Qeyd edilən torpaq sahəsinin əhatəsində olan torpaqlara təyinatı həyatyanı yazılmaqla plan-ölçü sənədləri hazırlanmışdır. İddia ərizəsinin əsasını “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələri təşkil etmişdir.

7. Cavabdeh iddia tələbinə dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xah iş etmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli, 2-1(116)-844/2022 nömrəli qərarı ilə (hakim: F.İsmayılzadə) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. İddiaçının hüquqi marağı ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi ailə üzvləri və onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarət olsa da, məhkəmə araşdırması nəticəsində iş materiallarına əlavə olunmuş torpaq sahəsinin planı və ö lçüsü sənədi və mütəxəssis rəyi ilə mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu müəyyən edilmidşir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2-1(107)-164/2023 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev-sədrlik edən, M.Əsədli və G.Cavadova) apellyasiya şikayəti təmin edilərək, Şəki İnzibati Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş və cavabdehin üzərinə xx.xx.2011-ci il tarixli A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təyinat qrafasında kənd təsərrüfatı sözünün həyətyanı sözünə dəyişiklik edilərək, iddiaçı və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı pay torpağının çatışmayan hissəsinin əvəzində verildiyinə görə “kənd təsərrüfatı məhsulları istehsalı” məqsədli göstərilmişdir. Faktiki olaraq sözügedən torpaq sahəsinin X4 Ərazi Vahidinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid ərazidə yerləşməsi mütəxəssis rəyi, məhkəmə tərəfindən keçirilən yerli baxış və məhkəmə kollegiyasının iclasında mütəxəssisin verdiyi izahatla öz təsdiqini tapmışdır.

13. Həmin nəticəyə gələrkən apellyasiya məhkəməsi, Mülki Məcəllənin 139.1, 139.3, 139-1.1.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 10.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 66.1, 67.1, 111.1, 111.2-ci maddələrinə və “Torpaq islahatı haqqında” haqqında Qanunun 9 və 10-cu maddələrinə istinad etmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində aşağıda qeyd olunan maddi hüquq normalarının pozulmasını qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsi – belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır k i, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özüözlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələri belə ki, həmin normaya əsasən dövlət qeydiyyatı üçün əsas olaraq qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bəl ədiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Məhkəmə nəzərə almamışdır ki, İddiaçı və onun ailə üzvlərinin adına torpqa sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yeganə əsas Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı ilə olmuşdur, həmin qərarla məhz kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Oğuz rayonu Kərimli kəndi ərazisində 2234 kv.m. və 4660 kv.m. torpaq sahələri mülkiyyətə verilmişdir. Bununla yanaşı məhkəmənin özünün də istinad etdiyi kimi, pay torpaq sahəsi alacaq subyektlər siyahısından görünür ki, iddiaçı və ailə üzvlərində 0.69 ha faktiki torpaq sahəsi vardır. Həyətyanı torpaq sahəsi alacaq subyektlər siyahısından görünür ki, iddiaçı və ailə üzvlərinin qanuni istifadəsində 0.25 ha torpaq sahəsi vardır. Bundan əlavə məhkəmə kollegiyası nəzərə almamışdır ki, Ozuz rayonu, Kərimli kənd ərazisində yaşayış məntəqəsi sərhədləri daxilində uqodiyası əkin, örüş, çoxillik əkmələr, kolluq olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri mövcuddur. Daha sonra, xx.xx.2022-ci il tarixdə məhkəmə daxil olmuş mütəxəssis rəyinə əlavədə qeyd edilmişdir ki, İddiaçı adına tərtib edilmiş 2234 kv.m. və 4660 kv.m. torpaq sahələrinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla uqodiyası çoxillik əkmələrdir. Göründüyü kimi, iddiaçının adına mülkiyyət hüququnun alınması üçün əsas olan Oğuz RayonAqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı i l ə kənd təsərrüfatı mə hsulları istehsalı məqsədilə O ğ u z rayonu Kərimli kəndi ərazisində 2234 kv.m. və 4660 kv.m torpaq sahələri mülkiyyətə verilmiş, həmin qərar əsasında torpaq sahələrinə dair tərtib edilmiş AN № 371685 və AN № 371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədlərində, habelə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində kənd təsərrüfatı təyinatlı olması göstərilmişdir. Belə olan halda isə məhkəmə kollegiyası nəzərə almalı idi ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı qüvvədə olduğu halda onun əsasında tərtib edilmiş A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təyinatı qrafasında hər hansı bir dəyişikliklərin edilməsi yolverilməzdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi – Belə ki, məhkəmə nəzərə almamışdır ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998- ci il tarixli, 68 nömrəli qərarı hazırda qüvvədədir və hüquqi cəhətdən etibarlı sayılır. Belə olan halda isə xx.xx.2011-ci il tarixli A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təyinatı qrafasında hər hansı bir dəyişikliklərin edilməsi yolverilməzdir və qanunsuzdur.

16. Eyni zamanda cavabdeh qeyd etmişdir ki, Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avq ust 1999-cu il tarixli 176 saylı Fərmanının 2ci bəndinə əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. Deməli torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi məhkəmə qərarı əsasında deyil, məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. İddiaçı kassasiya şikayətinə dair etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2-1(107)-164/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Torpaq Məcəlləsi: Maddə 9.3. Torpaqların kateqoriyala ra aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir... Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyu lmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şə xs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

14. Sübut etmə vəzifəsi... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüqu qun inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir. M əhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. İşin hallarından görünür ki, iddiaçının hüquqi marağı xx.xx.2011-ci il tarixli A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təyinat qrafasında kənd təsərrüfatı sözünün həyətyanı sözünə dəyişiklik edilərək, iddiaçı və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsi üzərində həyətyanı torpaq kimi ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən ibarətdir.

25. İlk öncə qeyd edilməlidir ki, Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

26. Apellyasiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı pay torpağının çatışmayan hissəsinin əvəzində verildiyinə görə “kənd təsərrüfatı məhsulları istehsalı” məqsədli göstərilmiş və sözügedən torpaq sahəsinin X4 Ərazi Vahidinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid ərazidə yerləşməsi mütəxəssis rəyi, məhkəmə tərəfindən keçirilən yerli baxış və məhkəmə kollegiyasının iclasında mütəxəssisin verdiyi izahatla öz təsdiqini tapmışdır.

27. Belə ki, apellyasiya məhkəməsi tərəfindən mübahisələndirilən torpaq sahəsinə yerli baxış keçirilən zaman müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi bir tərəfdən yol, şimal, cənub, qərb tərəfdən isə yaşayış evləri ilə qonşuluqda yerləşir, həmçinin qeyd edilmişdir ki, qonşu torpaq sahələri yaşayış məntəqəsi kimi qeydiyyata alınmışdır.

28. Eyni zamanda, apellyasiya məhkəməsinin mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilib-verilməməsi barədə sorğusuna cavab ola raq cavabdeh tərəfindən RX seriyalı ******* nömrəli çıxarış təqdim edilmişdir. Həmin çıxarışa əsasən Oğuz rayonu Kərimli kəndində yerləşən 0,13 ha torpaq sahəsi təyinatı yaşayış məntəqəsi torpağı kimi X1 xüsusi mülkiyyət hüququ qeydə alınmışıdır.

29. Apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq RX seriyalı ******* nömrəli çıxarış iş materiallarına əlavə edilsə də, lakin həmin çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər məhkəmə tərəfindən tələb edilmədiyi üçün çıxarışa əlavə edilməmişdir. Bu səbəbdən mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə baxış keçirmək mümkün olmamış və həmin torpaq sahəsinin ilkin təyinatı işin hallarından müəyyən olunmur.

30. Belə ki, cavabdeh daşınmaz əmlakın dövlət reyestrində müvaf iq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

31. İddiaçıya məxsus hüquqmüəyyənedici sənədlərdə isə torpağın təyinatı kadastr baza məlumatlarına əsasən kənd təsərrüfatı torpağı kimi qeydə alınıb.

32. İşə əlavə edilmiş və apellyasiya məhkəməsinin iddianın təmin edilməsi üçün əsas götürülmüş mütəxəssis rəyində də torpağın uqodiyası əkindir kimi göstərilmişdir. Bununla yanaşı mütəxəssis rəyində qeyd olunmuşdur ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı pay torpağının çatışmayan hissəsinin əvəzinə verilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin istifadəsində olan elektron məlumat bazasına əsasən AN 371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 2234 kv.m, AN 371685 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 4660 kv.m torpaq sahələri Oğuz Rayon Aqrar İslahat Komissiyasının 5 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı mülkiyyətinə verilmişdir. Bundan başqa həmin rəydə qeyd olunmuşdur ki, “Oğuz rayonu Kərimli kəndi ərazisində habelə digər ərazilərdə yaşayış məntəqəsi sərhədləri daxilində uqodiyası əkin, örüş, çoxillik əkmələr, kolluq olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri mövcuddur.”

33. Həmin rəydə əlavə olaraq qeyd olunmuşdur ki, “Oğuz rayonu X4 Ərazi Vahi dinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid ərazidə yerləşir. Həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı pay torpağının çatışmayan hissəsinin əvəzinə verildiyinə görə “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində “kənd təsərrüfatı məhsulları istehsalı” qeyd edilmişdir.”

34. Halbuki, məhkəmə iclasında iştirak edən mütəxəssis X2 izahatında bildirmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi tamami ilə yaşayış məntəqəsinə aid olan torpaq sahələrinin içərisində yerləşməklə kənd təsərrüfatı təyinatlı olmaqla çoxillik əkmələr kimi, yəni bağ kimi istifadə olunur və elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsi kənd təsərrüfatı məqsədi ilə verilmiş torpaq sahəsi kimi qeyd olunmuşdur.

35. Apellyasiya məhkəməsi də həmin dəlilə istinad edərək idd ianı təmin etmiş və torpağın kadastr məlumatlarında qeydə alınmış təyinatını dəyişdirilməsinə imkan verən hər hansı bir maddi hüquq normasına istinad etməmişdir.

36. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

37. Lakin apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan iddianın təmin edilməsi barədə əsaslandırılmamış nəticəyə gəlmişdir.

38. Məhkəmənin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılmas ı prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.

39. Odur ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar – qonşu torpaq sahələrinə dair torpaqayırma sənədlərinin olub-olmaması və həmin torpaq sahələrinin ilkin torpaqayırma sənədlərində torpaq sahələrinin hansı torpaq kateqoriyasına aid olması araşdırılmalı, bu hallara qiymət verilməli, bundan sonra əsaslandırılmış qərar qəbul edilməlidir.

40. Beləliklə, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2-1(107)164/2023 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

41. İşə təkrar baxan məhkəmə iş in hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.

42. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 21(107)-164/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar