Məhkəmə qərarları › İş №2-1(102)-2634/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2634/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2634/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: inzibati icraat aparılmadan əlillik təyin edilməsi barədə qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "ona münasibətdə əlilliyin ləğv edilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdə 5 il müddətinə təyin edilmiş 2-ci dərəcə əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2024-cü il tarixli 2-1(107)-243/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ona münasibətdə əlilliyin ləğv edilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdə 5 il müddətinə təyin edilmiş 2-ci dərəcə əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Cavabdeh inzibati orqan iddiaçının iddia ərizəsi ilə eyni məzmunlu müraciətinin təmin olunmasından imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Yevlax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya (döş inağı) => İ20.8 - Stenokardiyanın digər formaları... Diaqnozun mətni: Ürəyin aterosklerotik xəstəliyi, ÜİX.infarktdan sonrakı kardioskleroz.; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilmişdir. Bundan əlavə, iddiaçının tibb müəssisəsinin 0268003AAL2A nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’'nin 2.2.1 bəndinə müvafiq olaraq, ona ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (ESDAS:**********2).

3. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı 3-17-4/2-Ə-11155/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, müayinədə iştirak etmişdir. Müayinə zamanı ayağında və başında olan ağrılardan, görmənin zəifləməsindən, halsızlıqdan şikayət etmiş, hepatit C virusundan əziyyət çəkdiyini, 2016-cı ildə miokard infarktı keçirdiyini bildirmişdir. Obyektiv müayinə zamanı dəri və görünən selikli qişalar çəhrayı, AT-130/80 mm Hg olmuş, auskultasiyada ürək tonları aydın, ağciyərlərdə vezikulyar tənəffüs ağciyər payları boyunca bərabər ötürülmüş, dili quru, ərpsiz olmuş, palpasiyada qaraciyər və dalaq əllənməmişdir. DTSERA-da xx.xx.2023-cü il tarixli transtorokal Exo müayinə nəticəsi “Aorta sərtləşib, ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub. Seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb. AF=60%.” olmuş, Aşağı ətraf arteriyalarının doppler müayinə nəticəsi "Ma gistral arteriyaların arterosklerozu, trifazik axınlar." kimi göstərilmişdir. Oftalmoloq müayinə nəticəsi: VİS OD=0,5 (onda beş) korreksiya ilə 0,8 (onda səkkiz) VİS OS=0,4 (onda dörd) korreksiya ilə 0,7 (onda yeddi) Diaqnoz “OU-Mürəkkəb hipermetropik astiqmatizm" şəklində göstərilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən, hazırda əlillik təyinatına əsas verə biləcək hər hansı patofunksional pozuntu aşkar edilmədiyi üçün Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin.

4. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Musayev) 02 fevral 2024-cü il tarixli, 21(116)-648/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

5. Cavabdeh həmin qərardan apell yasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov / sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və T.H.Həsənov) 06 iyun 2024-cü il tarixli, 21(107)-243/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolleg iyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiy a şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübən in dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadda (xx.xx.2024-cü il tarixli 2-1(102)-2949/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

13. Qanunvericiliyin tələblərinə görə, cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.

14. Hazırkı iş üzrə iddiaçının əyani müayinəsi əsasında onun əlillik vəziyyəti Tibbisosial ekspert komissiyası tərəfindən xx.xx.2021-ci ildə qiymətləndirilmiş və ona beş il müddətin ə, ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra cavabdeh orqan iddiaçıya təyin edilmiş əlilliyi ləğv etmiş və bunu X2 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilinin aparılması, sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə cəlb olunaraq əlilliyinin yenidən qiymətləndirilməsi zərurətinin yaranması ilə əsaslandırmışdır. Lakin cavabdeh orqan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu”nun nədən ibarət olmasını, o cümlədən iddiaçının hansı səbəbdən risk qrupuna aid edilməsini əsaslandıra bilməmiş, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin ləğvi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasla rın mövcud olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

15. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

16. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hə rtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

17. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya ş ikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

18. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2024-cü il tarixli, 21(107)-243/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar