Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2639/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Bakı şəhər XDS İK-nın ##.##.1990-cı il tarixli, */*** nömrəli qərarına əsasən, müvafiq siyahıda adı olan *** nömrəli Çöl-Şüvəlan Bağ-Tikinti Kooperativi üzvlərinə müəyyən edilmiş qaydada bağ sahələrinin verilməsi qərara alınmışdır. Həmin qərara əlavə edilən siyahıda iddiaçının adı 38-ci sırada qeyd edilmişdir.
2. Həmin qərar əsasında iddiaçıya 0,12 hektar bağ sahəsinin ayrılmasına dair *** nömrəli Çöl-Şüvəlan Bağ-Tikinti Kooperativi tərəfindən ##.##.1990-cı il tarixli, ** nömrəli order verilmişdir.
3. İddiaçı sözügedən bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh isə müvafiq orderdə bağ sahəsinin nömrəsinin qeyd olunmadığını, həmçinin ərazinin ümumi hasar daxilində olduğunu, hasarlama və mərzçəkmə işlərinin aparılmasının zəruri olduğunu əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağlar sahəsində yerləşən *** nömrəli BTKnın nəzdində 0,12 ha bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nın ##.##.1990-cı il tarixli, */*** nömrəli qərarına əsasən Bakı şəhəri, Çöl-Şüvəlan bağlar sahəsində *** nömrəli BTK-nın nəzdində ümumi sahəsi 0,12 ha olan bağ sahəsi iddiaçıya ayrılmışdır. Həmin qərar əsasında iddiaçının adına ##.##.1990-cı il tarixli, ** nömrəli order verilmişdir. Həmin bağ sahəsi qeyd olunan vaxtdan bu günədək iddiaçının istifadəsindədir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh orderdə bağ sahəsinin nömrəsinin qeyd olunmadığını, həmçinin ərazinin ümumi hasar daxilində olduğunu, hasarlama və mərzçəkmə işlərinin aparılmasının zəruri olduğunu əsas gətirərək onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh inzibati orqanın arxivində aşkar olunan hüquqmüəyyənedici sənədlərdə iddiaçıya 0,12 ha torpaq sahəsinin ayrıldığı qeyd olunmuşdur. Həmin bağ sahəsinin nömrəsinin qeyd olunmaması iddiaçının təqsiri deyildir. İddiaçı ona ayrılmış bağ sahəsini uzun müddətdir ki, mübahisəsiz istifadə edir. Bağ sahəsinin ümumi hasar daxilində yerləşməsi isə imtinaya əsas ola bilməz.
7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya bağ sahəsinin ayrılmasına dair verilmiş ##.##.1990-cı il tarixli, ** nömrəli orderdə bağ sahəsinin nömrəsi, Bakı şəhər XDS İK-nin ##.##.1990-cı il tarixli, */*** nömrəli qərarında isə bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmadığı üçün sənəd üzrə sahəni müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, şərti olaraq göstərilən ərazi ümumi hasar daxilindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən, iddiaçı tərəfindən hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Rüstəm Kərimli) ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağlar sahəsində yerləşən *** nömrəli BTK-nın nəzdində 0,12 ha bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya 0,12 ha ölçüdə bağ sahəsinin ayrılması barədə Xəzər rayon Çöl-Şüvəlan bağlar sahəsində *** nömrəli BTK tərəfindən verilmiş ** nömrəli orderə münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən order geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Sözügedən orderdə bağ sahəsinin nömrəsinin qeyd olunmaması iddiaçının iradəsindən asılı olan hal deyil. Nəzərə alınmalıdır ki, inzibati praktikaya görə bağ sahələrinə ünvan verilməsi, eləcə də onların yerləşməsi üzrə uyğunsuzluqların aradan qaldırılması cavabdeh inzibati orqanın səlahiyyətləri daxilindədir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı ona ayrılan dövrdən həmin bağ sahəsini mübahisəsiz olaraq istifadə edir və bağ sahəsinə hər hansı şəxsin iddiası mövcud deyil. Eləcə də, bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmaması bağ sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Bütün bunların məcmusunda sözügedən ** nömrəli order mübahisə obyekti olan həmin bağ sahəsinin iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən inzibati akt kimi qiymətləndirilir və belə nəticə əldə olunur ki, iddiaçı həmin torpaq sahəsinin qanuni istifadəçisi kimi ona “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etmişdir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Ceyhun Məmmədov və Pərviz Hüseynov) ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının bağ sahəsini ona ayrılan dövrdən mübahisəsiz olaraq istifadə etməsinə dair mövqeyi iş materialları və iddiaçının vəkilinin (nümayəndəsinin) apellyasiya baxışı zamanı izahatı ilə təkzib olunmuşdur. Belə ki, apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən təqdim edilmiş sənədlərdən (0,12 ha bağ sahəsi ilə bağlı yeni müayinə aktı, ortofoto görüntüsü, *-*(**)-****/**** nömrəli məhkəmə qərarının surəti, *** nömrəli BTK üzvlərinin siyahısı (həmçinin əlavə siyahısı), qovluq (həmçinin, 70, 70В və **V nömrəli bağ sahələrinə dair qovluq tələb olunmuşdur)) müəyyən olunmuşdur ki, iddiaçının əvvəlki müraciətində başqa bir torpaq sahəsi göstərilmişdir, hazırda iddia edilən bağ sahəsi isə başqadır. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı zamanı məhkəmə iclasında bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə qonşu torpaq sahəsi Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi *b/** nömrəli bağ sahəsi kimi X1 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir, lakin *** nömrəli BTK üzvlərinin siyahısında iddiaçının adı 38-ci sırada və torpaq sahəsinin nömrəsi 70В/23 qeyd olunmuşdur (əlavə olunmuş yerləşmə planında da 70B/23). Həmçinin, ortofoto görüntüsündə iddiaçının iddia etdiyi torpaq sahəsinə qonşu torpaq sahəsi Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi *b/** nömrəli bağ sahəsi kimi X1 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Yəni iddia olunan bağ sahəsi *b/** nömrəli bağ sahələrinin sırasına (ərazilərinə) uyğun gəlmir. Bundan başqa, cavabdehin ##.##.2024-cü il tarixli məktubuna əsasən iddia olunan bağ sahəsinin yerini dəqiqləşdirmək mümkün olmamışdır və sözügedən torpaq sahəsi ** nömrəli bağın indekslərinin ərazisidir. Məhkəmə kollegiyası *** nömrəli BTK üzvlərinin siyahısında iddiaçının adının 38-ci sırada və torpaq sahəsinin nömrəsinin 70В/23 qeyd olunduğunu (əlavə olunmuş yerləşmə planında da 70B/23) nəzərə alaraq, *** nömrəli BTK nəzdində 70, 70В və **V nömrəli bağ sahələrinə dair sənədləri (həmçinin qovluqları) sorğu əsasında tələb etsə də, cavabdehin ##.##.2025-ci il tarixli məktubuna əsasən *** nömrəli BTK nəzdində 70, 70В və **V nömrəli bağ sahələrinə dair sənədlər aşkar olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda bağ sahəsinin ayrılmasına dair verilmiş ##.##.1990-cı il tarixli, ** nömrəli orderə və Bakı şəhər XDS İK-nın ##.##.1990-cı il tarixli, */*** nömrəli qərarına (orderdə bağ sahəsinin nömrəsi, Bakı şəhər XDS İK-nın ##.##.1990cı il tarixli, */*** nömrəli qərarında isə bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır) istinad olunaraq iddiaçının iddiası təmin olunarsa belə, yuxarıda müəyyən olunan hallar məhkəmə qərarının icrasını mümkünsüz edər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmur, odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, bağların yerləşmə cizgisi vaxtilə mühəndislər tərəfindən adi bir vərəq üzərində yalnız sıra nömrələri qeyd edilməklə heç bir möhür və imza ilə təsdiq olunmadan tərtib edilmişdir. Yeni müayinə aktında bağın faktiki yerinin ** nömrəli bağın indekslərinin ərazisinə aid olmasına münasibətdə qeyd edilməlidir ki, iddiaçının adına verilmiş orderdə ayrılmış bağ sahəsinin nömrəsinin əksini tapmaması iddianın rədd edilməsinə əsas ola bilməz. *** nömrəli BTK üzvlərinin siyahısında torpaq sahəsinin nömrəsinin 70B/23 göstərilməsinə münasibətdə qeyd edilməlidir ki, həmin siyahıda sadalanan şəxslərin heç birinin qarşısında çap üsulu ilə onlara verilmiş bağ sahələrinin nömrələri qeyd edilməmiş, yalnız 10-12 nəfər şəxs barəsində karandaş ilə cızmaqara qeydlər həyata keçirilmişdir. Həmin qeydlər isə rəsmi hesab oluna bilməz. Məhz bu mötəbər olmayan qeydlər əsasında məhkəmə kollegiyası işin araşdırılmasında səhv istiqamət götürərək 70, 70B və **V nömrəli bağ sahələri üzrə sənədləri cavabdeh orqandan tələb etmiş və nəticədə belə bağ sahələrinin olmadığı müəyyən edilmişdir. *b/** nömrəli qonşu bağ sahəsinin X1 adına qeydiyyata alınmasına münasibətdə isə qeyd edilməlidir ki, çoxsaylı təcrübələr onu göstərir ki, heç də hər zaman qonşu bağ sahələrinin nömrələri ardıcıllıqla qeyd edilmir və bu hal bağ sahələrinin dövlət qeydiyyatına alınmasından imtina üçün əsas götürülə bilməz.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
25. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağlar sahəsində yerləşən *** nömrəli BTK-nın nəzdində 0,12 ha bağ sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı tələbinin əsası kimi Bakı şəhər XDS İK-nın ##.##.1990-cı il tarixli, */*** nömrəli qərarına və həmin qərar əsasında verilmiş ##.##.1990-cı il tarixli, ** nömrəli orderə istinad edir.
27. Cavabdeh isə qeyd edir ki, Bakı şəhər XDS İK-nın ##.##.1990-cı il tarixli, */*** nömrəli qərarında bağ sahəsinin nömrəsi və ölçüsü, ##.##.1990-cı il tarixli, ** nömrəli orderdə isə bağ sahəsinin nömrəsi qeyd olunmadığı üçün, sənəd üzrə bağ sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Həmçinin iddiaçı tərəfindən göstərilən ərazi ümumi hasar daxilində yerləşir, həmin ərazidə hasarlama və mərzçəkmə işləri aparılmamışdır.
28. Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlilləri ilə razılaşaraq iddianın rədd edilməli olduğu qənaətinə gəlmişdir.
29. İş üzrə materiallardan görünür ki, Bakı şəhər XDS İK-nın ##.##.1990-cı il tarixli, */*** nömrəli qərarına əsasən müvafiq siyahıda adı olan *** nömrəli Çöl-Şüvəlan Bağ-Tikinti Kooperativi üzvlərinə müəyyən edilmiş qaydada bağ sahələrinin verilməsi qərara alınmışdır. Həmin qərara əlavə edilən siyahıda iddiaçının adı 38-ci sırada qeyd edilmişdir. Həmin qərar əsasında iddiaçıya 0,12 hektar bağ sahəsinin ayrılmasına dair *** nömrəli Çöl-Şüvəlan Bağ- Tikinti Kooperativi tərəfindən ##.##.1990-cı il tarixli, ** nömrəli order verilmişdir.
30. Həmçinin iş üzrə materiallardan görünür ki, iddiaçının faktiki göstərdiyi torpaq sahəsinə digər şəxs tərəfindən qaldırılan iddia (*-*(**)-****/**** nömrəli inzibati iş üzrə) qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə rədd edilmişdir. Həmin torpaq sahəsinə dair hazırda hər hansı mübahisə aşkar edilməmişdir.
31. İlk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhər XDS İK-nın ##.##.1990-cı il tarixli, */*** nömrəli qərarına əlavə edilən siyahını əldə etməsinə rəğmən, həmin siyahıda adı olan digər şəxslərə münasibətdə müvafiq bağ sahəsinin nömrə və ölçüsünün, həmçinin onların adına verilmiş orderlərdə bağ sahəsinin nömrəsinin göstərilib-göstərilməməsini araşdırmamışdır. Həmçinin sözügedən siyahıda olan bəzi şəxslərin (o cümlədən iddiaçının) adının qarşısına əl yazısı ilə qeydlərin hansı hüquqmüəyyənedici sənədlər əsasında aparıldığını, qalan şəxslərə münasibətdə belə qeydlərin aparılmamasının səbəblərini aydınlaşdırmamışdır.
32. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının faktiki göstərdiyi torpaq sahəsinin başqa şəxs və ya şəxslərə məxsus olub-olmadığını da araşdırmamışdır.
33. İşə təkrar baxılması zamanı qeyd edilənlərlə yanaşı, həmçinin iddiaçının iddia etdiyi bağ sahəsinin yerləşməsi vəziyyəti kadastr məlumatları əsasında müəyyən edilməli, həmin torpaq sahəsinə yerində baxış keçirilməli, iddiaçının həmin torpaq sahəsindən istifadə faktı şahid ifadələri ilə araşdırılmalı və yalnız bundan sonra sübutlara tam hüquqi qiymət verilməlidir. Eyni zamanda, qonşu torpaq sahələrinin ilkin hüquqmüəyyənedici sənədləri və reyestr məlumatları əldə edilərək müqayisəli şəkildə təhlil olunmalıdır. Qeyd edilən halların müəyyən olunması bərabər yanaşma və etimadın qorunması prinsiplərinin tətbiqinin mümkünlüyünə qiymət verilməsi, eləcə də mübahisənin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edir.
34. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
36. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarı).
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
39. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.