Məhkəmə qərarları › İş №2-1(102)-2671/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2671/2019

25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2671/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Rəfibəyli Fərhad Lətif oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 iyun tarixli 2-1(103)-1298/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Tə sviri hissə: İşin halları: İddiaçıya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2018-ci il 18 sentyabr tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 2015-ci il 18 sentyabr tarixdən sosial müavinətin hesablanaraq ödənilməsini xahiş etmiş, lakin cavabdeh onun müraciətinə cavab verməmişdir. İddiaçı 2019-cu il 19 fevral tarixdə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, sosial müavinətin əvvəlki 3 ili üzrə hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona təyin olunmuş sosia l müavinətin əvvəlki 3 il üçün 2015-ci il 18 sentyabr tarixdən 2018ci il 18 sentyabr tarixədək hesablanması və hesablanmış məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1983-1985-ci illərdə keçmiş Sovet ordusunda Əfqanıstan Respublikasında həqiqi hərbi xidmətdə olmuş, Əfqanıstan müharibəsi veteranıdır. İddiaçı hərbi biletini və müharibə veteranı vəsiqəsini itirdiyindən uzun müddət sosial müavinət almamışdır. Həmin sənədlərin bərpası ilə bağlı Binəqədi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə müraciət etmiş, idarə tərəfindən Rusiya Federasiyası Moskva vilayətinin Podolsk şəhərinə sorğu göndərilmişdir. İki ilə yaxın müddət keçdikdən sonra sorğuya cavab gəlmiş, 2018-ci ili n sentyabr ayında müharibə veteranı vəsiqəsi bərpa olunmuş və verilmişdir. O, aylıq müavinətin verilməsi üçün cavabdehə müraciət etmiş, ərizəsi təmin olunmuş və 2018-ci ilin sentyabr ayından sosial müavinət hesablanmışdır. 2018-ci il 5 dekabr tarixdə cavabdehə ərizə ilə müraciət edərək “Sosial müavinətlər haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə uyğun olaraq əvvəlki üç il üçün müavinətin hesablanaraq ödənilməsini xahiş etmiş, inzibati orqan tərəfindən ərizəyə cavab verilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 2018-ci il 18 sentyabr tarixdən verildiyi üçün ona həmin vaxtdan müavinət təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 2019-cu il 3 aprel tarixli 2-1(81)1491/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya təyin olunmuş sosial müavinətin əvvəlki 3 il üçün 2015-ci il 18 sentyabr tarixdən 2018-ci il 18 sentyabr tarixədək hesablanması və hesablanmış məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Sosial müavinətlər haqqında” Qanuna əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnz ibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 iyun tarixli 2-1(103)-1298/2019 nömrəli qərarı ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 25 iyun tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 22 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarının 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vəsiqə təqdim edildikdə həyata keçirilir. İddiaçı veteran vəsiqəs ini 2018-ci il 18 sentyabr tarixdə almış və güzəştlərdən istifadə etmək hüququ həmin tarixdən yaranır. Ona 2018-ci il 18 sentyabr tarixdən əvvəlki dövrlərə görə müavinətin ödənilməsi üçün hər hansı bir hüquqi əsas yoxdur. Lakin məhkəmə qeyd olunan hallara qiymət verməmiş, “Veteranlar haqqında” Qanunun, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1, 14.3, 58.7-ci maddələrinin tələblərini pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini t ələb edə bilər... “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Qanunun 1-ci maddəsinə əsasən, veteranlar barəsində dövlət siyasətinin əsaslarından biri də sosial və hüquqi müdafiənin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 1-ci abzasına əsasən,...başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində... iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İddiaçı Əfqanıstan Respublikasında gedən döyüş əməliyyatlarında 1984-cü il 19 mart tarixdən 1985-ci il 16 iyun tarixədək iştirak etmiş, bu səbəbdən də ona 2018-ci il 18 sentyabr tarixli “Müharibə veteranı” adı və və siqəsi verilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına görə, şəxs üç il əvvəl üçün yalnız o halda sosial müavinət ala bilər ki, onun hüququ azı üç il əvvəl yaranmış olsun. Bununla yanaşı, cavabdeh nəzərə almalıdır ki, Əfqanıstan Respublikasında gedən döyüş əməliyyatlarında iştirak etmiş iddiaçıya buna səlahiyyətli olan dövlət orqanı tərəfindən veteran vəsiqəsinin vaxtında verilməməsi iddiaçının veteranlar haqqında qanunvericilikdən irəli gələn hüquqlarına təsir etməli deyil. Əfqanıstan Respublikasında gedən döyüş əməliyyatlarında iştirak etmiş iddiaçı “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 1-ci abzasına uyğun olaraq müharib ə veteranıdır. Lakin müharibə veteranı statusundan irəli gələn hüquqlarını (o cümlədən, sosial təminat hüququnu) həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, o, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu (onun iradəsindən asılı olmayaraq) müraciət edilməzdən əvvəlki üç il üçün müavinətin ödənilməsini tələb edə bilər. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 iyun tarixli 2-1(103)-1298/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar