Məhkəmə qərarları › İş №2-1(102)-2678/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2678/2025

19.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2678/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı “xxxx” MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs “xxxx” QSC) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Cavabdehin ## ###### 1995-ci il tarixli, **** nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh küçəsi) ilə M.Muxtarov (keçmiş Poluxin küçəsi) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi yaşayış evinin layihələndirilməsi və tikintisi üçün iddiaçıya ayrılmışdır.

2. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh küçəsi) ilə M.Muxtarov (keçmiş Poluxin küçəsi) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisi ilə əlaqədar hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət etmiş, sonuncu ##.##.2019-cu il tarixli, **/*** nömrəli və ##.##.2019-cu il tarixli, **/*** nömrəli məktublarla iddiaçıya bildirmişdir ki, torpaq sahəsinin ayrılması haqqında cavabdehin ##.##.1995-ci il tarixli, **** nömrəli sərəncamı müvafiq qaydada ləğv edildiyindən şəhərsalma əsaslandırılması razılaşdırılmadan geri qaytarılır.

3. Üçüncü şəxsin Azərbaycan Respublikası Prezidentinin köməkçisi - İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümova ünvanladığı ##.##.2019-cu il tarixli məktubunda digər məsələlərlə yanaşı həm də qeyd edilmişdir ki, cavabdehin ##.##.1995-ci il tarixli, **** nömrəli qərarı ilə çoxmərtəbəli binanın inşası üçün iddiaçıya 0.26 ha torpaq sahəsi ayrılmış, bina tikintisinə başlamaq üçün çala qazılmış, lakin üçüncü şəxs tərəfindən cavabdehə olunan müraciətlərdən sonra başlanılmış tikinti işləri dayandırılmışdır. Son zamanlar “Nizami” stansiyasına daxil olmuş qrunt sularının həcminin artdığı müşahidə olunduğundan üçüncü şəxs tərəfindən ##.##.2017-ci il tarixli **N-**/*-*** nömrəli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuşdur. Cavabdeh isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli TŞ*** nömrəli tapşırığını və üçüncü şəxsin ##.##.2017-ci il tarixli, **N-**/*-*** nömrəli məktubunu nəzərə alaraq, ** nömrəli şaxtada yaranmış qəza vəziyyətinin aradan qaldırılması və “Nizami” stansiyasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə ##.##.2017-ci il tarixli **-M nömrəli (“məxfi” qriflə işarələnmiş) sərəncamla ##.##.1994-cü il tarixli, **** nömrəli və ##.##.1995-ci il tarixli, **** nömrəli sərəncamları ləğv edərək torpaq sahəsini üçüncü şəxsin sərəncamına qaytarmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış evinin layihələndirilməsi və tikintisi üçün Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh) ilə M.Muxtarov (keçmiş Poluxin) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair cavabdehin ## ###### 1995-ci il tarixli, **** nömrəli sərəncamının “hüquqi qüvvəsini itirməsi” barədə cavabdehin qəbul etdiyi sərəncamın əsassız hesab edilərək ləğv olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin ## ###### 1995-ci il tarixli, **** nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsində yaşayış binasının tikintisi ilə əlaqədar hazırlanmış şəhərsalma əsaslandırmasının razılaşdırılması üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdikdə, sözügedən sərəncamın ləğv edildiyi barədə məlumat almışdır. Həmin sərəncam ona rəsmi qaydada təqdim edilməmiş və bu barədə, ona hər hansı informasiya verilməmişdir. Bundan sonra cavabdehə müraciət etsə də, müraciətinə cavab olaraq cavabdehin # ###### 2019-cu il tarixli, *-****/** nömrəli məktubunda sözügedən sərəncamın Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında hüquqi qüvvəsinin itməsi, buna görə də, arxiv arayışının verilməsinin qeyri-mümkün olması bildirilmişdir.

6. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2019-cu il tarixli, 2-1(81) ****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə ##.##.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir (iddiaçının hazırkı iddia ilə mübahisələndirilən inzibati aktın mövcudluğundan ən geci təkrar müraciətinə verilmiş ##.##.2019-cu il tarixli məktubla məlumatlı olduğu nəzərə alınmaqla).

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayət verərək, qərardadın ləğv edilməsini və inzibati işin baxılması üçün məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli, *-*(***)***/**** nömrəli qərardadı ilə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *-*(**)-****/**** nömrəli qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlər edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən sərəncam qəbul edilərkən iddiaçının inzibati icraatda iştirakının təmin edilməsi və qərarın surətinin ona göndərilməsi, rəsmi olaraq təqdim olunması, iddiaçının ümumiyyətlə qəbul olunmuş aktın məzmunu ilə məlumatlı olması, 2017-ci ilin dekabr ayında və 2018-ci ildə edilmiş müraciətlərə məhz cavabdeh tərəfindən verilmiş cavablarda artıq ləğv olunması qeyd edilən sərəncamın qüvvədə olmasına dair məlumatlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Mübahisələndirilən qərarın surətinin iddiaçıya rəsmi təqdim edilməsi və ya elan edilməsi, həmçinin qərarın mövcudluğunun iddiaçıya daha əvvəl məlum olması barədə işdə hər hansı sübut mövcud deyildir. Birinci instansiya məhkəməsinin iddiaçının digər orqana məhz özünün qüvvədə olmasına heç bir şübhəsi olmayan sərəncama istinad edərək, onun icrası ilə bağlı etmiş olduğu müraciətə verilmiş cavaba istinad edərək müddətin məhz həmin cavabın imzalandığı tarixdən (onun nə vaxt çatması barədə məlumat mövcud deyil) hesablamasına dair qənaəti əsassızdır. Həmin məktubda mübahisələndirilən sərəncamla bağlı hər hansı məlumatlar göstərilməmiş və sərəncamın məzmunu orada əks olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarında iddiaçının hüquqlarının pozuntusunun baş verməsinin məlum olduğu vaxtın Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubu ilə götürülməsi aşkardır. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı tərəfindən mübahisələndirilmiş sərəncam Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməmiş və onun hərəkətləri ilə bağlı olmamışdır. Sərəncamı ləğv edən qurum Bakı Şəhər İcra Hakimiyyətidir, həmin sərəncamın ləğv olunub-olmaması barədə dəqiq məlumatı da iddiaçıya cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti verə bilərdi.

11. Bakı İnzibati Məhkəməsinin # ######## 2020-ci il tarixli qərardadı ilə “xxxx” QSC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakim E.Əliyev) ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli TŞ-*** nömrəli tapşırığını və üçüncü şəxsin ##.##.2017-ci il tarixli **N-**/*-*** nömrəli məktubunu nəzərə alaraq, cavabdeh ** nömrəli şaxtada yaranmış qəza vəziyyətinin aradan qaldırılması və “Nizami” stansiyasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə ##.##.2017-ci il tarixli 11 M nömrəli (“məxfi” qriflə işarələnmiş) sərəncamla ##.##.1994-cü il tarixli **** nömrəli və ##.##.1995-ci il tarixli **** nömrəli sərəncamları ləğv edərək torpaq sahəsini üçüncü şəxsin sərəncamına qaytarmışdır. Cavabdeh inzibati orqan tərəfindən maddi hüquq normalarının və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

c. Kassasiya instansiyası məhkəməsində icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2022ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: K.Bədəlov - məruzəçi, N.Rəsulbəyova və İ.Hüseynov) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı ## ###### 2022-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

19. İşə baxmış məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli ** saylı sərəncamını və onun qəbul edilməsinə əsas olmuş sənədləri “Dövlət sirri haqqında” Qanunun tələbləri nəzərə alınmaqla tələb edib onlarla tanış olmalı, həmin sənədlərdə əks olunan məlumatların iş materiallarında, o cümlədən “xxxx” QSC-nin məktubunda göstərilən hallarla uyğunluğunu yoxlamalı, işdə mövcud ziddiyyətləri aradan qaldırmalı, habelə mübahisəli ərazidə tikinti işlərinin aparılmasının təhlükəliliyi, o cümlədən qrunt sularının mövcudluğu və strateji obyektlərin təhlükəsizliyinə mümkün təsiri ilə bağlı hallara aidiyyəti dövlət orqanlarından məlumatlar alınmaqla hərtərəfli hüquqi qiymət verməlidir.

ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X1 Agentliyinin mütəxəssisi cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023-cü il tarixli 3-16- **/*-**/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, “xxxx” MTKya Bakı şəhər İcra Hakimiyyətinin **** saylı ## ###### 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Poluxin küçəsi ilə X.Ruzbeh küçələrinin kəsişdiyi sahədə yaşayış evinin layihələşdirilməsi və tikintisinə torpaq sahəsinin ayrılması barədə qeyd olunmuş ərazidə Azərbaycan Respublikası “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin Bakımetrolayihə İnstitutu tərəfindən təsdiq edilmiş situasiya planına əsasən “Azərtunelmetrotikinti” S.C-nə və şəhər təsərrüfatına aid olan telefon, kanalizasiya, su, istilik xətləri və başqa kommunikasiya sistemlərinin olmadığı, həmçinin bu sahənin altından xxxxn xətləri (tikinti və qurğuları) keçmədiyi, Bakı Metropolitelinin ##.##.2006-cı il tarixli **H-**/** saylı məktubuna görə, “xxxx” Tikinti Kooperativinə Yasamal rayonu, M.Muxtarov küçəsi ərazidə 12 mərtəbəli yaşayış evinin tikintisinə etiraz etmədiyini nəzərə alaraq, tikintiyə maneə ola biləcək və strateji əhəmiyyətli obyektlərə xələl gətirə biləcək halların mövcud olduğu müəyyən edilməmişdir. Eyni zamanda, “xxxx” Tikinti Kooperativinə ayrılmış torpaq sahəsində baxış zamanı qrunt sularının yığılması hallarının olmadığı, torpaq sahəsinin ətrafında çoxmərtəbəli yeni və köhnə hündürmərtəbəli binaların mövcud olduğu və inşa edildiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Poluxln küçəsi ilə X.Ruzbeh küçələrinin kəsişdiyi sahədə yaşayış evinin layihələşdirilməsi və tikintisinə torpaq sahəsinin ayrılması barədə qeyd olunmuş ərazidə yeraltı qrunt sularının yığılmasının müəyyən olunması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X1 Agentliyinin mütəxəssis rəyinin təqdim olunmasına dair ##.##.2023-cü və ##.##.2023-cü il tarixdə vəsatət verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X1 Agentliyinin mütəxəssisləri tərəfindən isturmental müayinə aparılması üçün bir neçə dəfə tədqiq olunan əraziyə gəlmiş, lakin Bakı metropolitelinin nümayəndələri ərazidə müayinə işlərinin aparılmasına icazə verməmişdir. Bu səbəbdən də, qərardadın sualının ikinci hissəsi üzrə, yəni tikintiyə maneə ola biləcək və strateji əhəmiyyətli obyektlərə xələl gətirə biləcək halların mövcud olmadığını və eləcə də yaşayış evinin layihələşdirilməsi və tikintisinə torpaq sahəsinin ayrılması barədə qeyd olunmuş ərazidə yeraltı qrunt sularının yığılmasının müəyyən olunması sualı üzrə tədqiqat aparılmamışdır.

22. Məhkəmə qərardadına əsasən ekspert və mütəxəssis qarşısında qoyulmuş suallara tam olaraq cavab verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X1 Agentliyinin mütəxəssisi cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin başqa ekspertinə həvalə edilmişdir.

23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ***/** nömrəli mütəxəssis rəyinə əsasən bildirilmişdir ki, kimyəvi analizin nəticələrinə əsasən qrunt suları portlandsementdən hazırlanmış dəmir-beton konstruksiyalara qarşı sulfat ionlarının miqdarına (2300.3 mq/l) görə güclü aqressivli, sulfatadavamlı sementdən hazırlanmış konstruksiyalara qarşı qeyri- aqressivlidir. Metal konstruksiyalara qarşı xlor (1489.9 mq/l) ionlarının miqdarına görə orta aqressivli olduğu müəyyən edilmişdir.(CH и П 2.03.11- 85,cəd.6) Aerasiya zonasının qruntları kimyəvi analizin nəticələrinə əsasən, normal və nəmli şəraitdə, portlandsementdən hazırlanmış konstruksiyalara qarşı sulfat ionlarının miqdarına görə (4999.7mq/kq) güclü aqressivli, sulfatadavamlı sementdən hazırlanmış konstruksiyalara qarşı zəif aqressivli olduğu müəyyən edilmişdir. Metal konstruksiyalara qarşı isə xlor ionlarının miqdarına görə (354.5 mq/kq) zəif aqressivli olduğu müəyyən edilmişdir. (CH и П 2.03.11-85, cəd.4) Qruntlar üçün hesabi qiymətlər laboratoriya tədqiqatlarının nəticələrinə istinad edilərək, mövcud normativ sənədlərə əsasən tərtib edilmişdir. (AzDTN 2.15-1, əlavə 2, cəd.2-5) Hesabatda sahənin baş planı,quyuların yerləşmə sxemi, 4 ədəd quyunun geoloji- litoloji sütunu və 4 xətt üzrə mühəndisi-geoloji kəsilişləri verilmişdir. Sahənin fon seysmikliyi 8 (səkkiz) bal olduğu müəyyən olunmuşdur. Geoloji-litoloji kəsilişdə iştirak edən qruntlar fiziki-mexaniki xassələrinə və AzDTN 2.3-1, dəyişiklik 1, cədvəl 1-ə əsasən II,III,IV (tökmə torpaq) sinfə, eninə seysmik dalğaların yayılma sürətinin orta qiymətilə (45p.9 m/san) görə II sinfə aid olduğu müəyyən edilmişdir.

24. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ***/** nömrəli mütəxəssis rəyində tədqiqat sahəsində yeraltı sulara 7.2-8.0 m dərinlikdə rast gəlindiyi qeyd olunmuşdur.

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, R.Səmədov və M. Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin əvvəlki qərarında verilmiş göstərişlərə uyğun olaraq mübahisələndirilən Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli **-M saylı sərəncamını və onun qəbul edilməsinə əsas olmuş sənədləri cavabdeh orqandan tələb etmiş, həmin sənədlərin məxfi xarakter daşıması nəzərə alınmaqla xüsusi qaydada onlarla tanış olmuş və bu tanışlıq müvafiq qaydada rəsmiləşdirilmiş, habelə sərəncamın qəbulunu şərtləndirən halların mövcudluğunu müəyyən etmək məqsədilə iş üzrə tikinti-texniki ekspertizalar təyin etmiş, qrunt sularının mövcudluğu və ərazidə tikinti işlərinin aparılmasının mümkünlüyü ilə bağlı aidiyyəti mütəxəssis və ekspert rəylərini əldə edərək həmin hallara hüquqi qiymət verərək qeyd etmişdir ki, mübahisələndirilən Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli **-M saylı sərəncamı cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı və aidiyyəti qurumun müraciəti nəzərə alınmaqla, “Nizami” metro stansiyasının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə qəbul edilmiş, həmin sərəncamın qəbul edilməsinə əsas olmuş halların mövcudluğu təqdim olunmuş məxfi sənədlər və iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizalarının nəticələri ilə yoxlanılmış, bu səbəbdən cavabdeh tərəfindən əvvəl qəbul edilmiş ##.##.1995-ci il tarixli **** nömrəli sərəncamın ləğvi üçün qanunla nəzərdə tutulmuş əsasların mövcud olduğu qənaətinə gəlinmişdir.

27. Belə ki, məhkəmə kollegiyası tərəfindən “mübahisələndirmə haqqında iddia” üzrə cavabdeh qurumun **m saylı ##.##.2017-ci il tarixli sərəncamının iddiaçıya aid hissədə qanuniliyi formal-hüquqi baxımdan və maddi-hüquqi baxımdan yoxlanılmış, mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən onun qanunla müəyyən edilmiş formada qəbul edildiyi, lakin eyni zamanda iddiaçının maraqlı şəxs qismində icraata dəvət olunub dindirilmədiyi müəyyən olunmuş, bu hal icraat qaydasının pozuntusu kimi qiymətləndirilsə də, inzibati aktın maddi-hüquqi baxımdan yoxlanılmasının nəticəsindən asılı olaraq inzibati aktın ləğvinə əsas verdiyi göstərilmişdir.

28. İnzibati aktın maddi-hüquqi baxımdan qanuniliyi yoxlanılarkən məhkəmə müəyyən etmişdir ki, işin təkrar apellyasiya baxışı zamanı keçirilmiş tikinti-texniki ekspertizasının nəticəsi olaraq təqdim olunmuş ## ###### 2023-cü il tarixli 3-16- **/*-**/**** saylı ekspert rəyində ziddiyətli mövqe bildirilərək, əvvəlcə “qeyd olunmuş ərazidə tikintiyə maneə ola biləcək və strateji əhəmiyyətli obyektlərə xələl gətirə biləcək, qrunt sularının yığılması hallarının olmadığı”, sonra isə “ərazidə yeraltı qrunt sularının yığılmasının müəyyən olunması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X1 Agentliyinin mütəxəssis rəyinin təqdim edilməli olması, buna görə tikintiyə maneə ola biləcək və strateji əhəmiyyətli obyektlərə xələl gətirə biləcək halların mövcud olmadığı və eləcə də yaşayış evinin layihələşdirilməsi və tikintisinə torpaq sahəsinin ayrılması `barədə qeyd olunmuş ərazidə yeraltı qrunt sularının yığılmasının müəyyən olunması sualı üzrə tədqiqatın aparılmadığı” qeyd olunmuşdur. Bu səbəbdən məhkəmə qərardadında qoyulmuş suallara tam cavab verilməsini təmin etmək məqsədilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, bu zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X1 Agentliyinin mütəxəssis rəyi əsas götürülməklə verilmiş ekspert rəyində qeyd olunmuş ərazidə qrunt sularının mövcudluğu faktı öz təsdiqini tapmış, hətta həmin suyun kimyəvi analizinin nəticələri də qeyd olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ***/** nömrəli mütəxəssis rəyində iddiaçı “xxxx” MTK-ya Bakı şəhər İcra Hakimiyyətinin **** saylı ## ###### 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Poluxin küçəsi ilə X.Ruzbeh küçələrinin kəşisdiyi sahədə yaşayış evinin layihələşdirilməsi və tikintisinə torpaq sahəsinin ayrılması barədə qeyd olunmuş ərazidə yeraltı qrunt sularının yığılması və yeraltı sulara 7.2-8.0 m dərinlikdə rast gəlindiyi faktı da qeyd olunmuşdur.

29. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçıya münasibətdə əlverişli inzibati akt olan Bakı şəhər İcra Hakimiyyətinin **** saylı ## ###### 1995-ci il tarixli sərəncamı qəbul edilərkən hüquqi əsası olmamış, həmin inzibati akt qanuni məqsəd daşımamışdır. Buna görə də məhkəmə kollegiyası həmin inzibati aktın cavabdeh qurum tərəfindən **m saylı ##.##.2017-ci il tarixli sərəncamla ləğv edilməsi üçün yetərli əsasların mövcud olduğu qənaətinə gəlmişdir.

30. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları, o cümlədən məxfi sənədləri və ekspertiza rəylərini tam, obyektiv və qarşılıqlı əlaqədə qiymətləndirməmiş, əksinə, iddiaçının mövqeyini təsdiq edən halları təhrif edilmiş və ziddiyyətli kimi təqdim etməklə əsassız nəticəyə gəlmiş, cavabdeh inzibati orqanın mübahisələndirilən inzibati aktın qəbulunu zəruri edən faktiki şərtləri sübut etmək vəzifəsini lazımi qaydada yerinə yetirməməsinə hüquqi qiymət verməmiş, eləcə də cavabdehin iştirakı olmadan işə baxılmasına dair məsələdə iş materiallarına uyğun olmayan mövqe tutmuşdur.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İş üzrə üçüncü şəxs “xxxx” QSC kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

33. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 22. Dövlət sirri ilə işləməyə buraxılmanın xüsusi qaydaları 22.1. Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən vəzifəyə təyin edilmiş şəxslər, öz vəzifələrinin icrası zamanı hakimlər, habelə dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə bu Qanunla nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar. ...

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

39. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

40. Hazırkı iş üzrə iddiaçının tələbi torpaq sahəsinin iddiaçıya ayrılmasına dair cavabdehin ## ###### 1995-ci il tarixli, **** nömrəli sərəncamının “hüquqi qüvvəsini itirməsi” barədə cavabdehin qəbul etdiyi sərəncamın ləğv edilməsinə yönəlmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ##.##.2022-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarında göstərilən hüquqi mövqeyə uyğun olaraq iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmış, Ali Məhkəmənin yuxarıda qeyd olunan göstərişlərinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmış və qanunlara uyğun qərar qəbul etmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

42. İşin təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli qərarında göstərilən göstərişlərə uyğun olaraq mübahisələndirilən **-M saylı ##.##.2017-ci il tarixli sərəncamın qəbul edilməsinin hüquqi və faktiki əsaslarını araşdırmaq məqsədilə həmin sərəncamı və onun qəbul edilməsinə əsas olmuş sənədləri cavabdeh inzibati orqandan tələb etmiş, məxfi xarakterli materiallarla qanunvericiliyin tələblərinə uyğun qaydada tanış olmuş, habelə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə tikinti-texniki ekspertiza təyin etmişdir.

43. İş materiallarından görünür ki, təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələri məhkəmə kollegiyası tərəfindən ətraflı dəyərləndirilmiş, mübahisəli torpaq sahəsində tikintiyə maneə ola biləcək və strateji əhəmiyyətli obyektlərə xələl gətirə biləcək halların mövcudluğu ilə bağlı məsələlər hərtərəfli araşdırılmış, bu istiqamətdə əlavə ekspertiza tədbirləri də həyata keçirilmişdir. Bu isə apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmaq vəzifəsini yerinə yetirdiyini göstərir.

44. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən inzibati aktın qanuniliyi həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılmış, inzibati orqanın əvvəl qəbul etdiyi inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda ləğv etmək səlahiyyətinə malik olması nəzərə alınmaqla cavabdehin ##.##.2017-ci il tarixli **-M nömrəli sərəncamının qəbul edilməsinə səbəb olmuş halların mövcudluğu müəyyən edilmişdir.

45. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırmalar nəticəsində mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas olmuş faktiki halların mövcudluğu təsdiq edilmiş, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın qanunvericiliyin tələblərinə zidd olması müəyyən edilməmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və tətbiq edilmiş maddi hüquq normalarına uyğundur.

46. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş faktiki halların yenidən qiymətləndirilməsinə yönəlmiş, lakin mübahisələndirilən inzibati aktın qanuniliyinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrin səhv olduğunu təsdiq edən hüquqi əsaslar irəli sürülməmişdir.

47. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında göstərilmiş göstərişlər nəzərə alınmaqla mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün hallar araşdırılmış, mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas olmuş sənədlər, o cümlədən məxfi xarakterli materiallar öyrənilmiş, habelə ekspertiza rəyləri ilə müəyyən edilmiş nəticələrə hüquqi qiymət verilmişdir. Bu səbəbdən kassasiya şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olması barədə qənaətə gəlmək üçün əsas vermir

48. Beləliklə, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən halları təsdiq etmədiyindən, həmin şikayət təmin edilə bilməz.

49. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)- **/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar